“Bu kitab mənim üçün başlanğıcdır”.
İsmayıl Şıxlının nəvəsinin romanı çap olunub.
Teas-press nəşriyyatında xalq yazıçısı İsmayıl Şıxlının nəvəsi Aysel Şıxlinskayanın “Qanadsız mələk” adlı ilk kitabı çap olunub. Müəllif ölkədən kənarda yaşadığından kitabın təqdimatı gecikir. Aysel xanımın dediyinə görə, Bakıya qayıdan kimi ilk işi kitabın təqdimatını keçirmək olacaq.
Kitab isə müəllifini və təqdimatı gözləmədən artıq taleyini yaşamaqdadır və satılır.
Müəllif deyir “Qanadsız mələk” ilk kitabım olsa da ilk əsərim deyil: “ Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək zaman aldı. Ancaq sevinirəm ki, bu addımı atdım”.
Aysel Şıxlinskayanın “Mənəm, Yusif” adlı hekayəsi “44 fəsil” adlı hekayələr kitabında çap edilib. “İkinci Qarabağ müharibəsi mənə çox təsir etdi. Həyata baxışım dəyişdi. “Mənəm, Yusif” hekayəsini 44 gündə böyüyən mənim kimi müasir gənclərə həst etmişəm. Hekayə 525-ci qəzetdə, daha sonra isə “44 fəsil” hekayələr kitabında çap olundu. Oxucu auditoriyam xeyli genişləndi.
Daha sonra “İşıq” adlı hekayə yazdım, sahibini itirmiş köpəyin başına gələ biləcəkləri təsvir etdim. Heyvanları çox sevirəm. Ayna.az saytında dərc olundu”.
Qarabağ mövzusu, heyvanların həyatı və birdən niyə məhz sevgi romanı yazmaq istədiniz? –sualına Aysel xanım cavab verdi ki, janrı o seçməyib, o özü məni seçdi: “Sevgi və dostluq həmişə aktual mövzudur. Onu müasir gənclərin gözündə təsvir etmək istədim. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar kitab oxuyarkən öz hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur”.
Romanın adına gəldikdə isə, müəllif ülvi hisslərin rəmzi olduğu üçün o adı verdiyini deyir: “Mələklər ülvi hisslərin rəmzidir. Kitab da məhz bu hisslərdən birindən – sevgidən danışır. Eyni zamanda, baş obrazlardan biri olan Mələk adlı qız həmişə ona dayaq olan yaxın dostunu ona göndərilmiş mələyə bənzədir. Yəni romanda iki mələk var. Ancaq kitabı oxuyub bitirəndən sonra “Qanadsız Mələk” deyəndə oxucunun ağlına yalnız onlardan biri gələcək. Bir sözlə, mələyin kim olduğuna oxucu qərar verəcək.
Müəllif ilk əsərinin nəşriyyatın qarşısında onu məyus etmədiyindən həvəslənib. Yenə yazmağa davam edəcəm deyir: “ Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki”.
Onu da deyək ki, kitabın üz qabığının dizaynı Aysel xanımın öz əl işidir: “ Bəli. Uşaq vaxtından şəkil çəkməyi də sevirəm. Rəsmlə məşğul olmuşam. Düşündüm ki, üz qabığında nə ötürmək istədiyimi məndən daha yaxşı bilən olmayacaq. Fikirlərimi nəşriyyatla bölüşdüm, bəyəndilər. Nəticədə belə üz qabığı yarandı.
Bu kitab mənim üçün başlanğıcdır…”
Aysel Şıxlinskaya həm də tanınmış uşaq yazarı Reyhan Şıxlinskayanın qızıdır.
R. Qurban.