İhsan Anar Oktay daha çox romanları ilə məşhurdur. O, çağdaş türk romançılığının ən ciddi müəlliflərindən biri sayılır, romanları 20-dən artıq dilə tərcümə olunub.
1959-cü ilin iyulunda, İranda dərc olunan “Penam” qəzeti Zahedan yaxınlığında qayalıqda oyulmuş bir məbəd tapıldığını yaymışdı. Məbəd balaca bir dəhlizdən girilən geniş bir otaqdan ibarətmiş. Cəsarət edib içəri girənlər – Kazan Universitetindən arxeoloq N.Brodnikov və köməkçisinin olduğu sonradan anlaşılacaq – iki cəsəd görmüşdülər. Cəsədlər antik bir şahmat taxtasının iki tərəfindəydilər. Tibbi ekspertiza arxeoloq və köməkçisinin altı il əvvəl öldüklərini açıqladı. Cəsədlərdə ağıla cinayət gətirəcək heç bir iz olmadığı üçün, bu şəxslərin ölüm səbəblərinin, xəstəlik ehtimalı bir yana, aclıq və susuzluqdan ola biləcəyi Sovet səfirinə çatdırıldı. Fəqət səfir, Brodnikovla köməkçisinin yanlarında dərman və istifadə edilməmiş bol miqdarda yemək olduğunu deyərək tibbi ekspertizanın rəyilə bağlı şübhələrini dilə gətirdi. Bununla yanaşı, mütəxəssislər heyəti hadisə yerində tibbi ekspertizanın rəyini təsdiqləyən ipucları tapdı. Brodnikovla köməkçisi şahmat oynayarkən ölmüşdülər. Daha sonra hamı onların şahmat taxtası dövrəsində ölümü gözlədiklərini düşündü.
Brodnikovla köməkçisinin ölümlərindən altı il sonra bir məbədin içində, şahmat taxtasının dövrəsində tapılmaları hadisəsinə Argentinada dərc edilən bir şahmat jurnalı “Qəribədir, amma gerçəkdir” köşəsində bir sütunluq yer ayırdı. Bu yazıdan öyrənirik ki, arxeoloqla köməkçisinin oynadığı şahmat bir az fərqliymiş: Bu şahmat taxtası 9*9 xanadan ibarət olmaqla, fiqurları 36 idi. Sözü gedən jurnaldakı yazının müəllifi onu da əlavə edirdi ki, kim bilir, bəlkə, fiqurların hərəkəti də tamam fərqliymiş. Bununla yanaşı, müəllif iranlı səlahiyyət sahiblərini Brodnikovun böyük ehtimalla bu qəribə şahmatın qaydalarını yazdığı qeyd dəftərini ortaya çıxarmamaqda suçlayırdı.
Əlimizə keçən bəzi sənədlər tapmaca kimi görünən bu hadisəni çözməyimizə yardımçı oldu. Əvvəla, Brodnikovun məbəddə tapdığı şahmata bənzəyən oyunun əsl adının “Rəbnüma” olduğunu bilirik. Bu, “Rəbb” və “nüma” sözlərindən əmələ gələn bir addır. Hicri təqvimiylə VI əsrdə yaşamış, sonradan məzhəbindən dönmüş bir yezidi olan Xosrovun sözü gedən oyunun qaydalarıyla bağlı yazdığı və oyunla eyni adı daşıyan kitabının əlimizdə yalnız müqəddiməsi olduğu üçün, “Rəbnüma”nın necə oynandığını bilmirik. Oyunu kəşf edən Xosrovun həyatıyla bağlı bəzi bilgilər ancaq “Təzakür-ül Mücrimin” adlı əsərdə var. Əvvəllər bir yezidi olan Xosrov peyğəmbərliyini elan edib, fəqət qarşılaşdığı sərt münasibət onu öldürmə cəhdlərinə keçəndə, məzhəbindən çıxıb, yaşadığı yeri, yəni İraqı tərk edib. İranın Zamexan şəhərinə köçən Xosrov, sirləri xalqa faş etməyin yaradacağı təhlükələrlə bağlı acı təcrübələrə sahib olduğu üçün, burada qapalı bir təriqət qurub. Adıçəkilən əsər (daha sonra Brodnikovun tapacağı) məbədi də Xosrovun tikdirdiyini xəbər verir.
Xosrovun kəşf etdiyi oyunla eyni adı daşıyan “Rəbnüma” əsərində ilahi vəhyi anlamaq üçün bir açar axtarışında olduğunu görürük. Xosrov 81 xanalı bir taxtada 36 fiqurla oynanan və şahmata çox oxşayan bir oyun tərtib edib. Gəl gör ki, bu şahmatdakı yeganə ağıllı debüt, tərtibçisinin tapdığı 99 həmləlik bir kombinasiyadır. Əgər bu açılış həmləsi edilsə, birinci daşın alınması üçün 9999-cü həmləni gözləmək lazımdır. Debütün ancaq ilk həmləsini bilirik: E2e4! Bildiyimiz digər cəhət isə e2 piyadasının ağ və qara şahla birlikdə oyunun sonuna qalan üç fiqurdan biri olmasıdır. Əsərdə göstərildiyinə görə, e2 piyadası (Xosrov “e” əvəzinə fars əlifbasında beşinci (əslində, dördüncü – red.) hərf olan “t”dən istifadə edib) oyunun axırında vəzirə çıxacaq və qaralar mat olacaq. Əsərdə iddia edilir ki, “Rəbnüma” adlı oyunu dünya tarixində ancaq bir dəfə oynamaq mümkündür. Əgər oyunçulardan biri qəsdən uduzmaq istəməsə (“Rəbnüma”ya görə, bu, qeyri-mümkündür), oyun əbədiyyətə qədər davam edir. Bu oyunun açılışındakı 99 həmlə istər-istəməz yadımıza Allahın sifətlərinin sayını gətirir. İkinci maraqlı məqam Xosrovun kainatın Tanrının bir təzahürü olmasıyla bağlı sufi düşüncəsinə uyğun iddiasıdır: Tanrı əbədiyyətə qədər davam edən bu oyunda özünü təcəlli etdirir… Bu fikrə görə, hər həmləyə qarşı bir həmlə, tezis-antitezis, mat olmağı, yaxud sintezi bir az da yaxınlaşdırır. E2 piyadasının vəzir olması “qurtuluş” mövzusunu, təktanrılı dinlərdəki “ruhun xilası” məsələsini yada salır. Əsər deyir ki, mat, ya da sintez anında, yəni qaraların, ya da şeytanın məğlub olduğu anda Tanrı özünü təcəlli etdirir. Buradan oyuna niyə “Rəbnüma” adının verildiyini başa düşürük. Ərəbcədə “Rəbb” sözünün mənası “Tanrı”dır, “…nüma” isə farsca bir şəkilçidir və “göstərən” mənasındadır.
Əlimizdəki digər sənəd müridlərindən birinin Xosrova yazdığı mədhiyyədir, adı “Xosrovnamə”dir. Xosrovun bol-bol tərifləndiyi səhifələri keçirik. Amma kitabın son hissəsində mövzumuzla bağlı vacib bilgilər var. Bu hissə “Rəbnüma” oynayan müridlərlə bağlıdır. Anladığımız qədəriylə, bu oyuna başlayan, ya da aşağıda görəcəyimiz kimi, bu oyunu yarımçıq qoyanlardan estafeti götürən müridlər oynadıqları ikinci həmlədən sonra altı həmlə sonranı, dördüncü həmlənin ardınca isə iyirmi dörd həmlə sonraya qədər və s… mövcud vəziyyətdən hərəkət etməklə bütün mümkün kombinasiyaları təxmin edə bilirlərmiş. Zaman keçdikcə, həm özləri, həm xarici aləmlə bağlı hər şeyi beyinlərindən kənarlaşdırıb düşüncələrini sonsuz kombinasiyalarla doldurur, hətta yeməyi, içməyi belə ağıllarına gətirmirlərmiş. “Xosrovnamə” bu barədə belə bir hekayət var: müridlərdən biri hələ oyunun əvvəlindəykən zövq və əyləncə içində yaşamaq istədiyini deyərək təriqəti tərk edib. Fəqət oyunu tərk etməyinin ikinci günündə “vəzir dəstəyində top”la bağlı bir kombinasiya qurmağa başlayıb. Kombinasiya uzandıqca uzanırmış, elə bir an gəlib ki, onu yeməkdən-içməkdən kəsilmiş halda tapıblar. Üç gün sonra da ölüb. “Xosrovnamə”də oyun başlayandan sonra ondan vaz keçməyin, bircə hal istisna olmaqla, qeyri-mümkünlüyü bildirilir: Bu hal isə oyunçunun bir gözələ aşiq olmasıdır. Bax onda oyunçu kombinasiyalar silsiləsinə yox, sevdiyi gözələ tamaşa edərmiş. “Xosrovnamə”dən öyrənirik ki, təriqət içində buna yaxşı baxırmışlar: Sufi ənənəsinə uyğun olaraq bu təriqət “əql”ə olduğu qədər “eşq”ə də dəyər verir. Zatən əsərdə “Rəbnüma” oyunu “eşqin məntiqi” kimi ifadə edilir.
Yenə həmin əsərdən öyrənirik ki, “Rəbnüma” oynamağa hicri təqvimiylə 509 ilin Rəcəb ayının ikinci cümə günündən başlanılıb. “Xosrovnamə”nin yazıldığı hicri 539-cü ilə qədər altı min həmlə edilib və altı ayrı dəftərdə mütəmadi şəkildə qeyd olunub. Bu qeydlərin təriqət üzvləri üçün ilahi vəhy dəyərində olduğunu deməyə ehtiyac varmı? Belə məlum olur ki, “Rəbnüma” hicri 539-cu ildən sonra qeyri-müəyyən bir tarixdə yarımçıq qalıb. Böyük ehtimalla, Brodnikov və köməkçisi məbəddə tapdıqları həmin yarımçıq oyunu davam etdirmək istəyiblər. Arxeoloqla köməkçisinin faciəvi aqibəti beləcə aydınlaşır.
Tərcümə: Qismət