Sim-sim.az Həmid Herisçinin “Şah cadusu” adlı mistik hekayəsini təqdim edir.
Hərdən, gecənin ən xain vaxtlarında, dədə-babadanqalma solğun şkafımız öz-üzünə, heç bir kənar təsir olmadan başlayır cırıldamağa.
Öz…məhz öz təkrarsız musiqisini oxumağa.
Paslı qapıları aralanır.
Cırıltılar…üzr istəyirəm, musiqi, bir-iki dəfə təkrarlanacaq.
Sonra rəhmətlik ananın kəlağayısı görünəcək ordan.
Uşaq-zad olsa ətrafda, aldanardı bu niskilli mənzərəyə. Şkafa girib ordan gələcəyə, keçmişə səyahət etmək istərdi.
*
Sahibləri kimi, bu şkaf da Tehranda çox qəribdi. Mühacir Atəşi ailəsi-Sabir kişi ilə Nəsrin xanım 1937-ci ildə onu Bakıdan Tehrana hıqqana-qıqqana, çiyinləri üstə dartıb gətiriblər.
Şkafın cırıltılı musiqisi, ah-nalələri…qısası, fəğan dolu səsi…niskilli muğamatı öz müğənnisini gözləyirdi elə bil.
Ailənin yeganə yetirməsi, yeganə meyvəsi, son ümüdü- balaca Faiqə, bir gün bu muğamatı sol qulağının ucunda…göydəcə tutdu. Bu gizli teleqramı, deşifrələdi…hə, deşifrələdi elə bil qulağında.
Ucuz sırğalarının səsini qatdı bu muğamata…
Saat kəfkirinin ağır sədalarını da.
*
O vaxt, 1949-cu ildə, Tehran bələdiyyəsi təp-təzə, cağbacağ Amerika sərnişin avtobuslarını şəhər küçələrinə buraxsa da…
Bu təzə, modern avtobusların ilk sərnişinləri yenə də köhnə, ənənəvi şəhər yoxsulluğu, kasıb kütlələr idi. Avtobuslara minməyə ilk dəfə Bakıdan qovulmuş həmşərilər cürət edirlər. Yerli, köhnə tehranlılar, digərləri bir müddət etibar etmirlər əsla bu avtobusların uzaq marşrutlarına.
Dayanacaqlardan qopan saz mühərriklərin qəfil gurultusu, yerdəki nöyüt ləkləri çox tez də, bədiiləşdi. Nima Yuşic kimilər, “Yeni şer” həvəskarlarl, bu nöyüt ətrini Tehran küçələrindən götürüb, burunlarının, qələmlərinini ucunda görün bir hara?-ölkənin bir saylı strateji mərkəzinə- poeziyaya daşımağa girişdilər…
Avtobus, mühərrik uğultuları, şəhər futuristikası ənənəvi şairlərə qulaqburması versə də…
Heç nə…Tehran, yenə də “Qorxulu Tehran” brendi kölgəsində murguləyirdi. Şəhər ətrafında salınmış ən modern “Tehrannou” şəhəri, yəni “Yeni Tehran” da, sürətlə köhnəldi. Memarlığı, soldu. Tiryək manqallarının hisi-pası…
Ardını yazmağa ehtiyacmı var, soruşuram? Yoxdu, sözsüz.
Bizdə “Təzə bazarlar”, çox tez öz novrağını itirir-dönür “Köhnə bazar”a. Köhnə hamama. Köhnə tasa.
*
Qısası, “Cənub-şəhr”ə tələsirdim Tehranın “minbir gecə” nağıllarının, günlərinin birində . 88 saylı avtobusa minib evə qayıdırdım.
Sərnişinlər- başıaşağı Tehran yoxsulları, Bakıdan qovulmuş həmşəri kütləsi, bu yeni, modern qutuya-avtobusa, yenə də öz köhnə dərdlərini, musiqilərini, bədbin görkəmlərini də gətirib, düz böyürlərində əyləşdirmişdilər. Bank ödəniş tələbləri, şəhər faşihələrinin ənnik-kirşan rənkkarlığı…Bakı mövzulu döymə yazılar, tatular, kirli köynək yaxaları…hə, mənzərə, ürəkaçan deyildi. Yenə də köhnəydi.
Gördüm böyrümdə zəif, sısqa bir azyaşlı uşaq oturub dodaqları altlnda nəsə mızıldadır. Türkü danışırdı elə bil. Özü də lap pəsdən, ən alçaq musiqi notalarıyla.
Qəfildən, oğlan qiyafəsindəki bu qız uşağın üzü də döndü, səsi də. Çənəsini yuxarı qaldırdı, gözlərini yumaraq türkcə “ölmək istəyirəm!” nidasını səsləndirdi.
Valideynləri-fərqli künclərdə əyləşmiş ər-arvad, eyni anda irəli cumdular. Ovucları, uşağın ağzında birləşdi.
Hiss etdim ki, bu ifadəni uşaq öz valideynlərinin dilindən dəfələrlə eşidib. İndi də bu ifadəni özündən ixtiyarsız dilinə gətirib.
Çox musiqili idi, çox hecalı idi bu haray. Qız istəsə bu harayını, getdikləri ünvana qədər də uzada bilərdi.
Ancaq fikrimi, hislərimi axıracan yaşaya bilmədim. Sürücü, gur döngələrin birinə çatmamış, qəfil ayağını əyələcə basdı. Qəfildən hamı-bütun bu yad kütlə, birləşib eyni məzmunlu, tərkibli çiy maddəyə çevrildi elə bil.
Sanki, özündən ixtiyarsız sevişdi, qucaqlaşdı bir-biriləriylə.
Mənzərə, çox da uzunömürlü olmadı. Hamı, anında nifrət etdi, elə bil qaçmaq istədi bu kor məhəbbət səhnəsindən.
Çətin də olsa başımı yuxarı qaldırıb bayaqkı valideynlərə bir də diqqətlə baxdım. Həəəə…öz şübhələrimdə yanılmamışdım.
*
Bakıdanqalma şkafın musiqisi yenidən təkrarlandı.
Sabir, arvadı Nəsrinə düşməncəsinə baxıb, cibindəki qəzet parçasını çıxardı. Şahənşahın şəklinə etibar etdiyi tiryəki, şkafdan çıxardığı bıçağın kütəlmiş tiyəsi ilə ikiyə böldü.
-Sabah nə edəcəm axı…Başıma haranın külünü, tiryəkini tökəcəm. –pıçıldadı.
Etiraf, çox musiqili olsa da, hələki böyük sənət məzmunlu, ahəngli deyildi. Yox…məhəlli, məişət miqyaslıydı.
Hə…Bu qızcığazın, sonralar Ququş kimi ad çıxaran uşağın atası Sabir, deyilənə görə, çox şanssız, bəxtsiz adamdı.
Çox uğurlu, gəlirli konsert proqramı zamanı qəfil ürəyi sanca bilərmiş. Növbəti ürək sancısı, kazinoların birində böyük narazılıqla qarşılandı. Səhnə sahibi məcbur qaldı atanı öz pulu hesabına yaxındakı xəstəxanaya göndərsin.
Sabirin qızı isə…
*
Ququşun qız uşağı olduğunu valideynləri əvvəllər hamıdan, xüsusən ətrafda daim vurnuxan şah ajanlarından gizlədərmişlər. Saçlarını qısa kəsərmişlər ki, ətrafındakı oğlan uşaqlarından bir o qədər seçilməsin.
Bu saç düzümünə Ququş son zamanlara qədər həmişə sədaqət nümayiş etdirib. Səhnədə bu cür tanınıb həmişə.
Qısası, Ququşun kim olduğunu, hansı ünvanlarda doğulub boya-başa çatdığını öyrənmək istəyirsinizsə, əvvəlcə Mürtəza Kazıminin “Qorxulu Tehran” ikicildliyini vərəqləyin. O vaxtkı həlləm-qəlləm Tehranda cazibədar qız uşağı böyütmək, razılaşın, valideynlərdən şir ürəyi tələb edirdi. Valideynlər qərara gəlirlər Ququşun saçlarını qısa kəsdirib, oğlan uşağı kimi qələmə versinlər ətrafdakılara.
Ancaq… Bu fənd sonralar öz konspiroloji məzmununu itirərək yeni estetik dəyər qazanır özünə. Küçə tamaşaçıları Ququşu ilk dəfə səsinə görə deyil…məhz qısa saçlarına görə sevirlər. Sonra diqqət edirlər bu qızın təmiz, saf səsinə.
Diqqətlərini artırıb görürlər ki, bu uşaq oğlan xeylağı yox… qızdı.
Kazino sahibi də məhz oxşar diksinti keçirir o vaxt.
Ququşu bir başqa cür aşkarlayıyır özüyçün.
Amerika avtobuslarının Tehran küçələrinə qaldırdığı səs-küy, tüstü-tozanaq anında havaya buxarlanır. Ənənvi Şərq tozu, qumsal səhraların istisi, təri, nağılları, pəriləri, pəricaduları, falçıları bir göz qırpımında, oryental vahid bir görüntüntü halında, hə…öz qəti hökmünü, qəti mənzərəsini bərpa edir bu həlledici tale epizodunda.
Həyatında ilk alovlu alqışları Ququş məhz bu zaman qazanır. O vaxt da kimsə bu qızın qısa saçlarına aldanaraq, oğlan uşaqlarına məxsus “Ququş” kəlməsini havada səsləndirir.
Şərq, şər qanunları öz qətiyyətini bir addım da artırır bu vaxt-qaranlıq kazino küncündən qalxan qocaman falçı kölgəsi, bir daha Ququşu yalqız buraxmır.
“Qızım, ulduz falını şəxsən özüm dəyişəcəm. Bəxtində üç 5 rəqəmi var. Sən, 1950-ci ildə doğulubsan guya. Beşinci ayın beşində”.
1952-ci ildə Ququşun valideynləri gözü yaşlı uşaqlarına fikir verməyib birdəfəlik ayrılırlar. İki qardaş qalır anası Nəzrinin böynunda. Ququş isə bir başqa qardaşı ilə birgə atasına verilir.
Bakıdangəlmə köhnə şkafın cırıltısı, muğamatı zilə qalxlr bax o vaxtlarda. Kasıb sırğaların musiqisi, titrəyişi də artır. Ququş:
– Anamın yerini kim tutacaq görəsən, -deyərək, o şkafa sığınır bir müddət. Orda yatır, orda gecələyir. Qapı arasından uzaq səmalardakı öz ulduzunu güdməyə başlayır.
-Tapacaqsan öz ulduzunu. Mütləq tapacaqsan. Müşahidə nöqtən mükəmməldi.- Falçı Fəriştə, sağ əlini Ququşun başına çəkincə, tez geri qaytarmağı da unutmur. Ağzını qapayır bu qalxanı ilə.
-Qorxuram, vayyy, etirafımı qara cinlər eşitsin.
Mənzərənin gözü dardı. Su lüləsinin ağlar gözü, necə deyərlər “ahatə dairəsindən kənardadı”.
Boşqabları yuyan yoxdi bu evdə. Anasız, qadınsızdı bu ev.Lülənin gözündən süzülən damcılar, kirli boşqablarda hər dəfə səslənincə…
Evdəki lal muğamatın təsiri, birə min artır.
Ucuz konsert səhnələrinin cizgilərini əridir tədricən, tədricən.
Yavaş-yavaş.
Axır, Fəriştənin donuq, titrəyişsiz kölgəsi Şahın Mərmər sarayında da görünür.
Falçı Fəriştə xanım bir müddət Ququşa analıq edir hətta. Bir ara dönür Ququşun boz kölgəsinə. Falçının hər sözü, hikkəsi, fısıltısı dönür pozulmaz qanuna.
Şah sarayına getdimi, yaxud dərziyə – bütün bunları, Ququş bacımız yalnız öz Fəriştəsiylə bölüşüb məsləhətləşirdi.
Hə…bir gün Şahənşah sarayı, Şahbanunun özü Ququşu öz sarayına dəvət edirlər.
-Qızım…
Fəriştə, şah sarayında adətən Şahbanu ilə Ququşa həmişə eyni səs ahəngində, arada bir türkcə, müraciət edərdi.
Cadu, ilk növbədə səsdi. Xüsusi ahəngi olmasa, hədəfinə çatmaz. Cadu, mistik müğənnilik istedadı tələb edir öz ifaçısından.
Ququşun zahiri səsindən fərqli olaraq Fəriştənin səsi, daxiliydi. Müğənniliyi Ququşkundan dəfələrlə təsirli, iri miqyaslı, əks-sadalı olsa da, gizliydi çox.
Ququş, öz cadugərinin gizlində, daxilində müğənni olduğunu aşkarlasa, bəlkə də Fərişətəyə həsəd aparardı. Öz istedadının sönüklüyünü görüb, daşı ətəyindən tökərdi necə deyərlər. Qayıdardı təzədən o Bakı şkafının dərinliklərinə. Birdəfəlik orda itərdi.
Fəriştə, ustaydı. Müğənni istedadını bilirdu harda, hansı nadir məqamda sərgiləmək, müştərini hansı dar anda boğazlamaq lazımdı.
Fürsəti, əldən vermək olmazdı bu dəfə. Şahbanu ilə Ququşu o eyni səs ahəngi, eyni cadu ilə ovsunladı:
-Üzv olduğunuz Pəhləvi xənadanının alnından, kağızlarından Reza adı heç vaxt əskik deyil. Rəhmətlik qaynatanız Reza şahdı. Əriniz Məhəmməd Reza adlanır. Oğlunuz yenə də Rezadır.
Şahbanunun dodaqları, göz qapaqları eyni ahənglə titrəməyə başladı.
Fəriştənin ahəngi, səs dairəsi hər an artırdı. Hiss olunurdu ki, əsl səs sahibi, əsl müğənni, işə bir bax…elə Fəriştədir.
Qoz qabığına, bir küncə sıxılmış, əbədi susdurulmuş Ququş sanki burda öz əhəmiyyətini, yerini, iştirakını tam itirmişdi.
-Reza adını tərsinə oxusaz, “Azər” cadusu səslənəcək qulaqlarınızda. Əbədi həkk olacaq alnınıza. Sizi, azərbaycanlılar, əzərilər tam cadulayıb. Özünüzü gözləyin.
Aradakı sükut, süqut fasiləsi xeyli uzandı. Şahbanu da, Ququş da tam iflic vəziyyətindəydilər.
Cadu, işini görmüşdü.
Fəriştə, Mərmər sarayı tərk etdikdən sonra da bu qızlar “Reza-Azər” cadusundan çıxa bilmədilər.
Hələ də bu cadu altındadırlar.
Mövzuya Şərqi alman kəşfiyyatı Ştazini qatmasaq, söhbətimiz yarımçıq qalar. Ştazi agentləri bilirdilər ki, şahbanu sadə quş deyil. Cadunun təsdiqini, Almaniyadakı məşhur falçı “frau Buxela”dan istəyəcək. Heç. Buxelaya deyirlər ki, “Azər-Reza” cadusunu Şahbaniya bir də qaytarsın.
Əməliyyat, 1977-ci ildə özünü tam doğruldur. Almaniynın Bonn şəhərində Şahbanuya fal açan Buxela qəfil gözlərini yumaraq “Azər-Reza” qoşasını təkrərlayır.
Şahbanu, düşür tam tələyə. Bu dəfə, İran inqilabçılarının, Azərbaycan Demokrat Firqəsinin toruna.
*
Qayıdaq hekayımizin əvvəlindəki avtomibil, ABŞ avtobusları mövzusuna.
Modern səmt küləkləri, indi adətən məhz bu nöqtələrdən doğmaqda davam edir.
Fəriştə, özü kimdi ki?
Heç kim. Adi falçı. Ancaq Fəriştənin arxasında nəhəng Zərdüşt kahinləri gizlənmişdilər. Atəşpərəstlik ayinlərinin axırında bu kahinlər mütləq yeni dövrə qayıdar, ən qədim zərdüşt adətlərini müasir tələblərə uyğunlaşdırmağı bacaradılar.
Fəriştənin kar qulağına pıçıldayarlar:
-Tanrı Ahira Mazda, “Mazda” markalı avtomaşına çevrilməlidir. Hər iranlı, Zərdüşt kimi, bu quşun, bu Sümurq quşunun belinə əyləşib yollarda pərvazlanmalıdır.
Fəriştə, öz Ququşunu qoltuğuna vurur yenə də. Həm öz, həm Ququşun səsini işə qatır bu sifarişdən sonra. Eyni səs əhangi ilə kahinlərin tələbini Mərmər saraya çatdırır. Deyir ki, fal açanda görüb ki, bəs Ahura Mazda, Zərdüştün ruhu özünə yeni minik vasitəsi, yeni sürücülər axtarır.
-Yaponyaya gedib ordakı avtomobil nəhəngləri ilə sövdələşmək lazımdı. Təzə avtomaşın “Mazda” adlanacaq. Minirik Məlik Məmməd kimi bu Simurq quşuna, ulu Zərdüştün yoluyla gedirik sonsuzluğa.
*
Şəxsən mən də bu zərdüşt, bəlkə də tale ssenarisindən, alın yazısından kənarda qalmadım.
Mən də, bir güneyli kimi, bir gün hardansa “Mazda” avtomobilinə yiyələnib düşdüm Bakı küçələrinə.
O tin mənim dedim, o tin sənin.
Dayım bankir idi. Borcəvəzi ”Mazda” alın yazılı avtomaşını xidməthaqqı kimi mənə bağışlamışdı.
İndi, bu ağlımla fərqıi düşünərəm o hədiyyə haqda. Elə bilərəm mən də o zərdüşt, Fəriştə cadusunu bir başqa cür həyatımda təkrarlamışam.
-Əcəb varlısan, Həmid ağa. Bu cür qanadlı quşun sahibisən”.
Oxşar etirafları 30 ilə öncə çox eşitmişdim. Durardım öz “Mazda”mın önündə, keçərdim sükanı arxasına. Özüm də bilmədən Zərdüşt havasına düşərdim. Məlik Məmmədə çevrilib Simurqun, Ahura Mazdanın belində qaranlıq dünyadan işiıqlı dünyaya tələsərdim.
İranda Şah rejimi bu cadunu tam geniş miqyasda yaşadı. Nəhəng yapon avtomobil şirkətinin səhmlərinə yiyələndi əvvəlcə. “Mazda” brendini İrana gətirib eyniadlı avtomobilin istehsalına başladı.
İran, Ahura Mazda çiyinləri üstə Zərdüşt uçuçuna star verdi.
Cadunun fitverəni isə, yenə də həmin Ququş, həmin Fəriştə, həmin zərdüşt icması idi amma.
Hətta mən də bu cadunun qurbanı sayıla bilərəm.
*
Hadisələrin, caduların iti sürəti sonra day dayanmaq nədi bilmir.
“Mazda”, zərdüşt farscasında həm də “məbəd” mənasını daşıyır özündə. Birgün, 1973-cü ildə zərdüşt kahinləri qərara gəlirlər ki, bəs bu məbədləri mütləq Ahura Mazda kimi havaya qanadlanmalıdır.
Tehranın “Şahyad”, indiki “Azadi” meydanı üstə nəhəng memarlıq tağı tikirlər. Tağın kəlləçarxındakı bina, eynən qədim zərdüşt mədəbi idi.
Məbədi, tağın üstündə modelləşdirib, öz “Mazda”larını bax bu cür birtəhər havaya qaldırıb, Tehranın ən uca memarlıq nümunəsinə çevirirlər.
Tağın altından isə, Tehranın ən gur avtomobil qovşağı keçir.
Öz “Mazda” avtomobillərində əyləşmiş tehranlılar aşağıda öz yollarına sakitcə davam edirlər.
*
Fəriştənin cadu-pitisi çox güclüdür İranda.
Şah nədi…Şahbanu nədi?
Ancaq “Azər-Reza” cadusu bir gün yenidən bu mələkəti, məmləkəti aşıracaq. Görərsiz.
Detalları, Ququşdan, şahbanudan soruşarsız.
Hələlik bu qədər.
Gələn caduda görüşənədək.
*
Ququş özü Bakıya gəlməsə də, 1977-ci ildə onun “Gilan” yaxtasını Bakıya gətirib təmir ediblər. O mənzərə indi də gözlərimdə canlanır-ləpələrin qoynunda bir ağ qayıq yırğalanır. Dinclik nədi bilmir.
Mənzərə ilə kifayətlənsək yaxşıdı. Ququşla qismətimizdəki budu.
Ağ gəmi düzdə qaldı…Xəzərdə qaldı…
QUQUŞUN AĞ YAXTASI
Bakı zülmətlərinin it səsi,
özgələrə yoxxxx…
sırf mənə aid səsi,
dünyanın bu ən uzun sait səsi,
Əliağa Vahidinmi səsi,
oyatdı məni o gecə?
Konyakım da vardı, yadımdadı,
adı “Gəncə”…
Yadımdadı, özünü yoxxxx,
Şah hədiyyəsi ağ yaxtanı,
bu cırıltılı, musiqili taxta-tuxtanı,
üzümlərin, talvara dartınan vaxtı
Gətirdilər 1977-də Bakıya
təmirə…
Çox baxdım Xəzərdə çırpınan
bu nəğməli dəmir-dümürə,
sənə aşiq suitilərə,
bütün nakam sevgilərə
nəğmə oxudu bu ağ gəmin…
Bu cür keçdi, qismətimdəki,
Bakıdakı lal konsertin…
Mən təbrizlini heç sevmədin.
Qəfil, züvələrin paslı çarxı
cırıldadı,
pişiklər, zibil qutularından sıçradı,
hamı özünə yoxxx…kölgəsinə oxşadı,
tamamlandı…
özüm yox, gözüm yox,
züvədəki ağ köynəyim ağladı,
qismətimdəki bu paya,
Xəzərdəki nurlu aya…
Mən, su navalçalarını
yağışıma layiq yol bilməm…
mən, yağışa, şimşəklərə, güllələrə
başqa yol fikirləşmişəm…
Sənlə yox…mən, ağ gəminlə sevişmişəm
o vaxt…
Var…var, məndə o niskilli baxt.