Sim-sim.az ispan yazıçısı İqnasiyo Aldekoanın “Mansanares balladası” hekayəsini təqdim edir.
Qərbdən cənuba, uzun iynələrin şirin rəngli parçasının buludları. Qərbdən şimala gün batımının xəfif mavisi. Şərqdən solğun fasadlar, mağara adamlarının içindəki boşluqlar, davam edən gecənin və fırtınanın fosforlaşmış qaranlığı. Yuxarıda, bir az uzaqda, ağ sahilə bənzər yarım ay.
Yaxınlıqlardakı tarlalardan incə, soyuq və kədərli bir hava axını. Lokomotivlərin tüstüsü, quru yarpaqların yandıqca qalxan dumanı, çayın sağ sahilindəki daxmaların təvazökar tüstüləri. Bunlar hamısı büllur kimi təmiz gün batımını bulanıqlaşdırır. Çayın yatağında yarasalar qışqıraraq qanadlarını dayanmadan çırpır, dövrə vururlar. Dumanlı yaşıllıq içində meşə sanki üzməkdədir. Mansanares şəhəri hamar və uzun bir lif üzərində qeyri-şəffaf görünür. Çay kənarındakı sonuncu skamyanın, payızla bəzənmiş taxtaların qıcıqlandırıcı səsi nə dayanır, nə də susur. Digər tərəfdən isə alatoran göy üzündə bir təyyarə Kasa de Kamponun qaranlıq təpələrinə tərəf yuvarlanır.
Bu ərəfələrdə fəhlələr emalatxanalardan şəhərə doğru yol almışdılar. Çay kimi axan yorğun qüvvə sabaha qədər əks axınla, şəhərin bu labirintə bənzər yollarında itməlidir. O sabah ki, heç vaxt istənilməyən, dözülməz emalatxanaların sabahı…
Qaz fənərlərinin təbii işıqlarının altında bir nəfər kimisə gözləyir. Bu işıqlar batmaqda olan günəşin uzaq görüntüsünü daha da bulanıq hala gətirir. Artıq çox uzaqda ayparanın qalıcı parıltısı, ən dibdə isə meşənin getdikcə zülmətə bürünən ağacları görünür. Qaz fənərinin işıqları altında gözləmə isə artıq sona çatır.
– Salam, Pilar
– Salam, Manuel.
– Gedirik, Manuel ?
– Gedirik. Stansiya qədərmi gedirik Pilar?
– Sən hara qədər desən, ora qədər gedirik, Manuel.
– O zaman, Vermut[1] içməyə gedirik, Pilar?
– Mən südlü kofe içməyə, Manuel.
– Sən südlü qəhvə içməyə, Pilar, mən isə…
– Sən isə vermut içəcəksən, Manuel.
– Narkea barında, Pilar ?
– Kubero daha yaxşıdır, Manuel.
– Amma Narkeada qəhvə çox ləzzətlidir, Pilar.
– Kuberoda vermutla daha çox məzə verirlər, Manuel.
– Sən çox yaraşıqlısan, Pilar.
– Doğrudan, Manuel?
– Doğrudan, Pilar.
– Məni sevirsən, Manuel?
– Hə, Pili.
– Nə gözəl, Manolo, səni sevirəm!
– Çoxmu, Pili?
– Çox Manolo, bəs sən?
– Çox, Pili.
Manuel dəmir yolunda işləyirdi. Çox keçmədən onun kimi hava da titrəməyə başlayır və soruşur:
– Gedəkmi, Pilar?
– Gedək, Manuel.
Sevgililər həmişə bir birinin adını təkrarlamağı sevdiyi kimi, müdirlər, daha doğrusu, patronlar soyadları təkrarlamağı sevir. Necə ki, şimal stansiyasındakı tramvay dayanacağının rəisi əmrlər verir. Düşərgənin tramvay konduktoruna qışqırır:
– Qonzales, qoşqunu dəyişdir, tez ol! Qonzales, cədvəli mənə ver! Qonzales, məni eşidirsən?
Düşərgənin tramvay konduktoruna qışqırır:
– Rodero, beş dəqiqə gecikmə var…Rodero, o beş dəqiqəni bərpa etməlisən. Rodero, bir az tez ol, çıx!
Bu dəfə yaşlı mühafizəyə qışqırır:
– Munyoz, yatma! Munyoz, gəl görüm! Munyoz, altmışa diqqət et!
Bu zaman əsgərlər tələsik şəkildə metroya çəkmələrinin ucunda sürüşərək daxil olurlar. Kibritçi qız bundan əsəbiləşərək:
– Şərəfsizlər, eşşəklər! – deyir.
Kənardakı şabalıd satıcısı qadın da onun sözlərinə qoşulur:
– Elə bil meşədən təzəcə çıxmış vəhşidirlər.
Yaxınlıqdakı yaşlı kor belə başını yelləyərək onların sözlərini təsdiq edirdi.
Burada qasid işçisi də günləri sıxıcı şəkildə yola verir. Məsələn, müştərilərdən birinə cavab verir:
– “Marka” qəzeti artıq tükənib.
Pilar və Manuelə qayıqdaq. Onlar əla qəhvələr və daha çox məzələr verən bir bar tapırlar. “Rovertito” adlanan bu bara artıq daxil olurlar. Amma bir az dava etməlidirlər. Əslində buna məcburdular. Axı, sevgi elə budur.
– Nəyə görə saat səkkizdə evdə olmalısan, Pilar?
– Bunu artıq sənə üç dəfə demişəm, Manuel.
Piların cavabı Manueli daha da cin atına mindirir.
– Vecimə də deyil, Pilar.
Manuelin sözləri ona yaxşı təsir etmir. Amma nə edə bilər? O, buna məcburdur.
– Kimsən axı sən, Manolo!
Manuel isə sakitliyini qoruyurdu. Pilar yenidən təkidlə:
– Əslində, anam demişdi…
– Sənin anan..
– Hə, biz evlənənə qədər hər şeyi anam idarə edir və edəcək.
– Amma, bir ehtimalda var ki, biz evlənməyək.
Pilar bir qədər səssiz qaldıqdan sonra parlaq gözlərini daha da böyüdərək Manuelin sifətinə zilləyir.
– Məni səhv başa düşmə, amma işlər yolunda getmir. Ona görə deyirəm ki, evlənməmək ehtimalımız da var.
Pilar yenə dodaqlarını tərpətmir. Manuel isə davam edir:
– Düzünü desəm, artıq bezmişəm. Tük qədər dözümüm qalmadığını özüm də hiss edə bilirəm.
Pilar piştaxtanın gerisindən asılmış güzgüyə gözlərini dikməyə başlayır. Manuel isə piştaxtanın qarşısına keçməyə çalışır.
– Bilirəm! Mənə deyəcəksən! Səni atıb gedim, səni unudum! Çünki, bununla da sevginin qaydası bitir.
Pilar bu sözlərdən dik atılır. Amma yenə də qürurlu və dürüstcəsinə dayanmağa davam edərək:
– Əslində, mən də yorulmuşam, nə zaman istəsən, ayrıla bilərik. Nə zaman istəsən, çıxıb gedə bilərsən. Amma bir şərtim var: Sonsuzadək gedəcəksən. Bir daha geri dönməmək şərtiylə! Anladın?
Manuel yaxşı insan və əsl kişi kimi görünməyin, barmendən yenidən vermut istəmək olduğunu dərk edir:
– Zəhmət olmazsa, bir vermut daha!
Pilar özünü fikri dağılmış kimi göstərərək pəncərədən çölə baxır. Eyni zamanda ayağını döşəməyə vurmağa başlayır.
Manuel isə kinayə ilə:
– Çoxmu tələsirsən?
Ayaqlarını getdikcə daha da sürətli şəkildə yerə vurmağa başlayan Pilar:
– Sən ki artıq bunu bilirsən.
– Anana görəydi, hə?
Pilar dodaqlarını bir qədər büzür. Daha sonra jestlə:
-Nəysə, gedirsən yoxsa qalırsan?
Gecə davam edir. Fırtınadan qalan buludlar cənub istiqamətində hərəkət edir. Bu qədər içkidən sonra Manuel bir qədər hava almaqda çətinlik çəkməyə başlayır. Dəri gödəkçəsini yarımçıq şəkildə geyinir. Pilar isə sakitcə, onunla yan-yana addımlayır. Manuel fit çalmağa başlayır.
Gecə davam edir. Amma düzənliklərin üstündən şimşək işıqları itir. Stansiyanın isə dayanacağında qoşquların dəyişməsi zamanı yenə də şimşək işıqları, qığılcımlar kimi görünməkdə idi. Stansiya Patronu, stansiyanın avtomobil dayanacağının mühafizəsiylə söhbət edərək onun fikrini yayındırır. Ucsuz-bucaqsız növbə yaradan əsgərlər isə düşərgəyə gedəcək tramvayı gözləyirlər. Kibritçi qız isə əsgərlərin içindən cəsur biriylə söhbət edir:
– Nə zaman desən, səni kinoteatra aparacağam.
Kibritçi qız dodaqlarını büzərək:
– Film üçün varam – deyir.
– Kimə desən, gözəldir, deyəcək.
– Amma ay insan, elə zənn edirsən ki, mən də sənin kimi əmziklə filmə gedəcəyəm? Get, işinlə məşğul ol!
Əsgər bir anlıq çaşıb qalır. Dərhal özünə gəlir.
– Fındıqburun qız, mən ki, səni tanıyram.
– Sən? Məni? Get, işinlə məşğul ol!
Bu an əsgərin dostlarından biri tramvay yolunun o biri başından qışqırır:
– Luis, daha gəl! Yoxsa tramvaya çata bilməyəcəksən.
Luis qızla vidalaşır:
– Gözəlim, sabah səni axtarmağa geri gələcəyəm.
– Necə də soyuqsan!
– Kinoteatra, ya da sən hara desən, ora gedəcəyik.
– Sənin pulun mən istədiyim yerlərə çata bilməz.
– Sabah görüşənədək, fındıqburun.
Luis, tramvaya qədər qaçır. Kibritçi qızın yanına isə bir müştəri yaxınlaşır.
– Beş ədədi bir pesetaya.
– Beş ədəd ver.
Gecə davam edir. Manuel San-Antonio meydanına çatmazdan əvvəl bir dükana baş çəkir. Meyvə, turşu, cips və ayaqqabı bağları da satılan bu dükandan yer fıstığı alır. Bir anlıq burada, dükanın içində sevgilisi ilə sobanın kənarında yer fıstığı yeyərək söhbət etmək düşüncəsinin belə gözəl duyğular olduğunun fərqinə varır.
– İstəyirsən, Pili?
Manuel bir-bir ona tərəf uzadır, ancaq Pilar cavab vermir.
– Götür, Pili. Mən bunları sənə görə almışam, bilirəm ki, sən yer fıstığını çox xoşlayırsan.
– Axmaq olma, Pili. Bir dənə götür. Birini götür ki, sənin hirsli olmadığın görünsün.
Manuel qolundan tutub dartır, Pilar isə soyuq və ciddi şəkildə addımlayır.
– Pili, səni ki sevirəm.
Bir qədər sükut çökür.
– Yaxşı da Pili, üzr istəyirəm səndən. Bağışlayırsan məni?
– Səni nəyəsə görə bağışlamaq məcburiyyətində deyiləm, Manuel.
– Hə, Pili. Amma məni bağışlamaq məcburiyyətindəsən. Bağışlayırsan?
– Bağışlayıram, Manuel.
Piların əli Manuelin əllərini axtarır və tapır. Onu sıxmağa başlayır.
– Sən Manolo, sadəcə sən… Sən mənə əzab çəkdirməkdən çox zövq alırsan…
– Artıq unudursan olanları, düz dedim, Pili?
– Hə, Manolo, artıq olanları unuduram, amma sən..
– Yer fıstığı istəyirsən, Pili ?
– Hə, Manolo.
– Sənin üçün qabıqlarını soyum?
– Necə istəyirsən Manolo.
– Amma əvvəl əllərimi burax.
Manolo yer fıstıqlarını bir-bir onun ağzına doğru uzadır.
– Biraz daha istəyirsən?
– Yox Manolo, boğulmaq üzrəyəm.
Çay kənarındakı piyada yolu boyunca ağaclar tunelə bənzər şəkildə uzanır. Göydəki yarım ay Mansanaresin çaylarının, göllərinin dərinliyində tərəddüdlə üzür. Uzaqda, çayın yuxarı axarında bir it hürür.
– Mənimlə heç boğularsan, Pili ?
– Əgər ikimiz bir yerdə olsaydıq, mənim üçün boğulmaq elə də çətin olmazdı. Səninlə zövqlə boğulardım.
– Pili…
Manuel bir qədər sükut edir.
– Pili, tez bir zamanda bizim barəmizdə söhbət edəcəksən?
– Hə, Manolo.
– Biz Miladdan öncə evlənəcəyik.
– Necə deyirsən, Manolo.
İt hürməyə davam edir: Aya, zülmətə və sevgiyə. Buludlar isə cənubdan qərbə doğru böyüyür.
– Qaranlıqdan çıxaq, Manolo.
Çayın səsi getdikcə azalır.
– Qaranlıqdan çıxaq, Manolo.
– Pili…
– Getdik, Manolo.
– Getdik.
Gecə, çayın yuxarı axınındaki it hürüşü kəsilir. Ay buludların arxasında, səmanın aşağılarında üzür, Mansanaresin çayları, gölləri isə artıq zülmətə qərq olur.
İspancadan tərcümə edən: Sənan Cabbar
[1] Vermut – İspaniya da şərab növü.