Akademik Kamal Abdulla Azərbaycan filologiyası sahəsində yeni bir elmi istiqamətin formalaşmasının başlanğıcını qoymuşdur. Dilçilik və mifologiyanın sərhəddində müəyyənləşdirilən bu elmi sahənin adı “Mifolinqvistika”dır. Mifoloji təsəvvürlərin dilimizdə, onun ayrı-ayrı qatlarında bu gün də yaşaması, dilimizin mifoloji təsəvvürümüz üçün verə bildiyi arsenal maraqlı düşüncələrə və perspektiv yozumlara yol açır. Fundamental tədqiqat əsəri kimi nəzərdə tutulan bu araşdırma hələlik öz əsas konturları, plan və perspektiv istiqamətləri ilə işıq üzü görmüşdür. İndiki halında bu araşdırmanı “plan – prospekt” də adlandıra bilərik. Mövzunun kulturoloqlar, filoloqlar tərəfindən maraqla qarşılanacağını nəzərdə tutaraq, 4 hissəli tədqiqatın ikinci hissəsini təqdim edirik.
Redaksiyadan
***
Mifolinqvistika – 2 Hissə
1-ci fəsil
Mifolinqvistikanın universal tətbiq prinsipi.
-
Dildəki təfəkkür qatları və mifologiyaya gətirən yollar. İlkin 1-ci qatda dildən istifadə. Müstəqimlik və müstəqim münasibətlər.
Birinci dediyimiz ən qədim, primitiv qat, əslində, dilin yaranmasının, vahidlərarası münasibətlər qurulmasının ilk qatı, ilk mərhələsidir. Günün başlanmasını şəfəqin (dan yerinin) sökülməsi ilə bağlayıb bu mərhələni “dansökülən” mərhələ də adlandıra bilərik. Bu qatda konkret münasibətlər qurulur və müstəqim mənalar formalaşır. Hələ dil xəstəliyi özünü göstərmir. Bu qat üçün bir ifadə vasitəsi və bir məna aparıcıdır. İnformasiyanın ən formal şəkildə, hər hansı əlavələrsiz (istər variant əlavəsi, istər üslubi əlavəsiz) ötürülməsi vacib bir yaşam tərzi kimi öz yolundan sapmır. Əlavələrə ehtiyac sonra yaranır. Daha sonra ( başqa bir mərhələyə qədəm qoyandan sonra) eyni anlayışın, eyni məqamın başqa bir təsvir ifadəsi də özünü göstərməyə başlayır. Niyə belə olur?! Görünür, informasiya ötürən öz məqsədinə çatıb-çatmaması ilə bağlı şübhələr girdabına düşür, fikrini çatdırıb-çatdırmaması ilə bağlı tərəddüdlər keçirir və belə olarkən o yenidən, artıq bir az əvvəl olduğu kimi deyil, bir qədər başqa, daha inandırıcı şəkildə öz ibtidai informasiya kanalına müəyyən əlavələr etməyə başlayır. Bu, baş verərkən primitiv insan artıq 2-ci qata qədəm qoymuş olur. 2-ci qat bu şəkildə fəaliyyətə başlayır, başqa sözlə, mifoloji təsəvvür formalaşmağa başladığı üçün qədim insan artıq onun köməyindən istifadə edərək ətrafı ilə daha rəngarəng münasibətlər qurur, daha doğrusu, həm də onun köməyilə bu münasibətləri qurur.
Məsələn, belə bir misal vasitəsilə dediklərimizi əyani şəkildə izah edə bilərik. Dilimizdəki “itaət” sözünə diqqət edək. Bu sözün müvafiq anlayışı müxtəlif şəkildə bildirməsi üçün onun intensiyasını sərbəst buraxmaq lazımdır. 1-ci qatda, yəni, çıxış nöqtəsində (neytral pozisiyada) bu sözə yan alan və beləliklə, onun bir ifadə kimi ilkin formalaşmasını həyata keçirən dil vahidi “etmək” feilidir. “İtaət etmək” birləşməsi son dərəcə neytral, konkret anlayışı əlavə çaları olmadan bildirən 1-ci qat arsenalına daxil olur. Müəyyən müddət dil bununla kifayətlənə bilir.
Amma zaman keçir və qədim insan inkişaf etməkdən qalmır. Onun təfəkkürü də bədəninin formalaşması ilə bir yerdə, həmahəng şəkildə inkişaf edir. Onların inkişafı biri digərini şərtləndirir. Dilin inkişafı isə bunlardan bir qədər ləng gedir. Dil sanki bunları müşayiət edir. Belə deyə bilərik ki, dil imkanlarının inkişafı təfəkkürün inkişafından geri qalır, onunla ayaqlaşa bilmir. Təfəkkür yeni anlayışlar ortaya qoyduqca, eyni zamanda onlar üçün yeni formalar icad etməyi də dildən “tələb” edir. Dil bu funksiyanı bütövlükdə yerinə yetirə bilmir və gülməli səslənsə də, özünü “xəstəliyə vurur”. Özündəki köhnə formaları yeni anlayışların ifadəsi üçün istifadəyə buraxır. Bu barədə bir qədər yuxarıda danışmışdıq. Ancaq elə də olur ki, dil çıxış pozisiyasında (yəni, ilk yaradılan) ifadənin əsas elementini saxlamaqla onun ancaq ikinci elementini dəyişir. Belə olarkən, ifadə sanki “yenilənir”. Haman anlayışı dil artıq yeni qiyafədə ortaya çıxarır. Məsələn, “İtaət etmək” ifadəsi ilə yanaşı,”itaət göstərmək”, “itaətdə durmaq” kimi yeni formalar meydana çıxır. Bu sonuncular artıq təfəkkürdə müəyyən mifoloji proseslərin getməsindən xəbər verir. “İtaət”i göstərirlərsə, “itaətdə” dururlarsa, deməli, onu personələşdirirlər, onu görə bilirlər, kimsə onu kiməsə sözün müstəqim mənasında göstərə bilir, onu hərəkətə gətirə bilirlər.
Bu şəkildə biz 2-ci qat mərhələsinə daxil oluruq.
2. Mifoloji məkanın içində. 2-ci qatda dildən istifadə və mifoloji münasibətlər.
Mifoloji məkan insanın variantlardan istifadə etməsinə şərait yaradır. Variantların ortaya çıxması düşüncəni yolsuz-izsiz bir istiqamətə salır. Sanki Odisseyin İtakaya dönüş səyahəti başlayır. Göz işləyən genişlik və uzaqlıq, batmayacaq, amma dərinlik insanı ahənrubə kimi öz içinə çəkir. Dil öz inkişafı nəticəsində təfəkkürə yeni variantlar təklif etdikcə təfəkkür də öz növbəsində bu dil materialı ilə yeni üfüqlər kəşf etməyə başlayır. Beləliklə süjetlər yaranır. Bütün bunlar bir vaxtda yarana bilərdi. Dil materialı olmadan təfəkkür heç nə edə bilməzdi, təfəkkür hazır deyildisə, dil öz-özlüyündə naçar qalardı.
2-ci qatda variantların və sinonimlərin yaranması mifoloji layın qaldırılması və fəaliyyətə başlaması işində iki əsas dil külüngü oldu.
3. Üslubi (3-cü) qat. Variantların “tüğyan”ı.
Üslubi qat kimi ayırdığımız qat artıq poetik təfəkkür tərzinin oyanması, daha doğrusu, yaranması ilə səciyyələnən qatdır. Artıq mifoloji poeziya öz yerini real poeziyaya verir. İnsan dediklərinə inanmamağa başlayır. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” tezisi onu yaradan müəllifindən şox-şox əvvəl öz fəaliyyətinə başlayır.
Mifoloji motivlərlə yazanlar artıq Homer öz yazdıqlarına inandığı kimi öz yazdıqlarına inanmırlar. Bu mərhələdə, bu qatda variantların tüğyanı başlayır. Dil “xəstəlikdən” qurtulur və artıq xəstəlik dövründə əldə etdiyi, yararlandığı üsuldan sui-istifadə etməyə başlayır. Yaradıcı şəxslər sinonimlər, variantlar kəşf etmək “azarına” tutulurlar. Dil adsız müəllifləri adı olanlarla dəyişir. Əgər mifoloji qatda variantların, sinonimlərin müəllifləri adsız idilər və bu proses ümumilikdə dilin adına yazılırdısa, artıq üslubi qatda bu prosesin müəlliflərinin adlı olması məsələsi meydana çıxır. Dil tarixi ədəbi dil tarixi ilə əvəz olunmağa başlayır. Beləliklə, dil tarixi estafeti ədəbi dil tarixinə verir və ədəbi dil tarixi şairlərin, ədiblərin tarixinə dönür.
4. Universal prinsipin aktuallığı.
Mifolinqvistikanın universal prinsipi onun sonu, ucu-bucağı görünməyən “təsərrüfatını” sistemə salmaq, bir məxrəc içində öyrənmək üsuludur. İnvariant və variantların münasibəti üzərində qurulan universal prinsip bu məqsəd üçün son dərəcə uyğun bir vasitədir.
Əgər müstəqim qatda biz ancaq invariantların əhatəsində olan icma üzvündən, primitiv insandan danışa bilirdiksə, mifoloji qat artıq variantların yavaş-yavaş üzə çıxmağı ilə səciyyələnir.
3-cü, üslubi qat isə variantların dominantlığını xarakterizə edir. Artıq qədim insan variantların əhatəsində Laakaon ilanların əhatəsində qıvrılan kimi qalır.
Beləliklə, variant əgər müstəqim qatda özünü heç cür göstərmirdisə, meydan invariantların əlində idisə, 2-ci qatda invariantlar gizli dünyaya baş vurub orada gizlənir və səhnə önünə variantlar çıxırlar. 3-cü qatda invariantların axtarılıb tapılması məsələsi daha da müşkülləşir. Meydan tamamilə variantlara verilir. İnvariantlar elmi araşdırmaların “qurbanına” çevrilirlər.
2-ci fəsil
Fonetik-fonoloji səviyyədə mifoloji təsəvvürlər.
Sinqulyar fonetik nöqtə və mürəkkəb sintaktik bütöv (mətn)
1. “Əvvəl” ilə “axır”ın mifolinqvistik məkanda birləşməsi.
Bu birləşmə son dərəcə möhtəşəm bir qanunun dil və mifoloji münasibətlər sistemindəki əks-sədasıdır. Əvvəlin və axırın birləşdirilməsidir. Əvvəldəki ən kiçik vahidlə axırdakı ən böyük vahidin qovuşması, nəhayət etibarilə, onların bir-birinin informativ adekvatı olmalarının sübutudur.
2. “Sinqulyar nöqtə” nədir?
Sinqulyar nöqtəni biz özündə sonsuz informasiya daşıyan bir reallıq kimi qəbul edirik.
Bu nöqtə insanın meşədəki həyatının, dilin hələ özünü göstərəcək dərəcədə inkişaf etmədiyi dövrünün ayrılmaz hissəsidir. Hər hansı ekstremal situasiyada istifadə edilən vasitədir. O qədim dövrdə çıxarılan universal bir səs bərabər ola bilərdi hər hansı təhlükənin mövcudluğu ilə bağlı böyük bir informativ xəbərə və yaxud digər qəbilə, icma üzvünün öz yanına dəvətinə və yaxud hansısa hissin bildirilməsinə (etirafa?) və yaxud hər hansı başqa həyat üçün vacib informasiyanın ötürülməsinə. Bu nöqtə A-dan B-yə ötürülən son dərəcə vacib bir siqnaldır. Bu siqnal bizim anladığımız mənada neçə-neçə cümləni birləşdirə bilər. Beləliklə, bu siqnal öz formal mahiyyətindən (nöqtə olmaqdan) əlavə olaraq situasiyaya uyğun son dərəcə böyük bir informasiyanı da özündə ehtiva edə bilər.
Əgər ötürülən informasiyada forma mahiyyətə tam uyğundursa, o zaman biz müstəqimlikdən danışırıq. Bu 1-ci qatda baş verir. Mifoloji məqam o zaman özünü göstərməyə başlayır ki, mahiyyət formanı üstələyir. Yəni, A-dan B-yə gedən informasiya onu ötürənə sanki deyir ki, sən mənimlə kifayətlənməməlisən. Mən tambütöv deyiləm. Sənin mənim vasitəmlə əlavə “deyəcəklərin”ə ehtiyac var. Sən o əlavələrini artıq edə bilərsən.
Əgər ötürülən ibformasiyaya (yeni bir informasiyaya yox) əlavə yük, yəni, “deyəcək” varsa, deməli, biz artıq mifologiya məkanına qədəm qoymuşuq. Mifoloji təsəvvürlə idarə olunuruq. Mifologiyanın dildən istifadəsi kulisarxasına bənzəyir. Əsl səhnədə nə varsa, nə nəzərdə tutulubsa, o cür də (o boyda, o biçimdə, o həcmdə) görünür. Mifologiya isə sətiraltıda, mizanda, kulisarxasındadır. O, müəyyən seçimin nəticəsində üzə çıxır. O əlavələrdədir. Əlavə varsa, deməli, dilin gözəgörünməyən potensialı işə düşmüşdür. Buradan dil xəstəliyinə bir addım qalır. Deməli, müstəqimlikdən bir addım da olsa kənarlaşma özünü göstərirsə, bu, dil xəstəliyinə aparacaq bir yoldur. Sinqulyar nöqtə öz içindən kainatı doğura bildiyi kimi dil səviyyəsində (fonetik səviyyədə) belə bir nöqtə (metaforik anlamda) öz içindən normal dildə mətn boyda görükə biləcək informasiyanı doğa bilir. Gözlə görükməyən, qulaqla eşidilməyən belə bir mətn təsəvvür səviyyəsində, qavrayış səviyyəsində deşifrə edilir. Və adekvat reaksiyanı şərtləndirməklə öz “işini” bitmiş sayır.
Deməli, belə çıxır ki, normal (ənənəvi) yanaşmada ən kiçik vahid kimi səsdən başlayıb ən yüksək vahid kimi qəbul edilən mətnə (mürəkkəb sintaktik bütövə, diskursa, mikromətnə…) doğru dil fəaliyyəti böyük bir yol keçib gedirsə, dilin qədim, primitiv dövründə (hələ ayrıca sözün, cümlənin formalaşmadığı bir dövrdə) — mifoloji məkanla dil məkanının birləşdiyi bir dövrdə əvvəl ilə (sinqulyar səs ilə) axır (mətn) bir-birinin içindəymiş kimi təzahür edir.
2. Hər şey səs-siqnallardan başlayır.
“Səs-siqnal”ın predikativliyi onun əsas mahiyyəti kimidir. Bunu ilkin, primitiv predikativlik kimi də qəbul etmək olar. “Səs-siqnal”da predikativlik, yəni, xəbərlik, fikrin bitməsi halı özünü əsas funksiya olaraq göstərir.
Səs-siqnalın norması varmı? Var! Norma varsa, onun, deməli, variantları da var. Əlbəttə, belədir. Variantlar varsa, dildə mifoloji dönəm, deməli, ”azğın” demokratiya dövrü başlamışdır. İnvariantların kultu öz yerini variantların kultuna vermişdir.
Səs-siqnal invariant və variantların mübarizəsinin labüdlüyündən xəbər verir. Səs-siqnalın variantları (səsin tembrə görə, tələffüz manerasına görə, intonasiyaya görə dəyişməsi və başqa ekstralinqvistik amillər) onu qəbul edənlər üçün informativ deyil, çünki onlar ikincidirlər. Səs-siqnalın etalon vəziyyəti, normativ vəziyyəti, invariant vəziyyəti isə onun ilkin vəziyyətidir. Həm də müstəqim informativlik daşıyan vəziyyətidir. İnvariant səs-siqnal müstəqim informasiya funksiyası daşıyır. Bu, çatdırılması vacib olan çağırış – modeldır. Məqsədli şəkildə yaradılan informasiya modelidir. Məhz onun üzərindən səs-siqnalın variantları yaranır və inkişaf edir. İnvariantla variantların bir əsas fərqləri də ondadır ki, dil nöqteyi-nəzərindən invariant inkişaf etmir, variantlar isə inkişaf edir. Dilin gəlişməsi variantların inkişafından güc alır. İnvariantların inkişafını isə təfəkkürün inkişafı şərtləndirir.
Variantlar ekstremal situasiyalarda ünsiyyət prosesinə mane ola bilər. Onların yaranışının əsas istiqaməti olan üslub müxtəlifliyi daha (çox) sonralar özünü göstərəcək. Variantlar üslubun yaranmasını sonralar şərtləndirəcək.
Üslub və variantlar eyni mənşəli anlayışlardır. Üslubun canı variantların peyda olması ilə güc yığmağa başlayır.
— İlkin üslub, yəni, ilk müstəqim informasiya toplusu (invariantlar sistemi) danışıq məkanına aid dəyərdir. Bu, bütün ictimai birliklər üçün (onların qədim, primitiv vəziyyətləri üçün) keçərli universal prinsipdir. Digər üslublar (rəsmi-işgüzar, elmi, texniki, publisistik, bədii…) bunun – müstəqim formaların üzərindən yaranır (hər bir ictimai birlik üçün spesifik tərzdə).
***
I hissəyə keçid üçün: >>> https://sim-sim.az/kamal-abdulla-filologiyamizda-yeni-istiqam%C9%99t-mifolinqivistika/