Bir sərçə vardı. Sadə, adi. Başına gələcəklərdən xəbərsiz rahat, sakit həyatını yaşayırdı. Bütün günləri bir-birinin eyni idi. Bu monotonluqdan şikayətçi də deyildi. Çünki başqa həyat görməmişdi. Fərqli, qeyri-adi həyatların olduğundan xəbərsiz idi. Buna görə də xəbərsiz olduğu dünyanın həsrətini də çəkmirdi.
Lakin bir dəfə hər gün önündən uçub keçdiyi rəqs salonunun pəncərəsindən içəri baxmaq istədi. Sonralar dəfələrlə bu addımına görə özünü mühakimə edəcəkdi, amma indi xəbərsizcə içəri baxmağa başladı. Musiqi səslənirdi, bir qız elə gözəl rəqs edirdi ki. Böyük pəncərələrdən rahatlıqla onu izləyə bilirdi. Onun necə rəqs etdiyinə, yox-yox süzdüyünə baxıb heyranlıq duyurdu. Heç ən gözəl quşların belə gözəl süzdüyünü görməmişdi.
Sonralar hər gün məşqlərə baxmağa başladı. Artıq ondan ayrılmaq elə çətin gəlirdi ki, yaxınlıqdakı evlərinə qədər onu izləyirdi. Önündəki budaqlara qonub “cik-cik” edirdi. Hər an onu görmək istəyirdi. Kaş o da bu sərçəni görəydi.
Beləcə günlər davam edirdi. Bahar gəlmişdi.
Bir gün evə atası qızılı qəfəsdə lələkləri günəş kimi sapsarı bülbül gətirdi. Sərçə ona heyrətlə baxdı. Lakin qızın da ona heyranlıqla baxdığını gördükdə bərk incidi. Sonra bir bülbülün ipək kimi parlayan tüklərinə baxdı, bir də özünün boz tüklərinə. Qızın anası pəncərəni açdı, qəfəsi pəncərənin önünə qoydu. Sərçə cəld ən yaxın budağa qondu. Bülbül yaşıllığa baxdı, ciyər dolusu nəfəs aldı. Sonra cəh-cəh vurmağa başladı. Sərçə bülbülün bu halına bərk üzüldü. Qəfəsdə onun nə qədər darıxdığını təsəvvür etdi. Bayaqdan ona duyduğu həsəd və paxıllığı tez də keçdib getdi, çox utandı. Birdən qız qaça-qaça pəncərəyə tərəf gəldi. Sərçənin ürəyi şiddətlə döyündü. Budur onu gördü. Onun var olduğunu bildi. Lakin sevinci tez keçib getdi. Qızın bülbülü dinləməyə gəldiyini başa düşdü. Qız saçlarını yan tərəfə atıb bülbülün nəğməsini təbəssümlə dinləməyə başladı. “Axı mən niyə bu günədək düşünmədim bunu, musiqi-onun ən çox sevdiyi…” deyə sərçə təəssüfləndi. Amma kefini pozmadı, gec də olsa anladı. Əsas olan bu idi. Dərhal boğazını arıtlayıb oxumağa başladı: “Cik-cirik, cik-cirik”. Deyəsən lazımı qədər bərk oxumurdu. Lap yüksək tonda oxudu… “Cik-cirik, cik-cirik”. Amma qız heç dönüb ona tərəf baxmadı da, onun fikri bülbüldə idi. Sərçə kor-peşiman uçub getdi.
Səhəri gün sərçə yenə pəncərəyə ən yaxın budağa qonub gözləyirdi. Bir az keçdi qız pəncərəyə yaxınlaşıb bülbülün qəfəsini pəncərənin önünə qoydu. Cəld hazırlaşıb rəqs dərsinə getmək üçün evdən çıxdı. Sərçə də adəti üzrə onun arxasınca uçacaqdı ki, birdən dayanıb bülbülə tamaşa etdi. Bülbül ətrafdakı quşlara kədərlə baxırdı və sərçə onun gözlərində bir cüt yaş gördü. Ürəyi dözməyən sərçə budaqdan sürətlə uçub gəldi, qəfəsin qıfılını dartıb açdı. Bülbül dərhal havaya uçdu. Havada dövrə vurub sərçəyə təşəkkür etməyə başladı. Sərçə də onun arxasınca sevinclə uçmaq, qızın arxasınca getmək istədi. Amma birdən yadına qızın evə qayıdanda bülbülü qəfəsdə tapmayacağı və çox kədərlənəcəyi düşdü. Onun üzülməsi dünyada ən son istədiyi şey idi. Ani qərarla qəfəsə girdi və bacardığı qədər qapısını bağladı. Bəli o bu qəfəsdə sonuna qədər qalmağa hazır idi. Təki o üzülməsin. Gülümsəyərək düşünməyə başladı. Bir azdan qız gələcək, qəfəsə yaxınlaşacaq, sevinclə ona baxacaq. Düzdü o artıq hər gün onunla rəqs salonuna qədər gedib rəqslərini izləyə bilməyəcək. Amma eybi yoxdur, olsun. Əvəzində evə qayıdanda qız ona tamaşa edəcək, o da öz nəğməsini onun üçün yorulmadan oxuyacaqdı.
Çox keçmədi qız rəqsdən qayıtdı. Qəfəsə tərəf baxıb keçəcəkdi ki, təəccüblə geri qayıtdı. Sərçənin ürəyi sürətlə döyünməyə başladı. Budur uzun zamandan sonrakı ilk görüş. Təəccüblə ona baxan qız, qışqırıb anasını çağırmağa başladı. Göz yaşları içində bülübülün yerinə başqa quşun necə gəldiyini soruşdu. Anası da mətbəxdə iş gördüyünü, xəbəri olmadığını dedi. Atasının yeni bülübül alacağı vədlərini verərək qızını sakitləşdriməyə çalışırdı. Qız qəfəsin yarıaçıq qapısını açıb sərçəni əli ilə tutdu və üzünə də baxmadan pəncərədə çölə buraxdı.
Sərçə ürəyində sanki nəyinsə qırıldığını hiss etdi. Hətta qulağına bu qırılmanın səsi də gəldi. Qəlb qırılmasının həqiqi olduğunu düşünməyə başlamışdı ki, qanadlarının gücsüzləşdiyini hiss etdi. Bir neçə dəfə qanad çalmağa cəhd etsə də alınmadı. Ağacdan qopan yarpaq kimi yerə düşdü.
Ətrafda əsl bayram abu-havası var idi. Gül-çiçəklərin, təzə-tər otların ətri, quşların şən civiltiləri bir birinə qarışmışdı. Quşlar havada dövrə vurub uçur, geri dönüşlərini qeyd edirdilər. Qaranquşlar ətrafda uçuşur, özlərinə yuva qurmaq üçün yer axtarırdılar.
Ağacın dibinə düşüb səmaya baxan sərəçənin gözündə isə dünya qaranlıqlaşmağa başladı, şən səsləri uğultu əvəz elədi. Daha sonra gözünə parlaq işıq göründü. Bu işıq yamyaşıl, gözəlliyi dillə ifadə edilə bilməyən bağçaya gedirdi. Həmin bağçada rəngbərəng qeyri-adi quşlar var idi və hamısı ehtiramla onu salamlayırdılar. Sərçə gülümsəyərək son dəfə ah çəkdi və işığa doğru yol aldı. Varlığının hiss edilmədiyi dünyanı yoxluğunun kimsəni üzməyəcəyi rahatlığı ilə tərk etdi…
Gülay Əhməd