Gözünü açan kimi çevrilib o biri küncdəki çarpayıda fısıldaya-fısıldaya yatmış arvadına baxdı. Zalım qızı yastığı ayaqlarının arasına salıb elə sıxmış, elə qucaqlamışdı ki, sanki buraxsa yastıq qaçasıydı. İkrah dolu nəzərlərlə baxıb üzünü çevirdi.
Otuz beş il idi evliydilər. Doğmaca xalası qızıydı. Həm də eyni ildə, eyni ayda, eyni gündə doğulmuşdular. Elə həmin gün dədələri içib keflənəndən sonra bacanaqlığı qudalıqla əvəz eləməyə söz vermişdilər. Düzdü, cəmi on il keçməmiş bu iki bacanaq müharibədə nənəsi demiş “nemesin qəfil gülləsinə tuş gəlsə” də, söz kəsilmişdi, el bilirdi, aləm bilirdi. On səkkiz yaşları tamam olmamış qara-qura, arıq-tırıq Gülnisənin başına qırmızı duvaq salıb, o evdən bu evə gətirdilər.
Düzünə qalsa Gülnisə ona pis arvadlıq etməmişdi. Biş-düşünə, təmizliyinə, qonaq qarşılayıb, yola salmağına söz yox idi. Bircə dəfə kasıbçılıqdan şikayət eləmədən, geyim-gecim dərdi çəkmədən başını aşağı salıb uşaqlarını böyütmüş, arvadlığını eləmişdi. Ev tikmişdilər, üç qız köçürtmüşdülər.
Dindirməsən dinməz, danışdırmasan danışmaz, bir az da sosur adam idi Gülnisə. Bu yaşacan hələ də bilmirdi nədən xoşu gəlir, nədən xoşu gəlmir, nədən razı qalır, nədən narazı qalır.
Bunlar hamısı öz yerində, ən böyük dərd o idi ki, düz on ildi, bir evin içində “bacı-qardaş” kimi yaşayırdılar. Qızlardan kiçiyi də köçüb birinci uşağı doğan gündən Gülnisə ta ona “yaxınlıq verməmiş”, ayıbdı deyib yataqlarını ayırmışdı. Elə o vaxtdan yetim Güləddin cavan yaşında arvad sarıdan da yetim qalmışdı.
Arvada tərəf acıqlı-acıqlı “dur məni yola sal, ay arvad” – deyə səslənərək həyətə düşdü.
Xəstəxanaya çatanda gördü Qaçay durub qapıda. Qaçayla tay-tuş idilər. Xəstəxananın yeganə təcili yardım maşınının sürücüsüydü. Yeyib-içən, deyib-gülən, zarafatcıl adam idi. Elə indi də salamlaşıb, hal-əhval tutmamış Qaçay – “sənin kimi elektrikin başına daş düşsün, gecədən bəri doğum şöbəsində işıq yoxdur” – deyib, üz-gözünü turşutdu.
Tələsik doğum şöbəsinə gedib işıqların qaydasında olduğunu, gecə də sönüb-eləmədiyini öyrənəndə “mən bu itoynadan oğraşa niyə inanıram axı” fikriylə hirsli-hirsli Qaçayın yanına qayıtdı. Xəstəxananın qarşısına çıxanda gördüyü mənzərədən yerində mıxlanıb qaldı, Qaçayı da, onun şit zarafatını da unutdu. Gözəllər-gözəli, can alan, ağıl buxarlandıran, işvəli-nazlı, yeriyəndə külli-aləmi, dayananda cümlə-bəşəri silkələyən Nigar müəllimə xəstəxananın qarşısından keçirdi. Hayıl-mayıl olub, məst-məst Qaçayın yanında dayandı. Elə bu rayonun yetirməsi olan Nigar institutu qutarıb 5-6 il Bakıda işləmişdi. Keçən il rayona yeni milis rəisi təyin olunandan on gün keçməmiş Nigar da rayona köçmüş, məktəbdə müəllimə işləməyə başlamışdı. Deyilənə görə rəisin adamıydı. Bakıda “oturub-durularmış”. Camaatın gözündən heç nə yayınmır axı. Amma zalım qızı həqiqətən gözəl idi; yerişi, duruşu, baxışı, uzaqdan adamı sehrləyirdi, haldan hala salırdı.
Qaçay boynunu bir az yana əyib, ət görmüş pişik nəzərləriylə Nigarın arxasıyla baxan Güləddini dürtmələyərək irişdi:
– Nolub ədə, lap özündən getdin deyəsən?
– A Qaçay, vallah ölürəm bu qızdan ötrü. Bu gözəllikdə, bu qədd-qamətdə də adammı olar. Dədəmin qərib goru haqqı mələkdi bu qız.
– Yeri get, a külbaş. Nəyi mələkdir? Elə deyəsən ona dəyməyən bir sən qalmısan, bir mən, bir də mələklər. Mənim də pulum yoxdu, yoxsa çoxdan bitirmişdim işini.
– Nə pul, a gedə? Nə danışırsan sən?
– Əyə, nə danışacam, əlli manatdır da qiyməti; kimin pulu var, gedir kamına çatır. Bu maaşda mən də gedəcəm.
– Bir əməlli məni başa sal görüm, – həyacandan titrəyən səslə soruşdu – indi deyirsən mənim əlli manatım olsa…
– Hə, qardaş, əlli manatın varsa axşamüstü işdən çıxanda Kürün üstündə yaxınlaş, sakitcə əlliliyi uzat, de ki, istəyirəm o iş baş versin. Özü qalanını həll edəcək. Hara gəlmək, nə vaxt gəlmək lazımdır deyəcək, başa salacaq.
Qaçay yadına nəsə düşmüş kimi tələsik qaraja getdi. Güləddin də düşüncəli halda küçəylə üzüaşağı düşməyə başladı. Bir də gözünü açdı ki, zərgər Qədirin qapısının ağzındadır. Qədir onun sinif yoldaşı olsa da, böyüyüydü, məsləhət yeriydi, güman yeriydi, çətin günün dostuydu. Xeyir işdə, şər işdə Qədirsiz addım atmazdı, hər sözünü ona gənəşər, hər işin ağsaqqalığını ona həvalə edərdi. Əli dara düşəndə, pula ehtiyacı olanda Qədirin üstünə qaçardı. Qardaşsız-bacısız, atasız-anasız yetim Güləddinin arxasıydı, dayağıydı zərgər Qədir.
Həyətin küncündəki zərgər dükanına girib, salam verdi, balaca kətili çəkib oturdu. Qədir işləyə-işləyə, eynəyin altından ona baxıb dedi:
– Niyə fikirlisən, a yetim? Bu nə sir-sifətdi belə?
– Əlli manat lazımdır, ay Qədir. Maaşda qaytaracam – fikirli-fikirli cavab verdi.
– Əlli manata görə belə bikef olmarsan axı? Nə olub? Neynirsən ki, əlli manatı?
Sualdan diksindi. Heç vaxt Qədirdən gizlədəcək bir sirri, saxlanacaq bir sözü olmamışdı, amma indi deyə bilməzdi pulu niyə istədiyini. Lazımımdı – deyib, nəzərlərini aşağı dikdi.
Qədir təəccüblə başını bulaya-bulaya pul gətirmək üçün evə tərəf getdi.
Axşamacan heç yanda özünə yer tapa bilmədi. Nə işdə dayana, nə də evdə qərar tuta bildi. Bütün günü qızdırmalı adamlar kimi əsməcə içində gəzdi. Söz soruşan olanda ya cavab vermədi, ya da kəkələyə-kəkələyə cavab verdisə belə səsindəki titrəmə özünü də hürkütdü. Günboyu ona elə gəldi ki, hamı ona birtəhər baxır, hamı onun atacağı addımdan, düşüncəsindəki xəyallardan, axşam gedəcəyi görüşdən xəbərdardır. Ağsaqqal yanından keçəndə elə bildi indi çağırıb üzünə tüpürəcəklər, qarasaqqal yanından keçəəndə elə bildi ki, xısınlaşıb gülüşəcəklər. Amma yox, deyəsən hamı öz işində-gücündə idi. Heç kim heç nə bilmirdi.
Kürün sahiliylə şəhəri ayıran bəndin bir hissəsinə təzəlikcə asfalt çəkib, bir neçə skamya qoymuş, 300-400 metrlik gəzinti sahəsi düzəltmişdilər. Rayon camaatı “bulvar” deyirdi bura. Yay vaxtı hava almağa, sərinləməyə müxtəlif yaşlı adamlar dolub, qaynasa da payızda, qışda tək-tək adam gəlib keçərdi buralardan.
Axşamüstü məktəb uşaqları dərsdən çıxanda artıq neçə saat idi “bulvar”da o baş-bu baş gəzişirdi. Uşaqlardan sonra bu tərəflərdə yaşayan bir-iki müəllim də gəlib keçdi.
Budur bulvarın o biri başında Nigar göründü. Sallana-sallana, nazlana-nazlana gəlirdi. Titrəməsi təzədən tutdu. Əlləri, dizləri əsim-əsim əsirdi. Hələ dişlərinin şaqqıltısı on metrdən eşidilərdi. Əvvəl istədi dönüb qaçsın, amma özünü söyüb ayaqlarını yerə möhkəm dirədi, getmədi.
Nigar ona yaxınlaşanda iki addım ataraq qarşısına keçdi. Əlində sıxıb saxladığı şax əlliliyi uzadıb, qızın ovcuna qoydu. Nigar təəccüblə bir pula, bir də qarşısında fabrik dəzgahı kimi sir-sir silkələnən Güləddinə baxıb – bu nədir, Güləddin dayı – deyə soruşdu.
– Puldur – başını yerdən qaldırmadan cavab verdi.
– Bilirəm puldur, mənə niyə verirsiz ki, bunu?
Əvvəl bilmədi nə desin. Qəfil Qaçayın sözü düşdü yadına.
– İstəyirəm o iş baş versin.
– Nə iş? – Nigarın səsində təəccüblə yanaşı əsəb də hiss olunurdu artıq.
– O iş də – hər iki şəhadət barmağını yan-yana gətirib qoşalaşdırdı, bir-birinə sürtdü – sənlə mən…
Nigarın gözlərində ildırım çaxdı elə bil. Nifrət dolu baxışlarla bir anlıq Güləddini süzüb, qəzəbdən guruldayan səslə – ayıb olsun sizə, Güləddin dayı – deyərək, əlindəki pulu düz sifətinə çırpdı. Dikdabanlarını taqqıldadaraq sürətlə uzaqlaşdı.
Yerində quruyub qalmış, artıq dizlərinin, əllərinin əsməsi, dişlərinin şaqqıldaması keçmiş Güləddin qızın arxasınca baxaraq peşman və kövrək bir səslə dayanmadan təkrar edirdi:
– Güləddin dayın ölsün, a bala, Güləddin dayın ölsün… Güləddin dayın ölsün, a bala, Güləddin dayın…