İkinci mövsümdür ki, COVİD-19 pandemiyası səbəbindən Azərbaycanda bir çox sahələr kimi teatrlar da öz fəaliyyətini dayandırıb. Sentyabr ayı hər zaman yeni mövsümün açılış ayı olsa da, mövcud vəziyyətdə teatrların aqibətinin necə olacağı hələ ki, sual altındadır. Bununla əlaqədar, Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib. Müraciətdə deyilir:
“Adətən, sentyabr ayında yeni mövsüm və təzə səhnə əsərləriylə, maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn sənət məbədləri hələ də gözləmə mövqeyindədirlər. Mövcud şərait, dünyanı cənginə alan koronovirus infeksiyasının yaratdığı məhdudiyyətlər teatr zallarını boş, sənət adamlarını işindən, tamaşaçısından uzaq qoyub. Artıq dünya bu ümumbəşəri bəla ilə mübarizə üsulları tapdığı üçün tezliklə qapılarımızı sənətsevərlərin üzünə açacağımıza və rəngarəng tamaşalar təqdim edəcəyimizə inanırıq. Əgər artıq ölkə əhalisinin böyük bir qismi infeksiya əleyhinə vaksin olunubsa və müəyyən şərtlər daxilində təhsilin, kütləvi tədbirlərin bərpası haqqında düşünülürsə, biz də öz növbəmizdə bütün qoyulan tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq.
Əziz dostlar! Bütün bu müddət ərzində biz virtual məkandan istifadə edərək gündəmdən düşməməyə çalışdıq, sevilən səhnə əsərlərimizin unudulmaması üçün çaba göstərdik. 44 günlük Zəfər mübarizəmizə öz qatqımız olması üçün bu mövzuda müxtəlif online layihələr, video-çarxlar hazırladıq. Amma hər kəsə bəllidir ki, teatr canlı sənətdir və bizlərdən ötrü tamaşaçı ilə ünsiyyət çox vacibdir.
Ümidvarıq ki, tezliklə Operativ Qərargah teatrların fəaliyyəti ilə bağlı müsbət qərarını, qaydalarını elan edəcək və biz mövsümün açılışı haqqında xəbəri sevə-sevə paylaşacağıq. Bütün dövrlərdə, bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq teatr yaşayıb, yaşayacaq!
Tanrı vətənimizi, xalqımızı qorusun!”