Bakı, 12 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Möhtəşəm Qələbəmiz əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, filologiya elmləri doktoru, akademik, xalq yazıçısı Kamal Abdulla söyləyib.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin ildönümünü təntənə ilə qeyd etdiyini vurğulayan akademik deyib: “Bütün xalqların tarixində məğlubiyyət və Zəfər dövrü olur. Biz 2020-ci ildə Vətən müharibəsində Qələbə qazandıq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə bir xalq kimi özünü yenidən kəşf etdi. Möhtəşəm Qələbəmizlə qürurumuz daha da artdı. Bu tarix Azərbaycan xalqının şərəf və ləyaqət tarixidir. Biz bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə çox minnətdarıq, onların qarşısında baş əyirik. Möhtəşəm Qələbəmiz üçün Vətən naminə canından keçən şəhidlərimizə, igidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”.
Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi missiyasından, gələcək nəsillər qarşısında xidmətlərindən danışan filologiya elmləri doktoru bildirib ki, əgər Ordumuz döyüş meydanında vuruşurdusa, dövlətimizin başçısı bir neçə istiqamətdə mübarizə aparırdı. Bu mübarizə həm diplomatiya, həm informasiya, həm siyasət, ümumiyyətlə, bütün istiqamətlərdə gedirdi. Prezident, Müzəffər Ali Baş Komandan dünyanın nüfuzlu televiziya kanallarına, media qurumlarına müsahibələrində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq təşkilatların məsuliyyətini xatırladır və onları mövcud münaqişəyə münasibətdə ikili standart yürütməkdə haqlı olaraq tənqid edirdi. Dövlətimizin başçısı müsahibələrində yüksək savad, bilik, intellekt və mədəniyyət nümayiş etdirərək bizi ləkələməyə çalışan bədniyyətli qüvvələrə tutarlı cavablar verirdi. Bu, Azərbaycan Liderinin nəinki ikili standart yürüdənlərə, ümumiyyətlə, haqsızlığa, ədalətsizliyə etiraz çağırışı idi.
Prezident İlham Əliyevin Qarabağ həqiqətləri ilə müsahibələrində həm də dərs verdiyini diqqətə çatdıran Kamal Abdulla qeyd edib ki, dövlətimizin başçısı nəinki Ermənistanın siyasi rəhbərliyinə, dünyanın bir sıra ölkələrinin liderlərinə həqiqət, tarix və ədalət dərsi keçirdi. “Prezidentimiz Azərbaycanın tarixini, mədəniyyətini, ənənələrini anlatmaqla yanaşı, ölkəmizin bu günü, gələcəyi ilə bağlı düşüncələrini, planlarını beynəlxalq aləmə çatdırırdı. Prezident İlham Əliyev onlara başa salırdı ki, rəhbərin sözü ilə əməli üst-üstə düşməlidir, liderlər verdikləri sözü tutmalıdırlar. Bəyan edirdi ki, liderliyin ən ümdə xüsusiyyətlərindən biri də məhz dürüstlük, doğruluqdur. Çünki biz özümüz dövlət, xalq olaraq dürüstlüyə, doğruluğa önəm veririk və bütün dünya 44 günlük Vətən müharibəsində bizim haqlı, düzgün yolda olduğumuzu gördü”, – deyə K.Abdulla əlavə edib.
Rektorun sözlərinə görə, dövlətimizin başçısı müharibə dövründə Azərbaycan xalqına əslində hesabat verirdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik siyasəti, əzmi, qətiyyəti, xalqına inamı Zəfərimizi şərtləndirdi. Azərbaycan Lideri ürəyindəki məhəbbət, gözlərindəki qətiyyət ilə yorulmaq bilmədən çalışır, bizi anbaan Zəfərə yaxınlaşdırırdı.
“Biz Zəfər ilinə günbəgün, aybaay yaxınlaşırdıq. Azərbaycan Prezidentindən savayı, bunun nə vaxt olacağını heç kim bilə bilməzdi. Prezidentimizə inam hər şeydən öndədir və xalq öz Liderinə inanırdı. Bilirdi ki, belə davam edə bilməz və torpaqlarımız mütləq işğaldan azad ediləcək. Sadəcə, zamana ehtiyac vardı. Bu, tez və ya gec ola bilərdi və oldu.
Erməni saytlarını izləyəndə Azərbaycan Ordusunun qüdrətini bir daha dərindən anlayırsan. Düşmən də dövlətimizin, Ordumuzun, döyüş texnikamızın gücünü etiraf edir. Onları dinlədikcə döyüşçülərimizin mərdliyinə, cəsarətinə, vətənpərvərliyinə heyran qalmamaq mümkün deyil.
Dünya şahid oldu ki, Azərbaycan xalqı öz müqəddəratını özü həll etməyə, ərazi bütövlüyünü öz gücünə bərpa etməyə qadirdir. Azərbaycan xalqı qalib xalq olduğunu təsdiqlədi. Xalqımız özü də qalib olduğunu bilir və həmin o qalib xalq adını daim məğrur şəkildə daşıyacaq. Bizim xalqımıza yalnız Zəfər, xoş günlər, humanizm, insanlıq yaraşır”, – deyə Kamal Abdulla vurğulayıb.
Azərbaycan Prezidentinin öz müsahibələri və çıxışları ilə həm də daxilə yönəlik dərs verdiyini, çox incə mətləbləri anlatdığını deyən filologiya elmləri doktoru bildirib: “Düşünürəm ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bizə böyük ruh yüksəkliyi bəxş edərək, zirvədə dayanmağa layiq olduğumuzu anlatdı. Biz qalib xalqıq və qalib xalqın nümayəndələri ancaq yüksək amallar, ideyalar uğrunda yaşayır və mübarizə aparır. Oğurluğu, quldurluğu, cinayəti, ümumiyyətlə, pis əməlləri ancaq cılız xalqların nümayəndələri edə bilərlər.
Azərbaycan xalqı öz Liderinə – İlham Əliyevə arxalanaraq düşmənə və dünyaya sübut etdi ki, bu xalq öz torpağı uğrunda ölməyə hazırdır. Torpaq əgər uğrunda ölən varsa Vətəndir. Torpaq uğrunda döyüşmək, qan tökmək bizim tariximizdə var və Azərbaycan xalqı əsrlər boyu bunu sübut edib. Bütün dünya da 2020-ci ilin 44 günlük müharibəsində bunun bir daha şahidi oldu”.
Akademik bildirib ki, müharibənin ilk günlərindən hamımızda bur əminlik var idi ki, biz Qələbə çalacağıq. Bu əminliyi Azərbaycan xalqında Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaratmışdı. Dövlətimizin başçısının inamlı çıxışları, səsindəki qətiyyət, gözlərindəki işıq bizə təlqin edirdi ki, Zəfər bizimdir. Biz bu dəfə itirilmiş torpaqları geri alacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və qətiyyəti, iradəsi ilə onu qəbul etdirdi. Bundan sonra əsas və vacib işimiz Qarabağımızın dirçəlişi və inkişafıdır.
Zəfərimizdən sonra yeni nəslin daha ürəkli, daha vətənpərvər ruhda böyüyəcəyini vurğulayan Kamal Abdulla fikirlərini belə əsaslandırıb: “Azərbaycan gəncləri çox istedadlı, qabiliyyətli və vətənpərvərdirlər. Yeni nəsil daha intellektual, daha qətiyyətli, daha inamlı böyüyür. Çünki bu nəsil qalib xalqın nümayəndələridir. Onlar bu imkandan bəhrələnir və bəhrələnməlidirlər. Yeni nəsil Zəfərimizdən qürur duyaraq formalaşır.
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında ərsəyə gələn “Həqiqətin onomastikası” nəşrindən də söz açan akademik qeyd edib ki, dövlətimizin başçısı hər zaman çıxışlarında bildirir ki, indiki Ermənistan ərazisindəki kənd, şəhər, dağ, meşə, çay adları türk mənşəli Azərbaycan adlarıdır. Tədricən bu adlar dəyişdirilərək erməniləşdirilib. Bununla onlar bu yerlərin tarixən bizə məxsus olduğunu gizlətməyə çalışıblar. Biz bununla bağlı bütün sənədləri bir yerə topladıq və “Həqiqətin onomastikası” adlı nəşr ortaya çıxdı. Biz bu kitabda dəyişdirilmiş adları lüğət halına salmışıq. Həqiqət elə bir şeydir ki, onu nə qədər dərinlərdə gizlətsən, örtüb basırsan da, mütləq bir gün ortaya çıxacaqdır. Yəni, həqiqət tarixin köksündə yatır. Kitabın ikinci nəşri ilə yanaşı, həm də onun beynəlxalq auditoriyaya çatması üçün rus və ingilis dillərinə tərcüməsi üzərində işləyirik. Sonra bu kitab başqa dillərə də tərcümə ediləcək”.
Akademikin sözlərinə görə, 1903-cü ildə Rusiyanın hərbi dairəsi tərəfindən çəkilmiş bir xəritədə bir dənə də olsun erməni adı yoxdur, hamısı türk adlarıdır. Bu tarixi necə məhv etmək olar?! Qeyri-mümkündür! Bu xalqın ziyalıları, nümayəndələri hər şeyi xatırlayır, çünki onlar bu barədə həqiqətləri əcdadlarından eşidiblər.
https://azertag.az/xeber/Kamal_Abdulla_Azerbaycan_xalqi_44_gunluk_Veten_muharibesindeki_Zeferi_ile_bir_xalq_kimi_ozunu_yeniden_kesf_etdi-1898431