“Mənim sevimli hekayəm” rubrikasının növbəti qonağı Kəramət Böyükçöldür.
Qeyd edək ki, bu rubrikada müəllif özünün ən uğurlu hesab etdiyi hekayəsini təqdim edir.
Sinif yoldaşım Nazim zirək və mərd oğlan idi. Heç vaxt dediyindən dönməzdi. Sinifdə qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da onun üstünlüyü vardı, qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. O, bu qabiliyyətinə görə çox tanınırdı.
Orta məktəbi bitirib universitetə imtahan verəndə sinif yoldaşlarımızın əksəriyyəti qəbul oldu, amma Nazim oxumadı. Hələ bircə dəfə onun əlində kitab, çiynində çanta görməmişəm. Mən görməmişəmsə, deməli, heç kim görməyib. Yəni Nazimlə bu qədər yaxın olmuşuq. Dəfələrlə demişdim ki, niyə universitetə hazırlaşmırsan? Xeyri olmadı. Bu qulağından alıb o birindən verirdi. Axırda mən universitetə getdim, Nazim də əsgərliyə.
Tərtərdə xidmət eləyirdi. Əsgərliyinin ilk aylarında telefonla danışırdıq. Bir dəfə də yanına getmişdim. Həmin oğlan idi, heç dəyişib-eləməmişdi. Boynumu necə qucaqladısa, qollarının yeri çiynimdə hələ də sürünür.
Görən kimi Leylanı soruşdu:
– Getdi?
– Hə, imkanlı bir oğlan aldı.
Düz 10 il sevmişdi Leylanı. Amma qız istəmirdi onu. Axıra kimi də istəmədi. Nazim nə qədər məktub yazdı, yazdı, yazdı, cavab gəlmədi. Düzü, dostumun təsirli sözlər uydurmaq qabiliyyəti yox idi deyə məktubları mən düzüb-qoşurdum. Birinə də ürək şəkli çəkmişdim, ox qoymuşdum. Guya ox ürəyi dəlib keçir. Qırmızı qələmlə qan damcıları da göstərmişdim. Hələ məktubun arasına bir az ürək dərmanı – karvalol da tökmüşdüm.
Sən demə, Leyla məktubları heç oxumurmuş. Yenə oxusaydı, bəlkə, təsir eləyərdi. Nə üçün oxumurdu? Bilmirəm. Bircə onu bilirəm ki, bir-iki dəfə rəfiqələrinə belə deyib:
– Ölsəm də, sevə bilmərəm Nazimi.
– Niyə?
– Çünki o oğlan mənim tipim deyil.
Nazim sonda hər şeyi başa düşdü və yavaş-yavaş Leylanı unutdu. Dəqiq bilmirəm, bəlkə, unutmamışdı, hələ də sevirdi. Hərbi hissədə soyuq Nazimin üzündəki ifadəni də dondurmuşdu, yoxsa unudub-unutmadığını üzündən oxumaq olardı.
– Xidmət necə gedir?
– Hərdən atəşkəs pozulur, cavab veririk. Həm də bir-birimizi möhkəm qoruyuruq.
Dostumun sinəsi çox dərin idi, səngərə oxşayırdı. Ayrılanda məni necə qucaqladısa, elə bil quyuya düşdüm.
– Özündən muğayat ol, beş-altı ayın qalıb – Nazimə dedim.
Üz-gözündən öpdüm, əlini sıxdım, kürəyinə bir-iki əhsən yumruğu vurdum. Mənim yumruğum da nə yumruq, elə bil belində milçək vızıldadı.
Lap axırda dedim:
– Sən getmisən, Bakı yetim qalıb.
Tərtərdən qayıdandan cəmi beş-altı gün sonra arxamca qara bir xəbər gəldi. Nazimi vurublar! Düz səhərə qədər it kimi uladım. Anası Səlimə xala oğlunun tabutunun qarşısında qəfil qol götürüb oynadı. Adamlar onun oynamağına ayrı don geyindirdilər. Guya ana ona görə qol açıb oynayır ki, oğlu subay ölüb. Səlimə xala isə nə elədiyini bilmirdi.
Sonralar özü də deyirdi:
– Hə, bala, heç bilirdim ki, neyləyirəm? Tabutu görəndə ağlıma eləcə oynamaq gəldi.
Səhəri gün qəzetdə oxudum ki, Nazim qəhrəmancasına şəhid olub. Əsgər dostunun nişan alındığını görüb durduğu yerdən sıçrayaraq özünü qabağa atıbmış. Güllə düz ürəyindən dəyib. Nazim əsl qapıçı idi, sonuncu topu da sinəsi ilə saxladı. Qoymadı vətənə güllə keçsin.