sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Hovard Fillip Lavkraft. Ultarın pişikləri

27/01/2022 - 13:32
A A
Facebookda paylaş

Deyirlər ki,   Skayi çayının o tayında yerləşən Ultarda bir nəfər belə pişiyi öldürə bilməzmiş.  Odun qarşısında mırıldanan pişiyə baxanda mən buna inandım. Çünki pişik sirli və insanların görə bilmədiyi qəribə şeylərə yaxındır. O qədim Misirin ruhudur Meroe və Ofirdəki unudulmuş şəhərlərin nağıllarının  daşıyıcısıdır. O, cəngəllik ağalarının qohumudur  qədim və  uğursuz Afrika sirlərinin varisidir. Sfenksin əmisi oğludur və onun dilində danışır; lakin  Sfenksdən daha qədimdir və onun unutduqlarını xatırlayır.

Ultarda,  pişiklərin öldürülməsini qadağan etməzdən əvvəl, qonşuların pişiklərini tələyə salıb öldürməkdən ləzzət alan  qoca kişi və arvadı yaşayırdı. Niyə belə etdiklərini  bilmirəm. Bəzi istisnalar olmaqla, çoxları gecə pişiyin səsinə nifrət edir və pişiklərin alaqaranlıqda həyətlərdə və bağlarda gizlicə qaçmasına pis baxırdılar. Lakin nədənsə, həmin yaşlı cütlük evlərinə yaxınlaşan hər pişiyi tələyə salıb öldürməkdən həzz alırdılar,  və hava qaraldıqdan sonra eşidilən bəzi səslərdən bir çox kəndlilər elə bilirdilər ki, onların öldürmə tərzi olduqca özünəməxsusdur. Amma kəndlilər qoca və arvadı ilə belə şeyləri müzakirə etmirdilər. Ona görə ki, hər ikisinin qırışmış üzlərindəki  ifadə qorxulu idi və onların bağçası baxımsız bir həyətin arxasında səpələnmiş palıd ağaclarının altında çox kiçik bir yer idi və qaranlıq ərazidə gizlənmişdi. Əslində, pişik sahibləri bu qəribə insanlara nifrət etdikləri kimi,  həm də onlardan qorxurdular; və onları qəddar qatillər kimi təhqir etmək əvəzinə, heç bir əziz ev heyvanın və ya siçanın  ağacların altındakı qaranlıq  ucqar evə doğru getməməsinə diqqət yetirirdi. Hansısa qaçılmaz vəziyyət nəticəsində bir pişik buraxıldıqda və gecə vaxtı səslər eşidiləndə, canlının sahibləri aciz şəkildə ağlayırdı ya da taleyinə şükür edərək özünə təsəlli verirdi ki, yaxşı ki, yoxa çıxan övladlarından biri deyildi. Çünki Ultar əhalisi sadə insanlar  idi və bütün pişiklərin ilk dəfə haradan gəldiyini bilmirdilər.

Bir gün cənubdan Ultarın dar , daş döşənmiş küçələrinə  qəribə səyyahlardan ibarət karvan gəldi. Onlar qaraşın  idilər və hər il iki dəfə kənddən keçən digər səyyahlardan fərqli olaraq, bazarda gümüş xəzinələri ilə bağlı hekayələr danışıb tacirlərdən  muncuqlar alırdılar.  Səyyahların hardan gəldiyini heç kim deyə bilməzdi ancaq onlar qəribə dualar oxuyur, at arabalarının kənarlarına insan bədənli, pişik, şahin, qoç, aslan başları olan qəribə fiqurlar çəkdikləri görünürdü.  Karvan rəhbəri iki buynuzlu və buynuzların arasında qəribə disk formalı başlıq taxmışdı.

Bu karvanda atası və anası olmayan yalnız qara pişiyə sahib uşaq  var idi. Vəba onun hər şeyini əlindən almışdı, lakin kədərini azaltmaq üçün ona bu kiçik, tüklü canlını  buraxmışdı.  İnsan çox gənc olanda,  pişik balasının varlığı ilə də böyük bir rahatlıq tapa bilər. Ona görə də səyyahların  Menes adlandırdıqları oğlan qəribə rəngə boyanmış arabanın pilləkənlərində öz zərif pişik balasıyla oynayarkən ağlamaqdan daha çox gülümsəyirdi.

Səyyahların Ultarda qaldığı üçüncü günün səhəri Menes pişik balasını tapa bilməyib bazarda ucadan hönkür-hönkür  ağlayanda bəzi kəndlilər ona qoca ilə arvadı və gecə eşidilən səslər haqqında danışdılar. Bunları eşidəndə hönkürtü yerini düşünməyə və nəhayət duaya verdi. Qollarını günəşə tərəf uzadıb heç bir kəndlinin başa düşməyəcəyi bir dildə dua etdi.  Baxmayaraq ki, kəndlilər anlamaq üçün çox cəhd göstərmirdilər, çünki onların diqqətini əsasən səmada və buludlarda görünən qəribə şəkillər çəkirdi. Bu, çox qəribə idi, çünki balaca oğlan öz duasını söyləyərkən, sanki, ekzotik şeylərin –  kölgəli, buynuzlu disklərlə taclanmış hibrid canlıların dumanlı fiqurları yaranırdı. Təbiət xəyalpərəstləri heyran etmək üçün belə illüziyalarla zəngindir.

Həmin gecə səyyahlar Ultarı tərk etdilər və bir daha görünmədilər. Həmin vaxtdan bəri hər evə  tanış olan   böyük,  kiçik, qara, boz, zolaqlı, sarı və ağ pişiklər yoxa çıxdı. Kənd sakinləri bundan narahat oldular. Başçı Kranon əmin idi ki,  Menesin pişiyi itdiyinə  görə qisas almaq üçün pişikləri  səyyahlar aparıblar. Əhali  karvanı və balaca oğlanı lənətlədi. Lakin notarius Nit bildirdi ki, qoca  və onun arvadı daha çox şübhələnəcək şəxslərdir. Çünki onların pişiklərə nifrətləri kəskin və getdikcə daha cəsarətli idi. Yenə də heç kim bu cütlüyə şikayət etməyə cəsarət etmədi. Hətta meyxana sahibinin oğlu  balaca Atal and içirdi ki, o, alaqaranlıqda pişiklərin yavaş- yavaş iki sıra şəklində qoca və qarının evinə  getdiklərini görüb ,   sakinlər balaca uşağın sözünə inanmasalar da yaşlı cütlüyün kəndin bütün pişiklərini öldürdüklərinə inanırdılar. Yaşlı cütlük evlərindən çıxmadıqca heç kim onlarla danışmağa cəsarət etmirdi.   Ona görə də Ultar sakinləri qəzəblə yuxuya getdi.

Sakinlər  sübh çağı oyananda gördülər ki hər pişik öz aid olduğu evinə qayıdıb. Böyük, kiçik, qara, boz, zolaqlı, sarı, ağ, heç biri əskik deyildi. Pişiklər kökəlmişdilər və xoşbəxtcəsinə mırıldayırdılar. Sakinlər bir-birləri ilə bu haqda danışdılar və az da olsa təəccübləndilər. Başçı Kranon yenə təkid etdi ki, onları səyyahlar aparıb, çünki pişiklər heç vaxt qoca kişinin və onun arvadının evindən sağ qayıtmayıblar. Hamı bu fikirlə razılaşdı . Baş verən hadisədən sonra bütün pişiklərin öz  ət yeməklərindən və ya nəlbəkilərində süd içməkdən imtina etməsi son dərəcə maraqlı idi. İki gün ərzində Ultarın  tənbəl pişikləri heç bir yeməyə toxunmadılar ancaq odun yaxınlığında və ya günəşin altında yatırdılar.

Düz bir həftə idi ki, kəndlilər alaqaranlıqda ağacların altındakı balaca evin pəncərələrində işıqların yandırılmadığını gördülər. Notarius Nit qeyd etdi ki, pişiklərin getdiyi gecədən bəri heç kim nə qocanı, nə də arvadını görüb. Daha bir həftədən sonra başçı qorxusuna qalib gəlmək və vəzifə borcunu yerinə yetirmək üçün qəribə  evə getmək qərarına gəldi, o, dəmirçi Şanqı və daş kəsən Tulu şahid qismində özü ilə aparmağa ehtiyat etsə də, onlar da başçıya qoşuldular. Köhnəlmiş qapını sındırdıqdan sonra yalnız   torpaq döşəmədə iki aydın seçilən insan skeleti və künclərdə sürünən bir neçə  böcək gördülər.

Sonradan Ultar sakinləri arasında çoxlu söz-söhbət yarandı. Həkim Zat notarius Nitlə uzun müddət mübahisə etdi. Kranon, Şanq və Tul sual atəşinə tutuldular. Hətta meyxana sahibinin oğlu balaca Atal da  sorğu-sual edildi və ona  mükafat olaraq bir parça ət verildi. Sakinlər  yaşlı cütlük, qaraşın səyyahlar , balaca Menes və onun qara pişiyi , səyyahların getdiyi gecə pişiklərin yox olması, yaşlı cütlüyün evində gördükləriylə bağlı bir – birləriylə müzakirə etdilər.

Ən sonda başçı Hateyq tacirlərin və Nirdəki səyyahların müzakirə etdikləri bu əlamətdar qanunu qəbul etdi – Ultarda heç kim pişik öldürə bilməzdi.

Tərcümə:   Rzayev Əkbər 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az