Sim-sim.az çağdaş Koreya yazıçısı İ Qi Honun “Arxadakı gözlər” hekayəsini təqdim edir.
1
Onun başının arxasını yaralayan o dövrdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi olmuş Kim Ceqyu idi. Əlbəttə ki, səkkiz yaşlı uşağın başına pivə butulkası tullayan, ya da vintaçanla vuran Kim Ceqyu deyildi. Kim Ceqyu Seulda, o isə kiçik bir şəhərdə yaşadığı üçün aralarında elə də yaxınlıq yox idi. Lakin atası oğlunun başını yaralayanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Kim Ceqyu olmasında israr edirdi. Anası isə “dəlisənsə, get, dəlixanada yat”, “sən necə atasan ki, onsuz da ağılsız olan uşağın başına külqabı atıb lap dəli etmisən” – deyərək ərinə lənət oxuyurdu.
1979-cu ilin payızı idi. Neçə gün idi ki, televiziyada yalnız sıxıcı matəm mahnıları səsləndirilirdi. “Sanki dağlar yarılıb, çaylar çatlayıb, bu kədərə necə dözəcəyik’’deyə başlayıb “Bu ölkənin qoruyucu tanrısı ol, işini sona çatdır” deyə bitən mahnı artıq beş dəfə səslənmişdi. Günlük proqramların efirə verilməsi mümkün deyildi. TBC-də verilən “Hodori və Posuni”, MBC-də yayımlanan “Şarlotta” əvəzinə, səliqəli yas geyimindəki nənələrin sanki bir- biriylə bəhsə girirmiş kimi Koreya bayrağı örtülmüş tabutun qarşısında ağlaşdığı səhnə yayımlanırdı. Bəzən Busana daxil olan Amerikanın təyyarə daşıyan gəmisi olan “Kitty Hawk”ın böyüklüyünü ölçən elmi proqramlar da yayımlanırdı. On beş gündən artıq idi ki, o televizorun qabağında oturub “Hodori ilə Posuni” və “Şarlotta”nı gözləyirdi. Bəzən özü də fərqində olmadan “yayın bu dəli küləyi, keçib gedə kaş…“ – deyə zümzümə edirdi.
On beş gün keçdikdən sonra nənələrin yerinə qandallanmış Kim Ce Qyu cinayətkar qismində, duyğusuz ifadəylə yenidən efirlərdə görünməyə başladı. 32 çaplı 7 gülləli alman tapançası ilə soyuqqanlı görünüşə sahib olan Kim Ce Qyu rolu ilə müqayisədə Bak Conq Hi rolunu oynayan aktyorun hərəkətləri daha təbii görünürdü. Səhnədə Bak Conq Hi vurulduğu üçün huşunu itirməkdən çox stolun altında silahdan gizlənirmiş kimi göründü. Operator fikirləşdi ki, bu cür hərəkət mərhum prezidentə qarşı edilmiş təhqir kimi qəbul oluna bilər. Ona görə də yalnız uzandığı səhnələri yayımladı. Kim Ceqyu buna dözməyib dilləndi.
“Yox, o tərəfə yıxılmadı, bu tərəfə yıxıldı. ”
Elə bu vaxt onun atası üzərində Yonqqunq kafesinin loqosu olan farfor külqabını götürüb televizora atdı. Əgər hər şey planlaşdırıldığı kimi getsə idi, atası iki həftə sonra yoxlama üçün bələdiyyəyə gələn prezident Baq Conq Hi tərəfindən birbaşa “nümunəvi inhisarçı” tərifnaməsi ilə təltif olunacaqdı. Onun atası İnhisar Agentliyi yanında Xarici Tütünlərə Xüsusi Nəzarət Heyətinin bir üzvü idi. Vəzifəsi “Lucky Strike”, “Camel” və “Marlboro” siqaretlərini çəkən insanların aşkarlanması və prokurorluğa təhvil verilməsindən ibarət idi. Onun atasının nailiyyətləri çox böyük idi. O qədər çox adam ifşa etmişdi ki, onları prokurorluğa təhvil verməyə üzü belə gəlmirdi. Ona görə də bəzən onun atası prokurorluğun ağır iş yükünü yüngülləşdirmək üçün müttəhimləri ifşa etmək əvəzinə onlardan pul, əşya və s. alırdı. Onun evində olan “Gold Star”ın yeni iddialı məhsulu olan 14 düymlük televizor, “Taihan Electric Wire”dan tutumu 250 litr olan soyuducu da bu əşyalardan biri idi. Onun atası bütün bunların prezident Baq Conq Hinin sayəsində olduğunu düşünürdü. İnsanların siqareti çox çəkməsi də, yerli tütün fermerlərinin qorunması da, ifşa sənədlərinin televizorla əvəz edilməsinin mümkün olması da Baq Conq Hinin sayəsindədir deyə düşünürdü. Və hesab edirdi ki, bütün bunları Qunqconqdonqda masanın üzərinə qoyulan “Chivas Regal” ilə birlikdə havaya uçuran əsas günahkar Kim Ce Qyudur. Axı necə külqabını atmasın! Əlindən gəlsə, soyuducunu da atardı.
Amma atasının atdığı külqabının düşdüyü yer, təəssüf ki, “Gold Star”ın son model televizorunun ekranı deyil, otağın döşəməsi idi. Külqabı parça-parça oldu. Bu qırıq parçalarından ikisi yeganə günahı televizorun qabağında oturub səbirsizliklə “Şarlotta”nı gözləmək olan oğlunun başının arxasına düşdü. Səkkiz yaşlı oğlan 62 yaşlı prezident Bak Conq Hi kimi birdən üzü üstə yerə düşdü. Bu vaxt televizorda yenidən Kim Ce Qyunun sözləri eşidildi.
“Demişdim axı, o dəqiqə yerə yıxılmamışdı.”
Beləliklə, onun başının arxasında iki yerdə pişik gözü böyüklüyündə dəlik yarandı. Hələ o vaxta qədər heç kim bilmirdi ki, başının arxasındakı iki dəlik onun həyatına necə təsir edəcək və hansı rol oynayacaq. Doğrusu, o vaxta qədər başının arxasındakı iki dəlik eləcə dəlikdən başqa bir şey ola bilməzdi.
Onun başının arxasındakı iki dəliyə xüsusi məna verən şəxs qonşuluqda yaşayan təbib Çve idi (o, şübhəsiz ki, insanlara sevinc bəxş edən bir insan idi). Məhəllədə Çve haqqında iki fərqli düşüncə var idi. Bir tərəf düşünürdü ki, Çve ölkənin ən yaxşı tibb fakültəsini əla qiymətlərlə bitirib, lakin o, mövcud hökumətin anti-demokratik səhiyyə siyasətinə güclü şübhə ilə yanaşıb və şəxsən marksizim-leninizmi tətbiq etmək üçün bu məhəllədə məskunlaşıb. O, xüsusilə, məhəllədə yaşayan qadınlardan tam dəstək alırdı və bunun səbəbi onlar üçün ikiqat göz qapağı əməliyyatını yerli klinika qiymətlərinin yarısından da aşağı qiymətə etməsi idi. Məhəllədə yaşayan azsaylı universitet tələbələri analarının göz qapaqlarını görüb marksizm-leninizmə daha da məftun oldular. Bir neçə ay ərzində isə marksizm-leninizm tatuajları olan bütün qadınlar məhəllədə sanki qanad çalıb uçurdular.
Çve haqqında başqa bir şayiə isə onun əvvəllər kiçik bir ortopedik cərrahiyyə şöbəsinin işçisi olması idi. Xəstəxana çox kiçik olduğuna görə Çve bəzən tibb bacısının yerinə həkimə kömək edir və bunu edərkən bir neçə tibbi təcrübəni öyrənirdi. Sanki bu söz-söhbəti sübut edirmiş kimi o doğurdan da daxili xəstəliklərdə bir o qədər də yaxşı deyildi, mədə ağrıları və başgicəllənmənin ən kiçik əlamətləri belə ortaya çıxsa, əvvəlcə qurd təmizləyici dərman hazırlayırdı. Bir dəfə o, appendisiti olan yaşlı qadına çoxlu miqdarda qurd təmizləyici dərmanını elə həmin anda içirərək az qala ölümünə də səbəb olacaqdı. Məhəllədə yaşayan uşaqlar isə onu hər görəndə söyürdü.
Hər halda, cənab Çvenin tibbi bacarıqları, daxili xəstəliklər istisna olmaqla, əla idi. O, qoca qadının on ildir mövcud olan artritini cəmi iki ay ərzində sağaltmışdı. Futbol komandası üzvlərinin yırtılmış diz əzələlərini onların yatmış döyüş ruhunu oyatmaq üçün V şəklində tikmişdi. Bəziləri onun külli miqdarda narkotik maddə olan dərmanlarla sakinləri ovsunladığını, bəziləri isə onun okkultizmə inandığını, tanrıların icazəsi ilə xəstələri sağaltdığını deyirdi. Müalicə zamanı anlaşılmaz sözləri mızıldanmağın da bir növ cadu olduğu deyirdilər.
Həmin vaxt o birinci sinifə gedirdi və cənab Çveyə qarşı heç bir qərəzi yox idi. Onun cənab Çve ilə bağlı bildiyi yeganə şey ABŞ hərbi bazasının bufetində işləyən qadının gözlərinə marksizm-lenizm işarələrini çəkib əvəzində on qutu siqaret almağı, cənab Çvenin yerə atdığı siqareti götürüb qarışqa yuvasını qazarkən işdən evə qayıdan atasının təsadüfən bunu görməsi və bir az düşündükdən sonra qonşular arasındakı dostluq pozulmasın deyə həyat yoldaşının göz qapağı əməliyyatı və dərmanlarla cəzanı dəyişdirməsi idi. Onun bildikləri sadəcə bunlardan ibarət idi.
Başının arxasında iki dəlik yaranan kimi anası onu təbii ki, cənab Çvenin yanına apardı. “Onsuz da dərsləri yaxşı deyildi, artıq başının arxasında dəlik olan uşağa necə baxım? Mümkün qədər gözəl tikin” – deyərək evə getdi. Anası danışarkən cənab Çve başını aşağı əymişdi. Anası pul qabını çıxarmadan birdən-birə ən nazik göz qapaqlarının onda olduğunu deyərək əsəbi halda ildırım sürəti ilə müayinə otağını tərk etmişdi.
Müayinə otağında yalnız cənab Çve və o qalmışdı. Bura tək çarpayısı, metal masası və divardan Hippokrat andı yazılmış çərçivə asılan kiçik bir yer idi.
Cənab Çve bir müddət dinmədən dəmir masa arxasında oturdu. Sonra birdən var gücü ilə yumruqlarını dəmir masaya vurdu. O, narahat şəkildə sarsıntı nəticəsində divarda silkələnən Hippokratı izləyirdi. Hippokrat andı xəstə stulunun düz yanındakı divardan asılmışdı. Cənab Çve bir anlığına ayağa qalxıb Hippokrat andını yerə atacaqmış kimi ard-arda dəmir masaya vurdu. Hippokrat sürətli şəkildə irəli-geri gedirdi. Hətta andın mətni də görünmürdü. O bunun xəstənin daha tez şəkildə yatağa uzanmasına səbəb olan cənab Çvenin bənzərsiz bir bacarığı olduğunu düşündü. Ona görə də sakitcə durub yatağa uzandı. Ardınca dəmir masanın silkələnməsi də dayandı. Bunun əvəzinə cənab Çvenin dərin nəfəs səsləri eşidilirdi. Müalicə isə cənab Çvenin hardasa beş-altı dəfə dərindən nəfəs almasından sonra başladı.
“Bunu kim edib?”
Cənab Çve yaxşı kəsməyən ülgücü ilə onun qanlı dolaşıq saçlarını kəsərkən soruşdu.
“Kim Ce Qyu.”
Cənab Çvenin əli dayandı.
“Kim?”
“Kim Ce Qyu.”
Cənab Çve bir müddət dinmədi, daha sonra yenidən ülgüclə işinə davam etdi.
“Görünür, prezident Baq Conq Hi sənin başında yaşayır. ”
O, cənab Çvenin bu sözlərinə heç cavab da vermədi. Başının arxasında cənab Çvenin ülgücünün itilənmə səsləri eşidilir, yataqda isə turş kresol qoxusu gəlirdi. O, gözlərini bərəldib yastığın qabağındakı divara boş-boş baxırdı.
“Bir az ağrıyacaq.”
Cənab Çve iynəni saplayıb təxminən bir oktava yüksəkliyində coşğu dolu bir səslə dedi. İynəni tutduğu sağ əlində hörümçək toruna bənzəyən bənövşəyi vətərlər görünürdü. Sanki bütün bədəni rahatlamışdı. Yataq isə təəccüblü şəkildə yumşaq idi.
“Gözləri, həqiqətən, prezident Baq Conq Hinin gözlərinə bənzəyir.”
Cənab Çve iynənin ucu ilə onun iki yarasına da toxunaraq öz-özünə dedi:
“Mən öz vəzifəmi yerinə yetirib yaranı tikəcəm. Oğlum, sən isə dözməlisən.”
Cənab Çve iynəni yaranın kənarına batırdı. Bu zaman onun çiyinləri gərildi.
“Ağrıyır, hə?”
“Yox, az-maz”
“Elə?”
Cənab Çve onun başının arxasına doğru daha da əyilmişdi. İynə onun yarasından yol açır və hər dəfə havaya qalxanda başı sap ilə birlikdə təxminən on santimetr havaya qalxırdı.
“Həqiqətən ağrımır?”
“İpə görə qaşınır ancaq.”
Cənab Çve bir anlıq fikrə getmiş kimi heç nə demədən dayandı.
“Baq Conq Hi necə gönüqalın imiş”
Cənab Çve işinə davam etdi. Lakin çox keçmədən ip ikiyə bölündü. Çevik şəkildə iynənin gözünə ip keçirib yaranı tikməyə başladı. Onun bədəni hərəkət etmirdi. Sadəcə yuxuya getməmək üçün çənəsini bərk sıxırdı.
“İndi də ağrımır?”
Cənab Çvenin üzü sərxoş insanın üzü kimi qızarmışdı. Onun cənab Çveyə yazığı gəldi. Və düşündü ki, necə etsə, cənab Çve sadəcə müalicə ilə məşğul olar. O, yuxulu səslə dedi:
“Dayı, ağrıyır. Ağrıdan öləcəm.”
“Ağrıyır, hə? Mən bu gün o əclafın gözlərini…”
Cənab Çve sakit olmaq bir yana dursun, daha da səs-küylü şəkildə işinə davam etdi. O, gözlərini yumdu. Hər şey getdikcə bulanıqlaşırdı. Hətta qıcıqlanma hissi də yox oldu. Qulaqlarında sadəcə öz-özünə deyinən cənab Çvenin səsi qalmışdı. Əclaf, əclaf Baq Conq Hi, siqareti belə istədiyim kimi çəkməyə icazə verməyən o əclaf…
Elə bu an o ilk dəfə şübhə etdi ki, bəlkə də, prezident Baq Conq Hi başının arxasında gizlənib. Cənab Çve özünün görmədiyi bir şey görmüşdü və buna görə də belə əsəbi idi. Əks halda cənab Çvenin bir uşağa bu cür əsəbiləşməyi mümkün deyildi.
Belə düşünəndə, doğrudan da, həqiqət bu imiş kimi görünürdü. Elə buna görə başı ağrımırdı, təsadüfən cənab Çvenin “Camel” siqaretini əlinə götürməsi də prezident Baq Conq Hinin əmri ilə edilmişdi… Digər tərəfdən, o, həqiqətin belə olmağını istəyirdi. Hər halda prezident Baq Conq Hi atasına xeyirxahlıq etmiş dəyərli insandır. Elə buna görə də atası ona bir daha külqabı atmazdı… O bunları arzulayaraq yuxuya getdi.
Oyananda cənab Çve onun ayağının yanında dirsəklərini bükmüş halda uzanmışdı. Gözləri bağlı olan cənab Çvenin üzü çox yorğun görünürdü. Ayağa qalxan kimi əvvəlcə başının arxasına toxundu. İdman ayaqqabısının bağı şəklində tikilmiş yara başının arxasının ortasında yan-yana uzanmış iki aypara kimi idi. O, yataqda oturub uzun müddət tikişlərə toxundu. Sol dəliyə yeddi tikiş, sağ dəliyə beş tikiş, cəmi on iki tikiş atılmışdı. O, cənab Çveni oyatmamaq üçün mümkün qədər səssiz addımlarla oranı tərk etdi. Lakin o, qapını açarkən arxasından cənab Çvenin yorğun, lakin hələ də qəzəbli səsini eşitməyə bilməzdi.
“Əgər bir də xəbərçilik etsən, ya da pis işlə məşğul olsan, sənin başının arxasındakı prezident Baq Conq Hi oyanacaq. İpim yox idi, ona görə də tikişlərin boşdu, daha diqqətli olmalısan. Başa düşdün? Deyirəm ki, sənin gözünü də yeyə bilər!”
O, arxasına dönüb baxmadı. Yarasının gərildiyini hiss edirdi. Sanki hər an tikişləri açılacaqmış kimi bütün diqqətini yaraya vermişdi. Tikişlərinin boşaldığını hiss edirdi. O qaçaraq cənab Çvenin evindən çıxdı. Cənab Çveyə tikişlərinin boşaldığını bildirmək istəmirdi. O istəmirdi ki, cənab Çve yenidən prezident Baq Conq Hi ilə dalaşsın.
Onun evə gəldiyini görən anası qışqırdı:
“Sən hələ televizorun qabağında bir də otur! Onda sən də öləcəksən, mən də!”
O, çantasından imla dəftərini çıxarıb açdı. Televizorda isə uzun müddətdən sonra “Şarlotta” yayımlanırdı.
Bundan təxminən iki həftə sonra o, cənab Çvenin sözlərini yenidən xatırlamağa başladı. Cümə günü yazı imtahanında idi. O zaman səkkiz yaşlı uşağın üzləşdiyi ciddi problem prezident Baq Conq Hinin qəfil ölümü, hərbi vəziyyətin tətbiqi və bununla əlaqədar bölgələrdə komendant saatının genişlənməsi və ya Baq Conq Hinin ölümündən sonra hakimiyyətdə baş verən kəskin dəyişiklik deyil, Koreya orfoqrafiyasıyla bağlı biliklər və onun istifadəsi idi. Həmin vaxtlar onun Koreya orfoqrafiya bilikləri çox zəif idi. Onun yazıb oxuya bildiyi yeganə şey özünün adı olan “İ Şibonq”, evində paltar şkafının üstündə markası “Günəş”, “Qalaktika”, “Hansan adası”, “Şintancin”, “Tısbağa gəmisi” və s. olan bir neçə yerli siqaret qutusu və ibtidai məktəbdə birinci sinif dərsliyində olmayan sözlərdən ibarət idi. Onun, demək olar ki, hər gün “lazımsız” fənləri oxumaqdan başqa çarəsi yox idi.
Beləliklə, həmin gün də imtahan vərəqini alan kimi öz taleyi ilə razılaşmağa qərar verdi. Və ifadəsiz bir sifətlə sinif yoldaşları kimi qələmi əlində hazır saxlayaraq müəllimin deyəcəyi sözləri gözləməyə başladı. Anası bu dəfə də sıfır alsa, onu soyundurub darvazanın qabağında bir gün çılpaq dayandıracağını demişdi. Və təhdid etmişdi ki, televizoru atacaq. Ona görə də dərs oxumaq qorxulu gəlmirdi. Evdə birlikdə oynaya biləcəyi dostu olmadığı üçün evə tez getməyin mənası da yox idi. Sinif yoldaşları elə bilirdi ki, onunla danışsalar, onlar da əlifbanı unutmaq xəstəliyinə yoluxacaqlar. Hətta bir sinif yoldaşının dediyi “O, gündüzlər insan olsa da, gecələri toyuğa çevrildiyi üçün əlifbanı öyrənə bilmir” sözləri olduqca məntiqli şayiə kimi yayılmışdı. Ona görə də onun yeganə dostları axşam saat 5-də görüşə bildiyi “Hodori və Posuni” və “Şarlotto” idi. Amma indi o bu dostları ilə görüşə bilməyəcəyi təhlükəsi ilə üz-üzə idi. O özü də bilmədən dərin bir ah çəkdi. Sadəcə müəllimin ağzından “Günəş”, “Hansan adası” kimi sözlərin çıxmasını diləyirdi.
İlk söz “Günəş işığı” idi. O, bir müddət tərəddüd etdikdən sonra vərəqə “Günəş” yazdı. İkinci söz “Koreya bayrağı” idi. Bu dəfə səssizcə qələmi yerə qoydu. Televizoru atan anası gözünün qabağına gəldi. Uzaqda Şarlotta kədərli bir ifadə ilə sağollaşırdı. Hodori ilə Posuni pişiyə çevrilərək masanın ətrafında qaçırdı. O, gözlərini bərk-bərk yumdu. Daha dostlarının kədərlə vidalaşmasını görmək istəmirdi.
Elə bu an onun qapalı gözlərinin qabağına arxada oturan sinif nümayəndəsinin üzü gəldi. Başı aşağı, əlində qələm, səylə cavab vərəqini yazır, üzündə isə məmnun, qürurlu bir ifadə var idi. Sinif nümayəndəsi sinifdə “Monami” qələminə sahib olan yeganə şagird idi. O, bağlı gözlərini açdı. Gözlərinin qabağında öndə oturan sinif yoldaşının kürəyi və kürsüdə duran müəllim var idi. Qələm səsləri və səylə nəsə yazan sinif yoldaşları. Sinif mənzərəsi əvvəlkindən fərqlənmirdi. O, bir neçə dəfə əli ilə gözlərini ovuşdurdu və qələmin ucu ilə qaşını bərk-bərk basdı. Gözündə heç bir problem yox idi. O, yenidən təmkinlə gözlərini yumdu.
Yenidən arxada oturan sinif nümayəndəsinin üzü gözünün qabağına gəldi. Bu dəfə yalnız üzü deyil, onun partasının üstündə olan cavab vərəqisindən tutmuş üzərində yazılan naməlum sözlərə qədər hər şey açıq-aydın görsənirdi. Hətta arxada divardan asılan mənzərə şəkilləri ilə köhnə lövhə də.
O, yenidən gözlərini açdı. Bu dəfə başını çevirib birbaşa sinif nümayəndəsinə baxdı. Gözlərini yumanda təsəvvürünə gələn sinif nümayəsindəsini görünüşü elə olduğu kimi idi. Müəllim ona arxaya çönmə deyə xəbərdarlıq elədi. Sinif nümayəndəsi də əsəbi şəkildə ona baxdı. Onun yenidən önünə dönməsindən başqa çarəsi yox idi. Bir müddət başının arxasına toxunduqdan sonra parta yoldaşının da eşidə bilməyəcəyi qədər asta səslə mızıldandı.
“Prezident Baq Conq Hi gözlərini açdı, deyəsən.”
Gözünü açanda heç bir problem yox idi. Ətrafındakılari bulanıq şəkildə də görmürdü. Problem gözünü yumanda yaranırdı. Sanki başını çevirirmiş kimi, görünməz güzgü taxırmış kimi arxasında olan hər şey gözünə aydın şəkildə görünürdü. Dərhal anladı ki, bu onun gözləri deyil. Bu, prezident Baq Conq Hinin gözləridir, prezident Baq Conq Hinin gördüyü dünyadır…
O, yenidən gözlərini yumdu. Düşündü ki, prezident Baq Conq Hinin güclə açdığı gözləri görməzdən gəlmək olmaz, bu, hörmətsizlik olar. Arxada oturan sinif nümayəndəsinin cavab vərəqi gözlərinin qabağına gəldi. O, təmkinlə həmin yazıları öz vərəqinə yazmağa, daha doğrusu, çəkməyə başladı. Qələm tutduğu əli bir az titrəsə də, yazıları köçürmək elə də çətin olmadı. Bu an düşündü ki, o, sadəcə prezident Baq Conq Hinin gördüklərini qeyd edir.
O, həmin gün yazı imtahanından 90 bal aldı. Onun tək səhvi “Günəş işığı” sözündən ibarət idi (təəssüf ki, pozanı yox idi). Müəllim onu ayağa qaldırdıqdan sonra qızarmış üzü ilə ard-arda “istəsən, bacararsan” deyə qışqırdı, sinif yoldaşları isə könülsüz şəkildə alqışladılar. Bu an, o, bir az qürurlandı.
Həmin gün axşam qayğısız şəkildə “Hodori ilə Posuni” və “Şarlotta”ya baxa bildi. Anası onun verdiyi cavab vərəqini ailə albomuna qoydu. Hətta atası onun çoxdandır istədiyi qoblin qılıncını aldı. O, başının arxasında gözlərini açan prezident Baq Conq Hi haqda heç kəsə heç nə demədi. Sanki bu çox əziz tutmalı olduğu bir sirr idi. Bu isə mütləq şəkildə göstərməli olduğu nəzakət idi.
İki gün sonra cənab Çve qəfil basqın edən sağlamlıq mərkəzinin işçiləri və prokurorlar tərəfindən “İctimai sanitariya-gigiyena normalarını pozduğuna” görə həbs olundu. Cənab Çve heç bir dəfə də etiraz etməyə imkan tapmadan nəzarətə götürüldü. Məhəllədəki insanlar sadəcə səssizcə əlləri qandallı olan cənab Çveyə baxırdılar, lakin heç bir nəfər də cənab Çvenin müdafiəsinə qalxmadı. Sağlamlıq mərkəzinin işçiləri məhəllədə yaşayan insanlara qısaca bildirdilər ki, onlara zəng vurub xəbər verən bir uşaq olub. Bundan sonra məhəllədə heç kim cənab Çvedən xəbər tutmadı. Ara-sıra, bəzən məhəllədəki qadınlar kart oyunları oynayanda bir-birinin gözlərinə çəkilən marksizm-leninizmə baxıb “yenə də çox yaxşı insan idi” deyirdi və danışılan yeganə şey bu idi. İnsanlar asanlıqla cənab Çveni unutdular. Başı böyüməyə qarışan o da eynilə cənab Çveni unutdu. Belə baxanda unudulan yeganə insan guya sadəcə cənab Çvedir ki? İnsanlar son on ildə onlara rəhbərlik edən Baq Conq Hini də, onu öldürən Kim Ce Qyunu da asanlıqla unutmuşdular. Yox, sadəcə belə görünürdü.
2
O, sürətlə böyüdü. Hamı kimi o da ibtidai məktəbi, orta məktəbi bitirdi. Nə ciddi xəstəliyi oldu, nə də pis əməlləri. Gözəçarpan bir bacarığı da yox idi. O, son dərəcə normal xasiyyətə və bədən quruluşuna malik bir oğlan kimi böyüdü.
Atası İnhisar Agentliyinin nəzdindəki Xarici Tütünlərə Xüsusi Nəzarət Heyətindən təqaüdə çıxaraq şəhərin mərkəzindəki alış-veriş bölgəsinin bir küncündə siqaret dükanı açdı. Həmçinin, burada ABŞ hərbi bazası PX-də olan “Camel” siqaretini də gizli şəkildə satırdı. Anası məhəllədəki qadınlarla o vaxtlar içki qiymətlərini bir xeyli qaldıran ”Dubalo” barına girib-çıxaraq digərlərinin qəlbinə girmək üçün böyük səy göstərsə də, çox vaxt onların diqqətindən kənarda qalırdı. Bu vaxtlar anası sərxoş səslə ucadan fəryad edərək göz qapaqları çox nazik olduğuna görə belə olduğunu və məhəllədən getmək istədiyini deyirdi.
Məhəllənin yalnız bir neçə nəfərdən ibarət olan tələbələri analarının gözünə həkk olunmuş marksizm-leninizmin yox olmasına məyus olaraq qərarlarını dəyişdirib bir-birilərinin ardınca dövlət qulluğuna qəbul imtahanı verdilər. Hər dəfə imtahandan kəsiləndə məhəllədəki telefon dirəyinin ortasına Kim Cihanın şeirlərindən misralar yazıb hıçqıra-hıçqıra ağlayırdılar.
Onun dostları üç dəfə ard-arda prezident çıxaran hərbi akademiyaya daxil olmaq üçün qabaqcadan saçlarını qırxdırıb “riyaziyyatın əsasları” kitabından bərk-bərk yapışır, hərbi məşq vaxtı gələndə sanki hərbi akademiyaya daxil olan kursantlar kimi saxta Kalvin tüfənglərini tutub Kim İlsonqun müqəvvasına doğru ucadan qışqıraraq irəliləyirdilər.
Onun ətrafındakı insanlar dəyişirdi, amma onun haqqında heç vaxt dəyişməyən bir neçə şey var idi. Onların arasında ən diqqət çəkəni Koreya orfoqrafiyasını anlamaq və ondan istifadə etmək bacarığı idi. Təəssüf ki, orta məktəbi bitirənə qədər öz bacarığı ilə yaza və oxuya bildiyi tək şey öz adı, ”Günəş”, ”Qalaktika”, ”Hansan adası”, ”Şintancin” və ”Tısbağa gəmisi” idi. İbtidai məktəbdə birinci sinif bacarıqları ilə tamamilə eyni idi. Heç bir istisnasız.
Onun bu cür Koreya dili bacarıqları ilə orta məktəbi təhlükəsiz şəkildə bitirə bilməsinin sirri təəccüblü dərəcədə sadə idi. Buna səbəb başının arxasında duran prezident Baq Conq Hinin gözünün qocalmadan sürətlə hərəkət etməsi idi. Hətta orta məktəbdə humanitar fənlər üzrə orta məktəbə qəbul imtahanı verərkən o, təkrar-təkrar gözlərini yumub açaraq cavab vərəqisini doldurmuşdu. Və hər dəfə də yaxşı qiymətlərlə yüksək səviyyəli məktəbə daxil olurdu. Üstəlik, hərfləri çəkməkdə heç bir çətinliyi yox idi, çünki həmin vaxtlar istisnasız bütün suallar variantla tərtib edilirdi. Bu, kodlaşdırma vərəqinə qara nöqtə qoymaqdan ibarət olan çox sadə bir imtahan idi. Onun məktəbdə qiymət sıralaması arxa partada oturan sinif yoldaşının hansı qiymət almasından asılı olaraq hər il dəyişirdi. Orta məktəbin ikinci ilinin birinci semestrində həmişə ən arxada imtahan verdiyinə görə qiymətlərinin də sıralamada ən sonda olması qaçılmaz idi.
Əgər başının arxasında prezident Baq Conq Hi olmasa idi, görəsən, nə baş verərdi? Bəlkə də, o, indikindən daha çox Koreya dilində sözləri oxuyub yaza bilərdi. Humanitar lisey olmasa belə, bu biliyi ilə şəhərə yaxın kənd təsərrüfatı liseyinə və ya texniki liseyə daxil ola bilərdi. Yox, bəlkə də, ağır zəhmətdən sonra humanitar liseyə belə daxil ola bilərdi.
Lakin başının arxasında prezident Baq Conq Hinin gözü ortaya çıxandan sonra onun bütün biliklər və onu öyrətmək üçün göstərilən səylər ilə vidalaşmaqdan başqa çarəsi qalmamışdı. Gözlərini yumub dərsləri haqqında düşünməyə çalışsa belə, başının ortasında oturmuş prezident Baq Conq Hi onu rahat buraxmırdı. Ona görə də o hər şeyi təvazökar bir ürəklə qəbul etmək qərarına gəldi. Onun savadsızlığına yazığı gələn prezident Baq Conq Hi gözlərini yummayıb ona baş çəkməyə gəldiyini, prezident Baq Conq Hinin bu dünyada təhsillə bağlı peşmanlığının qaldığını, başqa sahəyə həris olmasa, (məsələn, qumarxana) heç bir problemin yaranmayacağını düşünürdü.
Onun hərbi akademiyaya müraciət etməyib Seuldakı ən yaxşı universitetə qəbul olmaq üçün özünəinamlı şəkildə sənədləri verməsi də bu düşüncənin bir hissəsi idi. O, təhsilə böyük marağı olan prezident Baq Conq Hi üçün daha yaxşı təhsil mühiti yaratmağı öz vəzifəsi hesab edirdi. Məsələn, arxa partada daha ağıllı bir nəfəri oturtmaq.
Amma bilmədiyi şeylər var idi. O dövrdə, Seulun və universitet deyilən məkanın elmi mühitdən nə qədər fərqli olduğunu bilmirdi. Eyni zamanda prezident Baq Conq Hi sağlığında universitet və onun tələbələrinə necə kin, nifrət bəslədiyini də bilmirdi.
Axır ki, o, Seula qədər getdi. 1991-ci ilin mart ayı idi. Prezident hələ də hərbçi idi. Koreya Hərbi Akademiyası isə tələbə qəbulu üzrə indiyə qədər olan ən yüksək rekord nəticəsini əldə etmişdi.
3
O, təmkinli və çalışqan bir tələbə oldu. Yuxarı kurs tələbə yoldaşları ilə birlikdə ramyon qaynadaraq yeyəndə lağlağı edib gülmədi də, tələbə yoldaşları ilə nəfəsi kəsilənə qədər Jokquya (ayaq voleybolu) da aludə olmadı. İştirak haqqı 2000 von olan semestrin açılış yığıncağına qatılmadı, dərnəklərə və ya konfrans otaqlarına da yaxın durmadı. O vaxtlar birinci kurs tələbələrinin demək olar ki, məcburən öyrənməli olduğu “rəqs” məşğələlərindən də ayaq tağının düz olması ilə bağlı qeyri-dəqiq səbəbdən azad olmuşdu. O, sadəcə Ahyondonqda qaldığı ev ilə Şinçondakı universitet arasında gedib gəlirdi. Və bu müddətdə nə hansısa hobbi ilə məşğul oldu, nə də hansısa qızla tanış oldu.
Onu belə görən yoldaşları deyirdi ki, o, Milli Təhlükəsizlik Agentliyinin yüksək vəzifəli məmurunun yeganə oğlu olduğuna görə belədir. Başqası deyirdi ki, xeyr, Yonqsandakı barda bütün gecə xalalarla olduğundan bizimlə vaxt keçirmək istəmir. Digəri deyirdi ki, nə danışırsan, o, əslində fransızlar tərəfindən övladlığa götürülüb, Koreya dilini ona görə yaxşı bilmir. Onun əsl adı İ Şi Bonq deyil, Alenq Şi Bonq idi və sair və ilaxır.. Belə minlərlə şayiə, təxmin var idi. Amma heç kim birbaşa onun özündən soruşmağa cəhd etmirdi. Sadəcə onun başını aşağı salıb diqqətlə otağına getməsinə baxır və pıçıldaşırdılar.
91-ci ilin aprel ayının sonlarında onun adı sinif yoldaşları arasında ciddi şəkildə tanınmağa başladı. Daha dəqiq desək, 1991-ci il aprelin 27-də mülki geyimli polis tərəfindən başının arxasından vurulan tələbənin ölümünün ertəsi günü idi. Şinçon bölgəsindəki küçə nümayişlərin dərhal ardından bağlanmışdı. Birdən ətrafına onlarla tələbə yoldaşı toplaşdı. Onlar ətrafa toplaşıb hamısı birdən alqışlamağa başladılar. Bəzi insanlar onun adının qarşısına “möhtərəm lider ” və “komandir” kimi sözlər əlavə edərək onu çağırdılar. Tələbə İttifaqının sədri deyilən şəxs yanına gəlib onu bərk qucaqladı və tələbə yoldaşları onunla çiyin-çiyinə verərək (onun fikrini heç soruşmadan) universitetə qayıtdılar. Sol tərəfində dayanan tələbə yoldaşı otuz saniyəlik fasilələrlə “Şəhidin vəsiyyətinə əməl edərək No Te U rejimini devirək” şüarını səsləndirməsi onu təəccübləndirirdi. Universitetə qayıdanda belə, hələ də nə baş verdiyini bilmirdi. Niyə insanların birdən-birə ona bu qədər yaxşı davrandığını, sol tərəfdəki oğlanın niyə onu diksindirdiyini başa düşmürdü.
Günün hadisələrinə daha yaxından nəzər saldıqda ümumi vəziyyət belə idi. Beləliklə, o, həmişə olduğu kimi, həmin gün mühazirədən sonra evinə qayıtmaq üçün cəld universitetin qapısından çıxırdı. Onun addımları hələ də sürətli idi və başı mümkün qədər aşağı əyilmişdi. Başqaları ilə təmasda olmaqdan tamamilə çəkinirdi.
O düşünürdü ki, başqaları ilə söhbət edərkən onun sirri üzə çıxsa və hətta ali məktəbə necə qəbul olduğunun sirri açılsa, o, başının arxasında yenidən doğulmaq üçün mübarizə aparan prezident Baq Conq Hinin iradəsinə xəyanət etmiş olacaq, bu isə dirilməyə çalışan adama qarşı nəzakətsizlik olardı. O düşünürdü ki, prezident Baq Conq Hinin yenidən dirilməsində olan mənanı düşünmək və öz otağında rahib kimi həyat sürmək onun vəzifəsi və taleyi idi. O vaxt yenicə debüt edən Şin Sınq Hunun çıxış etdiyi proqrama bütün günü öz otağında baxmaq kimi şansı olsa da….
Lakin həmin gün avtobuslar əvəzinə əllərində bayraq tutan tələbələr yolda ora-bura qaçırdılar. Dayanmadan əl çalıb qışqırırdılar. O, bir müddət dayanacaqda dayanıb avtobus gözlədi. Amma avtobus gəlmədi. Əksinə davamlı olaraq yalnız tələbələr axışırdılar. Məktəbdən evinə kimi təxminən otuz dəqiqəlik piyada yol var idi. Bir az tərəddüd etdikdən sonra çantasının qollarını çiyninə sıxıb yola qaçdı. O düşünürdü ki, başını aşağı salıb sürətlə qaçsa, tələbə yoldaşları və ya yuxarı kurs tələbələri ilə rastlaşsa belə, onu tanıya bilməyəcəklər. Maraqlısı odur ki, tələbələrin aksiyası da onun evinin yaxınlığında idi. O, tələbələrin arasından keçərək tam sürətlə qaçmağa başladı. Bir neçə tələbə qız onunla toqquşub yıxılsa da, sürətini azaltmırdı.
Seul şəhər bələdiyyə binasına doğru rəvan irəliləyən tələbələr İhva Qızlar Universitetinin qarşısındakı yol kəsişməsində dayandı. Bunun səbəbi Ahyon keçidini son maneə kimi istifadə edərək ikili və ya üçlü düşərgələrdə olan çevik polis alayının çoxsaylı gözyaşardıcı qaz qumbarası ataraq şiddətli müqavimət göstərməyə çalışması idi. Bir anın içində tələbələrin sıraları dağıldı. Çevik polisi alayı və tələbələr bir-birindən təxminən yüz metr aralı idi. Həmin an bəzi tələbələr sanki hər an tutulacaqmış kimi dönüb qaçmağa başladılar. Davamlı olaraq nizam-intizam qışqıran tələbələr də var idi, yolun ortasında uzanıb tənəffüs yolları tıxanmış kimi ağır-ağır nəfəs alan qız tələbələr də var idi. Tələbə sıralarının önündə dayanan polislər çaşqınlıq içində olan tələbələri seyr etsələr də irəli getmirdilər. Yeganə etdikləri heç bir səbəb olmadan yoldakı dəmir boruyu döymək, yanaqlarından süzülən göz yaşlarını gizlətmək və ondan doqquz alov qalxacaq molotof kokteylini yol kənarına atmaq idi. Hətta bir addım da irəli gedə bilməyəcəkləri bir vəziyyət idi. Çevik polis alayı yavaş-yavaş məsafəni bağlayırdı.
Və həmin an idi. Tələbələr arasından bir nəfər sürətlə polis dəstəsinə tərəf qaçdı. Əynindəki paltara və çantaya baxanda onun universitet tələbəsi olduğu aydın görünürdü. Lakin o, başına lent taxmamış, sol sinəsinə isə qara lent sancmamışdı.
Polis məmurları və tələbələr onu ilk dəfə görəndə polisə doğru qaçan ehtiyatsız və həssas bir tələbə olduğunu düşündülər. Bu, ilk öncə vaxtaşırı qan görən tələbələr tərəfindən edilən adi bir hərəkət kimi qəbul edildi. Hətta bir neçə tələbə onu dayandırmaq üçün meydana da atıldı. Lakin tezliklə onu tutmaqdan imtina etdilər. Onun addımları sürətli idi, ancaq qəribə bir şey hiss edilirdi. Qaçış forması… Önə doğru qaçarkən duruşu qəribə idi. Aydındır ki, o, önə doğru qaçırdı, lakin üzü və sinəsi tələbələrə baxırdı. Yalnız bundan sonra tələbələr onun geriyə qaçdığını anladılar. O, gözyaşardıcı qaza məruz qalan gözlərini bərk-bərk yumaraq qorxunc bir sürətlə geriyə doğru gedirdi.
Partlayıcı butulka, daş və gözyaşardıcı qazın tüğyan etdiyi bu vəziyyətdə başının arxası açıq halda onlara tərəf qaçan tələbə… Çevik qüvvət alayı tələbələri hədəfə aldıqları gözyaşardıcı qaz qumbara atanlarını yerə qoyaraq onu boş gözlə izlədilər. Birdən ortaya çıxan bütün bu vəziyyət, partlayıcı butulka, daş və gözyaşardıcı qazla dolu olan yol sanki uşaq meydançasına çevrilmişdi. O isə dəyişməz cəsarətlə qollarını yelləyərək qəzəblə önə doğru tərs formada irəliləməkdə idi.
Onu tutmaq üçün bir neçə polis qaçdı və onlar arasında qovalama oyunu başladı. Bu, tələbənin onu tutmağa çalışan polislərin üzünə baxaraq qaçdığı üçün polislərin qürurunu ciddi şəkildə zədələdiyi bir oyun idi. Tələbələrlə polislər arasındakı 100 metrlik boş yolda başgicəlləndirici dönüşlər edilən oyun. Binaların pəncərələrindən boylanaraq aksiyanı izləyən vətəndaşların təəccüblü səsi eşidilir, qovalama oyununu izləyən aksiyaçılar isə sıranı yenidən nizama salmaq üçün vaxt əldə edirdilər. O, geriyə doğru qaçsa da, qarşısındakı ağaclara və ya zibil qutularına dəymir, hətta polislərin tutduğu dəyənəklərə belə dəymirdi. Özünü itirmiş şəkildə sadəcə onu tutmaq niyyətində olan polis bəziləri aksiyaçılar tərəfindən tutuldu və qaz maskaları, dəyənəkləri əllərindən alındı. Polis qüvvələrinin döyüş ruhu aşağı düşməyinin əksinə daha da ruhlanan aksiyaçılar partlayıcı şüşə butulkaları daha da yüksəkdən atmağa başladılar. O isə dayanmadan polis və tələbələr arasında irəli-geri qaçırdı.
O yalnız polislərin Ahyon keçidindən istiqamətini dəyişib Çunqconqrodakı Conqqındanq binasının önünə çəkilməsindən sonra geriyə doğru qaçmağı dayandırdı. Daha dəqiq desək, Ahyon keçidinin yanında onun evinə aparan küçənin ətrafını mühasirəyə alan polislər geri çəkildikdən sonra dayanmışdı. Amma bu dəfə polislər deyil, tələbələr küçəni mühasirəyə aldılar. Birlikdə əl çalıb yüksək səslə qışqırırdılar. O, hələ də nə etdiyini dərk edə bilmirdi. Onun etdiyi yeganə şey tələbələrə tüstüyə məruz qalan gözləri ilə deyil, başının arxasındakı gözlər ilə baxmaq idi.
O, bu günü oyanan prezident Baq Conq Hinin tələbələr ilə saxta barışıq əldə etməyə çalışmasının birinci günü olaraq sayırdı.
4
Həmin gün onun tələbələrlə mehribancasına salamlaşıb yenidən universitetə getməsinin arxasında daha əsaslı bir səbəb gizlənirdi. Bir qız var idi. Onun ətrafında durub əl çalan çox saylı tələbələrdən biri də bu qız idi. O, başının arxası ilə ona baxmışdı. Yox, daha doğrusu, gözlərini onun üzündən bir an belə çəkməmişdi. Çiyniylə görüşdükdən sonra da, hətta universitetə qayıtdıqdan sonra belə.
Adi bir üzü var idi. Həmişə bir az qapalı görünən iri gözlər, balaca və dik burun, hamar çənə və üzərində “Demokratik Liberal Partiya dağılsın! Lənət olsun No Teu” yazılan qırmızı lent bağladığı düz bir alın. Əynində damalı köynək və solğun cins şalvar var idi, incə biləyinə isə möhkəmcə ağ dəsmal bağlanmışdı. Onun sanki çox kədərli bir səs çıxaracaq kimi görünən üzü var idi. O, sonradan bildi ki, bu qızın üzü Qunqconqdonqda son nəfəsini verən prezident Baq Conq Hini kədərli səslə yad edən müğənni Şim Subonqa çox bənzəyir. Anladı ki, bu qızın onu cəlb etməsinin bir səbəbi ondan bir addım qabaqda yaşayan prezident Baq Conq Hinin onun məftununa çevrilməsidir.
Ertəsi gün o, dərs otağı əvəzinə Tələbə İttifaqı binasının qarşısında uzun müddət dolandı. Dünənki kimi geyinən tələbə yoldaşları dünən atdıqları gözyaşardıcı qazın iyisi gələrkən səsləndirdikləri şüarları səsləndirirdilər. Dünəndən qalan partlayıcı şüşə butulkalar və dəmir borularını əllərində tutaraq dünənki mahnını oxuyan tələbə yoldaşlarının istisnasız hər birinin üzündə yorğun bir ifadə var idi. Həmin qızı tapmaq heç asan deyildi. Qız tələbələr sanki qrup şəklində sifariş verirmiş kimi eyni köynək və cins şalvar geyinmişdilər. O, diqqətlə qızların üzünə baxaraq cərgələrdə dolaşırdı. Hətta şüarı oxuyanların arasında yumşaq səs eşidəndə başını o tərəfə çevirirdi.
Platformada duran Tələbə İttifaqının sədri onu görüb səhnəyə çağırdı. O, bir an duruxsa da, səhnəyə qalxdı. Həmçinin səhnəyə qalxan kimi başını ora-bura çevirib bir müddət tələbə yoldaşlarını axtardı. Nəhayət, qızı tapa bildi. O, kürsünün düz qarşısındakı sol cərgənin başında dayanmışdı və dünənki lenti taxırdı. Sədr həyəcanlı bir səslə onu “bir milyon tələbənin döyünən ürəyi ” kimi təqdim edərkən belə, gözlərini qızdan çəkmədi. O bu qızı ilk dəfə başının arxasındakı prezident Baq Conq Hinin gözləri ilə deyil, öz gözləri ilə görürdü. Qıza heyran qaldı. Bir saniyə belə olsa, onun səsini eşitmək istədi.
Bir neçə tələbə yoldaşı sədrin çıxışı bitməmiş onun səhnədən enməsinə mane oldu. Sonra isə qaş-qabağını sallayan üç oğlan tələbə onun yanında durdu. Kürsünün düz qabağına ağ plakat asılmışdı. Sədrin nitqi isə artıq əsas mövzuya giriş edirdi.
Bu torpaqlarda Amerika imperializmini mütləq aradan qaldırmalıyıq… Burdakı 4 tələbənin qanı ilə mübarizə əzmimizi artırmalıyıq…
Sədrin həyəcanla etdiyi çıxışın ortasında birdən kimsə gəlib qulağına nəsə pıçıldadı. Qanlı mətn yazmalı olan tələbə soyuqdəyməyə görə gələ bilməmişdi. Sədr ”elə də çətin iş yoxdur” deyərək ondan bu yazını yazmağı xahiş etdi.
Təbii ki, o, rədd etməyə çalışdı. Amma elə bu an baxışları ona baxaraq “Mübarizə!” deyə qışqıran qızın baxışları ilə toqquşdu. O, anın çaşqınlığı ilə onu təkrarlayıb “Mübarizə!” deyə alçaq səslə qışqırdı. Onun dostu isə qulağına “çox sağ ol, sən, doğrudan da, bizim döyünən ürəyimizsən” deyə pıçıldayıb çiyninə vurdu.
Onun da daxil olduğu 4 yeni tələbənin yazacağı qanlı yazının məzmunu aksiya başçısı oxudu.
“Gəlin, faşist diktaturasının qurulmasına səbəb olan Amerikanı ölkədən qovub Koreyanın general-qubernatoru Qreqi sürgünə göndərək!”
Bu mətnin ona düşən hissəsi “Koreya general-qubernatoru Qreqi” idi. Onlar yazılı mətnə baxaraq yazmırdılar. Aksiya başçısının oxuduğunu yadda saxlayaraq özlərinin ağ plakatına yazmalı idilər. O, gözlərini bərk-bərk yumaraq plakatın qabağında dizləri üzərinə çökdü. Sağ əlinin şəhadət barmağını ülgüclə kəsəndə belə gözlərini açmadı. Başının arxasındakı prezident Baq Conq Hi uzaq bir damın üstündə aydın görünməyən yazını oxuyurdu. Onun da daxil olduğu 4 tələbə qanlarının bir damlasının belə boşa getməyəcəyi inancı ilə sürətlə yazını yazmağa başladılar. Qabaqda oturan qız tələbələr baxa bilməyib başlarını aşağı saldılar. O, mətni gözlərini açıb bağlayaraq yazdı. Qanı yaxşı gəlməyəndə isə barmağını diş pastası kimi sıxaraq hərfləri bir-bir yazırdı.
Beləliklə, tamamlanan plakat tələbələrə tərəf qaldırılanda hər yerdən səslər yüksəldi.
“Gəlin, faşist diktaturasının qurulmasına səbəb olan Amerikanı ölkədən qovub texnologiya innovasiyası olan Samsunqu məhv edək!”
Tələbə yoldaşları bir ona, bir də yazdığı yazıya baxdılar. Qanları ilə bu mətni birlikdə yazan tələbələr isə “görəsən, yazı səhv olduğuna görə yenidən yazmalı olarıq?” düşüncəsi ilə kin dolu baxışlarla ona baxırdılar. Bu zaman hər yerdən tələbə yoldaşlarının fərziyyələri yüksəlməyə başladı. “Xalq Demokratiyası fraksiyasından olduğu üçündür”, “Milli Azadlıq fraksiyasına bağlı olan Tələbə İttifaqının özbaşınalığına qarşı edilən bir etirazdır”, ” Samsungun əmək-idarəetmə münasibətlərinin dolayı yolla tənqididir”, “Yox, onun atası Samsung şirkətinin direktorudur”, “Yox e, sən nə danışırsan, o Allenq Şibonqdur”, “Sosialist Fəhlələri Federasiyasından kömək tələbi aldıqdan sonra içəri sızan fransız solçularından ibarət birliyin üzvüdür”. Bu kimi düşüncələr səsləndirildi. Amma heç kim Tələbə ittifaqından o tərəfdəki on beş mərtəbəli binanın damındakı reklam lövhəsinə fikir vermədi.
Tələbələrin iğtişaşını görən Tələbə İttifaqının qanla yazılan plakatlarla küçə nümayişi keçirmək planlarına yenidən baxmaqdan başqa çarəsi qalmamışdı. Bunun əvəzinə, dünən aksiyada parlaq bir nəticə əldə etdiyinə görə onu nümayişçilərin ön sıralarına qoymağa çalışdı. Lakin o, Tələbə İttifaqının istəyinin əksinə olaraq, bir qız tələbənin yanında dayanaraq sanki ona yapışmış kimi irəli addım belə atmadı. Tələbə İttifaqının bir neçə üzvü onu yanına çağıraraq razı salmağa çalışsalar da, səyləri boşa çıxdı. O isə sadəcə həmin qız tələbənin səsləndirdiyi şüarların yarısında onun ardınca astadan qışqırırdı. Tələbə İttifaqının üzvləri pıçıltı ilə “onun Xalq Demokratik fraksiyasına bağlı olduğu bəllidir”, “bəlkə də, radikal məzhəbçidir” deyirdi.
O olmadığına görə aksiyaçılar heç bir güc tətbiq edilmədən polis dəstəsi tərəfindən saxlanıldı. Başlarını pəncərələrdən çıxarıb onun ortaya çıxmasını səbirsizliklə gözləyən mağaza sahibləri də var idi. Bir neçə tanışını gətirib pəncərədən boylananlar da var idi. Tezliklə vəziyyətin tərsinə dönəcəyi, bir qəhrəmanın ortaya çıxıb polis dəstəsini qüvvədən düşürəcəyi danışılırdı. Amma o, heç ortaya çıxmadı. Aksiyaçıların bir neçəsi onun hərəkətlərini təkrarlayaraq geri addımlayıb qaçmağa başladılar, lakin onların əksəriyyətinin ayağı dolaşıb yerə yıxıldı və ya polislərin dəyənəklə hücumundan dəhşətə gələrək istiqamətlərini dəyişib geriyə baxmadan məktəbə tərəf qaçdılar. Bina sahibinin sözünə inanaraq gəlib pəncərədən baxanlar “deyəsən, dözümlülük anadangəlmədir” deyərək başlarını sallayırdı. Həmin günün sonunda aksiyada tələbələr İhva Qadınlar Universitetinin qarşısındakı dörd yolda polis dəstəsinin stop xəttini bir addım belə keçə bilmədən yenidən universitetə qayıtmalı oldular.
Həmin gün aksiyada onun geri addımlarını görən yalnız bir nəfər var idi. Bu şəxs Şim Subonqa bənzəyən həmin qız idi. Gözyaşardıcı qazla onları qovalayan polislərdən qrup şəklində küçə-küçə qaçarkən bir də gördü ki, Dehyondonqun hansısa küçəsində sadəcə ikisi qaçır. O, qızdan bir addım öndə idi. Geri addımları dünənkilərdən fərqlənmirdi. Ötən gündən onu xatırlayan qız daxilən rahatlıq tapdı. Onu qoruyacağından, nə vaxt, harda ortaya çıxacağını bilmədiyi polislərdən qoruyacağından əmin idi.
Lakin onun geri addımları qəribə idi. Dünən zibil qutularını, küçədəki ağacları çevik şəkildə ötüb keçməyindən və polislərin dəyənəklərindən professionallıqla qaçmasından fərqli olaraq, bu gün addımları ləng və yöndəmsiz idi. 10 metrdən çox irəliyə gedə bilmədiyi üçün telefon dirəyinə və ya divarlara çırpılır, bəzən də ayağı dolaşdığı üçün yerə yıxılırdı. Görünüşü isə dünənkindən fərqlənmirdi. Çantası da, ayaqqabısı da eyni idi. Fərqli olan tək şey dünənki kimi gözlərini bərk-bərk yumub açmır, əksinə bu gün gözlərini qızın sifətindən bir saniyə belə çəkmirdi. Qız tənginəfəs qaçanda belə onun olduqca dərin və mənalı baxışları altında tez-tez başını aşağa salmalı olurdu. Amma bu baxışlardan narahat olmurdu. Axı onu qorumaq üçün göstərdiyi səy bəlli idi. Həm də o, Tələbə İttifaqının sədri tərəfindən tanınan “bir milyon tələbənin döyünən ürəyi” idi.
Həmin günün axşamı o, qızı təhlükəsiz şəkildə Midonqdakı evinə qədər müşayiət etdi. Ayrılmazdan əvvəl özlərini tanıdıb hətta bir-birilərinə nömrələrini də verdilər (o dedi, qız isə qeyd elədi). O, qız evə girəndən sonra belə bir müddət darvazanın qarşısında dayandı. Beləcə, yalnız dəqiqələr keçdikdən sonra təmkinlə geriyə doğru addımlayaraq evdən uzaqlaşdı. Nə vaxt ki, qızın evi artıq görünməz oldu, onda, nəhayət, arxasına çönüb qaçmağa başladı.
Qız, bəlkə də, bunun fərqində deyildi, amma o, başının arxasını ona göstərməmək üçün bütün gün böyük səy göstərmişdi. Başın arxası istər-istəməz açıq qalanda gözlərini qırpmamaq üçün bütün gücünü gözlərinə vermişdi. Qız onun ancaq öz gözləri ilə görməyə çalışdığının, içində gizlənən birinə onun görünüşünü və evini göstərməmək üçün var gücü ilə çalışdığının heç fərqinə varmamışdı. İllər sonra, indi də.
Həmin gün onun prezident Baq Conq Hi ilə bir qıza görə aralarının soyumağa başladığı ilk gün idi.
5
Həmin gündən bir neçə gün sonra idi.
O, yenə davamlı olaraq Şim Subonqu təkrarlayaraq “Dağılsın Demokratik Liberal Partiya, lənət olsun No Teu!” deyə qışqıraraq Seul şəhəri boyu gəzərək gecə gec saatlarda evinə qayıtmışdı. O, qızla ilk dəfə tanış olduqdan, öz gözləri ilə gördükdən sonra ağlına gələn tək şey o idi. O, heç vaxt dərs otağına girmirdi və daim qızın ola biləcəyi yerləri, məsələn, tələbə zalının qarşısında və ya konfrans otağının yaxınlığında gəzirdi. Sonra onu tapanda bir an belə yanından ayrılmamağa çalışırdı. Humanitar Elmlər Kollecinin mədəni təbliğat qrupundan olan bu qızın ardınca “alovlu gənclik” şeirlər toplusunu öyrəndi, hətta “yeni vətənpərvər nəslə” daxil oldu. Həmçinin benzin qoxusu gələn partlayıcı şüşə butulka da hazırladı. Tələbələr arasında qızla sevgili olduğu barədə şayiələr yayılmağa başladı. Qız şayiələrə o qədər də əhəmiyyət vermirdi. Sadəcə hər gün onu evinə qədər aparan onun yanında “Gəl birlikdə gedək bu yolu” deyən xalq mahnısını zümzümə edir, ya da bəzən, ara-sıra əlini tutaraq onun ürəyinin az qala yerindən çıxmağına səbəb olurdu. Bununla belə, qız həmişə ayrılmazdan əvvəl həmin gün apardıqları mübarizə ilə bağlı bir-birlərini tənqid etməyə vaxt ayırmaq istəyirdi. Bu anlarda qızın hər dəfə həddindən artıq həyəcanlanıb səsini yüksəltməsi onu təlaşa salırdı. Qızın tənqidi təxminən belə idi. Mən sənin əvvəlki kimi aksiyaçıların önündə durmağını, daha fəal mübarizə aparmağını istəyirəm. İstəyirəm ki, yoldaşlarımıza böyük sevgi ilə yanaşan, güclü, vətənpərvər bir gənc kimi yeni bir səhifə açasan. İndiki zəifliyin və passivliyin No Teu hərbi rejiminin uzunmüddətli hakimiyyətini daha da gücləndirməkdən başqa heç nə etməyəcək. Digər tərəfdən, onun tənqidi isə həmişə sadə olurdu. Bu gün geyindiyin papağın kənarı çox qısadır. Sifətin qaralıb. Gələn dəfə uzun kənarlı papaq geyin…
O, qızın tənqidindən incimirdi. Onun yanında qala bilmək xəyal kimi idi. Başının arxasında oyanan prezident Baq Conq Hi heç ağlına da gəlmirdi. Hətta prezident Baq Conq Hiyə dünyaya baxmaq imkanı belə vermirdi. Gözünü yummağa vaxtı var ki? Buna vaxtı yaransa belə, bir dəfə də olsa, onu görməlidi, elə deyilmi? O, həmin gün də yenə qıpqırmızı gözləri ilə evinə qayıtdı. Tez bir zamanda yatağına uzanıb gözlərini dincəltmək istəyirdi.
Amma həmin gün tək otaqlı evinin qapısını açanda birdən yerində dayanmalı oldu. Onun evinin qapısı olduğundan əmin idi, amma qapının düz ortasına qızıl xaç modeli yapışdırılmışdı. Əslində, bu xaç onun evinin qarşısındakı qapıya bərkidilmişdi. Başını çevirib çiyninin üstündən arxaya baxdı. Qarşıdakı qapıda xaç yox idi. Bir qədər fikrə qərq olduqdan sonra düşündü ki, yəqin ev sahibi bunu onu dinə dəvət etmək üçün edib. “Çox mənasız bir iş görüb” deyərək xaçı qoparmaq üçün əlini uzatdı.
Amma nəsə qəribə idi. Xaçı götürə bilmədi. Əlini xaça doğru uzatdığından əmin idi, amma əlinə gələn heç nə yox idi. Sadəcə barmaqlarının ucu qapının nahamar səthinə sürtünürdü. O, bir neçə dəfə cəhd etsə də, nəticəsiz qaldı. Gözləri ilə gördüyü xaçı tuta bilmirdi. O, görmə qabiliyyətindən şübhələnməyə başladı. Düşündü ki, bütün günü gözyaşardıcı qazla dolu küçələri gəzdikdən sonra özünə çox yüklənib. Gözlərini yumub əli ilə ovuşdurmağa başladı. Hardansa gözyaşardıcı qazın kəskin, turş iyisi gəldi. Həmçinin qısa bir an göz yaşları axdı, boynunun arxası ağrıdı.
Bu zaman başının arxasındakı prezident Baq Conq Hi gözlərini açdı. Qanlı mətn yazdıqdan sonra ilk dəfə idi ki, prezident Baq Conq Hi gözlərini açırdı. Sözün düzünü desək, elə həmin anlarda da prezident Baq Conq Hinin gözləri bir neçə dəfə açılıb. Yuxuya getməmişdən əvvəl, tualetdə olanda, əlini isti qəhvə ilə yandıranda və s. Lakin bu, o qədər qısa bir an idi ki, prezident Baq Conq Hinin gözlərini açdığını demək çətin olardı. Axromatik və xromatik rəngləri ayırd etmək mümkün olmayacaq qədər qısa bir an idi. Prezident Baq Conq Hi oyandıqdan sonra ilk dəfə idi ki, başının arxasındakı iki gözün yükünü hiss edirdi. Buna görə də tamamilə görməzdən gəlirdi. Yastığı başının arxasına basandan sonra gözlərini yumub yuxuya gedənə qədər ona heç bir fürsət verməməyə çalışırdı. Təbii ki, onun bu səylərinin mərkəzində Şim Subonq dayanırdı. Bir nəfəri dərindən sevməyə gələndə isə başın arxasındakı iki göz və bədənində oyanan prezident Baq Conq Hi narahat edici və bezdirici bir varlığa çevrilirdi.
Lakin həmin an o, prezident Baq Conq Hinin baxışlarının fərqində olsa belə, gözlərini açmadı. Düşündü ki, prezident Baq Conq Hinin baxışlarını soyuqqanlılıqla görməzdən gəlməyə ehtiyac yoxdur. Onsuz da arxasında qız yoxdur və gözlərini dincəltməkdən heç bir zərər gəlməzdi. Və Baq Conq Hinin görə biləcəyi tək şey ən yaxşı halda öz qapısının nüsxəsi kimi görünən qarşı tərəfdəki evin qapısıdır.
Ancaq bunları düşünərkən gözlərini ovuşdurmağa davam edirdi. Bir müddət sonra gözlərini qəfil açdı. Yalnız indi prezident Baq Conq Hinin gözlərinə görünən şeyin fərqinə vardı. Öz gözlərinin görmədiyi, amma prezident Baq Coq Hinin görə bildiyi şey. Qarşı evin qapısında olan qızıl xaç!
O, tələsik başını çevirib qarşıdakı qapıya baxdı. Yenə xaç görünmürdü. Yenə başını çevirib bu dəfə öz qapısına baxdı. Xaç açıq-aydın oradan asılmışdı. Hələ də əlləri ilə tuta bilmədiyi xaç…
Bir müddət əyilmiş halda dayandı, sonra çevrilib üzbəüz qapının qarşısında dayandı. Və ehtiyatla əlini görünməz xaça doğru uzatdı.
Yüz faiz ordan nəsə asılmışdı. Onun barmaq ucları nahamar taxta parçasına deyil , kəskin, soyuq metaldan olan xaça və İsanın çılpaq surətinə toxundu. Gözə görünməyən, amma toxunula bilən görüntü… O, birdən dayanıb geriyə doğru addımlamağa başladı. Doğrudan da, Baq Conq Hinin gözləri doğru görürdü.
O, yalnız indi gözlərinin başının arxasındakı prezident Baq Conq Hinin gözləri tərəfindən ələ keçirildiyini anlaya bildi. Fərqinə vardı ki, onun öz qapısında gördüyü xaç, əslində, qarşıdakı qapıdan asılıb. Həmçinin qarşı qapıdakı gördüyü ağac naxışı, əslində, öz qapısında idi. Və öz gözləri açıq olanda belə, əslində, qabağını deyil, arxasını görürdü.
O, çətinliklə otağına daxil oldu. Otağa girdikdən sonra da simptomlarda fərqlilik yox idi. Hara baxsa, orda voleybol topu boyda bir dəlik yaranır, o dəlikdən isə başının arxasındakı mənzərə görünürdü. Pəncərənin ortasında yerləşdirilmiş kvadrat naxışlı divar kağızında, floresan işığın ortasındakı monopanelində, pərdənin ortasında ağzı bağlı iş masası siyirməsində… Sanki dünyanın düz ortasında böyük bir dəlik açılmışdı.
O, divarın bir tərəfindəki güzgünün qarşısına keçdi. Güzgüdə sifəti olmayan bir gənc, yox, kvadrat naxışlı maska taxmış bir gənc dayanmışdı. Xoşbəxtlikdən prezident Baq Conq Hinin ələ keçirdiyi dünyası hələ o qədər böyük deyildi. Ortada voleybol topu böyüklüyündə bir dəlikdən başqa hər şey normal idi.
O, uzun müddət güzgüyə baxdı. Sonra düşündü ki, həqiqətən də prezident Baq Conq Hidən ayrılmağının vaxtı gəlib çatıb və onlardan yalnız biri görmə qabiliyyətini itirəcək. O, bir müddət güzgünün qabağında durub mızıldandı.
6
Sonrakı gün gözlərini açanda da simptomlar davam edirdi. Daha doğrusu, dəlik əvvəlki günə nisbətən daha da böyümüşdü. Arxasındakı dünya isə qarşıdakı dünyadan bir qədər böyük idi. O, məktəbə gedib-getməyəcəyini düşündü. Üstəlik, həmin gün həm də “Demokratik Liberal Partiyanın ləğvi və ictimai təhlükəsizlik qaydasına son qoyulması üçün Ümummilli Qətnamə Konfransı”nın təyin olunduğu gün idi. Bir gün əvvəl qız həmişəkindən daha qərarlı tonda “sabah, nə olursa olsun, bələdiyyə binası qarşısındakı dairəni azad edilmiş əraziyə çevirməlisən. Əgər aksiyada ön sırada durmasan, mən dəmir dəyənək götürüb polislərlə üzləşəcəm” deyərək ondan vəd aldı.
Bir an tərəddüd etdikdən sonra tələsik getməyə hazırlaşdı. O düşünürdü ki, evdə durmamalıdı. Bu, təkcə ona verdiyi sözə görə deyildi. Heç nə etmədən oturmaq olmazdı. Düşünürdü ki, əgər prezident Baq Conq Hi arxa dünyanı göstərsə, arxasındakı dünya qıza gedən yolunu kəssə, sürünsə də, öz yolu ilə gedəcək. Sadəcə bunun Baq Conq Hiyə qarşı mübarizə apara biləcəyi bir yol olduğunu fikirləşirdi. O, yavaş-yavaş paltarını geyindi. Bu zaman özünü döyüşçü kimi hiss elədi. Və yalnız paltarını tam geyinəndən sonra əsl döyüşçü olarsa, yenidən qabaq dünyanı görəcəyinə əmin oldu.
Amma həmin gün ona məktəbə çatmaq adi vaxtdan iki dəfə çox, təxminən bir saat iyirmi dəqiqə çəkdi. Ayaqlarını yerdən heç cür qaldıra bilmirdi. Pilləkənlərin sonunun harada olduğunu da anlamırdı. Gözlərini iri-iri açıb işıqfora baxsa da, gördüyü tək şey arxasında duran piyadaların ifadəsiz üzü və qəzet köşkü idi. İrəliyə doğru getdikcə hər şey daha da uzaqlaşırdı, yaxınlaşan heç nə yox idi. Prezident Baq Conq Hinin açdığı dəliklər də getdikcə böyüyürdü. O, şiddətli başgicəllənməsinə dözmək üçün tez-tez dişlərini sıxırdı.
Onun sürətini hər şeydən çox yavaşladan şey getdiyi yerin səhv olacağı hissi idi. Bir az irəliləyən kimi ya tərs istiqamətə yönəlir, ya da yanlış küçəyə çıxırdı. Sağdan gələn adamı ötüb keçmək üçün sola dönsə, elə o istiqamətdən gələn arxasındakı adamla toqquşurdu. O, tez-tez yolun kənarındakı telefon dirəyinə söykənir, hər dəfə də qaşlarını çatır, tez-tez nəfəs alırdı. Amma o, nə gözlərini yumdu, nə də geri addımladı.
O bunu qüruruna sığışdıra bilmədi. Prezident Baq Conq Hiyə belə uduzmamalı idi. O, məktəbə çatanda tələbə yoldaşları şüarlar səsləndirərək yola çıxırdılar. Əlində mikrofon tutan Tələbə İttifaqının sədri öndə, onun ardınca isə əllərində dəmir borular və partlayıcı şüşə butulka olan nümayişçilər gəlirdi. O bütün bunları sadəcə səslərlə ayırd edə bilirdi. İndi onun gördükləri, demək olar ki, arxasındakı dünyadan ibarət idi. Onun normalda gördüyü dünya pudra ölçüsündə bir kvadrat idisə, indi bu dünya pudranın içindəki dairəvi güzgünün künclərinin ölçüsü qədər idi. Və bu küncdən görünən dünya sadəcə saç lenti, köhnəlmiş idman ayaqqabısı və göydə uçuşan yumruqlardan ibarət idi.
O, bir müddət yolda dayanıb tələbə yoldaşlarının səsləndirdiyi şüarlara qulaq asdı. Sonra nəyəsə qərar vermiş kimi, qətiyyətli ifadə ilə sinif yoldaşlarının yürüşünə qoşuldu. Bəzən qabağındakı adamın ayağını tapdalasa da, öz ayağına ilişərək yıxılsa da, addımları dayanmırdı. Sanki irəli getmək onun edə biləcəyi yeganə iş idi. Nə şüarları səsləndirdi, nə də onun adını qışqıraraq dilə gətirdi. O sadəcə addımlayırdı.
Belə görünür ki, hələ də ümidini itirməmişdi. Əmin idi ki, yenidən görmə qabiliyyətini geri qazanacaq, qızı sadəcə öz gözləri ilə görəcək. Lakin küncdən görünən dünya getdikcə bulanıqlaşırdı. Qısacası, onun ümidləri əbəs yerə idi. Elə ki, onun bu boş ümidinin səbəb olacağı hər hansı bir vəziyyəti belə qabaqcadan görə bilmirdi.
7
Bir gənc var idi. O, gözlərini yumanda dünyanı başının arxasından görə bilmək kimi qeyri-adi bir bacarığa sahib idi. O bunun oyanan prezident Baq Conq Hinin gözləri olduğuna inanırdı. İnanırdı ki, prezident Baq Conq Hinin sayəsində asanlıqla universitetə daxil oldu, bir milyon tələbənin döyünən ürəyinə çevrildi və bir qızla tanış oldu. Lakin bir qıza aşiq olduqdan sonra başının arxasındakı prezident Baq Conq Hi onu narahat etməyə başladı. O, bilərəkdən prezident Baq Conq Hidən uzaqlaşmağa çalışdı. Düşünürdü ki, sevgi “Semaıl hərəkatı”na bənzəmir. Hətta bu hərəkat sevgiyə daha çox mane ola bilər…
Lakin oyanan prezident Baq Conq Hi dinc durmadı. İndiyə qədər gəncə verdiyi hər şeyi geri almağa başladı. Hətta bu da kifayət etmədi, gəncin gözlərini çıxarmaqla hədələdi.
O isə prezident Baq Conqhinin bu hücumuna cavabsız qalmadı. Əksinə müqavimət göstərdi. Baxmayaraq ki, o, qarşısını görmürdü, eyni zamanda istiqamət hissini də itirmişdi, amma əvvəlki kimi dünyanı prezident Baq Conq Hinin gözləri ilə görməyə çalışmadı. O düşünürdü ki, heç nə görünməsə də, yenə də öz gözlərinə inanıb irəliyə getməlidir, beləcə nə vaxtsa Baq Conq Hinin əlindən xilas ola bilər.
Həmin gün gənc ” Demokratik Liberal Partiyanın ləğvi və ictimai təhlükəsizlik qaydasına son qoyulması üçün Ümummilli Qətnamə aksiyası”nda iştirak edirdi. O, yavaş-yavaş ona doğru gələn prezident Baq Conq Hinin addımlarını hiss edirdi. Düzdür, buna görə o narahat olur və qorxurdu. Amma digər tərəfdən bu qorxusuna qalib gəlmək və bunu gizlətmək üçün sadəcə irəliyə doğru addımlayırdı.
Nümayişçilərin düz qabağına qədər gedəndə kimsə onun belinə yavaşca vurdu. Gənc arxasına baxmasa belə, belinə toxunanın o qız olduğunu anladı. O, qabaqda yerə çöməlib etirazçılara partlayıcı şüşə butulka uzadırdı. Gənc qızın üzünü görməzdən gəlməyə çalışırdı. Axı bu onun gözləri deyildi.
“Gələcəyini bilirdim.”
Qız onun əlini tutdu. Sonra əlinə nəsə qoydu.
“Bax, bizim tərəfi sıxışdırırlar. Mən də elə qaçıb atmaq üzrə idim.”
Verdiyi partlayıcı şüşə butulka idi. Gənc oğlan baxışlarını qızın görünməyən üzünə dikdi. Ancaq gəncin gördüyü tək şey gözyaşardıcı qazın ortasında dalğalanan bayraqlardan ibarət idi. Onun üzü görünmürdü.
Qız uzun müddət partlayıcı şüşə butulkaya toxunan gəncə qışqırdı.
” Nə durmusan?! Tez ol! Get və bunu at!
O, gəncin əlində olan partlayıcı butulkanı yandırdı. Gənc tərəddüdlə başını aşağı salıb irəli getdi. Hər yerdən gözyaşardıcı qazın və şüşə butulkaların partlama səsi eşidilirdi. Bu zaman hardansa yenə qızın səsi gəldi.
” Tez ol! Qaç!”
Beləliklə, o qaçmağa başladı. Heç nə görünmürdü. Gözləri ağrıyırdı, nəfəsi kəsilirdi, amma o qaçmağı dayandırmadı. Sadəcə qaçmağa davam etməli olduğunu düşünürdü.
İki polis ona doğru qaçmağa başladı. Gənc tutulmamaq üçün istiqamətini dəyişdi. Bu dəfə də dörd polis gəncin üzərinə dəyənəklərlə hücum etdi. polislərin dəyənəklərinə tuş gələrək yıxılsa da, əlindəki partlayıcı şüşə butulkanı buraxmadı. O, ayağa qalxıb yenidən irəliyə doğru qaçmağa başladı. Partlayıcı atmağın heç bir əhəmiyyəti yox idi. Onun üçün vacib olan tək şey irəli getmək idi. Həmçinin başının arxasında oyanan prezident Baq Conqhiyə, onun gözlərinə tərəf qaçmaqdan ibarət idi.
Yenə bir qrup polis onun arxası ilə qaçırdı. Bu dəfə də gənc istiqamətini dəyişmədi. Geri çəkilmədən polislərə tərəf qaçdı. Partlayıcı şüşə butulka hələ də əlində idi. O, partlayıcını atdıqdan sonra belə bir cığır açmaq və irəli qaçmaq niyyətində idi. O, polislərlə arasındakı məsafəni üçün var gücü ilə qaçdı. Daha sonra isə bütün gücü ilə polislərin üzərinə partlayıcı şüşə butulkanı atdı.
Elə bu zaman İhva Qadın Universitetinin qarşısındakı dörd yolda yerləşən dükanların sahibi polis ilə tələbələr arasındakı şiddətli mübarizəni izləmək üçün üçüncü mərtəbənin pəncərəsindən boylanaraq heç görülməmiş qəribə bir mənzərənin şahidi oldu.
Bir oğlan tələbə qızın ona verdiyi partlayıcı şüşə butulkanı tutaraq və cəsarətlə polislərə doğru irəliləmişdi. O vaxta qədər həmişə görülən mənzərə idi, ona görə də bunda yeni heç nə yox idi. Artıq partlayıcı atıb qaçan tələbələrə də dəfələrlə rast gəlmək olardı.
Amma bu oğlan tələbə fərqli idi. O, nədənsə partlayıcını atmalı olduğu yerdə atmadı, bir əli ilə tutaraq irəli qaçmağa davam etdi. Polislər onları əlindən qaçıra bilməzdilər. İki polis ona tərəf qaçırdı. O tərəfə getsə, polis dəyənəklərinin hədəfinə çevrilməsi qaçınılmaz olacaqdı. Bina sahibi başını yana əyərək oğlan tələbənin arxasından diqqətlə baxdı. “Yenidi?” deyə düşündü. Yalnız bundan sonra o fərqinə vardı ki, bu tələbə sonuncu nümayiş zamanı inanılmaz sürətlə geriyə doğru addımlayaraq polis qüvvələrini ruhdan salan həmin döyüşçüdür. Boyuna və geyindiyi paltara baxanda ,şübhəsiz ki, həmin tələbə olduğu bəlli idi. Bina sahibi pəncərədən çölə bir az da əyilərək baxmağa başladı.
Polislər tərəfindən tutulmazdan əvvəl oğlan tələbə sağa döndü. Sonra yenə dörd polis ona tərəf qaçdı. Hətta polislərdən birinin dəyənəyi ilə vurulduqdan sonra yerə yıxıldı. Onu izləyən bina sahibi, tələbələr, izləyən vətəndaşlar təəccüb içində qalmışdı. Amma oğlan tələbə tez ayağa qalxaraq qaçmağa başladı. Partlayıcı şüşə butulka hələ də əlində idi. Bu dəfə qaçdığı tərəf nümayişçilərin olduğu tərəf idi. Polislər hələ də onun arxası ilə qaçırdı, əlindəki şüşə butulkanın isə partlamasına az qalmışdı.
Elə bu an oğlan tələbənin əlindəki partlayıcı şüşə butulka göyə doğru uçdu. Küçədə olan hamının diqqəti onun atdığı partlayıcıda idi. Onu təqib edən polislərin addımları qəfil dayandı. Partlayıcı şüşə butulka ilə ona köməyə çıxan nümayişçilər da dayanmışdı. Sanki zaman dayanmış kimi qısa bir sükut çökdü.
Oğlan tələbənin atdığı partlayıcı şüşə qövs çəkərək hədəfə doğru uçdu. Sonra nümayişlərin olduğu yerlərdən birinin mərkəzində partladı. Alov yüksəldi, tələbələr qışqıraraq hər tərəfə səpələndi. Bu vaxt alov bəzi tələbələrin idman ayaqqabısına keçsə də, xoşbəxtlikdən onlar cəld hərəkət edərək ayaqqabılarını çıxardılar, ona görə də ciddi yanıq xəsarəti almadılar.
Hamı ona baxırdı. Onu təqib edən polislər də, ona kömək etməyə çalışan nümayişçilər, hətta sakinlər və bina sahibi də.
Nəhayət, o da addımlarını dayandırdı. Onun yaratdığı alov qara tüstü ilə birlikdə son vəzifəsini yerinə yetirirdi. Atdığı partlayıcıya əhəmiyyət vermədən başını polislərə tərəf çevirdi. Hər yerdən uğultu eşidilməyə başladı. Polislər isə dəyənəklərini aşağıya endirmişdi və yalnız bir-birilərinə baxır, hərəkət etmirdilər.
Bu vəziyyət nə vaxta qədər davam edəcək? Beləliklə, yenidən qaçmağa başladı. Bu dəfə o, nümayişçilər və ya polislər tərəfə deyil, Dehyondonq küçəsi tərəfə qaçırdı. Az öncəki kimi irəli deyil, lap əvvəllər olduğu kimi geri addımlayırdı… Məharətlə telefon dirəklərindən və yol kənarındakı ağaclardan yayınır, zibil qutularının yanından ötüb keçirdi…. Amma heç kim onun arxasınca getmədi. Əllərindən gələn tək şey onun uzaqlaşdığını izləmək idi. Və bir müddət sonra nümayişçilər və polislər arasında şiddətli mübarizə yenidən başladı. Bayaq olanlar heç baş verməmiş kimi bütün diqqətlərini mübarizəyə verirdilər…
3-cü mərtəbədə pəncərədən boylanan bina sahibi onun gözdən itdiyi küçəni bir müddət izləyərək pəncərəni möhkəmcə çırpdı. Sonra isə yenidən tanışlarına zəng vurmağa başladı. ” Bilirsən, bu gün aksiyada nə oldu?…”
8
Sonra onu məktəbdə heç kim görmədi. Hətta sinif otağında, Tələbə Həmkarlar İttifaqı binası qarşısında, məktəb darvazasının qarşısında da. O, heç yerdə görünmürdü. Semestr bitdi, yenisi başladı, lakin o, qeydiyyatdan keçmədi. Bəziləri onun Yonqsanda host bar açdığını, bəziləri isə vətəninə, Fransaya qayıtdığını deyirdi. Lakin heç birinə etibar etmək olmazdı. Sadəcə içki zarafatları kimi sürətlə yayılan, daha sonra isə yox olan şayiələrdən idi. O, tamamilə yoxa çıxmış kimi görünürdü.
Vaxt su kimi axıb keçirdi.
Dəfələrlə həbsdə olan və qaçaq həyatı yaşayan Tələbə İttifaqının sədri hakim partiyanın rayon aparatının rəhbəri vəzifəsinə namizəd oldu və qürurla öz cinayətini seçki təbliğat materiallarına yerləşdirə bildi. Bundan əlavə, o, Baq Conqhi Memorial Zalını rayon idarəsinə cəlb etməklə böyük gəlirlər əldə edəcəyini vəd edərək müxalifət namizədi ilə söz savaşına girdi.
Prezident Baq Conq Hi Memorial Zal hesabına kirayə gəlirlərinin artacağını hesab edən İhva Qadın Universitetinin qarşısındakı binanın sahibi həvəslə tanışlarına zəng edərək Tələbə İttifaqının sədrinə dəstək vermələrini istədi. Zəng müddətində Baq Conq Hinin nailiyyətlərini xatırlayaraq hüznə də boğulurdu.
Digər tərəfdən, məzun olduqdan sonra qeyri-kommersiya qadın qrupu təşkil edən və bir sıra qadın jurnallarında mütərəqqi feminist nəzəriyyəçi kimi çıxış edən Şim Subonq prezident Baq Conq Hinin qızını qrupa dəvət etdiyinə görə üzvlərlə mübahisə etdi. Lakin üzvlər etiraz edərək ona ucadan qışqırıb “Bu yalnız qadınların azadlığı üçündür, yoxsa insan azadlığı üçündür?” dedilər. Həmin üzvlərin adlarını bir-bir qeyd dəftərinə yazdıqdan sonra adlarının üzərinə böyük hərflərlə “aradan qaldırılacaq adamlar” yazdı.
O, bu insanların qarşısına bir dəfə də çıxmadı. Yox, bilmək olmazdı. Bəlkə də, bir neçə dəfə ortaya çıxıb. Sadəcə, insanlar onu tanımırdı. Hər kəs öz yolu ilə irəliləməklə məşğul idi. Hətta onu xatırlamağa, yada salmağa belə vaxtları yox idi , sanki onu xatırlasalar, böyük faciə baş verəcəkdi….
Məhz 90-cı illərin sonlarında o, yenidən insanların qarşısına çıxmağa başladı. Yoidodakı Han çayının sahilində qaçış yolunda gəzirdi . Bir neçə gün əvvəl yaxınlıqdakı yaşayış binasının sakinləri yalnız arxaya qaçan oğlanı görəndə aralarında pıçıldamağa başlayıblar.
– Niyə belə qaçır?
– Yəqin ki xüsusi bir səbəbi var.
– Bu daha çətin deyilmi?
– Nə qədər çətin olsa da, sağlamlığınız üçün faydalı olmalıdır.
– Aaa. Deməli, ona görə belə qaçır.
– Nə deyirsən, bəlkə, biz də yoxlayaq?
– Yoxlayaq? Heç bir xərci də yoxdu…
Beləliklə, ona baxıb qaçanların sayı bir-bir artmağa başladı. İlk dəfə onun arxasınca qaçan insanlar qonşulara bunun sağlamlıq üçün çox faydalı olduğunu deyib öyündülər. Ertəsi gün qonşular da ona baxıb qaçmağa başladılar. Qonşular isə öz sağlamlıqlarının sirrini qohumlarına deyərək öyünürdülər. Beləliklə, çox keçmədən onlarla insan ona baxıb qaçmağa başladı. Müxtəlif yerlərdən gələn jurnalistlər onunla müsahibə aparmaq istəsələr də, o, gözləri yumulu şəkildə sükutla cavab verib. O, geriyə doğru addımlamaqdan başqa heç nə etmirdi. Onun bu davranışına söz tapa bilməyən müxbir üç dəfə təsdiqini tapmayan bir şərhi mırıldandı: “Bu, sağlamlığınız üçün çox yaxşıdır.” O vaxtdan parklarda və ya bulaqlarda geriyə doğru addımlayan nənə və babaların sayı artdı. Digər tərəfdən, nənə və babalarla toqquşub yıxılan uşaqların sayı da artmağa başladı.
Onunla şəxsən görüşmək istəyənlər varsa, indi də Hanqanq Parkına gedə və ya Namsan Pilləkəninə doğru çıxa bilərlər. Gözləri bağlı geriyə doğru addımlayan bir oğlan. Arxasını önə ataraq irəli qaçan bir adam. Həmin adam odur. Əvəzində onunla danışmamalı və ya imza istəməməlisən. Bunun niyə etməməli olduğunuzu yəqin ki hamınız bilirsiniz, ona görə də daha heç nə deməyəcəyəm.
Tərcümə edənlər: ADU Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan III kurs tələbələri (B20-355)
Mamedova Lali
Əzizova Vüqarə
Babayeva Ləman
Hüseynova Ləman
Baxışova Firəngiz
Ələsgərova Ayişə
Ələkbərova Aydan
Mustafazadə Aydan
Balayeva Səidə
Əliyev Əli