Mançesterdə doğulan Janet Vinterson gənc yaşlarında kitablarını gücünü kəşf edərək evdən ayrıldı. Oksford Universitetindən məzun olduqdan sonra bir müddət teatrda işləyir və iyirmi beş yaşında ilk romanını çap etdirir. “Yeganə meyvə portağal deyil” adlı əsərində fiktiv bir personaj vasitəsilə öz həyatını yazdı. İyirmi yeddi il sonra bu mövzunu “Normal olmaq varkən niyə xoşbəxt olasan” adlı əsərində yenidən işlədi. Böyüklər üçün on kitab yazdı. Ayrıca uşaq kitabları və ssenariləri də var. Hal-hazırda “The Guardian” jurnalı üçün yazır.
Bu yazının mövzusu olan “Sevgi” kitabı (Vintage, 2017) Vintersonun romanlarında vacib yer tutan “sevmək formaları”ndan bəhs edir. Romanlarında “Sevgi necə ifadə edilir?” və “Sevgini necə təcrübə edirik?” kimi suallar verən Vintersonun sevginin iziylə həqiqəti kəşf etməklə bağlı sözlərinə və yazmaq prosesiylə bağlı şərhlərinə nəzər salaq:
“Mən ögey övladam və bu həqiqət bütün həyatımı formalaşdırdı. Altı həftəlik olanda həyatımın mənası anamı itirdim. Beləcə, həyatım sevgi nəsnəmin itkisiylə başladı. Yeni ailəm Vintersonları sevə bilməyən insanlar idi. Qətiyyən qucaqlamazdılar… İnancımız və kilsəmizin şüarı beləydi: Tanrı eşqdir.”
Vinterson özünü sağalmaz bir romantik hesab edirdi. Məktəb illərində okuduğu Şekspir, E. Forster, Po, Fitscerald və Heminquey ən böyük ilham mənbələrindən idi. Ailəsinin inancını həmin müəlliflərin inanclarıyla müqayisə edirdi:
“Romantik şairlər təbiətin tanrısına inanırdılar. Vilyam Bleyk və Volt Vitmen kimi adlar baxdıqları hər şeydə tanrını görürdülər.”
Bundan sonra belə bir qənaətə gəldi ki, ailəsinin inancı yaradıcı deyil:
“(Bu cür inanc) mənə həm təxəyyülün uğursuzluğu kimi gəldi, həm də sevginin.”
İlk romanı “Yeganə meyvə portağal deyil” haqqında belə deyir:
“Bu kitabda sevgini anlamağa çalışan bir personaj oldum və anladım ki, sevgi olmadan heç nə anlaşılmaz… İlk məhəbbət, gözləri açan sevgi, ayrılıq sevgisi, yuxusuz gecələrin və sınıq ürəklərin sevgisi… Qadınların bir-birinə bəslədiyi sevgi…Bu mövzu haqqında az əsər yazılıb.”
Dəyişikliyin parçası olduğunu hiss edən Vinterson, yazmağın məzmundan və danışdığı hekayələrdən daha artığı olduğunu müdafiə edir:
“Ədəbiyyat mənliyin dərinlikləri iş birliyi içində olmaq, kim olduğumuzu başa düşmək üçün dili formalaşdırmaq, bunu edərkən klişe və ümumiləşdirmələrdən qaçmaqdır… Portağal sərhədsiz sevgiylə bağlıdır – iki gənc qadın arasındakı sevgi… Eyni zamanda ailə sevgisinin azlığıyla bağlıdır.”
Vinterson yazdığı ilk kitabın bu mövzulardan bəhs etsə də, avtobioqrafik olmadığını deyərək əlavə edir:
“Bir az qurğu, bir az da həyat həqiqətləri. Danışdığımız bütün hekayələr həqiqətin örtülmüş halıdır.”
“Ehtiras”ı yazanda özündən iyirmi beş yaş böyük, evli bir qadına aşiq olan yazıçı vəziyyətin çarəsizliyini əsərində ifadə etdi. Romandakı hadisələr Venesiyada keçsə də, şəhəri kitabı yazandan sonra ziyarət etdi.
“Həyatı təqlid edən sənət deyil. Yaradıcılıq həyatı, yerin cazibə qüvvəsi və zamandan ayırır. Hadisələri tərsinə çevirmək olar, finallar dəyişə bilər və əməllərimizin üstündəki yükü götürmək olar.”
Metafizik dünyada fiksiyaya olan inancı test edərkən sevgidən vasitə kimi istifadə etdi:
“Sevgi son deyil, vasitədir. Final nöqtəsi deyil, xəritədir… Buna görə də Şekspirin komediyalarının beşinci səhnələri narahatlıq doğurur. Nəşə və çözülmə anının arxasında başqa bir pyesin, başqa bir səyahət başlanğıcının bizi gözlədiyini bilirik. Qatlanmış xəritənin görünən küncüdür sevgi… Hekayə danışmağa olan bağlılığım sevgiyə olanla eynidir: Güvənsiz, narahatlıq yaradan. Razı qalmağa yox, macəraya; cavablara yox, özünü ehtimallara həsr etmək.
Birini sevəndə bizə elə gəlirik ki, anlaşıldıq. Nəyinsə qəfildən yerinə oturduğunu və yerindən tərpəndiyini hiss edirik.”
“Ehtiras”ın kişi qifayəsindəki qəhrəmanı Villanel sirli qadınla ikinci qarşılaşmasında tam da bu cür hiss edir.
Üçüncü romanı “Vişnənin cinsiyyəti”ndə hadisələr Birinci Çarlz dövründə keçdiyi üçün tarixi roman sayılsa da, Vintersonun fikrincə, “Keçmiş hər dəqiqə baş verir” və yazıçı tez-tez tarixi detallarla oynayır:
“Yazdıqlarımızın yaşadığımız dünyanın tarixiylə üst-üstə düşməli olduğuna heç vaxt inanmamışam. Ədəbiyyat dokumentalistika deyil. Keçmişdən istifadə etmək indiki zamanın qarışıqlığından qaçmaq üçündür.”
Temza çayının qırağında yaşayan Cordan adlı bir uşağı övladlıq götürən azman Köpək-Qadın qəhrəmanın hekayəsini danışarkən, ana ilə uşaq arasındakı sevgini analiz edir:
“Sevgi aldadıcıdır. Sevgi bizi sevgisiz olanda hiss etdiyimizdən daha çox tənha hiss etdirə bilər. O, asimanda görünən, çətin çatılan və cazibədar bir planetdir.”
“Bədəndə yazılı” adlı əsərində isə sevgi teması digər kitablarından fərqli şəkildə işlənir:
“İlk əsərim “Yeganə meyvə portağal deyil”də gənc qadınların bir-birinə olan sevgisini, “Ehtiras”da qadın-qadın və qadın-kişi münasibətlərini işlədim. Bu dəfə isə düşündüç ki, təhkiyəçinin cinsiyyətini bilməsəydik, necə olardı? Həmişəki ayırdedici xüsusiyyətlər olmasa sevgi necə olardı?”
Romanın qəhrəmanı Lusi evlidir. Aşiqinin adı, ya da cinsiyyəti deyilmir. Roman Vintersonun qadın-kişi ikiliyindən bezdiyini ifadə edir:
“Bir kişi kimi sevmək nə deməkdir? Ya da bir qadın kimi sevmək? Əgər cinsiyyətimiz, ya sevgilimizin cinsiyyəti dəyişirsə, sevgimizin təbiəti də dəyişirmi? Niyə mədəniyyətimizdə cinsiyyət bu qədər önəmli faktordur?”
“Güc kitabı”nda xarakter sevginin qaranlıq tərəfinə diqqət göstərir: “İstədiyin qədər sevişə bildiyin, ancaq sevginin tabu olduğu bu dünya nə qəribədir… Həqiqət budur ki, sevgi bir aysberq kimi həyatını deşib keçər və ürəyin Titanik kimi olsa da, batarsan. O qədər böyük və kəskindir. Düzgün və təmiz deyil. Nəzarəti mümkün deyil.”
Dantenin dediyi kimi, sevgi günəşi və ulduzları yerindən oynada bilərmi? “İncil”ə görə sevgi ölüm qədər güclüdür. Şekspirin 138-ci soneti yalan dediyini bilə-bilə hələ də sevgilisinə inanmağı seçən bir aşiqdən bəhs edir. Sevginin xeyli çeşidi var. Vinterson deyir ki, mən hələ də necə sevmək lazım olduğunu anlamağa çalışıram.
“Necə sevilir? Təcrübədən keçirmək. Xəyal qırıqlığı. Ürəklər onsuz da qırılmaq üçün yaranıb. Bildiyim ən çətin şey olan sevgi haqqında danışmaq üçün ən yaxşı yol yazmaqdır.”
Tərcümə: Qismət