Çoxarvadlı mədəniyyətin təmsilçisi olmaq, şübhəsiz çox şeyə təsir edir. Ən azı təhkiyənin strukturunda (fikir deyə biləcəyim yeganə sahə) Qərbin göz ardı etdiyi bir çox ehtimal gözümüzün önünə gəlir.
Söz gəlimi, Qərb nağıllarında geniş yayılmış bir motivi – qəhrəmanın gözəl bir qızın rəsmini görüb ona vurulmasını – Şərqdə də görürük, amma çoxalmış şəkildə. XII əsr İran şeirində, Bəhram şah yeddi gözəlin rəsmlərini görür və eyni vaxtda yeddisinə də aşiq olur. Qızların hər biri bir qitənin hökmdarının qızıdır, Bəhram onların hər birinə evlənmə təklif edir və hamısı ilə evlənir. Sonra yeddi qəsr tikdirir, qəsrlərdən hər biri ayrı rəngdədir, “yeddi planetin özəlliklərinə uyğun”dur. Yeddi qitənin gözəllərindən hər birinə bir qəsr, bir rəng, bir planet və həftənin bir günü uyğun gəlir. Şah arvadlarından hər birini həftədə bir dəfə ziyarət edəcək, onların dilindən bir hekayə dinləyəcək. Şahın əlbisələri həmin günün planetinin rəngində olacaq, gözəllərin danışacağı hekayələr də öz planetlərinin rəng və xüsusiyyətləri ilə simmetriya təşkil edəcəkdir.
Bu yeddi hekayə “Min bir gecə nağılları”ndakı kimi fövqəladə şeylərlə dolu nağıllardır, amma hər birinin etik məqsədi var; (Məqsədlər simvollar pərdəsinin arxasından həmişə aydın şəkildə görünməsə də.) Beləliklə, şah-ərin həftəlik ziyarətləri, kainatın özəlliklərinin insandakı proyeksiyası olaraq əxlaqi fəzilətlərin də kəşfidir. (Bir şah-ərin birdən çox qadınla cinsi və ruhi poliqamiyası; ənənədə cinsiyyətlərin rolu tərsinə çevrilməz və bu məqamla əlaqədar heç bir sürprizdən söhbət gedə bilməz). Yeddi hekayə də Qərbdəki modellərdən fərqli olaraq çoxaldılmış şəkliylə ortaya çıxan eşq macəralarıdır.
Məsələn, yetkinləşmə nağıllarının tipik sxemində, qəhrəmanın sevdiyi qızla evlənmək və şahlıq taxtına layiq olması üçün müxtəlif sınaqlardan keçməsi vacibdir. Qərbdə bu sxem evliliyin sona saxlanmasını qabardır, ya da hekayənin gedişatında evlilik baş tutursa, işin içinə evlilikdən əvvəl gəlinin (bəyin) itməsi, sonra yenidən tapılması ilə müşayət olunan silsilə əhvalatlar, maneələr və ya sehr-cadu girir. Lakin burada oxuduğumuz qəhrəmanın üstəsindən gəldiyi hər sınaqdan sonra daha üst mövqedəki bir gəlinlə evləndiyi bir nağıldır. Qəhrəmanın ard-arda evləndiyi bu gəlinlər bir-birini inkar etmirlər, əksinə həyat boyu əldə edilmiş təcrübə və müdriklik xəzinələri olaraq bir-birini tamamlayırlar.
Orta əsr İran ədəbiyyatının klassikasından danışıram, Rizzoli nəşriyyatının Bibloteca Universale Rizzoli ( Universal Rizzoli kitabxanası) seriyası çərçivəsində, tərifəlayiq həssaslıqla, incə bir cild şəklində nəşr edib oxucuların ixtiyarına verdiyi, Alessandro Bausaninin giriş yazısı və tərcüməsi, Bausaninin və Giovanna Calassonun qeydləri ilə zəngiləşən bu kitab Nizaminin “Le Sette Principesse”sidir.(Yeddi gözəl) Mövzunun mütəxəssisi olmayan bizlər üçün Şərq ədəbiyyatının şedevrlərinə yanaşmaq, çox vaxt dəqiqlikdən uzaq nəticələr verə bilər, çünki uzaq bir qoxunun tərcümələr və uyğunlaşdırmalar vasitəsilə bizə gəlib çatması çox önəmli olsa da, əsəri bilmədiyimiz bir kontekstə yerləşdirmək son dərəcə çətin məsələdir. Xüsusilə, bu əsər, açıqca görünür ki, üslub özəllikləri və ruhi eyhamları ilə son dərəcə qarışıq bir mətndir. Amma Bausanin tərcüməsi (sonsuz məcazları olan bu mətnə tərcüməçinin sadiq qalması, söz oyunları qarşısında belə geri durmaması, mötərizələr içində farsca sözlərin mənasını göstərməsi) zəngin qeydləri, giriş yazısı (bundan başqa çox vacib vizual materiallardan istifadə), zənnimcə, bizə bu kitabın nə olduğunu anladığımız illüziyasından fərqli şeylər hiss etdirir, əsərin poetik sehrini (heç olmasa sətri tərcümənin ifadə edə biləcəyi qədərini ) dadmağımıza yardımçı olur.
Beləliklə, bu tərcüməylə dünya ədəbiyyatının şedevrlərindən birini kitab rəfimizə əlavə etmək kimi həmişə ələ düşməyən bir şansa sahib olduq. Həmişə ələ düşməyən deyirəm, çünki kitabın bibloqrafiyasındakı məlumatlar gerçəkdirsə, bu fürsət, bütün Qərb oxucuları arasında biz İtalyanların bəxtinə düşmüş bir imtiyazdır. Belə ki, biblioqrafiyada əsərin 1924-cü il tarixli yeganə ingiliscə tərcüməsinin səhvlərlə dolu olduğu, almanca tərcüməsinin qismən, sərbəst yenidən yazma özəlliyində olduğu və nəhayət mətnin fransız dilinə tərcümə edilmədiyi yazılıb. (Xatırlatmaqda fayda var: Bausaninin bu tərcüməsi illər öncə Bari mərkəzli “Leonardo Da Vinci” nəşriyyatında nəşr edilmişdi, amma o nəşrdə indiki kimi zəngin qeydlər, şərhlər yox idi.)
Sünni müsəlman olan (o dönəmdə İranda hələ şiələr üstünlüyü ələ almamışdı) Nizami (1141-1204) Gəncədə doğulub, orda da vəfat edib. (Artıq SSRİ-nin sərhədləri içində olan Azərbaycanda. Deməli, iran, kürd və türk soylarının iç-içə olduğu torpaqlarda yaşayıb.) Nizaminin yazdığı beş əsərdən biri olan və təxminən 1200-cü illərdə yazıldığı ehtimal edilən “Yeddi gözəl” (“Həft peykər” sözünün tam mənası “yeddi çöhrə” deməkdir.)
V əsr hökmdarı olan Sasani xanədanlığından Beşinci Bəhramın hekayəsidir. Deməli, Nizami Zərdüştlüyün dominant olduğu İranın keçmişini İslam təsəvvüfü bucağından əks etdirib. Nizaminin şeiri həm insanın bütünlüklə təslim olması lazımi olan ilahi iradəni, həm də paqan və qnostik proyeksiyalarla yer üzündəki müxtəlif mistik təlimləri də (Xristian mistikasını da, kəramət sahibi uca İsudan, yəni İsadan da bəhs edilir) ucaldır.
Nizami yeddi qəsrdə söylənən yeddi nağıldan əvvəl və sonra, hökmdarın həyatını, təhsilini, ov mərasimlərini (aslan, yabanı eşşək, əjdaha) , Böyük Xanın Çinlilərinə qarşı savaşlarını, qəsri inşa etdirməsini, şənliklərini və eyş-işrətini, ən önəmsizlər də daxil olmaqla eşqlərini bizə çatdırır. Deməli, əsər əvvəla ideal hökmdarın portretidir, bu portret içində, Bausaninin qeyd etdiyi kimi, İranın qədim “müqəddəs hökmdar” ənənəsilə, İslamın ilahi qanuna boyun əyən dindar sultan ənənəsi birləşir.
Biz düşünürük ki, ideal hökmdarın rifah içində şahlığı və xoşbəxt rəiyyəti var. Unudun getsin ! Bunlar həddindən artıq yer üzünə bağlı düşüncəmizin önhökmləridir. Bir hökmdarın bütün qüsursuzluqları özündə cəmləyən qeyri-adi biri olması şahlığının xain və acgözlərin əlində ədalətsizliklə əzilməsini əngəlləməz. Amma hökmdar Tanrının lütfünə layiq görüldüyü üçün, an gələcək ki, o hökm etdiyi torpaqlardakı acı reallığı bütün çılpaqlığı ilə görəcək. Onda soysuz vəziri cəzalandırcaq və kim gəlib başına gətirilən ədalətsizliyi danışsa ( yenə yeddi olan, amma o biri əhvalatlar kimi cəzbedici olmayan “zərərçəkmişlərin hekayələri”) padşahı sevindirəcək.
Bəhram hökm etdiyi torpaqlarda ədaləti yenidən bərpa etdikdən sonra, ordunu təzədən qurma və Çinin Böyük Xanını məğlub etmə imkanına sahib olur. Alın yazısını bu cür reallaşdırandan sonra, bircə işi qalır – yoxa çıxmaq, ovladığı yaban eşşəyini qovalamaq üçün atı ilə girdiyi mağarada sözün bütün mənalarında yox olur. Kəsəsi, Bausaninin də dediyi kimi şah “İnsan oğlunun özüdür”; önəmli olan onda bədən qiyafəsinə bürünən kosmik simmetriyadır – müəyyən ölçüdə hakimiyyətində və rəiyyətində də əks olunan, amma xüsusən öz şəxsiyyətində gizlənmiş simmetriya. ( Nəticə etibarilə, bugün belə xalqının son dərəcə pis şəraitdə yaşadığını diqqətə almayıb öz içində tərifəlayiq olduğunu iddia edən rejimlər var.)
Qısası, “Yeddi gözəl” iki cür fantastik şərq hekayəsini özündə cəmləşdirir : Firdovsinin (Nizaminin örnək aldığı X əsr İran şairi) “Şahnamə”sinə xas epik-təntənəli təhkiyə ilə qədim hind hekayətlərindən tutmuş “Min bir gecə nağılları”na qədər uzanan nağıllar silsiləsi. Əlbəttə, bu ikinci damar oxuma zövqümüzə daha çox xitab edir (bunun görə də, oxumağa yeddi nağılla başlayıb sonra çərçivə hekayəyə keçməyiniz məsləhətdir), amma çərçivə hekayədə də fantastik ovsunlar və erotik incəliklər (məsələn, ayaq sığallamağa çox dəyər verilir : “hökmdarın ayağı, o könül oğrusunun ipək paltarları arasından girib ombasına süzülürdü”) baxımından çox zəngindir ; eynilə nağıllarda kosmik-dini duyğunun kuliminasiyaya yüksəldiyi kimi. (məsələn, Allahın iradəsinə özünü təslim edən bir adamla, bütün olanları ağıl yolu ilə açıqlamaq istəyən adamın səyahətinin nəql olunduğu hekayət. İki adamın da psixoloji portreti o qədər inandırıcıdır ki, birincinin tərəfində olmamaq qeyri-mümkündür: Birinci adam, bütövün qarmaqarışıq olmasını inkar etmir, ikinci adam isə bədniyyət və çox da laubalidir. Hekayədən çıxara biləcəyimiz “ibrət”, fəlsəfi deyil, insanın öz reallığı ilə simmetriya içində yaşamasının önəmli olduğudur).
“Yeddi gözəl”də cəmləşən fərqli ənənələri bir-birindən ayırmaq qeyri-mümkündür, çünki Nizaminin baş gicəlləndirici məcazi dili bunların hamısını bir boşqabda əridir və hər səhifəyə göz oxşayan bir kolyedəki dəyərli daşlar kimi iç-içinə keçən məcazlar kolleksiyası yaradır. Bu baxımdan kitabın üslubu birliyi tək biçimli görünür və o biri aləmlə əlaqədar mistik-ezoterik giriş bölümlərini də içində saxlayır. (Bu bölümlərdən birinə diqqət çəkmək istəyirəm. Bir mələk-atla göyə, üç ölçünün yox olduğu nöqtəyə qədər yüksələn Həzrəti Məhəmmədin meracı xatırlanan hissə : “Peyğəmbər məkandan arınmış Allahı gördü, ağızdan və səsdən arınmış sözlər eşitdi.”)
Bu hörgünün toxumaları o qədər zəngindir ki, Qərb ədəbiyyatından uyğun örnək tapmaq üçün, təbii ki, Orta Əsrlərdəki motivlərin bənzərlikləri və Aristotel ilə Şekspir intibahının zəngin fantaziyasını da adlayıb, daha yüklü barokko tipli əsərlərə baxmalıyıq; amma Marionun “Adonisi” və Basilenin “Pentamerone”si belə Nizaminin təhkiyəsindəki məcazlar bolluğu ilə (o qədər zəngindir ki, hər imajdan, hər obrazdan bir hekayə doğulur) qarşılaşdırılanda kasıb görünür.
Bu məcazi kainatın bütünlüklə özünəməxsus özəllikləri və dəyişməz xüsusiyyətləri var. İran yaylaqlarında yaşayan, ensiklopediyalarda və yalnış xatırlamıramsa, zooparklarda gördüyümüz vəhşi eşşəyi, Nizaminin misralarında aristokratların gerbindəki heyvanların kübarlığına bürünür və demək olar ki, hər səhifədə qarşımıza çıxır. Bəhramın ov mərasimlərində vəhşi eşşəyi ən çox arzulanan və çətin ovlanan, çox vaxt ovçunun gücünü, qabiliyyətini ölçdüyü şikar kimi aslanlarla yanaşı durur. Bundan başqa, simvolik qatda vəhşi eşşəyi gücün, həm də kişinin cinsi iqtidarının simvoludur ; amma eyni zamanda eşq ovunun (aslana şikar olan vəhşi eşşək), qadın gözəlliyinin və ümumən gəncliyin simvoludur. Ayrıca, öyrənirik ki, əti çox ləzzətlidir: “yabaş eşşəyi gözlü qızlar, atəşdə yaban eşşəyi budu qızardırlardı.”
Çoxmənalı bir başqa məcaz da sərv ağacıdır. Kişinin gücünü göstərmək üçün yada salınması və təbii ki, fallik bir simvol olmaqdan başqa, qadın gözəlliyinin modeli olaraq da (uzun boy həmişə dəyərli sayılır) qarşımıza çıxır ; sərvlə qadın saçı, həm də su axınları, hətta səhər günəşi arasında da əlaqə qurulur. Sərvin demək olar ki, bütün məcazi funksiyaları (başqa bir çox funksiya ilə birgə), yanan şama da aiddir. Kəsəsi, bənzərliklər çılğınlığı o qədərdir ki, istənilən şey başqa bir şey anlamına gələ bilər.
Bir-birinin ardınca sıralanan sonsuz məcazlardan əmələ gəlmiş usta təsvirlərdən yadda qalanlar arasında, bir qış təsviri də var: bu təsvirdə, bir silsilə dondurucu obrazın ardınca (“soyuğun təsiri suyu qılınc, qılıncı su etdi”; qeyddə açıqlaması belə verilib : günəşin işıq-qılıncları yağmura, yağmur da şimşək qılınclarına çevilir; açıqlama doğru olmasa da, obraz gözəlliyini qoruyur), atəşin öyülməsi və qışın təsvirinin simmetriyasına uyğun olaraq bahar təsviri gəlir – “məltəm, reyhana əsir düşüb” bənzətməsi kimi capcanlı bitki dünyası ilə.
Yeddi nağıla hakim olan rənglər də hər biri özlüyündə məcaz katalizatorudur. Bütünlüklə bir rəngdən ibarət hekayə necə nəql oluna bilər? Ən sadə metod, adamlara o rəng paltar geyindirməkdir, qara nağılda olduğu kimi: bu nağılda, bütün xalqın qara geyindiyi bir Çin əyalətindən danışan qara geyinmiş bir yabançıyla rastlaşdığı üçün qara geyinən bir padşahın yanında qaravaşlıq etdiyi üçün həmişə qara geyinən bir qadından bəhs edilir…
O biri nağıllardakı bağ təkcə simvolik olub bir rəngə yüklənən mənalardan ibarətdir : sarı günəşin, avtomatik olaraq şahlığın da rəmzidir ; deməli, sarı nağılda, bir şahdan bəhs olunacaq və yoldan çıxartma əhvalatı ilə özünün kuliminasiyasına çatacaq (başdan çıxartma, içində altın olan bir qutunun zorla açılmasına bənzədilir).
Bəyaz nağıl, gözlənilməz şəkildə ən erotik olandır ; süd bəyazı bir işığa bürünmüş bu erotiklik içində “sünbül kimi məmələri və gümüş rəngi ayaqları olan qızlar”ın hərəkətlərinə şahid oluruq. Amma ismət barəsindəki nağıl da, açıqlamağa çalışacağım kimi (icmallaşdırmaq nə qədər əsas bir çox şeyi qaçırmağımıza yol açsa da), ən erotik olanlardandır. Kəramətləri və ismətiylə qüsursuz bir gənc oğlan rəqs edən çox gözəl qızların baxçasını işğal etdiyini görür. Qızlardan ikisi, gənci oğru bilib qamçıladıqdan sonra (müəyyən mazoxizm əlamətləri olan səhnədir), onun əfəndiləri olduğunu anlayırlar, əllərini-ayaqlarını öpməyə başlayırlar və gəncə içlərindən birini, ən xoşuna gələni seçməyi xahiş edirlər. Gənc oğlan qızların çimməyinə baxır, seçimini edir və seçdiyi qızla (nağıl boyu bütün hərəkətlərinə yön verən iki qadın qardiyan, ya da “polis”in yardımı ilə) görüşür. Amma bu görüşdə və sonrakılarda, kuliminasiya anında həmişə cütlüyün birləşməsini əngəlləyən nəsə olur: Ya otağın döşəməsi çökür, ya bir pişik bir quşu tutmaq üçün qucaqlaşmış sevgililərin üstünə atdanır, ya bir siçan çardaqda balqabaq gəmirir, balqabaq yerə düşüb səs-küy çıxardır və gəncin ehtirası soyuyur. Bu, ibrətamiz finala qədər belə davam edir : gənc anlayır ki, qızla evlənməlidir, çünki Allah onun günah işləməsini istəmir.
Sürəkli olaraq kəsilən cütləşmə motivinə qərbdəki xalq hekayələrində də rast gəlmək olar, amma qərbdə həmişə gülünc rakursdan işlənir : Basilenin bir hekayəsində, bir-birini izləyən gözlənilməz hadisələr, Nizamininkilərə çox bənzəyir, amma Basilendə ortaya insanın səfilliyi, cinsəllik qorxusu və qabalıqdan əmələ gəlmiş cəhənnəmvari bir görüntü çıxır. Lakin Nizaminin dünyası erotik gərginliklə və qayğı ilə yükü ilə dolu, həm də yazdığını ucaldan, ululaşdıran, psixoloji kontekstdə işıq-kölgə oyunları ilə zəngin olan kahincə bir dünyadır. Burda hurilər cənnətinə xas çoxarvadlılıq xəyalı, bir cütlüyün özəl reallığı ilə qarışıq olaraq verilir və məcazi dilin sərhədsiz açıq-saçıqlığı, imkan verir ki, Nizami təcrübəsiz gəncin ruhi təbədüllatlarına nüfuz etsin.
(“Klassikləri niyə oxumalıyıq?” kitabından.)
Tərcümə: Qismət