Sim-sim.az Həmid Herisçinin “Həmşəri məktubu” hekayəsini təqdim edir.
Gecədir.
Bayaqdan baxdığım Hollivud kinofilmi təzəcə qurtarıb. Ekranda uzun-uzadı, alt-alta düzülmüş son titrlər gedir.
Həyəcanlı musiqinin müşayəti ilə.
Təkəm. Göydə ulduzlar var.
Ürəyimdə isə yox.
Küncdəki lal xəstəxana çarpayısı da, bu mənzərənin tam tərkibindədir.
Qısası, həəə belə de… televizordakı Hollivud filmi də bitir, çarpayıdakı ağır xəstə də. Ekranda böyük hərflərlə “THE END” yazısı peyda olunca, həəə… dəqiq bilirəm, oyan-buyanı yoxdu, bu xəstə-köhnə həmşərim Qurban Fəsaqəti də son nəfəsini ötürəcək.
Xaricdəki bacısı, xəbardardı. Aeroportda, transit bölgədə, “DUTY FREE” dükanından artıq qara eynək də alıb özünə. İstəmir kimsə göz yaşlarını görsün.
Ancaq qəfil hər iki həyat və Hollivud ssenarisi, birdən birə öz-özünə pozuldu.
Yazı, ekranda görsənmədi.
Ortası çökmüş çarpayı cırıldadı öz dilində.
Dərinliklərindən boylanan iki sönük göz sönüb yandı, sönüb yandı əvvəlcə. Vəhşi sürücü tayfasını, laqeyd piyadaları dayandıran lənətəgəlmiş işıqfor kimi səbrimi anında tükətdi.
Astaca, tam pəsdən, tamam segahın son pərdəsindəki fəqan sədasıyla, nalələsiylə:
-Apar məni burdan. Doğma yurdumda öləcəm. Bu xarabada yoxxxxxx…-pıçıldadı.
Qurbanı çarpayıya qaytarmaq, üstünü basdırmaq, axırda qızdırmaölçənə, sonra yenə ekrana baxmaq hə… son gücümü, qüvvətimi yedi. Arada bir Fizulini də köməyə çağırdım:
“Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd”.
“THE END” sonluğu ekranda parıldamağa hələ ki tələsmirdi.
Filmin son titrləri hələ də davam edirdi.
Həyəcanlı musiqinin müşayəti ilə.
***
Qurban Fəsaqətinin qısa ərizəsini oxuyan nazir müavini, hərəkətləriylə məni təəcübləndirirdi. Əyləşdiyi məmur kreslosunda özünü idman çempionu kimi aparırdı. Ancaq özünə… sırf özünə bəlli çox uzaq ünvanlara, ulduzlara doğru bütün bədən əzalarıyla tez-tez dartınması, qalsın hələ bir yana.
Ərizəni, söhbət əsnasında, qələmiylə tez-tez döyəcləmə səhnəsi də, razılaşaq, mən heç… məni də çıx bu qara siyahıdan…
Hamını, hər görəni, yoldanötəni əsəbləşdirərdi.
Daxilimdəki “Yaramaz” kəlməsini bu əclaf necə eşitdi, necə özümə qaytardı? – vallah, indiyədək mənim üçün bir sirri-xuda kimi qalmaqdadı.
-Hə…Yaramaz. İki böyük “R” hərifiylə tələffüz edin. –nazir müavini, daxili dialoqumu azca redəktə etməyi də unutmadı. Ərizəni qələmlə döyəcləməyə davam etdi.
Yaddaşımın iti küncündə paslanan “Məşhər günü, daxili-zahiri xəttlər, səslər pozulur. Fərqlər itir, özünə dediyini başqaları da eşidir” söhbətlərimi xatırlayıb, dərindən udqundum.
Dilim-ağzım qurumuşdu. Fikirləşdim öz-özümə:
-Məşhər günündəyəmmi bəyəm?
-Hə. –nazir müavininin “dinləmə böcəyi” yenə də işə düşdü, xırıldadı öz-özünə. Mövzunu xırdaladı. Zahirlə batin arasındakı səddi yenə də sıfırladı. Bu fantastic reallığa, bayağı Fantomas filminə inanmayaraq qışqırdım öz daxilimdə:
-Yezid!
-Su verimmi?-, nazir müavini, yenə də soyuqqanlıydı. Əfsanəni pozmaq, özü haqda yanlış məlumatları təkzib etmək, qurbanlarına, o cümlədən mənə su vermək istəyirdi.
-Üstəlik, su təsəsrüfatında da məsul vəzifələr tutmuşam.
Masadakı “Elçin Fətullayev, nazir müavini” lövhəsi, ancaq indi gözlərimə sancıldı.
Aramızdakı məsafə sürətlə qısaldı.
Məzar yazısı üzərindən minillik tozu silənlər kimi, əlimi üzümdən sürüşdürməyim də, əbəsdi. AZdrmada deyildim. Ağır mahud pərdələr bizi bir-birimizdən ayırmırdı. Qatı reallıq əhatəsindəydim.
Qəfil o səsini bir pillə yuxarı qaldırdı:
-Yeddi bilet almalısız xəstəniz üçün. Təyyarədə üfüqü vəziyyətdə uzadılacaq. Yeddi oturacağı zəbt edəcək.
-Hə…bunu heç ağlıma gətirə bilməzdim. – cümləm, divarlara sərt çırpılaraq anında öz qulaqlarıma qayıtdı.
-Üstəlik bax bu vacib sənədi imzamalısız. – o, kürsüdən qalxaraq, uca qamətini tam bərpa etdi. Elə bu yüksəklikdən, sanki tənha Amerika göydələni zirvəsindən mənə bir başqa səslə müracəit etdi.- Sənədlə tanış olun hələ bir. İmazanızı bura qoyarsınız.
***
Təkidin özü, sonrakı digər epizodlar, məni artıq şübhələndirmişdi.
Özümü “alahiddə ordu dairəsi”sində sıravi Əhməd kimi hiss etməyə başladım.
Sənəddəki “Qurban Fəsaqəti təyyarə transferi zamanı ölsə, iradlarınız olmayacaq” öhdəliyi, səbr kasamı daşdıran son damla oldu.
Gözümü sənəddən ayırıb, nazir müavininə baxdığım vaxt mən artıq tam başqa insandım.
-Qurban Fəsaqəti kimilərin ölümü həmişə sığortalanır. Həmişə.- nazir müavini, artıq öz kürsüsünə qayıtmışdı.
Ərizəni, yenə, qələmi ilə döyəcləməyə girişdi. Əsəbləşmədim bir daha.
Öz qələmim ilə gunaha batmaq istəmədim.
Yad qələmlə imzaladım sənədi.
Hiss etdim ki, düyməni basıb, çox gizli əməliyyata göz vururam, yaxud göz yumuram bəlkə də.
Qurban Fəsaqəti deyərdi ki, Pişəvərinin Buzovnadakı ilk məzarı ətrafında ikici, üçüncü və digər məzarın qazılanacağına əvvəl biz əsla inamazdıq.
Orda ikinci, üçüncü məzarları görmək, vallah bizimçün lap ağır, lap dözülməzdi.
***
Qurban Fəsaqətiyə yaşadığımız son səhnələr, qısa dialoqlar eynən o məşhur hekayənin təkrarırydı:
– Həmşəri, nə yazılacaq? – dedim.
– Əvvəlcə məndən uşaqların anasına salam yaz. Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat göndərdim. Bayramqabağı yenə göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm.
Məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydum və üzümü Qurbana tutub: – Həmşəri, zərfin üzü kimin adına olacaq? – deyə soruşdum.
Qurban əli ilə boynunu ovuşdura-ovuşdura:
– Hə, yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək.
***
Yeddi təyyarə biletini Qurbanın yastığı altında gizlədiyim vaxt, özümə aldandım. Elə bildim o məşhur hekayədən bu nöqtədə ayrılmağı bacarmışam.
Ancaq yanılırdım. Hekayə süjeti hər an məni öz dərin neft quyusuna dartırdı. O qədim alın yazısından indi çıxmağ tələb olunurdusa, neynək, başıma haranın külünü töküm axı?-düzü o güc, taqət, göydəndüşmə fürsət məndə əsla yoxdu.
Üstbaşımı didən külək, hər an sürətini, hədəfini dəyişirdi. Gah məni qarmaqlayırdı, süründürürdü öz axarında, gah gözəlçələrin ətəklərinə soxulurdu.
“Baku steel company” karxanasının qara düzxətli tüstüsünü isə əsla azdırmayırdı.
***
Səfər soruşdu:
-Ağa, bəs paltarı nə olacaq?
Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə:
-Onu da buralarda bir yer qazıb basdırın, – dedi.
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə yeddi təyyarə bileti, bir də bir məktub zərfi düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı.
Beletləri isə təcili kassaya qaytarmaq, pulunu geri almaq tələb olunurdu.
***
“AZAL” bilet kassaları önündə iynə atsan yerə düşməzdi.
Gur izdiham kütləsini zəif çiyinlərimlə tən ortadan ikiyə yararaq, nəhayət öz müştərilərimi uzaqdan da olsa, bələdlədim.
Kütlə, bütün gücüylə “Təbrizə biletin varmı?” deyərək üstümə yeriyəndə, əvvəl duruxdum azcana.
Titrək əlimi cibimə aparan qüvvə sanki özümkü deyildi.
Cibimə girən, sızan tam yad cibgirə bənzəyirdim.
Yeddi bileti ovcumda, yelpik kimi açaraq ilk acgöz müştərilərimə zilləndim.
İstədim biləm Qurbanın əvəzinə Tərbrizə gedəcək bu xoşbəxtlər hansı dərənin qurd-quşudurlar. Niyə bu qədər şanslıdırlar.
-Şükür! Bilirdim Allah məni darda qoymayacaq. Yoxsa Təbrizdəki pərdə yükümü, topa-topa parçalarımı müsadirə edəcəkdilər. Səni mənə Allah yetirdi.
Müştərinin, Allahla xoş, sınanılmış münasibətləri məni yerimdəcə qurutdu.
-Adım Qurbandı. Bu da pulunuz. Halalınızdı, görürsüz. Heç qoyaram ki, pulunuz bata?
Ancaq bu Qurbanın ömrü, əvvəlkindən də qısa oldu. Müştərinin əl telefonuna zəng gəldi. Dəstəkdəki qadın səsi ona dəfələrlə “Firuz” deyə müraciət edirdi. Müştəri, mənə göz vurub, yad sifət aldı sanki. Üzü divara, -eşitmədim,- nəsə danışdı.
Tale, Qurbanı yox…bu zatı seçmişdi. İstədim mən də, bu fürsətçini mükafatlandırım. Gördün pul cüzdanındadan çox eşələnir, lazımı xırda pulları tapammır.
-Əlli manatımdan keçirəm. Halalındı.
Müştərim, bəxtini bir də sınayıb, özünü azca itirdi elə bil.
-Müştərilərim deyər pulunu ver Qurbana, batmayacaq. Birə on artacaq. Bax bu ölsün.
Əlini tüklü yanağına çırpınca, saqqalı altında çapıq izini görüb, diksindim. Saman altından, saqqal altından axan sular haqda bir an düşünüb, tez də reallığa qayıtmağı bacardım.
Növbəti zəng Təbrizdəndi. Sövdələşmə, pul öhdəlikləri müştərimi bir an rahat buraxmaq istəməsə də…
Qəfil o özünü əla aldı. Biletlərin hamısını, altısını da ovcumdan qamarlayıb, qapazladı. Dedi:
-Hamısının pulunu götür. Mən həmişə topdansatışla məşğul olmuşam. Biletlərini özüm satacam. Xeyri, bölüşərik. Sən dur kənarda. Incimə…fürsəti, qaçırdarsan.
Gözüm önündəcə yeddi nəfər anında xoşbəxt oldu. Qazandılar, hə…
Heç nə itirmədilər. Heç nə…
***
Düz 26 il öncə ayrıldıq.
Səni Təbrizə aparmalıydım. Xəstəydin.
Təbrizə uçan təyyarəyə 7 bilet aldım ki, səni orda rahat uzadım.
Ancaq, ey gidi dünya…11 iyul 1997-ci ildə, cümə günü, sübh əzanı vaxtı gözlərini əbədi yumdun.
7 bileti qaytarmalı olduq geri.
Hava alanındaca yeddi sərnişin tez irəli cumub o biletləri aldılar. Uçdular Təbrizə. Çox sevindilər bu biletlərə. Simalarına baxdım-alverçilər, dindar bir cütlük…qısası, adi boz insanlar…
Sən isə uçmadın.
Biletləri sıxdın ovcunda…başın getdi sola.
Sol əlin, sol ovcumu sıxa-sıxa yavaş-yavaş zəifləyirdi.
Dedin-“mən sənə bütün sirləri demişəm…hələ eşidəcəksən”…
Məzarını bu gün də tam təklikdə ziyarət edəcəm. Çox sevdiyin Qurandan 40-cı “Qafer” surəsini sənə özüm oxuyacam.
Kimsə olmayacaq ətrafımızda. Söhbətimizi kəsməyəcəklər.