Rumınca nəşr edilən “Avqust” şeirlər toplusu üçün ön söz
Şair Səlim Babullaoğlu mayın 12-16 tarixlərində Rumıniyada Yassı Beynəlxalq Poeziya Festivalında iştirak edib.
O, festivala “Mihai Ursachi” Mədəniyyət Mərkəzinin və Yassı festivalının direktoru Adi Kristinin dəvətilə qatılıb. Festival günlərində Səlim Babullaoğlunun tanınmış rumın-moldovan şairi Nikolay Spetarunun tərcüməsində “Avqust” adlı seçilmiş şeirlər kitabı da işıq üzü görüb. Festival boyu bir çox universitet və kolleclərdə keçirilən görüş və qiraətlər zamanı kitab həm rumındilli oxuculara, həm də rumın ədiblərinə təqdim edilib. Kitabda toplanmış şeirlər barədə Valentin Talpalaru, Horia Zilieru, Diana Vrabie və İan Hadırke kimi rumın ədibləri xoş sözlər söyləyiblər.
Yassı şəhərində “Tipo Moldova” nəşriyyatında “Dünya poeziyası” seriyasından çap edilən 116 səhifəlik kitaba müəllifin 40-a yaxın şeiri daxil edilib. Nəşrin redaktoru Aurel Ştefanaçi, seriyanın koordinatoru isə Valeriu Stankudur. Rumın yazıçısı, filologiya elmləri doktoru, Bels Universitetinin professoru Marqareta Kurtesku kitaba müfəssəl bir ön söz yazıb. Həmin yazını oxucularımızla bölüşürük.
Ekspressiyası və poetik baxışlarının yeniliyinə görə tənqidçilərin yüksək qiymətləndirdiyi ən tanınmış müasir Azərbaycan şairlərindən olan Səlim Babullaoğlunun zərif və ciddi, yaşantı dolu və dərin məzmunlu lirikası tərcüməçi Nikolay Spetarunun ustalığı sayəsində bu gün rumın oxucusu tərəfindən də kəşf olunmaq imkanı qazanır. Onun bilvasitə gerçəklikdən boy atan və güclü ruhi pərvərişin nəticəsi olan poeziyası gündəlik həyatı faş edib suallar yağdırsa da, detallar mümkünsüz dərəcədə suqqestiv obrazlar sistemi vasitəsi ilə ələnir, sonucda autentik məzmuni forma vermək üçün şair onları növ dəyişikliyinə məruz qoyur. Bütün bunlar eyni zamanda, kitabın da başlıca ideyası kimi qəbul edilə biləcək gündəlik həyat hadisələrinin tragizminin təsviri üçündür. Ümumiyyətlə, müəllif yaradıcılıq, həyat, eşq, ölüm, ilahi, valideyn və uşaqlar, tənhalıq, günah və başqa bu kimi əbədi mövzulara müraciət edir. Və bütün həqiqi sənətkarlara xas bir şəkildə bunu öz şəxsi semantik koordinatları ilə edir:
Səlim Babullaoğllunun lirikası diskursivdir, analitikdir, geniş nəfəsə malikdir, hikmət ənginliklərinə baş vurur, diqqəti detallarda cəmləşdirir və bir qayda olaraq böyük poetik formalar (“Avqust”, “IX hissə”, “Oğlumla söhbət”, “Ata və uşaqlar”) şəklini alır ki, hissələr dərin, əhatəli ağıl və sirayətedici hissiyatla birləşir, refleksiyaya bariz meylli koqnitiv impulslarla cilalanır.
Görünənləri diqqətlə fiksə edərək təhlilə məruz qoyan enerjili baxışlar, adini, ordinar olanı, banalı dəf edərək əşyaların mahiyyətinə varır və beləliklə, poeziya poetik hermenevtik akta, görünənlə görünənə rəğmən əslində, mövcud olan arasında mübahisəyə çevrilir, varlığı, gündəlik adi həyatı “gözlərindən oxuyur”.
Kitaba da “ad vermiş” olan, ustalıqla cəmlənmiş müşahidə və refleksiyalarla dolu “Avqust” şeiri həyat məkanlarından daha çox onun ontoloji dərinliklərini təsvir etmək və soyuq ağılla dərk etmək niyyətindən sarsılmış hansısa “mən”in varlığının lirik cizgiləridir. Məkan (dəniz ) və zaman (avqust) ciddi işlənmiş sətiraltında cəm olan həmin simvolik konnotasiyaları nişan verir. 12 hissənin hər birinin başlandığı “hava tam qaralmayıb” kəlmələri toran ab-havada düymələnmiş əbədi zaman axışını göstərir: “…Ağzı köpüklü dalğalar şırhaşırla / sanki nəyisə anlatmağa çalışır, / sahil boyu ləpirləri əvvəl doldurur, / sonra isə onları yuyub aparır…”
Şair həyatı hər şeyin efemerliyə tabe olduğu axın kimi qəbul edir. Hətta poetik sözü belə heçliyə çevrilmək təhlükəsindədir: “…Bu dünya hər şeyi məhv edir, sözdən başqa, / o da daim sükutda gizlənir tərs kimi…”
Şeirin hissələri xəstəhal kədərə bələnmiş varlığın “hamının barmağına fanilik halqasını keçir…”məsini konstatasiya edən, onun əllə toxunulmaz titrəyişlərini qeydə alan reportajlara bənzəyir.
Şeirin hissələri boyu dəniz, ay, yol və başqa bu kimi təkrarlanan obrazlar gözəl və eybəcər, sükut və nitq, nəhayət həyat və ölüm kimi antinomiyaların təbii şəkildə mövcud olduğu dünyanın rəsmini çəkir: “…Maşının vurub yol kənarına atdığı it leşi / ölümün əl çantasından düşən əşyaya bənzəyir./ Sükut öz uzunluğu ilə bizi gözləyən/ uzun-uzun sözlərdən, cümlələrdən danışır. / Yol uzanır – zatən o, heç vaxt bitmir ki…”
“Avqust”un fəlsəfi infleksiyalarla birləşmiş fraqmentləri Gilavar və Xəzri küləklərinin bir-birini əvəzlədikləri dünyanı təsvir edir ki, bu dünyadakı sakitliyi, məkanı rahatlığı da xeyir və şər, dərin olanla səthi olan arasındakı əbədi mübahisə pozur; elə bir mübahisə ki, sükut sözlərdən daha çox faş edir, danışır və gizlədir-bütün gözəgörünməz çalarları: “…Hava tam qaralmayıb./Darvazalar ev yiyələrindən fərqli olaraq/qonaqları sanki qucaqlamağa hazırlaşırlar,/bircə divarlar dinmir, heç nə ifadə etmir,/onlar evin və ev yiyəsinin sirrlərini/sədaqətlə saxlamaqdadılar. /Amma diqqətlə baxsanız, siz onların sinəsində /parçalanan stəkan yeri, qan izi, tüpürcək ləkəsi/ görə bilərsiniz. Bəs söyüşlər?/ Divarlar onların əks-sədasını geriyə qaytarmışdı. / Elə siz də onları lüğətlərdə tapa bilməzsiniz…”
“Avqust”un öz məğzini suallarla anladır. Mətn lirik qəhrəmanın inkar halını göstərən suallarla doludur. Şeirin refreni mümkün olandan daha bəlağətlidir – “Bəndə deyilən kəs bunu haradan bilsin?” Qeyd etmək lazımdır ki, avtonom semantik statusa malik aforistik, qnomik ifadələrin tez-tez istifadəsi xüsusi məna yaradılışlarına rəvac verir: “… Yol uzanır – zatən o, heç vaxt bitmir ki, / dənizdən qayıdan yolçu susur, / çevrəsində bir kimsə olmayan o adam / və elə başqaları da əslində çevrəsini deyil, / özünü itirmiş sayılmalıdı, / çünki təklikdən yoxduğa vur-tut bir addımdı, bir…”
Ciddi, ağır problematika dolu “Təksən” şeiri (“IX hissə” hissə nəzərdə tutulur – tərc.) insanın tənhalığa və təkliyə məhkum olması həqiqətindən “ilhamlanır” və bundan adamı tərksilah eləyən şəffalıqla danışır. Əsərin təklif edilən altı hissəsi ideyalılığı və həcminə görə fərqlənir; iki paralel gerçəkliyi – real, dinamik, səs-küy dolu dünyanı və intim, tənhalıq çərçivəsində donmuş aləmi göstərilir oxucuya – hər iki aləm sonucludur: “Zürafə qamətli sarışın kranda bir sual görnüşü, təəccüb var. / Binalar yuvadı, adamlar qarışqa – hündürdən baxılsa./ Hündürdən baxılsa- hər bir məhəllə labirint; ya da ki, daşlaşmış cəngəllik. / Təksən. / Qaçışır adamlar yağışdan sonra ya evə, ya evdən. / Hər mənzil dalandı – qapını bağlasan. / Hər otaq çıxışdı – açıqsa nəfəslik. / Təksən”.
Bəşər enməyə mübtəladır. Bu ümumdünya kədərinin rəsmidir, sanki arxasından şərhçinin səsi duyulan qorxulu stop-kadrdır: “Metroda adamlar fikirli görünür, yuxarı dirənir nəzərlər./Əslində, insan ömrü yoldu həmişə, / sadəcə kiçik və qapalı məkanda sürət artdıqca fon itir./Qrotesk. Yer də fırlanır sürətlə, eləcə sən özün kiçiksən. / Gördüyün ancaq əksindi qapıda. /O da ki, qapıyla birgə çəkilir, çoxluğa yol verir təklər. / Təksən”.
Və nəhayət, lirik qəhrəman sanki özünü təskin edir: “Təksən. / Darılma. Təklikdə sükutun səsi var sözsüz. / Lüğətlər dinərmi? Çevirsən vərəqi-əlbəttə!”
Sosial tematikaya müraciət edən Səlim Babullaoğlu zamanların gözəgörünməz əlaqəsini müəyyənləşdirir: bilvasitə gerçəkliyə keçilmişin elementləri qoşulub, keçmiş indi məntiqi şəkildə əks olunur. “Şəhidlər xiyabanı” adı şeirdə (“Axşamüstü qeydləri” silsiləsinin bir hissəsidir- tərc.) xronoloji detallaşdırma vasitəsi ilə insanı həyəcanlandıran səhnə yaranır, sovet qoşunlarının Bakıda protest edən insanları gülləbaran etdiyi “qanlı şənbə”nin faciəvi hadisələri nişan verilir. Və yalnız mətnin sonundakı yeganə, bircə obraz vasitəsi ilə ağrı zamansızlaşaraq hamınınkı olur: “Şəhidlər xiyabanında / döşəmə daşlarını yağış qaraldıb. / Qoca eynəyinin şüşəsində muncuqlanmış damcıları silir. / Adlar, şəkillər dəyişir, ölüm tarixləri isə eynidir: / iyirmisi, birinci ay, doxsanıncı il. / İrəli əyilir, naməlum şəhid məzarının / adsız və şəkilsiz qara mərmər lövhəsində / öz əksini görüb diksinir…”
Müasir ədəbi kanonlara müvafiq şəkildə Azərbaycan şairi öz tərcümeyi-halına müraciət edir, sanki sakit ritmlə adi qaydada danışır, amma ağrılı bir mesaj verir. Ailəsinin “Vizit” şeirində xatırlanan üç nəsli arasındakı qırılmaz əlaqə və ölümə münasibətdəki fərq qəribə səhnələr yaradır: “Sinədaşına qonmuş kəpənəyi tutmaq üçün / özündən böyük qardaşını səsləyən qızımın / şaqraq səsi yayılır ətrafa, / biz ölüm və başdaşlarının mühasirəsindəykən…” . Burda da əşyaların əzəli məntiq və yazılmamış qanunlarla müəyyənləşən təbii sırası özünü göstərir.
Sonuncu cavabların olmadığı dialoqlar əsasında qurulmuş, yazılmış “Oğlumla söhbət” şeiri təkamül zəncirindəki təkrar prinsipini və əbədi, ağrılı varislik məsələsini xaıtrladır: ” – Bir az özündən danış. / Nə deyim, oğlum. Mən də sənin kimi idim, sən boyda, / sən bənizdə. Sənin kimi çoxlu-çoxlu suallar verirdim hər yerdə, /anamın qucağında, atamın dizi üstdə, / evdə, çöldə, qatarda…”
Kitabın sonuncu “Ata və uşaqlar” şeiri də eyni manerada yazılıb, valideynlik duyğusu ilə doludur, eyni zamanda, dərin ideya kontesktinə malikdir. Şair öz uşaqlarına həyatın dramatik üzünü və mənasını göstərir, onun sərt uçurumları ilə tanış edir: “Uşaqlar, siz ölümdən qorxursunuz? / Bəlkə şeir yazmaq heç lazım deyilmiş? / Bilirsən, qızım, mən həyatı kitablardan tanıdım. / Sonra onun qonşu uşaqların sifətində / ağzısöyüşlü, davakar, yalançı nüsxələriylə tutuşdurdum, / bilirsən, qızım, çaşdım, ağladım. / Oldu ki, saatlarla susub xəyal elədim./ Bilirsən, kitab həyatdan qabaq olub, bunu sonralar anladım. / Amma o kitab başqadı, / İnanmıram ki, bunu sizə məktəbdə öyrətsinlər, / bəlkə də düz edirlər, sonra yaşamaq çətin olardı…”
Səlim Babullaoğlunun genişliyi ilə seçilən poetik nəfəsi və lirikası öz zərifliyi ilə insanı həyacanlandırır. Azərbaycan şairinin yaradıcı zəhmətə şahidlik edən, öz bədii formasına görə orijinal olan (müsahibə, ismarış) poeziyası bilavasitə onun özünün daxili məzmununu, yazıya münasibətini faş edir. Aşağıda sitat edəcəyimiz “Müsahibə” şeirindəki fraqmentdə poeziya həyatı qəbullanma aktı, açıq söhbət etmə və ya açıqlamalar məkanı kimi görükür, bir az da dəqiqləşdirmə kimi: “Soruşursuz ki, yazmaq sizin üçün nədir/ və yazmağa nə vaxtdan başlamısız? / Əlbəttə, yazmaq – ilk ağla gələn budur ki, / əl üçün soldan sağa gəzişmədir. / Daha çox dik, şaquli keçirdiyimiz narahat, yorğun ömrü / bir az dincəltmə, yerə sərmədir. / Bəzən də yazmaq – bir az da həyatdan qisasdır; / qısası, onu dəyişmək üçün peşədir, ixtisasdır. / Bizim ilk müəllimimiz nitqdir./Başqa sözlə, biz yazmağı danışmaqdan öyrəndik,/ yumşaq deməsək, oğurladıq, köçürdük. /Yəni yazmaq – həmişə həyatdan plagiatdır…”
Şair Səlim Babullaoğlu üçün ars scribendi (yazmaq sənəti – tərc.) varlığın ardına çevrilmək, ziddiyətləri və zəiflikləri dəf etmək imkanıdır ki, ali həzzə və xoşbəxtliyə yol açır.
Marqareta KURTESKU
Yazıçı, filologiya elmləri doktoru, Bels Universitetinin professoru
Tərcümə: İvan Pilkin
Sahibə Hacıyeva
525.az