Akademik Kamal Abdulla Azərbaycan filologiyası sahəsində yeni bir elmi istiqamətin formalaşmasının başlanğıcını qoymuşdur. Dilçilik və mifologiyanın sərhəddində müəyyənləşdirilən bu elmi sahənin adı “Mifolinqvistika”dır. Mifoloji təsəvvürlərin dilimizdə, onun ayrı-ayrı qatlarında bu gün də yaşaması, dilimizin mifoloji təsəvvürümüz üçün verə bildiyi arsenal maraqlı düşüncələrə və perspektiv yozumlara yol açır. Fundamental tədqiqat əsəri kimi nəzərdə tutulan bu araşdırma hələlik öz əsas konturları, plan və perspektiv istiqamətləri ilə işıq üzü görmüşdür. İndiki halında bu araşdırmanı “plan – prospekt” də adlandıra bilərik. Mövzunun kulturoloqlar, filoloqlar tərəfindən maraqla qarşılanacağını nəzərdə tutaraq, 4 hissəli tədqiqatın sonuncu hissəsini təqdim edirik.
Redaksiyadan
***
Mifolinqvistika – IV HİSSƏ
4-cü fəsil
Sintaksisin dərinliklərində mifoloji təsəvvürlər
1. Sintaktik düzən: xaosdan kosmosa – söz sırasında baş verən təbəddülat nəticəsində. İnvariantdan variantlara. Cümlə modelləri mifoloji təfəkkürün bariz ifadə vasitələridirsə, variantların yaranması ilkin mərhələdə bu mifoloji təfəkkürün genişlənməsini nəzərdə tutur. Variantların yaranmasının şüurlu mərhələsi isə artıq üslubi qatın təfəkkürdə yer tutmasından xəbər verir.
2. Sintaksis bizim özümüzdən xəbərsiz mifolojiyə digər dil səviyyələrindən daha açıq məkandır. Çünki burada sinonimiya özünün maksımal həddinə çatır. Cümlə qəliblərinin sinonimiyasından tutmuş mətnlərin sinonimiyasına qədər sonsuza qədər “var-gəl” variantları mövcuddur.
2. Söz sırasının “sintaktik xarakiri” adlandırdığımız ultraekstremal bir halı ortaya çıxa bilir ki, bunu mifoloji xaotik məqamla eyniləşdirmək mümkündür. Bu hal ortaya çıxan zaman cümlənin sintaktik məkanında bir-birinin yanında duran sözlər bir-birini tanımaz vəziyyətə gəlirlər. Onlar hansısa xaotik bir energiyanın təşviqi ilə bir-birindən uzağa düşə, əlaqələrini sanki (!) kəsə bilirlər. Onların sintaktik əlaqələrini məntiq hesabına bərpa eləmək lazım gəlir. Mifoloji xaotik vəziyyətin sanki sintaksis tərəfindən görülən “yuxusu” ilə üzləşirik.
Sintaktik “xarakiri” variantın bariz təzahürü kimi. Bu, hələ üslub deyil, bu, mifologiyanın “Troya atı” kimi Troya qalasına (müstəqimlik məkanına) buraxılmasıdır. “Sintaktik xarakiri” və mifoloji təsəvvür.
3. Cümlə daxilində söz sırasının dəyişməsi və bu dəyişmələrin müəyyən sintaktik sinonimlik yarada bilmələri mifoloji “desant” üçün əlverişli bir situasiyadır.
4. Cümlə – mətn – duskurs.
Bəzən mətn (mürəkkəb sintaktik bütöv, frazafövqi vahid, period…) anlayışı ilə diskurs anlayışını eyniləşdirirlər. Bizcə, bu düzgün deyil.
Mətn (mürəkkəb sintaktik bütöv, frazafövqi vahid, period…) bərabərdir nitq prosesində, yaxud yazıda müxtəlif cümlələrin müxtəlif kriterilər əsasında birliyinə.
Diskurs isə mətn daxilindəki cümlələr birliyindən başqa, bunlarla bir yerdə hər cümlənin özü ilə gətirdiyi potensial informasiyadan ibarətdir.
Potensial informasiya real olaraq mifoloji məkana yol açır, onu “səsləyir”. Beləliklə, diskurs dil müstəvisində mifologiyanın şüuraltı başlanğıcıdır desək, səhv etmərik.
Mətndaxili paralelizmin fəlsəfəsi. Paralelizmin qorunması etalonun, invariantın qorunması kimi. Bu, 1-ci qata məxsus situasiyadır.
Paralelizmdən uzaqlaşmaq və beləliklə, variantlara yol açmaq. Təbii olaraq mifoloji təsəvvürə keçmək. Bu isə 2-ci qata məxsus məqamdır.
Paralelizmin onurğa sütunu təkrarlardır. Məhz təkrarlar mifoloji düşüncə istiqamətinə yönələn və bizim özümüzü bu istiqamətə yönəldən möhtəşəm amil kimi diqqəti cəlb edir. Təkrar elementin yaranma səbəbi uzaq mifoloji dönəmdən təşəkkül götürür. Bunun çox maraqlı bir interpretasiyası ola bilər.
Primitiv insanın istədiyini edə bilməsi, edə bilməyəndə anındaca uynutması o uzaq cəngəlliklər dövründə qaldı. Cəngəllikdən (Təbiətdən) Mədəniyyətə keçid o zaman başladı ki, istədiyini edə bilməyən insan onu anındaca unutmadı. Edə bilmədiyi onun psixolojisini sarsıtdı. Unutmamağı yeni bir həyat rejiminə döndü. O, unutmadığını kinə, nifrətə, hirsə çevirdi və təkrar olaraq unutmadığını (artıq unuda bilmədiyini) yenidən reallaşdırmağa çalışdı. Təkrar, əslində, edə bilmədiyini yenidən etmək cəhdi oldu. Belə təkrarın proyeksiyasına dil müstəvisində də rast gəlirik. Əvvəlki cümləni avtomatik təkrar etmək onun vasitəsilə çatdırmaq istədiyini çatdıra bilməməkdən irəli gəlir.
Mədəniyyətin ilk dönəmində təkrar bu şəkildə həm həyatda və dil qatında aparıcı yer tutmağa başladı. İnsan təcrübəsizliyi təkrarın anası kimi özünü göstərdi. Çünki təcrübəli olsaydı, o, zatən təkrara ehtiyac duymazdı..
Odur ki, belə deyə bilərik. Təkrar mifolinqvistikanın ən vacib komponenti kimi, əslində, kindən, nifrətdən, əsəbdən yaranır. Təkrar zamanı özünü göstərən dil pintilikləri məhz mifoloji dönəmin təzahürləri, tör-töküntüləridir.
Cümlə səviyyəsində düşünülmədən edilən, avtomatik təkrar mifoloji dönəmin güclü əks-sədası kimi özünü göstərir. Təkrar edilən əvvəlki cümlənin “hüsni-camalına” vurulub onu təkrar etmək həvəsi isə şox-çox sonralar, artıq üslubi qatda baş verir.
5-ci fəsil
Morfologiyada mifoloji
1. Morfoloji səviyyənin elementləri, xüsusilə, morfonoloji elementlər mifologiyanın sanki boşluğa açılmış ağzıdır. Onlar daha çox mifoloji məxluqları – kentavrları, təpəgözləri, sfinksləri, simurğ quşlarını xatırladır. Yarımçıq “qiyafələr” mifoloji “krujevalar” kimidir.
2. Şəkilçilər səviyyəsində sinonimlər bolluğu mifoloji düşüncə azadlığının “at çapdığı” məkandır. Feil formalarının, şəkillərinin, bəzən hal şəkilçilərinin bir-birini əvəzlədiyi məqamlar mifolinqvistikanın canı olan sinonimlərə münasibətin daha münasib və optimal qurulmasına gətirib çıxarır.
3. Morfoloji elementlər olan nidalar, təqlidlər, əvəzliklər və başqaları çox asanlıqla fonoloji və fəlsəfi element olan sinqulyar səsi xatırladır, onlara yaxınlaşmış kimidir və çox zaman səsin bəzi mürəkkəb formalarında onların izlərini görmək olur. Morfoloji çalarlar mofoloji əhvalın öyrənilməsi işində əvəzsiz vasitədir, deyə bilərik.
6-cı fəsil
Məna-məzmun səviyyəsində mifoloji təsəvvürlər.
Bəzən mifoloji təsəvvür hər hansı bir deyimin ruhunda, dərinində özünü göstərir. Şellinq deyirdi ki, mifologiyanın xüsusi statusu var idi, o amiranə şəkildə nəyin mümkün olduğunu, nəyin də mümkün olmadığını müəyyən edirdi. “Kitabi-Dədə Qorqud” dastanında bununla bağlı mövcud olan bir çox misaldan biri budur: “Yağı nəyə derlər?” Bu, savaşqabağı gənc Uruzun atası Salur Qazandan almaq istədiyi informasiyadır. Əslində, yağı ilə nəyi etmək olar və nəyi etmək olmaz prinsiplərinə bələd olma açarıdır. Oğuz aləminin mifoloji təsəvvürdən real, həqiqi təsəvvürlərə keçid körpüsüdür.
Uşaqlara bu prinsiplərin aşılanması, onlara “olmaz!” sözünün mənəvi siqlətini anlatmaq üçün bu sözün arxasında dayanan, daha dəqiq desək, gizlənən külli miqdarda mifoloji quramalardan istifadə olunur. Məsələn, belə müasirləşmiş mifoloji quramalardan biri budur: “Bunu etmək olmaz! Etsən, damdabaca gəlib səni aparacaq.”
Uşaq təsəvvüründəki mifik “damdabaca” sözlərin bir-birinin yanında qorxulu şəkildə dayanması ilə, eyni zamanda tələffüz və intonasiyanın vahiməsi ilə yaradılır və ancaq böyüyəndən sonra sən bu sözləri bir-birindən aralayıb görürsən ki, bu qorxulu sözlərin arxasında qorxulu heç nə yoxdur. “Haman vahiməli “damdabaca” isə, sadəcə, evin damındakı tüstü buraxan baca imiş.
7-ci fəsil
Maddi cisim bildirən adların personə edilməsi
(Adlar mifolinqvistikanın obyekti kimi)
1. “Ürək”. “Ürək getdi (gəldi)” – olar. Amma “qəlb getdi”, “könül getdi” – olmaz. Ürək – maddidir, könül, qəlb – mənəvi.
1. “Biri vardı, biri yoxdu…” — ən böyük universallıq. Ən qədim binar oppozisiya.
8-ci fəsil
Qatların dil ifadələrində təzahürü. Hilezoistik ifadələr və onların qat mənsubiyyəti.
2. İtaət – A. Etmək (1-ci qat) Göstərmək (2-ci qat)
3. “Öz”: özünə gəlmək (özümə gəlim)…(2-ci qat)
3. Hilezoistik ifadələr. Təbiətlə birgə (təbiətin içində) yaşanan dövrün yadigarları. İnsanın qədim, primitiv dövrdə özünü Təbiətin bir parçası saymaq kimi çox adi, təbii bir dünyagörüşü vardı. Dilimizin bəzi söz və ifadələrinə bu gün də diqqət etsək, biz o ifadələrin ilkin məqamlarına getsək, bu halın əks-sədasını eşidə bilərik. Bu misallara diqqət edək:
– Dənizə (qayaya, dağa, daşa, oda, alova, havaya…) və daha nəyə dönmək;
– Su kimi axmaq;
– İldırım kimi caxmaq;
– Aslan kimi qorxmaz, mübariz olmaq;
– Dəvə kimi dözümlü olmaq;
– Çinar kimi əzəmətli olmaq;
– Şahin kimi sərrast olmaq;
– Qartal kimi vüqarlı olmaq;
– Dağ kimi uca olmaq və s. və i.a.
“Dəniz (dağ, külək, fırtına…) olaram…” kimi ifadələr ədəbiyyat baxımından məcazdır, məntiq baxımından – mifologiyadır, uydurmadır, qədim psixoloji təsəvvürə görə, həqiqətən, dənizə qovuşmaqdır, dənizə çevrilməkdir, dəniz olmaqdır, dənizdə yox olmaqdır…
Qədimdən üzü bu yana olan ardıcıllıq belə qurulur:
1. Psixoloji təsəvvür,
2. Məntiqi baxış,
3. Ədəbi dərketmə.
Bu gün biz bu ifadələri məcaz kimi qəbul edirik. Və bu məcazın dərinliyində Şellinq deyən kimi müxtəlif mənalar sayrışır.
Şellinqin müxtəlif mənaları məhz bizim əks-sədasını eşitdiyimiz mifoloji çırpıntılardır.
Nəhayət, sonuc kimi mifolinqvistikanın amacını müəyyənləşdirməmiz qaldı. Bunu belə sxemləşdirə bilərik. Mifoloji səsdən mifoloji şəkilçiyə, mifoloji şəkilçidən mifoloji sözə, mifoloji sözdən mifoloji cümləyə və mifoloji cümlədən mifoloji mətnə! Yuvarlaqlaşdırsaq, mifoloji səsdən mifoloji mətnə! Bütün dilçilik çabaları, bütün dil fəaliyyəti bunların arasında! Amma deməmək mümkün deyil ki, sinqulyar səs də, sonsuz mətn də mifoloji aspektdən diqqətlə baxdıqda adamın gözünə eyni cür görükür – eyni biçimdə, eyni gücdə və eyni missiyada! Kainatın yaranması, bizi əhatə edən bütün bu rəngarəngliklər kiçik bir sinqulyar nöqtənin partlayışı nəticəsində baş veribdirsə, o zaman sonsuz mətn də sinqulyar səsin partlayışından yaranıbdır deməyə tam şəkildə əsasımız vardır.
***
II hissəyə keçid üçün: >>> https://sim-sim.az/kamal-abdulla-filologiyamizda-yeni-istiqam%C9%99t-mifolinqivistika/
II hissəyə keçid üçün: >>> https://sim-sim.az/filologiyamizda-yeni-istiqam%C9%99t-mifolinqivistika-ii-hiss%C9%99/
III hissəyə keçid üçün: >>> https://sim-sim.az/filologiyamizda-yeni-istiqam%C9%99t-mifolinqivistika-iii-hiss%C9%99/