Fidan Fərzəliyevanın yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı haqqında yazdığı təəssüratını təqdim edirik.
“Günəşi gözləyənlər”dən əvvəl Cavid Zeynallının bir neçə hekayəsini oxumuşdum. Az da olsa, əsərləri haqqında təsəvvürüm vardı. Amma hekayələrindən fərqli olaraq, romanı bir başqadır.
Bu yazımda roman surətlərini, yazıçıya əsər haqda vermək istədiyim sualları, məni təəccübləndirən, bəzən isə qəhərləndirən məqamları öz təəssüratlarımla nəql edəcəm. Ən maraqlısı da odur ki, baş qəhrəmanımız Üzeyirin bir neçə anı ilə mənim həyatımdan olan hadisələr üst-üstə düşür.
Başlayaq…
Üzeyir sıradan bir insan rolunda olsa da, yaşadıqları tamamilə fərqlidir. Yaxud da hadisələr oxucuya o qədər gözəl çatdırılır ki, mənə elə gəlib. Onun dilindən olan cümlələr o qədər axıcı və səlisdir ki, bir nəfəsə on cümlə oxuduğumu xatırlayıram. İnana bilmirəm, bu qədərmi bədiilik?.. Mən kitabı oxuyanda otaq yoldaşım da məni dinləyirdi. İlk 100 səhifədə o qədər gülmüşük ki, indiyə qədər hansısa kitabın məni bu səviyyədə güldürdüyü yadıma gəlmir. Bir şey ki, səhər yan otaq yoldaşımızdan soruşuruq ki, axşam səsimiz səni narahat etmədi ki?..
Sosial şəbəkələrdən Cavid Zeynallıya qarşı olan münasibətlərdən əsərinin bu tip olduğunu təxmin edirdim ancaq. Qaldı ki, gözləyirdimmi? Xeyr. Yazıçı niyə “elə” sözlərə çox yer verib, anlaya bilmirəm. Bəlkə də daha təbii göstərmək istəyib. Hətta əksər yerlərində səsimi qısıb oxuyurdum. Düzdür, məni dinləyən yoldaşım başa düşürdü ki, bəzi yerlərini ona müxtəsər şəkildə çatdırıram…
…İndi isə biraz Üzeyirdən danışım.
Onun xarakterini tam aydınlaşdıra bilmədim. Amma ki, dünyanı vecinə almayan, rayondan gəlib şəhərə düşən, problemi əskik olmayan, ürəyiyumşaq, xeyirxah sözlərini ona aid edə bilərik. Yazıq oğlan qalmışdı qızların əlində. Əslində səbəbkarı bəlkə də özü idi. O, əsgərlikdə olarkən universitet yoldaşı Əqrəbin “ailə qurmuşam” sözü onu necə sarsıtmışdısa, məni də elə sarsıtdı. Şükür ki, sonradan çarx əksinə fırlandı.
Xidmətdən qayıtdıqdan sonra onun pulsuz qalması ürəkağrıdıcı idi, nitqi isə bir o qədər gülməkdən qarınağrıdıcı. Şalvarının cırılması, yenisini əldə etmək üçün dəridən qabıqdan çıxması, mübarizə yolu məni kitaba daha da çox bağlayırdı.
Ondan gözləmədiyim hərəkət o oldu ki, gecə küçədə qızdan pul tələb edir, o vermək istəmədikdə isə başlayır şiddətə. Qıza şillə vurur. Üzeyiri yeni tanıyırdım, bəlkə ona görə çox təəccüblənmişdim. Sonra o 10 manatı qızdan alması, o pulun sonrakı aqibəti.. ah..ah…!
Bu yerdə Firəngiz xala haqda danışmaq istəyirəm. Onu bizə tanıtdığı üçün Üzeyirə təşəkkürlər! Ona evinin qapısını açan qadın haqqında dediyinə görə, xeyirxah, qəlbitəmiz olan xala çox az tapılan nur üzlü qadınlardandır.
Qıza şillə vurub pulunu götürdükdən sonra Üzeyirin evinə polis gəlib, onu soruşurdu. Hamımız da elə bilmişdik ki, o gecə etdiklərinə görə səbəbkarı tutmağa gəlib. Hətta bu məqamda Firəngiz xalanın dediyi ifadə heç vaxt yadımdan çıxmaz :
– “Onda polisə de ki, bəlkə səni kimləsə səhv salır.” Ah, Firəngiz xala… Ancaq, ancaq… Sən demə, polisin axtarış səbəbi ayrı imiş. Onun Üzeyirlə söhbətindən aydın oldu ki, o, Əqrəbin keçmiş əri imiş. Bu arada Əqrəb artıq boşanmışdı. Bu söhbətdən sonra bəlli oldu ki, Əqrəb bədənində günahkar ruh daşıyırmış. Oyy.. oyy! Ruhun onu rahat buraxmadığı vaxtlarda özündən çıxır, qışqırırmış. Özünə qəsd edəcəyindən qorxum. Bir neçə düyün açılsa da, mənə hələ də çatmırdı ki, bu hadisə necə doğru ola bilər? Əqrəb universitet vaxtından tanıdığı ölən dul xadimənin günahkar ruhunu daşıyırdı. Bəs sual yaranır ki, o qədər günah işləmiş birinin ruhu necə günahsızın bədəninə girə bilər? Bu sual məni hələ də maraqlandırır.
Bu arada, qəhrəmanımızın o gecə şillə vurub, pulunu aldığı qızın adı Nərmin idi. Və Üzeyir artıq onunla yaxın olmuşdu. Bundan əvvəl oğlan qızı ona hücum edən bir neçə adamdan da qorumuşdu.
Üzeyirin küçükləri evə gətirməsi, onlarla yaxından maraqlanması onu mənə daha da yaxşı insan kimi göstərirdi. Bu riski gözə alması onun cəsarətindən xəbər verirdi. Hələ o balaca uşağın Üzeyirin zəhləsini tökməsi adama qıcıq verirdi.
… İş tapmaq eşqi ilə yola çıxan Üzeyir telefon danışığı nəticəsində bir fəhləlik işinə rast gəldi. Telefonda danışdığı qızın səsinə heyran qalması onu canlı görənə qədər idi. Dediyinə görə, qızın səsi çox gözəl idi, ancaq özü Hibbon meymununa oxşayırmış. Sırf pul üçün onunla yaxınlıq etməsi yaxşı olmasa da, Üzeyiri tanıdıqdan sonra bu mənə çox normal gəlirdi. Yazıq neyləsin? Başqa əlacımı vardı? Üstəlik qızla Üzeyir arasında olan söhbətlər sözün əsl mənasında, ətimi tökürdü. Oğlanı başa düşdük. Xanım qız, sizə nə olub? Bilirsiniz necə, İsveç göbələyindən hazırlanan salatın dadı mənə çox maraqlı gəldi. Ancaq, görünür, Üzeyirə heç maraqlı deyilmiş. Dadının əla olduğunu qıza şərh edən qəhrəmanımız onu dadmamışdı belə. Axırda da hələ qızı borclu çıxardı. Ah, Üzeyir! Bax, bunu etməyəydin gərək. Nə isə, o məsələ də Üzeyirin qızın pulunu geri qaytarıb, qapını çırpıb çıxması ilə ordaca qaldı. Onu da qeyd edim ki, qızın adı Qaragöz idi.
Üzeyirin qaraçı Yasəmən və qızı ilə qarşılaşmasını sadəcə təsadüf olaraq qiymətləndirirəm. Düzü, belə şeylərə inanmıram, ancaq oğlanın qaraçının sözlərinə qulaq asması həyatını dəyişəcəkdi. Bu yerdə məni maraqlandırır ki, Zeynallı özü ruh, cin, qaraçı, şaman məsələlərinə inanırmı?
Görəsən, əsərlərində qeyri-real hadisələrə yer verməsinin xüsusi bir səbəbi varmı?
Qaraçının dediklərindən sonra Üzeyir inanmaq istəyir ki, Əqrəbin bədənindən o ruh çıxacaq. Amma necə? Şaman nənənin köməyi ilə.
Bircə onu aydın bildim ki, Şaman nənə Yakutlardan qaraçılara gəlin gəlib. Övladı olmayıb. Ətrafındakılar onu elə təkləyib ki, “qısır” deyə çağırırmışlar. Vaa-ay! Şaman nənənin ətrafındakılara nifrət bəsləməsini bu yerdə heç qınamıram. Mən heç inanmırdım ki, o, ruhu Əqrəbin bədənindən çıxara biləcəklər. Guya, onun bədənində günahkar ruh olduğuna inanırdım axı… Üzeyirin qızın xilası üçün bu qədər çabalamasını sadəcə alqışlayıram. İnam çox böyük şeydir.
Bu arada, inandığım hər şey mütləq gerçəkləşir. Anladığım qədəri ilə şüuraltı məsələsidir. Əsərin ən təsirli yerlərindəndir, deyərdim: Firəngiz xalanın küçükləri gördükdən sonra Üzeyiri qovması və balaca uşağın dostuna yalvarması ki, “nolar, getmə”. Hələ fikirdən xəstələnib yatağa düşməsi.
Ah, Üzeyir. Nə şeytan tükü varmış səndə. Kaş səni real həyatda görə bilsəydim.
Narahat olmayın, Firəngiz xala sonradan yola gəlib, üzünə qapı açdığı oğlanın getməsinə razı olmayacaq. Gözəl insan!
İndi gəlim, ruh-şaman məsələsinə. Az qala kitabı bir nəfəsə oxumaq istəyirdim ki, görəsən, ruhun axırı necə olacaq? Qorxurdum ki, ruh məsələsi sonda qıfılı açılmamış bitsin. Şükür ki, qorxduğum başıma gəlmədi.
Yazıq Üzeyir elə hey qalmışdı Nərminlə Əqrəbin arasında. Başına gəlməyən iş qalmayan Nərmin və zülmə düçar olmuş Əqrəb. Üzeyirin qaraçı Yasəmənə inanmaqdan başqa çarəsi yox idi. Bir yerdə Şaman nənənin yanına getməli idilər ki, o, ruhu günahsız bədəndən çıxarsın. Dediklərinə görə, o, bunu bacarırdı. Yasəmən demişdi ki, gələndə iki küçük gətirərsən. Deyirdim, görəsən, Şaman onu neyləyəcək. Sən demə, qanları gərək imiş. Şükür ki, sonradan gərək qalmır.
Üzeyir sürücü ilə razılaşıb, onları Şaman nənənin yanına aparmasını istəyir. Və Üzeyir, Əqrəb, Yasəmən gedirlər. Əvvəlcədən Yasəmənin Şaman arvad haqqında dedikləri qəribə idi. Sonradan gözləmədiklərim doğru çıxdı. Deməli, bunlar Şaman nənənin dediyi vaxtdan gec çatırlar deyə, arvad bunların başına bir oyun açır ki, oxumadan bilməzsən.
İndi biraz ara verib, ayrı məsələyə qayıdım.
Şaman nənənin yanına gəlməmişdən qabaq, hələ ta ki, Firəngiz xalanın Üzeyiri qovduğu vaxt onun qalmağa yeri yox idi. Əlacsız axşam skamyada uzanmışdı. Orda onun ağlından keçənlər, düşündükləri məni qəhərləndirən yeganə hissə idi. Düzü, kitabın əvvəlində inanmazdım ki, müəyyən hissədə göz yaşımı saxlaya bilməyəcəm… Düşünürdü ki, indi şəhərdə yox, olaydı öz kəndində – öz evində. Uzanardı yoncalıqda, iki əli də başının altında. Anası ordan deyərdi –“Ay bala, bizi işə salma. İlan zad olar, dur gəl.”
Bir an öz evimizdə – həyətdə çimənliyin üstündə oturub, dərs oxuduğumu xatırladım. Atam deyərdi – “Axşam çöldə kitab oxumazlar, gözünə ziyandır. Dur, get evə.” Ahh, qulaq asan kim?. Hələ axşam qoz ağacının altında telefon işığı ilə tarix kitabını oxumağımı demirəm. Bunun da nəticəsi idi ki, gözlər də getdi. Ah, o illər… Hə, bir də kəndlərindən çıxıb şəhərə (universitetə) gəlməsini, qəbiristanlığın yanından keçməsini xatırlayırdı. Necə də, yenə özümü xatırlatdı. Bizim kəndimizin qəbiristanlıq yolunu…
İndi qayıdaq Şaman nənəgilə.
Şükür ki, Yasəmən sayəsində Şaman sakitləşdi. Hələ sevinməyin, çünki Əqrəb olanlara dözməyərək bayılmışdı. Şamanın istəyi ilə Əqrəbi otağa gətirdilər. Qəhrəmanımızın dediyinə görə, evdə qorxulası hər şey vardı. Qarğa cəsədi, bayquş cəsədi, at dərisi və s. Əqrəbi yerə uzadıb üstünü ağ örtüklə örtdükdən sonra Şaman tələb edir ki, Üzeyir çıxsın çölə. Aaa, o çıxarmı heç ? İsrarlara baxmayaraq birtəhər içəridə qala bilir. Şaman başlayır ruhçıxarma işinə. Zavallı Yasəməni də arada buyruqçu kimi işlədir. Ruhçıxarma vaxtı Üzeyirin yanına görünməmiş məxluqlar, ilan və s. gəlir, hətta üstünə dırmaşır. Başına gəlməyən bir bu qalmışdı. Sonra Şaman xoruz qanına kömür qatıb son işlərini də görür. Və.. Və.. Nəticə uğurla bitir. Bu qarışım nəticəsində günahkar ruh qızın bədənindən çıxır. Daha doğrusu, qorxusundan qaçır. Artıq Əqrəb azad olundu. Şaman arvad onları qarşıladığından daha xoş formada yola salır. Ancaq, acı xəbəri vermədən yola salardımı heç? Üzeyirə deyir ki, bir nəfəri qurban verəcəksiniz. Üzeyir bundan sarsılır. Ancaq mən yox. Çünki kitabın arxasındakı yazını oxumuşdum və bilirdim ki, o Nərmin olacaq. Bəli, Nərmin. O Nərmin ki, Üzeyir tərəfindən şillələnib, pulu oğurlanmış, sonradan onun yaxınına çevrilmiş, daim qorxu, stress içində yaşayan qız. Ölən anasının – dul xadiməçinin ruhunun Əqrəbin bədənində olduğunu bilməsi onu bir ayrı məhv edirdi. Yazıq… Görəsən, özünə qəsd etməmişdən qabaq bildimi Əqrəbin qurtulduğunu?
* * *
2 iyun. Əqrəb (Nərmin) və Üzeyir çox “şad”dırlar.
– Bəlkə ərinin yanına qayıdasan?
– Mən heç kimin yanına qayıtmayacam.
İçini çəkə-çəkə ağlayır və durmadan deyir ki, “qayıtmayacam”.
Üzeyir :
– Üzümə bir damla yaş düşdüyünü hiss edirəm. Doğrudanmı, bu onun göz yaşlarıdır? Təəccüblənirəm. Daha bir damla. Başımı yuxarı qaldırıram. Çiskin yağış yağır…
Əsər haqqında təəssüratlarımı kitabın son cümlələri ilə bitirirəm. Səbəb isə o cümlələr bütöv əsəri daşıyacaq gücdə idi.
P.S.
Məlumatım var ki, əsərdəki hadisələr Zeynallının tələbəlik həyatından götürülmədir. Ancaq maraqlıdır ki, dəqiq olaraq hansı hadisələr ? “Alatava” , “94 nömrəli” avtobus, “İnşaatçılar” metrosu xüsusilə marağımı cəlb etdilər. Əsas da ilk ikisi haqda mütləq araşdırıb, onları görəcəm.
Əsərə digər adla “Cavid Zeynallı fərqi” deyərdim. Mükəmməl idi. O qədər mükəmməl ki, ilk dəfədir, hansısa kitab haqda yazıram.
Təşəkkürlər, Cavid Zeynallı!