Azərbaycan elminin və mədəniyyətinin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yeri və əhəmiyyəti
XX əsr Azərbaycan tarixində çox məhsuldar və məzmunlu bir mərhələ təşkil edən 20-ci illər milli mədəniyyətimizin inkişaf salnaməsində özünəməxsus parlaq izlər salmış, gənc Azərbaycan elminin formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycanı hərtərəfli, elmi şəkildə öyrənmək məqsədilə yaradılan bir sıra cəmiyyət və elmi təşkilatlar da ilkin fəaliyyətə məhz ötən əsrin 20-ci illərində başlamışdır. XX əsr Azərbaycan milli elmi fikrinin formalaşmasında son dərəcə böyük rol oynamış belə elmi təşkilatlardan biri də 1923-29-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının bünövrəsi sayılan bu cəmiyyətin əsas tədqiqat obyekti Azərbaycan, onun qədim tarixi və mədəniyyəti, dili, folkloru, ədəbiyyatı, adət-ənənələri və məişəti, psixologiyası, etnoqrafiyası və s. olmuşdur.
Filologiya elmləri doktoru Həmidə Əliyeva bu il 100 yaşı tamam olan ATTC-nin fəaliyyətini araşdıran ilk tədqiqatçıdır. O, bu mövzu üzərində 1993-cü ildən işləməyə başlamış, 1999-cu ildə Cəmiyyətin yaranma tarixini və əsasən humanitar sahədəki fəaliyyətini işıqlandıran “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri” adlı monoqrafiya çap etdirmişdir. 2000-ci ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitunda “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
Cəmiyyətin 100-illik yubileyinə bir töhfə olaraq filolofiya elməri doktoru Həmidə Əliyevanın aşağıdakı məqaləsini sizə təqdim edirik.
Azərbaycan xalqının milli müstəqilliyinə nail olduğu indiki mərhələdə ədəbiyyat tariximizin yenidən araşdırılması, klassik irsimizin və milli folklorumuzun tədqiqində müstəsna xidmətləri olmuş böyük şəxsiyyətlərin fəaliyyətlərinin yenidən, dövrün müasir tələbləri baxımından işıqlandırılması ədəbiyyatşünaslığın qarşısında duran aktual vəzifələrdəndir. ATTC-nin çoxcəhətli fəaliyyətinin ətraflı öyrənilməsi, cəmiyyət xəttilə aparılan elmi-təedqiqat və elmi-təşkilat işlərinin üzə çıxarılması, Azərbaycanda elmi fikrin sonrakı inkişafında onun rolunun aydınlaşdırılması bu baxımdan olduqca maraqlı və əhəmiyyətlidir.
ATTC 1923-cü ilin noyabrında təsis eilmişdir. Həmin dövrdə Azərbaycanı dərindən öyrənmək, onun elm və mədəniyyət tarixini sistemli şəkildə tədqiq və təbliğ etmək üçün maddi və mənəvi əsaslara malik güclü bir elmi təşkilatın yaradılması artıq tarixi zərurətə çevrilmişdi.
Elmi cəmiyyətin yaranması üçün ilk təşəbbüslər 1923-cü ilin əvvələrində Bakı ali məktəblərinin bir qrup professoru tərəfindən irəli sürülmüşdü. Onların təklifini nəzərə alan Xalq Maarif Komissarlığının kollegiyası 1923-cü ilin may ayının 5-də təqdim olunan Nizamnaməni təsdiq etdi. Lakin ATTC-nin qurulmasının əsas təşəbbüskarlarından biri olan D.Urusovun qəflətən sıradan çıxması cəmiyyətin sürətlə qurulmasına maneçilik törətdi.
Təxminən eyni vaxtda “Bakinskiy raboçiy” və “ Kommunist” qəzetlərinin səhifələrində “Arslan Nurəddinov” imzası ilə məqalələr çap etdirən Bakı Univesitetinin professoru A.R.Zifeldt də alimlərdən, təcrübəli mütəxəssislərdən və yardımçı texniki heyətdən ibarət Azərbaycanı öyrənmə cəmiyyətinin yaradılması məsələsinin vacibliyini vurğulayırdı. “Bakinskiy raboçiy” qəzetinin 27 iyul 1923-cü il tarixli nömrəsində çap olunan “Azərbaycanı öyrənməyə doğru” məqaləsində A.Zifeldt yazır: “Azərbaycanı öyrənən xüsusi cəmiyyətin təsis edilməsi və yaxın vaxtlarda bütün arzu edənlərin bu sahədə iş görməyə çağırılması faydalı olardı”. Tezliklə A.R. Zifeldtin bu fikri “Kommunist” qəzetinin redaksiyası, daha dəqiq desək, qəzetin redaktoru Həbib Cəbiyevin fəal yardımı və təşviqi ilə respublikanın bir qrup elm adamı tərəfindən fəaliyyət üçün proqram kimi qəbul edilərək həyata keçirildi.
1923-cü il noyabrın 2-də respublikanın 40-a yaxın elm adamının və müxtəlif sahələr üzrə yüksək hazırlıqlı mütəxəssislərin iştirak etdiyi iclasda respublika torpaq komissarı Səmədağa Ağamalıoğlu cəmiyyətin fəxri sədri seçildi (Известия Общества Обследования и изучения Азербайджана, № 1, 1925, s.105). İşçi qrupunun tərkibi isə aşağıdakı şəkildə müəyyənləşdirildi. A.N.Samolyoviç cəmiyyətin sədri, A.R.Zifeldt onun müavini, V.M.Sisoyev xəzinədar, V.A. Ryumin cəmiyyətin katibi vəzifəsinə təsdiq olundular. H.Cəbiyev, M.Baharlı, R.Şabanov, V.İ. Smirnov-Loqinov və İ.F.Blinov isə ATTC-nin üzvləri seçildilər.
N.Nərimanovun yaxından dəstək verdiyi cəmiyyətin işində respublikanın tanınmış yazıçı, alim, dövlət və ictimai xadimlərindən R.Axundov, M.Quliyev, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, S.M.Qənizadə, H.Zeynallı, S.Mümtaz, C.Məmmədquluzadə, V.Xuluflu , H.Əlizadə , Y.V.Çəmənzəminli, A.Şaiq, Ə.Abid, B.Çobanzadə, Ə.Qubaydulin, A.Sübhanverdixanov, A.V.Baqri və başqaları iştirak edirdilər.
ATTC-nin Bakıda və respublikanın digər rayonlarında 1000-dən çox üzvü var idi. Cəmiyyətin Leninqrad ( indiki Sankt-Peterburq ) , Moskva, Naxçıvan , Qarabağ , Gəncə , Şəki , Zaqatala, Şamaxı , Quba , Lənkəran , Qazax, Suraxanı filialları da yaradılmışdı.
1925-ci ilin noyabrında cəmiyyətin üzvlərindən C.Məmmədzadə və A.R.Zifeldtin Moskvaya köçmələri ilə əlaqədar olaraq ATTC-nin Moskva şöbəsi fəaliyyətə başladı. Bu şöbənin Azərbaycan üçün başlıca əhəmiyyəti ölkənin paytaxtında təhsil alan gənc elmi kadrların Azərbaycanla sıx elmi-mədəni əlaqə yaratmasını tənzimləməkdən ibarət idi. Yeni Türk əlifbasına keçid məsələsi də Moskva şöbəsinin qarşısında duran aktual problemlərdən biri idi. 1926-cı ilin dekabrında Moskva şöbəsi fəallarının və Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin keçirdikləri birgə iclasda yeni türk əlifbasına keşçdlə bağlı meydana çıxan problemlər geniş müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
Moskva şöbəsindən başqa ATTC-nin Leninqrad və Tbilisi şəhərlərində də filialları yaradılmışdı. Leninqrad filialına tanınmış şərqşünas alim, akademik V.V. Bartold rəhbərlik edirdi. Görkəmli türkoloq alim prof. A.N. Samoyloviç onun müavini, akademik N.J.Marr və Leninqrad Şərq Dilləri İnstitunun müdavimləri, gənc türkoloq və şərqşünaslar isə şöbənin üzvləri olmuşdular.
ATTC fəaliyyətə başladığı ilk mərhələdə təşkilati quruluş baxımından 3 şöbədən ibarət idi : tarix və etnoqrafiya ; təbiyyat ; iqtisadiyyat. Professor A.N. Samoyloviçin rəhbərlik etdiyi Tarix və etnoqrafiya şöbəsinin işində prof. V.B.Tomaşevski, Ə.Haqverdiyev, A.R. Zifeldt, İ.Axundzadə, V.A.Ryumin kimi tanınmış şəxslər iştirak edirdilər. Tarix və etnoqrafiya şöbəsinin elmi elmi fəaliyyət proqramında klassik və müasir Azərbaycan ədəbiyyatı, folklor və dil məsələlərinə çox geniş yer ayrılmışdı. Azərbaycan şifahi xalq ədəbiyyatının toplanması, nəşri, elmi baxımdan sistemləşdirilməsi və tədqiqi sahəsində şöbənin konkret fəailiyyət proqramı mövcud idi. Həmin proqram istedadlı alim H.Zeynallının başçılıq etdiyi folklor komissiyası tərəfindən uğurla həyata keçirilirdi. Komissiyanın işində S.Mümtaz, Ə.Abid, V.Xuluflu, H.Əlizadə, A.Şaiq, A.Sübhanverdixanov, A.V.Baqri, Y.V.Çəmənzəminli kimi görkəmli folklor tədqiqatçıları yaxından iştirak edirdilər. Cəmiyyətin bu sahədəki fəaliyyəti belə bir qənaətə gəlməyə imkan verir ki, sovet hakimiyyəti illərində Azərbaycan folklorunun sistemli öyrənilməsi məhz ATTC-nin tədqiqləri sayəsində mümkün olmuşdur.
Azərbaycanı hərtərəfli şəkildə, elmi prinsiplərlə öyrənməyi özünün başlıca vəzifəsi sayan cəmiyyət respublikamızın tarixində ilk azərbaycanşünaslıq mərkəzi idi. ATTC-nin qurucuları düşünülmüş proqram əsasında özlərinin bütün elmi araşdırmalarını, tədqiqat və axtarışlarını ölkəşünaslıq istiqamətində qurmuşdular. Azərbaycanşünaslığa dair elmi işlərə yaxından kömək göstərən cəmiyyət kütləvi mühazirələr, qiraətlər, müşavirə və konfranslar keçirir, Azərbaycan haqqında biliklərin yayılması üzrə kurslar, sərgilər vəs. təşkil edir, kitabxanalar, oxu zalları açırdı. Cəmiyyət üzvlərindən Ə.Haqverdiyevin, M.H.Baharlının, A.V.Baqrinin, A.R.Zifeldtin gərgin zəhməti, akademik S.F.Oldenburqun yerli alim və ziyalılarla əməkdaşlığı bu sahədə görülən işlərin vüsətini daha da artırırdı. 1924-cü ilin payızında ATTC-nin təşəbbüsü ilə Bakıda I Ümumazərbaycan Ölkəşünaslıq qurultayı keçirilmişdi. Qurultayın işində o dövrün görkəmli elm, mədəniyyət və dövlət xadimləri, xarici qonaqlar iştirak edirdilər. Qurultayın sonunda 1924-cü ilin dekabrında Moskvada keçiriləcək II Ümumittifaq Ölkəşünaslıq Qurultayında Azərbaycanı təmsil edən nümayəndələrin seçilməsi məsələsi müzakirə olundu. Yekun qərara əsasən A.N.Samoyloviç, Ə.Haqverdiyev, V.P.Smirnov-Loginov, M.H.Baharlı, A.R.Zifeldt, D.Şərifov, D.Rəfibəyov və İ.F.Fiqurovski II Ümumittifaq Ölkəşünaslıq Qurultayına nümayəndə seçildilər.
ATTC-nin fəaliyyətinə azərbaycanlı alimlərlə yanaşı o dövrün tanınmış xarici alimləri də yaxından cəlb edilmişdi. 1923-29-cu illərdə cəmiyyətin təşəbbüsü və dəvəti ilə akademiklər V.İ.Qordlevski, İ.İ.Meşşaninov, V.V.Bartold, A.Y.Krımski, N.Y.Marr, professorlar A.N.Samoylov, N.İ.Juze, A.V.Baqri, İ.Hikmət, M.F.Köprülüzadə, V.P.Zummer, V.M.Sısoyev və digər bu kimi tarixçi, filoloq, türkoloq və şərqşünaslar daimi işləmək, yaxud müəyyən dövrdə silsilə mühazirələr oxumaq, elmi məsləhətlər vermək, kadr hazırlığına rəhbərlik etmək və s. məqsədlərlə Bakıya dəvət olunurdular. Onlar Azərbaycanın madi-mədəniyyət abidələrinin tədqiqində, arxeoloji qazıntıların aparılmasında, folklor və dialektoloji ekspedisiyaların təşkilində, ən başlıcası isə elmi kadrların hazırlanmasında fəal iştirak edirdilər.
ATTC yalnlz Azərbaycanın deyil, bütünlüklə türk dünyasının araşdırılması və öyrənilməsi sahəsində mühüm işlər görürdü. Türk xalqlarının, xüsusilə Qafqaz türklərinin tarix və mədəniyyətinin tədqiqində ATTC-nin xidmətləri əvəzsizdir. Respublikaməzda türkologiya sahəsində əsaslı dönüş yaratmaq, bu istiqamətdə yeni elmi axtarışlar aparmaq məqsədilə 1925-ci ildəATTC-nin nəzdində xüsusi türkoloji şöbə yaradıldı. Həmin şöbəyə görkəmli filoloq və şərqşünas, eləcə də türk xalqları ədəbiyyatı və dilinin mahir bilicisi olan professor B.Çobanzadə rəhbərlik edirdi.
1926-cı ildə ATTC-nin təşkilatçılığı və yaxından iştirakı ilə türk xalqlarının mədəni həyatında böyük tarixi hadisə olan I Ümumittifaq Türkoloji qurultayının keçirilməsi elmi-mədəni və siyasi baxımdan böyük əhəmiyyətə malik idi. Dövrün görkəmli elm adamları qurultayı türk xalqlarının dilinin, tarixinin, etnoqrafiyası və ədəbiyyatının öyrənilməsi sahəsində aparılan çoxillik elmi axtarışların yekunu kimi qiymətləndirirdi. Şərqdə ilk dəfə belə nüfuzlu və müstəsna dərəcədə əhəmiyyətli elmi forumun Bakıda keçirilməsi isə respublikamızın türkologiya sahəsində əldə etdiyi uğurların nəticəsi idi. XX əsrin 20-ci illərində Bakı yalnız Azərbaycanın deyil, bütünlükdə müsəlman Şərqinin ictimai mühitində əhəmiyyətli rol oynayırdı. B.Çobanzadənin sözlərilə desək, “Gənc Azərbaycan geridə qalmış Şərqin zülmət səhrasında mədəni oazis olmağı, nümunəvi ölkəyə çevrilməyi möhkəm qərara almışdır. Bu respublikanın elm və texnika sahəsindəki hədsiz nailiyyətlərini nəzərə alaraq heç kim qurultayın Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə etiraz etmədi”.
Qeyd etmək lazımdır ki, Türkoloji qurultayın çağırılması məsələsinin vacibliyini ilk dəfə 1924-cü ildə Bakıda keçirilən I Ümumazərbaycan ÖlkəşünaslıqQurultayında çıxış edən N.Nərimanov öz məruzəsində irəli sürmüşdür. Məruzə ətrafında qızğın mübahisələrdən sonra qurultay türk mədəniyyəti və tarixi ilə bağlı bir sıra elmi-praktiki məsələləri ATTC-nin Mərkəzi Şurasına həvalə olunmuşdu.
1926-cı il fevralın 26-da Bakıda Türk Mədəniyyəti sarayında S.Ağamalıoğlunun sədrliyi altında I Ümumittifaq Türkoloji Qurultayın təntənəli açıışı oldu. Qurultayda dünya şöhrətli alimlərdən akademiklər V.V.Bartold, S.F.Oldenburq, A.Krımski, məşhur türk professoru M.F.Köprülüzadə, alman professoru T.Mentsel, macar professoru J.Meysaroş və digər xarici qonaqlar, eyni zamanda, Leninqrad və Moskvanın ən yaxşı mütəxəssisləri, Azərbaycan, Krım, noqay, tatar, başkir, qırğız, hakad, yakut, çuvaş, kalmık və Şimali Qafqaz xalqlarının nümayəndələri iştirak edirdilər.
I Ümuittifaq Türkoloji Qurultayda “bütün türk dünyasının mücahidi” kimi məşhur oan Əlibəy Hüseynzadə də iştirak ediridi. O, M.F.Köprülüzadə ilə birlikdə Türkiyə Cumhuriyyətini təmsil ediridi. Ə.Hüseynzadənin “Qərbin iki dastanında türk” mövzusundakı məruzəsi böyük maraq doğurmuş, kitab şəklində nəşr edilərək ictimaiyyətə çatdırılmşdır.
I Türkoloji qurultayın uğurlu nəticələrindən biri latın əlifbasının türk xalqlarının vahid əlifbası kimi qəbul olunması idi. Qurultayın keçirilməsindən 3 il sonra 1929-cu ilin yanvarında Azərbaycanda latın əlifbasına keçid rəsmi surətdə qeydə alındı.
Fəaliyyətinin ilk günlərindən etibarən ATTC elmi-tədqiqat xarakterli mətbuat orqanlarının təsis olunmasına da xüsusi diqqət yetirirdi. Cəmiyyət üzvlərinin səyi ilə 1925-ci ildən başlayaraq rus, 1928-ci ildən etibarən isə Azərbaycan dilində “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xəbərləri” adlı dövri jurnal nəşr olunmağa başladı. Rus nəşrinin milli dildəki jurnaldan daha əvvəl çıxması cəmiyyətin fəaliyyətinin ilk illərində onun öz ətrafına daha çox rusdilli ziyalıları birləşdirməsi ilə bağlı idi. 1925-ci ildə “Xəbərlər”in ilk nömrəsinin çıxması Azərbaycanda elmi nəşrlərin yaradılması istiqamətində atılan ilk uğurlu addımlardan biri kimi qiymətləndirilirdi. S.Ağamalıoğlu “Xəbərlər”in ilk nömrəsinə yazdığı ön sözdə onu “ilk qaranquş” adlandırmışdı.
6 illik fəaliyyəti ərzində respublikamızda elmi-tədqiqat işlərinin inkişafına güclü təkan verən ATTC 120-dən çox elmi əsər nəşr etmişdir. Azərbaycan xalqının tarix və etnoqrafiyasının, dil və ədəbiyyatının tədqiqi istiqamətində yazılan əsərlər gələcək elmi axtarışların səmərəli inkişafında münbit zəmin yaratmışdır. Azərbaycanlılarda öz dilinə, ədəbiyyatına, tarixi keçmişinə hörmət və ehtiram ruhu oyadan həmin əsərlər həm də milli mənlik şüurunun inkişafında, xalqın özünüdərkində mühüm rol oynamışdır.
Azərbaycan elminin formalaşmasında və inkişafında mühüm xidmətləri olan ATTC indi respublikamızın ən böyük elmi mərkəzi olan Azərbaycan Milli Elmlər akademiyasının ilk guşə daşını və bünövrəsini təşkil etmişdir. 1929-cu ilin oktyabrında ATTC təxminən akademiya strukturuna malik Azərbaycan Elmi-tədqiqat İnstitutuna çevrildi. İnstitut 7 bölmədən ibarət idi: 1.Təbiət4 2. İqtisadiyyat; 3. Fəlsəfə; 4. Tarix-etnoqrafiya;5. Dövlət hüququ və sovet quruculuğu; 6.Dil, ədəbiyyat və incəsənət; 7. Xarici Şərq.
1933-cü ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutu SSRİ EA-nın Zaqafqaziya filialının tərkibinə daxil edildi (AzOZFAN). 1936-cı ildə AzOZFAN nisbi müstəqillik qazandı. O, SSRİ EA-nın Azərbaycan filialına çevrildi. 1945-ci ildə isə müstəqil Azərbaycan Elmlər Akademiyası yaradıldı.
Bu gün 100 yaşı tamam olan ATTC-nin xatırlanması, onun çoxsahəli fəaliyyətinə işıq salınaraq geniş ictimaiyyətin diqqətinə çatdırılması yalnız bu cəmiyyətin Azərbaycan elmi və mədəniyyəti qarşısındakı müstəsna xidmətlərinin qabardılmasından ibarət deyildir. Bu, həm də hər bir Azərbaycan ziyalısının ömrünü elm yolunda fəda etmiş, öz xalqına gərəkli olduğu üçün repressiya qurbanına çevrilmiş onlarla ATTC üzvünün ölməz ruhu qarşısındakı mənəvi borcudur.
Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Həmidə Əliyeva