1930-cu illər ədəbi tənqidinin müəyyən istisnalarla müraciət etdiyi Hadi yaradıcılığına Azərbaycan ədəbiyyatşünaslığının əsaslı dönüşü bir də İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Məmməd Cəfər 1942-ci ildə “Səni kim unudar?” adlı məqalə yazır.
Məqalə Məhəmməd Hadinin “Firdovsi-ilhamat” kitabının “axırında çap etdirdiyi” “Aləmi-musavatdan” mənzuməsinin şərhi ilə başlayır və davam edir: “… bir az əvvəl səhər sükunəti qədər sakit döyünən şair qəlbi sürətlə çarpır, onun min bir məna ifadə edən odlu nəzərləri “bütün əvalimi darüliztirar və rəhgüzari-qəm” hesab edən Şopenhauerin qalın qara cildli kitabına sataşır. Bədbinlik fəlsəfəsi və burjua fərdiyyətçiliyi ideyası təbliğatçısının dumanlı fikirləri şairin böhranlı dəqiqələrindən istifadə etməyə fürsət axtarırmış kimi, şeytani bir füsunkarlıqla onun gözləri önündə cilvələnib diqqətini cəlb edir. Şair Şopenhauerin sözlərini nəzmə çəkir:
Ancaq cahanda müsbət olan, iztirab imiş,
Ümidlər vəsaiti-rəncü əzab imiş.
Dünya nədir? Dərdü qəmə rəhgüzardır.
Bu səhneyi həyat nə pür iztirardır!..
Hadinin nəzmə çəkdiyi və Məmməd Cəfərin xatırlatdığı Şopenhaurə məxsus fikirlər “Aləmi-musavat…” poemasında deyil, “Firdovsi-ilhamat”ın “Mənsur şeirlər” bölümündəki “Düşündüklərim” yazısındandır və Hadiyə görə, Şopenhauer, Məmməd Cəfərin dediyi kimi, burjua fərdiyyətçiliyi ideyalarının təbliğatçısı deyil, əksinə, işıqlı xəyallar dahisidir. Və Hadi, sadəcə, “bütün əvalimi darüliztirar və rəhgüzari-qəm” (yəni aləmi iztirab yurdu, qəm keçidi) hesab edən dahiyi-rövşənxəyalın – Şopenhauerin sözlərini nəzmə çalışır…
Amma həmin mənsur şeirdə Şopenhauerin qalın qara cildli kitabından söhbət getmir. Mətnin ümumi ovqatından isə anlaşılan odur ki, Hadi 1908-ci ilə qədər Şopenhaueri dərindən oxuyub. Göndərmələri sərrastdır. Hətta Şopenhauerin “Eşqin metafizikası” kitabından da agahdır.
Bəşəriyyət İkinci Dünya müharibəsinin məngənəsində əzilərkən 22 il əvvəl dünyasını dəyişmiş Hadinin Şopenhauerə münasibətini aydınlaşdırmağa səbəb nə idi? Məsələ burasındaydı ki, Məmməd Cəfərin “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş yazısından səkkiz il əvvəl – 1934-cü ildə Sovet Yazıçılarının Birinci Qurultayında artıq Hadi burjua millətçilərinin sırasında təftiş olunmuş, “burjua ideoloqu” Əli bəy Hüseynzadənin ardıcıllarından biri kimi müzakirə obyektinə çevrilmiş, Hadinin yaradıcılıq metodu burjua romantizmi metodu olaraq şərh edilmişdi: “Məşhur milyonçu Tağıyevin vəsaiti ilə çıxan “Füyuzat” onun ideoloji və maddi himayəsində nəhəng burjuaziyanın orqanına çevrilir. Əvvəldən sona kimi “türkçülük, islamçılıq və modernizm” şüarı altında inkişaf edən ədəbiyyatın yaradıcılarından Azərbaycan pantürkizminin ideoloqu Əli bəy Hüseynzadə ədəbiyyatda burjua azadlığının, burjua pasifizminin, burjua modernizminin, ən başlıcası isə pantürkizm və panislamizmin izahını verdi. Burjuaziyanın əsl ideoloqu kimi çıxış edən Hüseynzadə Avropa romantizmini Azərbaycan ədəbiyyatına tətbiq etmək arzusu ilə Hötenin “Faust”undan parçanı tərcümə edir və öz oxucularını Qərb ədəbiyyatı ilə tanış etmək istəyir… “Füyuzat” səhifələrində kifayət qədər çətin dildə yazan burjua şairi Tofiq Fikrəti təqlid edən Məhəmməd Hadi də çıxış edir və Azərbaycanda onun məktəbini təmsil edir. Özünü ruhsuz, qədim Şərq sxematizmindən heç cür azad edə bilməyən, obraz və dil etibarilə tamamilə osmanlılaşmış Məhəmməd Hadi fəlsəfi fraqmentlərində Şərq sufizmi və eklektikasından azad ola bilmirdi”.
Təbii ki, belə bir Hadi yaşasaydı, mütləq 1937-ci il repressiyasının qurbanlarından biri olacaqdı.
1920-ci ildə dünyasını dəyişsə də, 1937-ci ildən keçə bilməyən bütün digər böyük şairlərimiz kimi, onun da son kitabı 1936-cı ildə, növbəti kitabı repressiya qurbanı olmuş Cavid, Müşfiq… kimi, 56-cı il bəraətindən sonra – 1957-ci ildə nəşr olundu.
Hadi 1920-ci ildə – Gəncə üsyanı günlərində ya xəstəxanada ac-susuz ölmüş, ya Gəncə körpüsünün üstündə vurulub, ertəsi gün Səbzikar məzarlığında dəfn olunmuş, ya da Gəncə üsyanının iştirakçılarından biri kimi, Nargin adasında erməni-bolşevik gülləsi ilə qətlə yetirilmişdi. Ölümü hər necə olubsa, hər halda, bu ölüm Hadini 1937-ci il repressiyasından “xilas” etmişdi. Beş il sonra isə artıq onun yaradıcılıq taleyi təhdid olunurdu. Görünür, bunu öncədən duyan Məmməd Cəfər Məhəmməd Hadini növbəti qətllərdən, ölümlərdən qorumağın yollarını düşünür və “Səni kim unudar?” məqaləsini yazırdı…
Təbii ki, Azərbaycanın filoloji mühitində həmin məqalənin önəmli təsiri də oldu.
Mir Cəlal 1947-ci ildə elmi ictimaiyyətin diqqətinə təqdim etdiyi “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq dissertasiyasının böyük bir fəslini Məhəmməd Hadiyə həsr etdi.
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri Səməd Vurğun isə 1947-ci ildə SSRİ Yazıçılar İttifaqının XI plenumuna həsr olunmuş müşavirədəki çıxışında deyirdi ki: “Məhəmməd Hadi barəsində bir-birinə zidd fikirlər söyləyirlər. Bəziləri deyir ki, Hadi orta məktəbin ədəbiyyat kitabına salınmasın, halbuki şəxsən mənim fikrimcə, o, bizim ədəbiyyatımızın böyük şəxsiyyətlərindən biridir… Belə bir şairin bütün zəif cəhətlərini göstərmək olar, amma onu tamamilə rədd etmək olmaz”.
Demək ki, Hadini ədəbiyyatımızdan tamamilə silmək kampaniyasına start verilibmiş. Şeirlərinin dərsliklərə salınmasına maneələr yaradılırmış…
Lakin Hadi uğrunda mücadilə uzun çəkmədi və 1948-ci ildə Azərbaycan ədəbiyyatçılarına Hadini ədəbiyyatımızın böyük siması adlandırmaq rəsmən yasaq edildi.
Elə bu səbəbdən də Məmməd Cəfərin 1942-ci ildə yazılmış məqaləsi müharibə bitəndən və Jdanovun “Zvezda” və “Leninqrad” məcmuələri haqqında 1946-cı ildəki çıxışından az sonra, 1948-ci ilin 14 avqustunda Azərbaycan K(b)P MK bürosunda müzakirəyə çıxarıldı. Kommunist Partiyasının Mərkəzi Komitəsi “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etdi. Doğrudur, Mərkəzi Komitənin qərarında Azərbaycan ədəbiyyatının başqa problemlərinə də toxunulurdu. Amma əsas hədəf Məmməd Cəfər və onun “Səni kim unudar?” məqaləsiydi: “Tənqidin ciddi səhvi bundan ibarətdir ki, o, ədəbi irsə marksistcəsinə yanaşılmaması hallarına laqeyd baxır ki, bu da özünü ayrı-ayrı yazıçıların yaradıcılığına həddindən artıq qiymət verməkdə, onların mürtəce və tarixən məhdud baxışlarını ört-basdır etməkdə, onların yaradıcılığını öyrənərkən konkret tarixi və ictimai şəraitdən uzaqlaşmaqda göstərmişdir. Tənqidçilər Məmməd Cəfər Cəfərovun şair Məhəmməd Hadinin yaradıcılığında və dünyagörüşündə mürtəce-millətçilik cəhətlərini ört-basdır edən “Səni kim unudar?” sərlövhəli zərərli məqaləsi barəsində heç bir şey yazmamışlar”.
Və ardıyca dərhal Azərbaycan ədəbi tənqidinin üsyankar özünüifşa dalğası: “Burjuaziyanın ədəbiyyat sahəsindəki hiyləgər siyasətinin əsl mahiyyətini dərk etməyən Məhəmməd Hadi kimi xırda burjua yazıçıları… xalqın arzu və istəklərini tərənnüm edən əsərlər yaza bilməmişdir. M.Hadi “Füyuzat”da fəaliyyət göstərdiyi zaman nəinki burjua görüşlərini tərənnüm etmiş, hətta silahlı üsyanların labüd olduğu bir dövrdə inqilabi hərəkatın ziddinə olaraq “qan tökməyin” əleyhinə olmuşdur. O, klassik Azərbaycan ədəbiyyatının nəcib ənənələrini davam və inkişaf etdirmək, habelə, realist rus ədəbiyyatından öyrənmək əvəzinə, mürtəce Türkiyə xırda burjua yazıçılarının təsiri altında realizmə qarşı mücərrəd romantizmi təbliğ etmişdir. Mürtəce mahiyyətdə olan bu romantizm əksər hallarda burjua şüarlarının nəzmə çəkilməsi ilə kifayətlənmiş və şairin qələmindən… pantürkizmi, panislamizmi yaymaq ruhunda şeirlər çıxmışdır… Bu sətirləri yazan da (Cəfər Xəndan – A.T.) daxil olmaqla M.Hadi yaradıcılığını təhlil edən Mir Cəlal, M.C.Cəfərov və başqa alimlərimizin əsas nöqsanları bundan ibarət olmuşdur ki, onlar şairin yaradıcılığındakı mücərrəd məfhumları nəcib arzular kimi qiymətləndirmiş və nəticədə M.Hadinin burjua millətçi görüşləri ört-basdır edilmişdir… Hadi “Füyuzat”dan sonra da inqilabçı sinfə istinad etməyi bacarmamış, nəticədə çıxış yolu tapa bilməyərək bədbinləşmişdir… M.Hadinin yaradıcılığı indiyədək ədəbiyyatşünaslığımızda birtərəfli izah edilmişdir. Onu marksistcəsinə təhlil etmək üçün “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan K(b)P MK bürosunun 14 avqust 1948-ci il tarixli qərarında deyilmiş fikirləri rəhbər tutmaq lazımdır… Demək, biz bu səhvlərə yol verməmək üçün M.Hadi yaradıcılığını öz ziddiyyətlərilə birlikdə göstərməliyik… Hadi xırda burjua sinfinə mənsub bir sənətkardır… O, insanların anadan olan gündən dünyaya ağlar gəldiyini, onların həmişə bu vəziyyətdə qalacaqlarını söyləyir…”.
Məmməd Cəfərin 1942-ci ildə dərc olunmuş “Səni kim unudar?” məqaləsi, eləcə də Məhəmməd Hadinin yaradıcılığı “Pravda” qəzetinin də müzakirə predmetinə çevrilir. “Pravda”nın 10 sentyabr 1948-ci il tarixli sayında Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin katibi Həsən Həsənovun Azərbaycan ədəbiyyatşünaslığını təftiş edən “Yüksək ideyalı bədii əsərlər yaratmalı” başlıqlı məqaləsi dərc olunur: “Məmməd Cəfər Cəfərov “Səni kim unudar?” sərlövhəli məqaləsində inqilabdan əvvəl yaşamış və yaradıcılığında mürtəce-millətçi cəhətlər çox olan şair Məhəmməd Hadini tərifləyir… M.C.Cəfərovun bu ciddi səhvləri onun ədəbiyyatşünaslığa aid əsərlərində təsadüfi olmayıb, sistem halını almışdır”.
“İnsanların dünyaya ağlar gəldiyini və həmişə də belə qalacaqlarını” ağrınaraq yazan Hadini 40-cı illərdə “realist rus ədəbiyyatından öyrənmək əvəzinə, mürtəce Türkiyə xırda burjua yazıçılarının təsiri altında realizmə qarşı mücərrəd romantizmi təbliğ” etdiyinə görə suçlayıblar. Yaradıcılıq kredosunu: “Uçsaydım, ah, mən o müəlla cahanlara! / Yüksəlmək ən böyük əməlim asimanlara” – deyə romantik bir vüsətlə bəyan edən Hadini Azərbaycanın ilk romantik şairi də adlandırmaq olar. Romantizmlə modernizm arasında estetik bir fikir bərzəxi olan dekadentizm də Hadiyə yad deyil. Modernizmin müjdəsini verən əsərləri ilə o, düşüncələrinin nihilist yapısına görə işıqlı xəyallar dahisi, pessimist Şopenhauerin heç zaman xoşbəxt ola bilməyəcəyinə inandığı aləmin obrazını, halını təsvir edirdi. Hadi həm də dekadan şair idi…
***
Diqqətimi “Dəbistan” jurnalının 1907-ci il 4-cü sayında dərc olunmuş “Olmasın” rədifli qəzəl, daha doğrusu, qəzəlin üzərində yazılmış “Övraqi-pərişan arasında” təqdimatı cəlb edir. 1907-ci ildən sonra heç bir kitabında xatırlanmayan həmin təqdimat əslində, Hadi ilə bağlı bilmədiyimiz çox mətləblərə aydınlıq gətirə bilər: “Bir gecə idi. Saət iki radələrində dövri-həyatın ən parlaq və şəşəəli zəmanı bulunan əyyami-səbavətimi (uşaq çağlarımı) dərxatir etmişdim. Şöylə ki, həngami-səbavətimdə (uşaqlıq illərimdə) qaraladığım bir xeyli əski-üski vərəqləri qarışdırmaya yönəlmişdim. Birdən-birə kim bilir – neçə sənə bundan əqdəm söylədiyim bu əşarim nəzərə yetişdikdə məhv olub getməsün fikrilə “Dəbistan” cərideyi-müfidəsinin sütuninə dərci münasib görüldü”.
Bəzən bir şairin övraqi-pərişanından, dağınıq kağızlarının arasından ədəbiyyat tariximizin mərhələlərinə aydınlıq gətirən belə möcüzələr də çıxa bilir… 1907-ci ildə 28 yaşlı Məhəmməd Hadi “kim bilir neçə sənə bundan əqdəm” yazdığı: “Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? / Hansı bülbüldür cəfayi-xaridən zar olmasın?” beyti ilə başlayan “Dünya saheyi qəmdir” şeirini həngami-səbavətində, yəni uşaqlıq çağlarında qaraladığı kağızların arasından tapır…
Bir də 1919-cu ildə Səməd Mənsura ithaf etdiyi “Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım” adlı son şeiri var:
Gözüm bir gülməyir
bu ərzi fəryadı görən gündən,
Könül şad olmayır
bu səhni-naşadı görən gündən…
P.S. 1942-ci ildə “Ədəbiyyat qəzeti”nin 32 yaşlı şöbə müdiri Məmməd Cəfərin burda dərc olunan “Səni kim unudar?” məqaləsi altı il sonra “Ədəbiyyat qəzeti”nin səhifələrində hədəfə alınanda qəzetin redaktoru elə Məmməd Cəfərin özü idi. Bu səbəbdən də təkcə Hadi deyil, təkcə “Səni kim unudar?” məqaləsi də deyil, məqalə müəllifinin redaktoru olduğu qəzet də Mərkəzi Komitənin ittihamlarına məruz qaldı: “Ədəbiyyat qəzeti” xüsuslilə pis çıxarılır. Qəzetin redaktoru Məmməd Cəfər Cəfərov qəzetə rəhbərlik etmir, kənar işlərlə çox məşğuldur. Azərbaycan ədəbiyyatının ideya-nəzəri məsələlərinə tamamilə laqeyd münasibət bəsləyir, üzərində yaxşı düşünülməmiş… materiallar dərc edir”.
Kənar işlər nə idi?
Hadi haqqında yazmışdı.
Hələ üstəlik, repressiya dalğası səngiməmiş repressiya qurbanı Müşfiqin misrasını Hadi barədə yazdığı məqalənin sərlövhəsinə çıxarmışdı.
1949-cu ildən isə Məmməd Cəfər artıq qəzetin baş redaktoru deyildi…
/edebiyyatqazeti.az/