Sim-sim.az Azərbaycan Dillər Universitetinin “Xarici ölkələr ədəbiyyatı” kafedrasının professoru, filologiya elmləri doktoru Həmidə Əliyevanın “Fransız qəhrəmanlıq eposu “Roland haqqında nəğmə”də tarixi gerçəklik və bədii təxəyyül” məqaləsini təqdim edir.
Son günlər Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi Qətnamə haqlı olaraq Azərbaycan ictimaiyyətində böyük narazılığa səbəb olub. Dünya tarixinə güclü maarifçilik ideyaları ilə düşən, “Azadlıq, qardaşlıq və bərabərlik” şüarını rəhbər tutan, Avropa mədəniyyətinin, incəsənətinin avanqardı sayılan, bəşər sivilizasiyasına Balzak, Stendal, Merime, Hüqo, Flober, Mopassan, Zolya və onlarca bu kimi dühaları bəxş edən Fransanın bu günkü mövqeyi – beynəlxalq hüquq normalarını kobudcasına pozması, suveren dövlətin daxili işlərinə qarışması həqiqətən təəccüb və təəssüf doğurur. Azərbaycan dövlətinə və xalqına, onun 30 il boyunca apardığı haqq işinə qarşı belə qərəzli, antidemokratik münasibət ən azından Fransanın üzərinə götürdüyü vasitəçilik missiyası ilə qətiyyən üst-üstə düşmür. Təəssüf ki, Fransa dövləti və siyasətçiləri öz tarixi səhvlərindən hələ də nəticə çıxarmayıb. Bir vaxtlar səlib müharibələrinin əsas təbliğatçısı və iştirakçısı olan Fransa, bu gün də həmin işğalçı və müstəmləkəçi siyasətini fərqli şəkildə, yalançı “təəssübkeş” simasında davam etdirir. Sadə fransız xalqını Orta əsrlərdə olduğu kimi qondarma, uydurma “həqiqətlərlə” aldadan Fransa hökuməti bu gün öz millətinin maraq və mənafeyini erməni lobbisnin əsassız iddialarına qurban verir. Ədəbi-tarixi qaynaqlar əsasında yazılan bu məqalənin əsas məqsədi oxucuları bu gün baş verən hadisələrin tarixi köklərinin bəzi məqamları ilə tanış etməkdir.
(Müəllifdən)
Fransız qəhrəmanlıq eposu “Roland haqqında nəğmə”də tarixi gerçəklik və bədii təxəyyül
Orta əsrlər Qərbi Avropa epik poeziyasının məşhur nümunələrindən olan “Roland haqqında nəğmə” Böyük Karlın 12 “per”indən birinin – Rolandın qəhrəmanlığına həsr olunmuş iri həcmli əsərdir. Eposun 9 müxtəlif variantı mövcuddur. 1170-ci illərə aid edilən “Digby 23” kod işarəli Oksford variantı onların içərisində ən qədimi və bitkin məzmuna malik olanıdır. O, dastanın digər variantları ilə birlikdə Oksford Universitetinin Bodlian kitabxanasında saxlanılır.
Dastanın mövzusu real tarixi hadisədən – 778-ci ildə Fransa kralı Böyük Karlın İspaniyaya hərbi yürüşündən götürülmüşdür. 778-ci ildə Böyük Karl Kardova xəlifəsi Əbdürrəhmana qarşı mübarizəyə başçılıq edən müsəlman valilərdən biri tərəfindən İspaniyaya çağırılıb. O, Karla hərbi dəstəyi müqabilində Saraqosanı verəcəyini vəd edib. Lakin Saraqosa hökmdarının güclü müqaviməti və saksların üsyan qaldırmasına görə Karl geriyə – Fransaya qayıtmalı oldu. Pireney aşırımlarını keçərkən xristian basklar, Pampeluna şəhərini dağıtdığı üçün Karldan qisas almaq məqsədilə, fransız ordusunun arxa hissələrinə hücum edir, onu ağır itkilərə məruz qoyurlar. Ərəb mənbələrinə görə bu döyüşdə mavrlar da iştirak etmişdilər. Lakin onların məqsədi Karlın girov götürdüyü ərəb valisini xilas etmək olmuşdur. Bu hadisədən yarım əsr sonra Eynhard özünün “Böyük Karlın tərcümeyi-halı” əsərində baskların xəyanətindən bəhs edərkən Ronseval dərəsində həlak olmuş adlı-sanlı fransız cəngavərlərinin adlarını da çəkib. Həmin əsərin bəzi variantlarında, xüsusilə, iki şəxsin – saray xadimi Etqihardın və qraf Anselmin adları vurğulanırdı. Yalnız sonrakı, xalq arasında məşhur olan əfsanənin təsiri ilə yazılan variantlarda Breton sərhəd məntəqəsinin rəisi Ruodlandın (yəni Rolandın – H. Ə) adına rast gəlinir. Lakin rəsmi xronikalarda Ruodland barəsində dəqiq məlumatlar yoxdur. Ruodlandın adı yalnız əfsanəvi Bretonlu qraf Rolanda çevrilib Avropa xalqlarının bir çox əfsanə və nəğmələrinin qəhrəmanı kimi seviləndə tanınmağa başlandı.
Qeyd etmək lazımdır ki, sonralar 778-ci ildə baş vermiş həqiqi tarixi hadisə – Böyük Karlın İspaniyaya yürüşü tamamilə unudulmuş, “Roland haqqında nəğmə” təhrif olunmuş faktların və bədii uydurmaların əsasında formalaşmışdır. “Nəğmələr”də fransız ordusunun üzərinə basklar deyil, sarasinlər hücum edir, əsil tarixi döyüşün iştirakçıları olmuş, Etqihard və qraf Anselmin yerinə sonrakı əsrlərdə yaranmış fransız qəhrəmanlıq eposunun məlum surətlərinin adları çəkilirdi. Əslində İspaniyanın şimalına olan qısamüddətli, uğursuz hərbi yürüşün dinə heç bir aidiyyatı yox idi və fransızların bu acınacaqlı hərbi əməliyyatı nəğməkar nağılçılar tərəfindən təhrif olunaraq yeddilik müharibənin bədii tərənnümü kimi yeni məzmun və ideya kəsb edirdi.
Həmin o dəhşətli basqın zamanı xristian baskların deyil, sarasinlərin-mavrların düşmən obrazında təqdim olunması təsadüfi xarakter daşımırdı. XII əsrdə yazıya alınan “Roland haqqında nəğmə”nin əldə olan nüsxəsində I Səlib müharibəsinin təbliğinin təsiri açıq-aydın hiss olunur. Poemada vətənə məhəbbət ideyası müsəlman Şərqinə qarşı çıxan xristian Avropası ideyası ilə qarışdırılır. R.M.Samarin bu xüsusda yazır: “Burada ideyaların maraqlı bir yerdəyişməsi baş verdi: Avropaya soxulan müsəlmanlara qarşı müdafiə ideyası səlib müharibələri şəraitində sırf təcavüzkarlıq ideyasına çevrildi; lakin “Roland haqqında nəğmə”nin konkret mövzusunu məhz müdafiə ideyası təşkil edirdi və bu ondan ibarət idi ki, frank piyadalarının igidliyi Puatye yaxınlığındakı döyüşdə ərəblərin hücumunu dayandırdı.”
“Nəğmələrin” əsas ideyasını xristian ispanlara kömək məqsədilə “kafir”, “bütpərəst” adlandırılan mavrların İspaniyadan sıxışdırılıb çıxarılmasına haqq qazandırmaq səyləri təşkil edirdi. Bu incə məqam VIII-IX əsrlərdə Karolinqlər sülaləsinin yürütdüyü siyasətlə üst-üstə düşürdü. 732-ci ildə Karl Martell Puatye yaxınlığında ərəbləri darmadağın edərək onların Avropaya yürüşünün qarşısını almışdı.
Bundan sonrakı dövrlərdə, xüsusilə də VIII əsrin sonu və IX əsrin əvvəllərində, Ronseval döyüşü haqqında əfsanələrin yarandığı vaxtda ərəblərlə fransızlar arasında aramsız mübarizə gedirdi. Fransızlar gah şimali İspaniyaya yürüş edir, gah da cənubi Fransanı ərəblərin hücumundan qorumaq bəhanəsilə özləri hücumlar təşkil edirdilər. Bu müharibələr elə ilk günlərdən xristianlar tərəfindən “müqəddəs” elan edilir, sarasinlərin amansız əsarətindən əziyyət çəkən kilsəyə kömək səyləri kimi təlqin olunurdu.
Ümumiyyətlə, Orta əsrlər xristian Qərbinin ərəblərə münasibəti kəskin düşmənçilik xarakteri daşıyırdı. Müsəlmanların Allahın kafir bəndəsi və düşməni olması ideyası xristianların bütün ruhuna hakim kəsilmişdi. Bu cür ədavət və kin dolu münasibəti kilsə xadimləri daha da körükləyir, insanlara qisas və intiqam hissi aşılayırdılar. Onlar xristianlarla müsəlmanlar arasındakı antoqonizmin hər yerdə, hər şeydə olduğunu iddia edərək, barış və sülhün mümkünsüzlüyü ideyasından çıxış edirdilər. 1095-ci ildə papa II Urban Klermondakı çıxışı zamanı xristianları açıq-aşkar I Səlib yürüşünə səsləyərək deyirdi: “Bizə eyib olar ki, haqlı olaraq bu qədər nifrət qazanan kafirlər tayfası, insan adına yaraşmayanlar və İblisin mənfur qulları Uca Allahın seçdiyi xalq üzərində qələbə çalsın. Bir tərəfdə Allahın rədd etdiyi düşmənləri, digər tərəfdə isə onun əsl zənginliklə, səxavətlə mükafatlandırılmış dostları vuruşacaqlar.”
Bu kimi çıxış və təhriklər, şübhəsiz, öz bəhrəsini verirdi və müsəlmanlarla döyüşmək, onları öldürmək ideyası getdikcə Avropanın aparıcı mifinə və cəngavər idealının əsas məqsədinə çevrilirdi.
XI əsrin sonlarında fransız monarxlarının təbliğatı nəticəsində bu ideya yenidən dirçəldi. Fransız cəngavərləri, keşişləri Fələstinə yürüşə hazırlaşmaqla yanaşı, Kastiliya kralı VI Alfonsun bayrağı altında mavrlarla vuruşmaq üçün İspaniyaya üz tutdular. Məqsəd müsəlmanlardan alınmış torpaqlarda kilsələr tikməkdən, xristianlığı yaymaqdan ibarət idi. Beləliklə, Roland haqqında rəvayətlərin ilkin inkişafına böyük təsir göstərən həmin ideya XI əsrin sonunda daha geniş və dolğun surətdə tətbiq edildi, böyük aktuallıq kəsb etməyə başladı. Dastanın sonuncu variantındakı Baliqantla bağlı epizod (fransızlar bunu bütün dünya “kafirləri” ilə müharibə kimi təbliğ edirdilər – H.Ə.) bunu bir daha sübut edirdi. Burada əmir Baliqantın qırx ölkədən ordu toplayaraq fransızların üzərinə yürüməsi, lakin “Allahın köməyilə” Karlın azsaylı qoşunları ilə onlara qalib gəlməsi simvolik xarakter daşıyırdı. Dastanın əsas ideoloji istiqaməti müsəlmanların pis, şər qüvvələrin təmsilşisi, fransızların isə yaxşı, xilaskar obrazında təqdim olunmasına yönəlib: “Roland haqqında nəğmə” mahiyyətcə yaxşı və pis arasında mübarizənin çox köhnə, tükənməz hekayəsidir. Tərəflər aydın qeyd olunurlar: “Karlın başçılıq etdiyi xristian franklar Allahın iradəsilə yaxşını, Baliqantın başçılıq etdiyi müsəlman sarasinlər isə pisi təmsil edirlər. Orta əsrlər dünyagörüşünə görə yaxşı həmişə sonda zəfər çalacaqdır; bu yaxşının qaçılmaz sonluğudur və qüdrətli Allah bəşəri hadisələrdə gerçəkdən maraqlıdır” (Tərcümə bizimdir – H.Ə.)
F.Boyacıoğlu dastandakı bu antaqonizmi obrazlı şəkildə belə təsvir edir: “Roland dastanında dünya iki krallığa ayrılır: Tanrının krallığı və Şeytanın krallığı. Bu dastanda Tanrının uğrunda Şeytana qarşı savaşan şirin Fransadır. Burada fransız qəhrəmanlar xristian dini uğrunda vuruşan dini bütöv əsgərlərdir. Həyat bir savaşdır. Bu savaşda cəsarətlə mücadilə edilməli və geri çəkilməməlidirlər. İdeal olan ən yaxşı ölüm, əlində qılınc, düşmənə qarşı qəhrəmancasına mübarizə edərək ölməkdir. Roland cənnətə gedə bilmək üçün din uğrunda döyüş meydanında geri çəkilmədən savaşmış və ölmüşdür. <…> Roland üçün Fransa yardıma çağırdığı canlı mənəvi şəxsiyyətdir. Roland ölüm anı yaxınlaşdığı zaman Fransa ən qiymətli təsəvvür olaraq xatirinə gəlir.”
Bütün dastan boyu qəhrəmanlar Allaha, İsaya, Məryəm Anaya və Müqəddəs Mikayıla dua edib onlardan kömək istəyirlər. Allaha və xristian dininə inam dastanda xüsusi bir məna ifadə edir. Belə ki, poemanı yazıya alan müəllif insanları müsəlmanlarla döyüşün müqəddəs bir iş olduğuna və bunun Allah tərəfindən xüsusi olaraq fransızlara həvalə edildiyinə inandırmaq məqsədilə xristian dini ilə bağlı motivləri öz bildiyi şəkildə dastanın mətninə daxil edib. Məqsəd fransız əsgərinin təsəvvüründə din və vətən anlayışlarının eyniləşdirilməsindən ibarət idi. Ümumiyyətlə, Böyük Karlın zamanında Fransa din dövlətinə çevrilmişdi. Karl isə özünü təkcə bütün xristianların hamisi, xilaskarı deyil, “Tanrının yer üzündəki təmsilçisi” hesab edirdi. Dastanın ayrı-ayrı epizodlarında xristian dini ilə bağlı qarşımıza çıxan mistik səhnələr bu ideyanın təsdiqi olaraq mətnə əlavə edilib. Karlın yuxuları, mələk Cəbrayılın onun gözünə görünməsi, imperatorun xahişi ilə mavrları sonadək məhv etmək üçün günün uzadılması, Allahın günəşi göy üzündə saxlaması kimi fantastik səhnələr bu qəbildən olan epizodlardır. Bundan başqa poemanı yazıya alan müəllif baş verəcək faciənin təsirini artırmaq məqsədilə Ronseval dərəsində döyüş baş verən zaman Fransanın səmasını qara buludların almasını və dəhşətli fırtına qopmasını qəhrəmancasına həlak olan Rolanda hətta göylərin də ağlaması kimi təqdim edir.
“Roland haqqında nəğmə”də dini mövzudan danışarkən Turpin obrazını xüsusilə qeyd etmək lazımdır. Rolandın ən yaxın silahdaşlarından olan arxiyepiskop Turpinin simasında orta əsrlər xristian kilsəsinin tipik nümayəndəsinin obrazı yaradılıb. Böyük ehtimalla arxiyepiskop Turpin, yaxud Tilpin əsərin real tarixi şəxslərə uyğun gələn obrazlarından biridir. Tarixi xronikalarda bu şəxsin 748-795-ci illərdə Reyms arxiyepiskopu olması barəsində fakt mövcuddur. Poemanı xristian ideologiyası və kilsə təbliğatı ilə bağlayan ən güclü element məhz bu obrazda parlaq əksini tapmışdır. Karolinq müharibələrindən bəhs edən digər rəvayətlərdə Turpin Ronsenval dərəsindəki döyüş zamanı fransız ordusunun sağ qalan yeganə iştirakçısı kimi təsvir olunur.
Lakin “Roland haqqında nəğmə”də arxiyepiskop Turpin konkret tarixi şəxsiyyət deyil, xristian döyüşçüləri yadellilərə – müsəlmanlara qarşı mübarizəyə çağıran və ruhlandıran keşiş döyüşçülərin ümumiləşdirilmiş obrazıdır. Orta əsrlərin tarixi xronikalarında bu tip döyüşçü keşiş adlarına geniş rast gəlirik. Bəzən bu keşişlər ayrı-ayrı dini ordenlər altında birləşmiş, xüsusilə yaxın Şərq ölkələrində müəyyən missiyaları yerinə yetirmişlər. Fələstində tampliyerlərin, Suriyada iohançıların, İspaniyada müqəddəs Yakov qardaşlığının və Kalatravların hərbi-dini ordenləri mövcud olub. Səlib müharibələri zamanı onların hansı rol oynadıqlarını və döyüş meydanlarına nə məqsədlə göndərildiklərini təsəvvür etmək o qədər də çətin deyil. Məhz həmin monaxların qabaqcadan hazırlanmış qızışdırıcı planları sayəsində müsəlman şəhərlərinin yerlə-yeksan olması, əhalinin qılıncdan keçirilməsi, məscid və minarələrin uçurdulması kimi faktlar bizə tarixdən məlumdur. Konkret olaraq, 1099-cu ildə səlibçilər “İsa Məsihin məzarını kafirlərdən azad etmək məqsədilə” Yerusəlimdə böyük qanlı talan törətmiş, nəinki şəhərin müsəlman əhalisini, hətta xristianların bir hissəsini də qırmışdılar.
“Roland haqqında nəğmə”nin tarixi qaynaqlarına nəzər salarkən xəyanət motivinin əslində ərəblərin öz içərisində yer aldığını görürük. Tarixdən məlumdur ki, İspaniyadakı ərəb valiləri və əmirləri arasında ikitirəlik mövcud olmuşdur. Onların bir qismi Əməvilərdən olan Əndəlüs sultanı Əbdürrəhmanı, digərləri isə Abbasiləri dəstəkləyirdilər. Abbasilərin tərəfdarları Əbdürrəhmanı devirmək üçün bütün üsullara əl atırdılar. Onlardan biri Barselona valisi Süleyman ibn Yakzan (Qərb və rus qaynaqlarında onun adı Süleyman əl-Ərabi kimi verilir – H.Ə.) bu məqsədlə hətta Böyük Karlla gizli danışıqlara da getmişdi. Bu danışıqlarda hər kəs öz marağını güdürdü: Süleyman Əbdürrəhmanı taxtdan salıb Əndəlüsdə Abbasilərin hakimiyyətinə nail olmaq, Böyük Karl isə ərəbləri İspaniyadan çıxararaq Əndəlüsü yenidən geri qaytarmaq arzusunda idi. Böyük Karlla aralarında gizli razılaşma əldə edən Süleyman fransızların ona göstərəcəyi hərbi yardımın müqabilində Saraqosanı onlara verəcəyini vəd edir. O, sözünə sadiq qalaraq İspaniyaya gələn Karlı hədiyyələrlə qarşılayır, onunla birgə Saraqosa üzərinə hərbi yürüş edir. Süleymanın bu xəyanətindən xəbər tutan Saraqos əmiri Hüseyn-əl-Ənsari Abbasilərin tərəfdarı olsa da, bərk qəzəblənir və Saraqosanın müdafiəsinə qalxır. Saraqosu qəhrəmancasına müdafiə edən əmir fransızları geri çəkilməyə vadar edir. Niyyəti baş tutmayan və baş verən uğursuzluqdan bərk pərt olan Böyük Karl olayların əsas günahkarı kimi Süleymanı əsir götürərək Fransaya geri dönür. Lakin fransız tarixçiləri, xüsusilə də Levi Provensal Saraqosada belə bir hadisənin olmadığını, Böyük Karlın əslində Fransaya saksların üsyanı ilə əlaqədar geri döndüyünü yazır.
Lakin istənilən halda 778-ci ildə Böyük Karlın İspaniyadan dönüşü və Pireney dağlarının ən dar keçidi olan Ronsevalda onun ordusunun basqıya məruz qalması tarixi faktdır. Karl geri çəkilərkən Süleyman ibn Yakzanın oğulları yolda onu əsirlikdən xilas edərək Saraqosaya gətirirlər. Hüseyn-əl-Ənsari Abbasilərin tərəfdarı olduğu üçün Süleymanı Saraqosaya buraxsa da, onun xəyanətini bağışlamır və sonradan onu öldürtdürür. Bütün bu hadisələrdən xəbər tutan Əbdürrəhman öz ordusu ilə Saraqosaya hücum edir və onu alır. Sonra o hərbi yürüşünü davam etdirərək Fransanın cənubuna doğru irəliləyir və bir çox yerləri tutur. Bu qanlı döyüşlər zamanı fransız ordusunun sərkərdəsi Roland da öldürülür. Gənc və cəsur Rolandın qəhrəmancasına həlak olmasını vəsf edən məşhur fransız eposu “Roland haqqında nəğmə”nin mövzusu da elə bu tarixi hadisədən götürülüb.
Fransız qəhrəmanlıq eposu “Roland haqqında nəğmə”nin əsas ideyası Roland başda olmaqla, cəsur frank əsgərlərinin son nəfəslərinədək Fransa uğrunda vuruşmasından və sarasinlərin mənfur düşmən obrazının yaradılmasından ibarətdir. Poemada gerçəklik son dərəcə sadə quruluşa malikdir: bir tərəfdə “özününkü”ləri təmsil edən xristian dünyası, digər tərəfdə isə “başqaları”na aid olan bütpərəstlər dünyası (poemada müsəlmanlar bütpərəst kimi təsvir olunur – H.Ə.). Burada fransızların simasında bütün avropalılar, sarasinlərin simasında isə şərqlilər təcəssüm olunur. Dini müstəvidə isə bu xristian-müsəlman qarşıdurması kimi təsvir olunur. B.B.Meletinski yazır: “Roland haqqında nəğmə” də doğma torpağa məhəbbət, inkişaf etmiş Orta əsrlər mədəniyyəti dövrünün bir çox eposlarına xas olduğu kimi, kilsə-xristian rənginə boyanır: Ronseval dərəsindəki döyüş xristian Qərbi ilə müsəlman Şərqinin müqəddəs müharibəsi planında şərh olunur”
Orta əsrlərdə frank-xristian və ərəb-müsəlman münasibətlərinin qarşıdurma, kəskin antaqonizm şəraitində inkişaf etməsinin bir çox səbəbləri var. Bu ilk növbədə ayrı-ayrı dünyalara və fərqli dini inanclara mənsub insanların etnik xüsusiyyətləri, dünyagörüşü, əxlaqi dəyərləri və dini inancları baxımından bir-birini tanımaması ilə bağlı idi. Tərəflərin bir-biriləri haqqında təsəvvürləri din xadimlərinin, tarixçi-xronikaçıların təhrif olunmuş, birtərəfli, bəzən hətta qərəzlə yazılmış əsərləri və moizələri əsasında formalaşırdı. Bu, xüsusilə “Roland haqqında nəğmə” eposunda yaradılan müsəlman-sarasin obrazının səciyyəsində özünü büruzə verir. Poemanı oxuyarkən məlum olur ki, onu qələmə alan müəllif İslam dini, onun peyğəmbəri haqqında tamamilə yanlış və təhrif olunmuş bilgilərə sahibdir:
İsti Saraqosa üzərindən, bax,
Hündür minarələr baş çəkir göyə.
Orda Marsili sultanlıq edir –
O kafir – cahana hakiməm – deyə.
Məhəmməd dininin o böyük şahı,
O lənətə gəlmiş, min qanun verir,
Mədhlər deyir o Apollona,
Şanssız Tervaqanı şöhrətləndirir.
İslam dini monoteizmi təbliğ etdiyi halda poemanın müəllifi müsəlmanlar haqqında ziddiyyətli fikir yürüdərək onların Məhəmməd, Apollon, Tervaqan adlandırılan üç varlığa sitayiş etməsindən yazır. O, sarasinlərin bu qəddar üçlüyünü xristianların müqəddəs üçlüyünə qarşı qoyurdu. İslam dini xristianlığı “Əhli kitaba” aid edərək İsa peyğəmbəri də allahın elçisi kimi qəbul etdiyi halda “Roland haqqında nəğmə”də müsəlmanlar bütpərəstlər kimi qələmə verilir, yunan allahı Apollona və uydurulmuş büt olan Tervaqana iman gətirən kafirlər kimi təsvir olunurlar. Bu təbii ki, eposu qələmə alan müəllif də daxil olmaqla, Orta əsr avropalılarının müsəlmanlar haqqındakı fantastik, həqiqətdən uzaq təsəvvürlərindən irəli gəlirdi. Tanınmış alman yazıçısı və şərqşünası Uve Topper bunu aşağıdakı şəkildə şərh edir: “Poemanın müəllifi üç islam allahını sadalayır: Məhəmmədi, Apollonu və Tervaqantı. Məhəmməd məlum olduğu kimi, islamın banisi sayılır. İkincisi, Apollon, “İohannın vəhyindən” yaxşı tanış olan şeytani ruhdur. Tervaqant adı bu gün avropalılara məlum deyil: bu bərbərlərin meşə ilahəsidir, qadın cildində olan Pan, yaxud Silvanus, bir sözlə, Şimali Afrika xalqlarının sitayiş etdiyi bütdür. Əgər müəllif hətta şüurlu şəkildə İslamı bütpərəstlik kimi təqdim etmək qərarına gəlmişdisə, o bu adları sadalayarkək nəzərə almalıydı ki, onlar hamıya məlum olsun, müasirləri onu anlasınlar. Buradan belə nəticəyə gəlmək olar ki, “İohannın vəhyi” İslamla sıx bağlıdır və bərbərlər Karlın əsil düşmənidirlər.”
Bundan başqa poemanı qələmə alan müəllif müsəlmanların adi həyatı, məişəti barəsində də elementar təsəvvürlərə malik olmayıb. Bu cür nabələdlik müəllifi “sarasin” dünyasının gerçəkliklərini ona yaxşı tanış olan xristian dünyasının təsvirləri ilə paralel vermək məcburiyyətində qoyub. Belə ki, əsərdə müsəlmanların da öz kralı, qrafı, hersoqları, vikontları var. Karla Baliqant, Marsili, Rolanda Aelrot, on iki fransız perinə isə elə həmin sayda sarasin peri uyğun gəlir. Xristianlara xas olan etik xüsusiyyətlər – cəngavər şərəfi, şücaət, qələbə əzmi, öz ağasına sadiqlik müsəlmanlarda da mövcuddur. Bütün bunlar onu göstərir ki, epik şüur yalnız öz mədəniyyətinin kateqoriyalarını nəzərə alır və onları başqa mədəniyyətlərə keçirir. O, başqasının gerçəkliyinə onun öz nəzər nöqtəsindən baxa bilmir. Məhz bu səbəbdəndir ki, “Roland haqqında nəğmə”dəki müsəlman dünyası müəllifə yaxşı tanış olan, amma təhrif edilərək şeytani, şər qüvvələrin təmsilçisinə çevrilən elə həmin xristian dünyasıdır. S.İ.Luçitskaya bu barədə yazır: “Özgələr”in adətlərinin və həyat tərzinin təsviri onu göstərirdi ki, müsəlmanların dərkində xristian müəlliflər üçün İslamla ilk təmaslar zamanı xüsusilə qabarıq olan yalnız “qəbul etməmək” deyil, həm də “qəbul etmək” səciyyəvi idi. Hər iki görmə rakursu yəqin ki, bir yerdə mövcud olub, “özgə” mədəniyyət özününkü ilə həm müqayisə edilib, həm də ona qarşı qoyulub. Yad dünya eyni zamanda həm uzaq, həm də yaxın idi”
Xristian müəlliflərin müsəlman dünyasına bu cür yanaşması bir daha Orta əsrlər şüurunun mürəkkəbliyindən, ziddiyyətlərindən xəbər verirdi. İslam dinində, müsəlman dünyasında Qərb insanı ilk növbədə ona yaxşı tanış olan dəyərləri və təsəvvürləri görmək istədi. Lakin öz fikirlərinin adekvat təsvirini tapmayan din xadimləri, tarixçilər və başqa müəlliflər müsəlman mədəniyyətini mənfi yönlərdən təqdim etməyə başladılar. Yuxarıdakı fikrini davam etdirən S.İ.Luçitskaya bunu belə izah edir: “İslam obrazının təhrif olunması iki yolla baş verirdi. Bir tərəfdən xristian dəyərlər sistemində mənfi olaraq nəzərdən keçirilən əlamətlər: bütpərəstlik, çoxallahlıq İslama aid edilir, bununla əlaqədar salnaməçilər mümkün olan bütün fantastik hekayətlər və uydurmalar quraşdırırdılar; İslamın təhrif edilmiş obrazı onlarda öz şəxsi üstünlüklərinə inamını artırırdı. Digər tərəfdən, müsəlman mədəniyyətinin başqalığı tamamilə inkar olunur və xristian dəyərlər iyerarxiyası müsəlmanlara şamil edilir, gerçəkliyin yerinə xristian dünya modeli qoyulurdu.”
Orta əsrlərdə xristian müəlliflərin İslam dininə nifrətinin bir səbəbi də ərəblərin tutduqları ərazilərdə xristian əhalinin dinini dəyişib müsəlmanlığı qəbul etməsi ilə bağlı idi. Bu ərəblərin kifayət qədər tolerant olmasından, mövcud sistemi və dini etiqad azadlığını saxlamasından irəli gəlirdi. Bu cür liberal siyasət onunla nəticələndi ki, tədricən bir çox xristian İslam dinini qəbul etdi. Xristian din xadimləri və yazarları bunun qarşısını almaqdan ötrü xristianlığın daha düzgün və vacib din olduğunu iddia edir, islamı isə bidətçi, kafir din kimi qələmə verirdilər. Xristianların təsəvvüründə müsəlman, kafir və bütpərəst eyni anlama gəlirdi, onlar müsəlmanları bir şərtlə bağışlaya bilərdilər ki, onlar öz dinlərindən imtina edib xristianlığı qəbul etsinlər. “Roland haqqında nəğmə” poemasının aparıcı mövzularından birini də bu təşkil edirdi. Məsələn, Marsilinin arvadı ərinin ölümündən sonra xristianlığı qəbul edir. Özü də bu epizod elə işlənib ki, qadın bunu zorla, təhdid altında deyil, qəlbinin səsinə qulaq asaraq edir. O, daxilən xristianlığın daha saf din olması qənaətinə gəlir və hətta adını belə dəyişərək onu qəbul edir. Qadın sanki xristianlığı yenidən kəşf edir, ona sevgi, şəfqət dini kimi pənah aparır. Xristianlıq – sevgi dini, islam –zorakılıq dini oppozisiyası bu tipli səhnələrdə daha qabarıq nəzərə çarpırdı. Həmin dövrə aid dini mənbələrdə müsəlmanların xristian dinini könüllü seçməsi, xristianların isə zorla müsəlmanlaşdırılması geniş əks olunurdu. Bütün bu təsvirlər xristian mədəni şüuruna hakim kəsilən müstəsnalıq iddialarından irəli gələrək xristian mədəniyyətinin ümumi immanent quruluşundan qaynaqlanırdı. Yəni xristian dəyərlər sistemi daha mükəmməldir, ona müxalif olanları buna inandıraraq tabe etdirmək lazımdır. “Roland haqqında nəğmə” poemasında bu ideyanın qabardılması da elə həmin məqsədə xidmət edirdi.
“Roland haqqında nəğmə”də sual doğuran məsələlərdən biri də “sarasinlər”lə bağlıdır. Məlumdur ki, İspaniyadakı müsəlmanlar etnik tərkibinə görə İslamı qəbul edən müxtəlif xalqalardan ibarət olub. İspaniyanın fəthində isə ərəblərin ən yaxın müttəfiqi Şimali Afrikadan olan bərbər tayfaları idi. Yəni avropalıların “ərəb”, “bərbər” etnonimləri barəsində müəyyən təsəvvürləri vardı. İspanlar isə ərəbləri və bərbərləri vahid ümumiləşdirici adla çağıraraq onlara mavr deyirdilər. Bəs onda fransız qəhrəmanlıq eposunda “başqası” obrazında verilən “sarasin”lər kimlərdir və niyə müsəlmanları məhz onlar təmsil edirlər?
Məsələ burasındadır ki, sarasinlər hələ müsəlmanlığı qəbul etməmişdən əvvəl avropalılar onlar barəsində müəyyən bilgilərə sahib olublar. Bu söz onlara Ərəbistanda yaşayan ərəbləri sarasin adlandıran yunanlardan keçib. Maks Fasmerin dörd cildlik “Rus dilinin etimoloji lüğəti”ndə sarasin sözü bu şəkildə izah olunur: “Ərəbcədən tərcümədə sarasin شرقيين (şərqiyyin) “Şərq sakini” deməkdir. Avropa dillərinə bu söz yunan Σαρακηνός (seraceni) və latın saracēnus sözlərindən alınma kimi daxil olmuşdur.”
İslamın ilk illərində avropalılar ərəblərlə bağlı tamamilə məhdud məlumatlara malik idilər. VII əsrədək, ərəblər Bizans imperiyasının cənub bölgələrinə hücum edənədək, Avropada onlar haqqında demək olar ki, heç nə bilmirdilər. Aralıq dənizi ətrafındakı ərazilərdə onları sarasinlər, yəni “Şərqli adamlar” kimi tanıyırdılar. Ona görə də ərəblərin Suriyada, Şimali Afrikada, İspaniyada, İtaliyada peyda olması yenidən Şərq və Qərb münasibətlərini gündəmə gətirdi. Avropalılar bunu iki fərqli dünyanın əbədi mübarizəsi kimi dərk edərək, sanki Troya və yunan-fars müharibələrinin davam etdiyini düşündülər. Xristian Avropası ərəblərə onların dininə təhlükə yaradan çoxsaylı düşmənlərdən biri kimi yanaşır, ilk vaxtlar onları bəsit bütpərəstlərlə – vikinqlərlə, slavyanlarla və madyarlarla bir tuturdular. Lakin Karl Martell ərəbləri Puatye yaxınlığında məğlubiyyətə uğradıb (732-ci il) onların Avropaya ekspansiyasının qarşısını alandan sonra xristian kilsəsi və latındilli müəlliflər gəlmələrin dininə maraq göstərməyə başladılar. İslamın monoteist din olması onların diqqətini çəkməyə başladı. Müsəlmanların mənşəyini müəyyənləşdirərkən din xadimləri ilk növbədə “Bibliya”dan (Müqəddəs kitablar külliyatı) onlara yaxşı tanış olan xalqlarla ərəblərin qohumluq əlaqələrini öyrənməyə başladılar. O vaxtkı xristian dünyasının latındilli müəllifləri arasında İslamın sirrini anlamaqda “Bibliya”nı ən effektiv və ən dürüst mənbə hesab edən Möhtərəm Beda xüsusilə seçilirdi. Məhz o, ilk dəfə ərəblərin və İslamın dünyadakı yerini müəyyənləşirməyə cəhd göstərdi, onun bu xüsusdakı müddəaları xristian alimləri üçün XII əsrin sonlarınadək aparıcı oldu. Özünün “İngilis xalqının kilsə tarixi” (Ecclesiastical History of the English People) əsrində o, xristian dinini bütün dinlərdən üstün tutaraq ərəblər və islam barəsində soyuqqanlılıqla yalnız bir cümlə qeyd edir. Lakin “Bibliya”ya verdiyi şərhlərdə o, ərəblər haqqında artıq kifayət qədər ətraflı və emosional yazırdı. Xüsusilə də sarasinlərin mənşəyini kiçik detallarına qədər araşdırmağa çalışırdı. “Bibliya”ya istinad edən Beda onları İbrahimin misirli arvadı Həcərin törəmələri hesab edirdi.
Orta əsrlər Avropasının şüurunda ərəb obrazının formalaşmasına Suriyada yaranan ədəbiyyat da əhəmiyyətli dərəcədə təsir göstərib. Uzun müddət yadellilərin işğalı altında olsalar da, suriyalılar öz dillərini və yunan-Roma mədəniyyətindən bəhrələnən özünəməxsus mədəniyyətlərini qoruyub saxlaya bilmişdilər. Məhz suriyalılar yunan mədəniyyəti ilə ərəb dünyası arasında əlaqələndirici rolunu oynadılar. Suriya həm də öz azadfikirli insanları ilə məşhur idi, burada çoxlu sayda həm dini, həm də bidətçi məktəblər fəaliyyət göstərirdi. Ərəblər Suriyanı aldıqları zaman yerli əhalinin elə də güclü müqavimətinə rast gəlmədilər. Müsəlmanlar da onlara zorla İslamı qəbul etdirmədilər, yerli idarəetmə orqanını və rəsmi dil kimi yunan dilini saxladılar. Onlar yerli xristianları məsləhətçi, müəllim, rəssam və şair qismində öz yanlarına xidmətə götürürdülər. Belə xristianlardan biri də bütün ömrü boyu İslam torpaqlarında yaşamış Dəməşqli İohan (VII əsrin sonları VIII əsr) idi. Ömərilər dövründə Dəməşqdə yaşayan İohannın ikinci adı Mənsur ibn Sərcun Ət-Təqlibi olmuşdur. Onun atası xəlifə sarayında xidmət edirdi. Sonralar bu vəzifəni oğlu İohann – Mənsur Müqəddəs Savva monastırına gedənədək icra elədi.
Orta əsrlərdə avropalı xristianların dini görüşlərinin formalaşmasında Şərqi Avropa kilsəsinin sonuncu tanınmış xadimi və sxolastı olan Dəməşqli İohannın fikirləri böyük rol oynayıb. Müsəlman dininin Şərqi-xristian şərhləri onun adı ilə bağlı idi. Onun bu xüsusdakı fikirləri “Sarasinin və müsəlmanın mübahisəsi” və “Biliyin mənbəyi” əsərlərində öz əksini tapıb. “Biliyin mənbəyi” əsərinin “ismaililərin bidəti” bölməsində o, İslam dininin peyğəmbəri, İslamın müqəddəs kitabı, onun əsas doktrinası və inancları haqqında geniş söhbət açır, onu “yalançı xurafat” adlandırırdı. Dəməşqli İohannın burada Məhəmməd peyğəmbərin şəxsiyyəti barəsində deyil, onu təlimi ilə bağlı işlətdiyi “Antixristin sələfi” ifadəsi, təəssüflər olsun ki, Orta əsrlər Avropasında İslam peyğəmbərini səciyyələndirən başlıca əlamətlərdən oldu: “Bu dövrün əksər xristian salnaməçiləri “Məhəmmədi antixrist və İblis adlandırarkən müəyyən mədəni stereotiplərə əsaslanırdılar. Dünya salnaməçilərinin təsəvvürü əvvəlki kimi iki hissədən ibarət idi: bir tərəfdə xeyir qüvvələr, İsa Məsih, digərində isə İblis, Antixrist, islamla eyniləşdirilən şər qüvvələr.”
“Müəyyən mədəni stereotiplər” dedikdə, təbii ki, Dəməşqli İohann, Keşiş Feofan və Bizanslı Nikita kimi kilsə xadimlərinin İslam dinini bidət və yalançı təlim olaraq şərh etməsini nəzərdə tuturdu. Göründüyü kimi, Orta əsr tarixçiləri və salnaməçiləri əsasən kilsənin stereotiplərinə, şərhlərinə istinad edirdilər.
Dəməşqli İohann müsəlmanları üç adda təqdim edirdi: ismaililər, həcərilər və sarasinlər. İsmaililər adını o, müsəlmanların İsmayılı özlərinin ulu atası hesab etmələri, həcəriləri Həcərin İsmayılın anası olması ilə izah edirdi. Sarasinlər adı isə İohanna görə Həcərin aşağıdakı sözlərindən əmələ gəlmişdir: “Sarra məni heç nəsiz buraxdı” (Sara vacuam me dimisit)
Dəməşqli İohann müsəlmanlarla polemikaya girərək onların xristianları Allaha şərik qoşmaqda ittiham etmələrinə münasibət bildirir və qarşılıqlı ittihamlar irəli sürürdü. O, mülahizələrini əsaslandırmaq məqsədilə yaxşı bildiyi Quran ayələrindən misallar gətirsə də, onları özünəməxsus şəkildə şərh edirdi. Böyük ehtimalla, məhz Dəməşqli İohann ilk dəfə İslam dinini bidət başlığı altında təsnif edib. Onun İslam dini və onun peyğəmbəri haqqındakı təhrif olunmuş təsəvvürləri sonralar bizanslılara, oradan da Qərbi Avropaya keçdi.
İstifadə edilən ədəbiyyat:
- Эйнхард Жизнь Карла Великого. М.: Институт философии, теологии и истории св. Фомы, 2005
- Самарин Р.М. Зарубежная литература. М.: Высшая школа, 1987
- Ле Гофф Ж. Цивилизация средневекового Запада. М.: Прогресс, 1992
- Song of Roland www.uwosh.edu/home_pages/faculty_staff/minniear/ 2010/Pages/Song%20of%20Roland.pdf
- Boyacıoğlu F. Fransızların Roland destanında dinsel bağnazlık ve tarihi olayların çarpıtılması // Selçuk Universitesi, Edebiyyat Fakültesi Dergisi, 2012, №27, s. 67-82
- Мелетинский В.В. Французский героический эпос // История всемирной литературы: в 9-ти т. Т. 2. М.: Наука, 1984
- Топпер У. Великий обман. Выдуманная история Европы. СПб.: Нева, 2006
- Лучицкая С.И. Араб глазами франка (Конфессиональный аспект восприятия мусульманской культуры) Одиссей. 1993. М.: Наука, 1994. 338 с. http://krotov.info/libr_min/12_l/uch/izkaya_1993.htm
- Фасмер М. Этимологический словарь русского языка: В 4-х т. Т. 4, М.: Прогресс, 1987
- Пиков Г.Г. Из истории Европейской культуры. Новосибирск: Новосибирский государственный университет, 2002