sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“…gedim günəşə sarı…” – Zaman Piriyev

25/12/2020 - 19:04
A A
Facebookda paylaş

 

 

Sim-sim.az Zaman Piriyevin şeirlərini təqdim edir.

 

 

 

Zaman Piriyev

Yerim dardır, göyüm duman,

Fikirlərim çox nagüman,

Özümə baxa bilmirəm,

Neçə vaxtdır mən qorxudan,

 

Daha mən o, mən deyiləm,

Bir ruham, bədən deyiləm.

Öz köçümdən ayrılmışam,

Bir daha dönən deyiləm.

 

Ey lal divar, danış görüm.

Daha küsmə, barış görüm.

Tut yaxamdan, olanları,

Bircə-bircə soruş, görüm.

 

Soyuq külək hardan əsdi,

Ayrılığa kim tələsdi.

Danış, danış, ey lal divar,

Bu sükutun daha bəsdir.

 

Yaşayıram ölü kimi,

Bir ocağın külü kimi,

Ayrılığın al qanını,

Mən içirəm dəli kimi.

 

Bu gecədən çıxa bilsəm,

Gen dünyaya baxa bilsəm,

Qurtarardım yalnızlıqdan,

Bu divarı yıxa bilsəm.

 

Əllərini qaytarardım,

Tellərini qaytarardım,

Həyatından qopardığım,

İllərini qaytarardım.

 

Baharlanıb budağında,

Nəğmələnib dodağında,

Qayıdacam, qayıdacam,

Bənövşənin yarpağında.

 

****

Heç bilmirəm mən nə yazım,

Dərd yükümü bölüşdürüm.

Mən ki, dərddən çox yazmışam,

Əllərimlə ürəyimdə dərdlərimə neçə-neçə gor qazmışam,

Qəbristana döndərmişəm ürəyimi.

Hələ neçə fikir yatır, əzab çəkir ürəyimdə,

Bir zindana döndərmişəm ürəyimi.

Əhv edirəm, buraxıram dərdlərimi azadlığa,

Mən özümü boğa-boğa.

Fəqət yenə zindan gəlir,

Daha yeni zindan gəlir.

Düşünmək də, söz demək də yasaq olmuş,

Arzularım döyəclənib qaysaq olmuş.

Dərdlərimin dili sözüm,

Tutacaqlar, kəsəcəklər hər addımda qabağımı,

Mənə dəli deyəcəklər,

Ya da bir az şişirdərək millətinə qənim olan,

acgöz, zəli deyəcəklər,

Sənə isə dəli sözü.

Bax bu belə azadlıqdır, sözüm mənim!

Bəlkə elə düşünürdün tiran mənəm,

Azadlığı boğan mənəm.

Gör nə qədər tiranlar var,

Əyrilər var, yalanlar var.

Bu millətdən yağmalanmış, oğurlanmış xəzinələr üstündə keşik çəkən,

Ağ qaralı ilanlar var.

Simnar xanlar su vermirlər bu millətə,

Gözləri göy kosalar da tilsim qurur hər qayada,

İndi yaşa bu dünyada.

Budur sənin azadlığın,

Ürəyimdə dərdlərim var yığın-yığın.

Hamısını söz edəcəm, buraxacam azadlığa,

Boşalacam bir anlığa.

Məhbəsəcən, zindanacan yazacağam dərdlə dolu sözlərimin hər kəlməsin,

Sizi azad edəcəyəm,

İmzalayıb bu dünyanın ən böyük ” əhvi-ümumisin”

və bir gün öləcəyəm.

 

****

Soyuq bir qış gecəsində,

Ürəyinin düz başında,

Balasına məzar kimi qucaq açan,

Xocalının soyuq, qarlı meşəsində,

Son ümidin arxasınca düşüb qaçan

bir ananın,

Cansız, ruhsuz gözlərində

Mən tanıdım dünyanı.

Körpə fidan balasının əllərinə,

Bu dəhsətin, bu vəhşətin qorxusundan

öləziyən gözlərinə,

Can verməyə,

Bumbuz olmuş bədəninə

qan verməyə,

Tələsirdi yorğun ana.

Ürəyinin atəşindən vermək üçün,

O çarəsiz oğluna,

Çırpınırdı, qovrulurdu,

lakin… lakin…

Aman Allah, bu dəhşətdi,

Yavaş-yavas sovrulurdu,

Soyuyurdu için-için.

Yalnız bircə xətt qalırdı- Ana xətti!

Səhərəcən donmasaydı,

Son atəşi sönməsəydi,

Ana xəttdən qoşulardı bircəciyi,

Bu işıqlı dünyaya.

Sönməz idi bəlkə ümid işıqları,

Bitməz idi bəlkə ana arzuları.

Lakin yağan güclü qar da,

Donan əl də,

Omuzundan qan fışqıran

yaralar da,

Ayırırdı, aparırdı uzaqlara

qucağının istisini.

Qorxuları zəli kimi sovururdu

ürəyinin sevgisini.

Meşə boyu qışqırıqlar, çığırtılar,

Bir də sərxoş beyinlərdən qanadlanan,

Qan qoxuyan qəhqəhələr, bağırtılar,

Bir dəhşətli yuxu kimi

yapışmışdı gözlərinə.

-Bu yuxudan oyanmasa,

Axan qanı dayanmasa…

Bəs bu körpə, bəs bu çağa…?

Vay… Vay… Vay…

Ana vurdu dizlərinə.

Yeddi aylıq bir uşağa,

Necə qıysın…?

Birdən keçər əllərinə

balam yağı düşmənin…?

– Dilim yansın, bu nə sözdür…?

– Ey Yaradan ! Ey Yaradan !

Bu günahsız körpəni

Özün qoru bəladan.

Bu duayla, bu inamla

son gücünü topladı.

Yeyin-yüyrək addımlarla

təpələri adladı.

Budur artıq üfüqlərdə

doğub ümid günəşi,

İsindirdi gözlərini

doğma yurdun atəşi.

Şükür sənə İlahi, xilas olduq,

Yağı düşmən əlindən.

Lakin orda vətən qaldı,

Bir ah qopdu dilindən.

Lakin bu gün qucağında,

Sönmüş vətən ocağını isidəcək

Bir oğulu isitdi.

Canı ölüm caynağında

çırpınarkən,

xəyal qurdu,

Xocalıya işığını qaytaracaq

Bir qəhrəman böyütdü.

 

****

Arzulardan bir ev qurdum, bircə günə dağıldı,

Duman çəkdi, külək dindi, gördüm dünya nağıldı,

Yollar bitdi, qaş qaraldı, gözüm yoldan yığıldı,

Nə bitəndən, nə yetəndən, nə ötəndən doymadım.

Nə arzudan, nə nağıldan, nə də səndən doymadım.

 

Bir səhərin şehi idin, ürəyimə

düşəndə,

İlk baharın mehi idin, qəlb alışıb bişəndə,

Sən dəyişdin birdən-birə, fəsillər dəyişəndə,

Nə bahardan, nə dumandan, nə də çəndən doymadım.

Nə bu şehdən, nə bu mehdən, nə də səndən doymadım.

 

Bənövşənin baxışından boylanırdım çəmənə,

Göy çəməndə çiçək kimi könül vermişdim sənə,

Havalanıb uçdu ruhum, qayıtmadı bədənə,

Nə havadan, nə çiçəkdən, nə çəməndən doymadım.

Nə bu ruhdan, nə bədəndən, nə də səndən doymadım.

 

Bu sevginin bəhanəsi bir baxışa bənd imiş,

Ümidlənib cücərməyi bir yağışa bənd imiş,

Demə kədər neçə vaxtdır aldanışa bənd imiş,

Nə baxışdan, nə yağışdan, nə çiləndən doymadım.

Nə sevincdən, nə kədərdən, nə də səndən doymadım.

 

Min şərqiyə bədəl olan dillərimi

itirdim,

Qürurumdan bərk yapışan əllərimi itirdim,

Sevə-sevə aylarımı, illərimi

itirdim,

Nə bu gündən, nə sabahdan, nə dünəndən doymadım.

Nə qürurdan, nə bu əldən, nə də səndən doymadım.

 

Tez düşürdü tale məni bəxtəvərlik atından,

Qan udduran zülmətlərin keçdim yeddi qatından,

Qürbət oldu içim-çölüm bu eşqin ucbatından,

Nə zülmətdən, nə qürbətdən, nə vətəndən doymadım.

Nə taledən, nə o atdan, nə də səndən doymadım.

 

Dərd-ələmlər ortasında yolum bitib, azmışam,

İynə ilə zərrə-zərrə öz gorumu qazmışam,

Sənsiz ömür kitabımda son sözümü yazmışam,

Nə həyatdan, nə ölümdən, nə kəfəndən doymadım.

Nə iynədən, nə məzardan, nə də səndən doymadım.

 

****

Çıxıb getdin,  küləklərdə ətrin qaldı,

Oxunmamış kitab kimi,

Hələ neçə sətrin qaldı.

Yazılmamış nəğmə kimi,

Sən dilimin ucundasan,

Ürəyimin başındasan.

İllər keçib, sən hələ də həminkisən,

Son görüşdə geyindiyin həmin donda,

Qara uzun saçlarınla,

Həmin gülüş dodağında,

Elə həmin yaşındasan.

Ürəyimin dağlarına

İlk qar kimi yağıb getdin.

Sovrularaq küləklərdə,

Birdəfəlik çıxıb getdin.

Xatirələr alov kimi,

İsidəndə xəyalımı,

Əriyirəm ilk baharda,

Suya dönən qırov kimi.

Damar-damar taleyimə izin düşüb,

Sən qanımda,

Sən canımda yaşayırsan.

Hər şerimə, hər misrama sözün düşüb,

Sən təbimdə, sən ruhumda,

İlhamımda yaşayırsan.

Apar məni uzaqlara xəyal kimi,

Yenə tutum əllərini,

Tumarlayım tellərini.

Bircə anı qoy yaşayım vüsal kimi,

Aparsınlar ağ qanadlı durnalar da

El-obaya bu sevincin xəbərini.

Həyəcanla vursun ürək,

Lap sinəmdə dursun ürək,

Qoy dayansın saatımın əqrəbi də,

Sevincimlə acı kədər arasında.

Xeyirlə şər arasında.

Ruhla bədən arasında,

Gorla kəfən arasında,

Mən yaşamaq istəyirəm bircə anı.

Tərk edərək birdəfəlik

Bu yalançı dünyanı.

 

****

Nigaranam bu payızdan,

Gül-çiçəyə yazıq olar.

Gəlib keçər aramızdan,

Bu ürəyə yazıq olar.

 

Dodağından gülüşünü,

Oğurlayıb yel aparar.

Sevgimizin atəşini,

Yağış yuyub, sel aparar.

 

Bir baxışa aldanarsa,

Küsüb gedər bu bahar da.

Bir yağışa aldanarsa,

Köçüb gedər durnalar da.

 

Bəhanə axtarır ürək,

Bənd olacaq bircə himə,

Vaxtsız əsən soyuq külək,

Toxunacaq sarı simə.

 

Gəl qoşulaq durnalara,

Uçaq gedək buralardan.

Çıxaq gedək uzaqlara,

Ayrılmayaq bu bahardan.

 

Gül-çiçəyin sinəsində,

Şeh olanda qayıdarıq.

Bir məhəbbət gecəsində,

Meh olanda qayıdarıq.

 

Sevgimizin əyni yalın,

Tab eləməz bu payıza.

Bu yerlərin qışı qalın,

Ümidimiz dönər buza.

 

Ayrılığın üzü qərib,

Gəlişini kim biləcək?

Sinoptiklər xəbər verib,

Bu il payız tez gələcək.

 

****

 

Dünya, mənə yar olmadın,

Köçüm gedim birdəfəlik.

Ayrılığın şərbətini,

İçim gedim birdəfəlik.

 

Dərd verməkdən ərinmədin,

Bir az mənə isinmədin,

Gəlişimə sevinmədin,

Keçim gedim birdəfəlik.

 

Belimdəki bu şələdən,

Azad olum bu tələdən,

Bu yerlərə nabələdəm,

Uçum gedim birdəfəlik.

 

Bacarmadım bu inadla,

Yaralanmış tək qanadla.

Çagrılacam hansı adla,

Seçim gedim birdəfəlik.

 

Tərk eləyim bədənimi,

Müvəqqəti vətənimi,

Əllərimlə kəfənimi,

Biçim gedim birdəfəlik.

 

****

 

Qan rəngində buludlar

 

Bir gün yollarından gözüm çəkilsə,

Bil ki, tufanlarda itib getmişəm.

Bir gün bu dünyadan izim çəkilsə,

Bil ki, durnalarla ötüb getmişəm.

 

Qədərə, qismətə açdım qoynumu,

Tapmadım taleyin çəmini sənsiz.

Yetim uşaq kimi büküb boynumu,

Çəkirəm ayrılıq qəmini sənsiz.

 

Səndən uzaqlarda solan çiçəyəm,

Ətrimi küləklər qovub göylərə.

Ömrün bu yaşında, elə yerdəyəm,

Önümdə yamacdır, arxamda dərə.

 

Yorğunam, sevgilim, illər yorğunu,

Bükdü ayrılığın belimi mənim.

Anladım dünyanın boş olduğunu,

Bitirdi bu həsrət ömrümü mənim.

 

Dağların üzünə düşüb qırışlar,

Üstündən dərd dolu buludlar keçib.

Nə vaxt qan rəngində yağsa yağışlar,

Bil ki, bu dünyadan bir qərib köçüb.

 

****

 

İllər ötüb, xatirəmi saxlama,

Bundan sonra qəm nəyinə gərəkdir.

Xəyalımı öpüb gizli ağlama,

O gözlərdə nəm nəyinə gərəkdir.

 

Gülə-gülə ayrılığa tələsdin,

Mənim qəlbim ağlayanda, sevgilim.

Bilə-bilə ayrılığa tələsdin,

Yollarımı bağlayanda, sevgilim.

 

İndi daha nə mən varam, nə o gün,

Ürəyimin odu sönüb o vaxtdan.

Varlığına inandığım sevginin,

Kölgəsi də daşa dönüb o vaxtdan.

 

Dəniz səsləyəndə səni qoynuna,

Dedim, boğularsan, qayıt bu yoldan.

Bu dünya salanda səni oyununa,

Dedim yıxılarsan, qayıt bu yoldan.

 

Dalğalar qopardı səni əlimdən,

Gözlədim qayıdıb gələnə kimi.

Bəlkə də min dəfə döndüm ölümdən,

Gözümdə son ümid ölənə kimi.

 

Mən ki, çarəsizdim, mən ki, naşıydım,

Yad idim dənizin fırtınasına.

Mən ki, bu oyunda sapand daşıydım,

Tulladın əzabın düz ortasına.

 

Daha qanadlanıb uça bilmərəm,

Səsləmə illərin içindən məni.

Axı taleyimdən qaça bilmərəm,

Ayırma ayrılıq köçündən məni.

 

Burax çıxım gedim günəşə sarı,

Uzaq üfüqlərdə batım beləcə.

Keçib arxasına uca dağların,

Baş qoyub dizində yatım beləcə.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az