“Portret” layihəsində Azərbaycanın görkəmli yazıçısı Kamal Abdulla mərhum Vaqif İbrahimoğlu haqqında danışır.
– Kamal müəllim, Vaqif İbrahimoğlu bir yazısında sizə dostum Kamal Abdulla deyir. Sizin Vaqif İbrahimoğlu ilə dostluğunuz sadəcə, sənət dostluğu idi, yoxsa həyat dostluğu, yoxsa necə?
– Hamısı bir yerdə idi. Çünki o özü bütöv insan idi və yarımçıq dostluqlar onluq deyildi.
Bizim dostluğumuz üçün mən bu gün də çox darıxıram. Onunla bir yerdə bir çox ümumiqələbəmizi (həm onun, həm mənim) qeyd eləmişik, bir-birimizin uğuruna sevinmişik… Vaqif dost uğuruna sevinə bilən kişi idi.
Moskvada “Yarımçıq əlyazma” romanının “İnostrannaya literatura” jurnalında müzakirəsini redaksiya təşkil etmişdi. Bu, jurnalın redaktoru Liverqantın dediyinə görə ilk təşəbbüs idi – jurnal MDB ölkələrinin yazıçılarının əsərinə ilk dəfə idi ki, müraciət edirdi. Çox yüksək səviyyədə fikir mübadiləsi oldu. Görkəmli rus yazıçıları, tənqidçiləri, tərcüməçiləri iştirak etdi. Vaqif də romanın rus dilinə tərcüməçisi kimi mənimlə Moskvaya getmişdi. Biz ikimiz romanın Moskvada qələbə saydığımız bu müzakirəsindən sonra gecənin bir aləmi köhnə Arbat küçəsində gəzişib təəssüratımızı bir-birimizlə bölüşürdük. O, necə sevinirdi, bir biləydiz və məni hətta az sevindiyimə görə danlamağa başladı. “Sən axıracan başa düşmürsən, bu gün nə baş verdi” dedi. Mən də onun əvəzinə sevinirdim. Çünki moskvalı tənqidçi və yazıçılar, bunu gözəl tərcüməçi olan Liverqant da xüsusi qeyd elədi, Vaqifin rus dilinə tərcüməsini çox yüksək qiymətləndirdilər.
Bir-birinin uğuruna sevinən iki adamın dostluğu göylərdə də təqdir olunur.
– Bəs dostluğunuz necə yarandı? Onu ilk dəfə harda, necə gördünüz, hansı şəraitdə tanış oldunuz? Bütün bunlar yəqin ki, yadınızdadır.
– Mənim dostlarım 70-ci illərin sonlarında Teatr İnstitutunun (o vaxt belə adlanırdı) nəzdindəki Tədris teatrına tez-tez gedərdilər. Rəhman, Niyazi, Zeynal günlərin bir günü mənim də “saqqızımı oğurladılar” və biz Tədris teatrında Vaqifin hazırladığı “Mən Dədə Qorqud” tamaşasının premyeradan əvvəlki nümayişinə getdik. Vaqif bu nümayişi dostları üçün təşkil etmişdi. Tamaşadan sonra xeyli söhbət elədik. Mən o vaxtacan elə bilirdim ki, “Dədə Qorqud”dan ancaq dilçilər və ədəbiyyatçılar, bəlkə də bir az tarixçilər danışa bilər. Vaqiflə söhbətlərdən sonra mənim üçün bu doqma gülməli bir mahiyyət kəsb elədi.
Bizi, nə qədər banal səslənsə də, “Dədə Qorqud” birləşdirdi.
– Vaqif müəllimin haqqında yazılan, danışılan xatirələrdən necə bir insan olduğunu təsəvvür eləsəm də, təbii, onu öz dostunun dilindən tanımaq daha gözəl olardı. Kamal müəllim, bizə Vaqif İbrahimoğlu haqqında çox danışmısınız. Ona görə də istərdim hamının tanıdığı yox, öz tanıdığınız Vaqif haqqında danışasınız…
– Mənim tanıdığım Vaqif İbrahimoğlu sənin tanıdığın, onun tanıdığı Vaqifdən bir elə də fərqlənmir. Bütöv şəxsiyyətlər hamı üçün təqribən eyni olurlar. Bəlkə də mən onunla daha çox ünsiyyətdə olduğumdan onu daha həssas, daha ağıllı, daha obyektiv bir adam kimi tanımışam. Yazdığım hər nə vardısa, hələ əlyazmadaykən, bəlkə də birinci ona oxudurdum. Bir də Natiq Səfərova. Bu iki adamın rəyi mənə bəs idi. Bilirdim ki, bunların heç biri mənə qeyri-səmimi heç bir söz deməyəcək.
Mənən çox güclü adam idi. Və son dərəcə iti zehinli, geniş dünyagörüşünə malik, bildiklərini bir sistem çərçivəsində qoruyub saxlaya bilən, filosofla filosof, ədəbiyyatçı ilə ədəbiyyatçı, dilçi ilə dilçi ola bilən intellekt sahibi idi. Onun öz məktəbi vardı. Mən teatr estetikasını və təkcə “Yuğ” teatrının aktyorlarını nəzərdə tutmuram. “Yuğ”a gedən və tamaşadan sonra qalıb Vaqifin balaca otağına qısılıb onun yönəltdiyi söhbətlərin xoş əhvalına yuvarlanan hər kəs, ən müxtəlif sənət və peşə sahibləri Vaqif intellektual məktəbinin üzvü idi. Mən də o qəbildən. Mənim o məktəbdə öyrəndiyim, qəbul etdiyim (qəbul etmədiklərimdən də öyrəndiyim) çox mətləblər oldu.
– Mən cəmiyyətin intellektual insanlarında ona qarşı heyran münasibət hiss eləmişəm. Vaqif İbrahomğlunun bu qədər sevgi və hörmət sahibi olmasının səbəbi sadəcə, sənətiydimi? Nəydi onu bu qədər unikal eləyən?
– Bu suala qismən bayaq cavab verdim, elə bil. Bir də onu əlavə etmək istərdim ki, onu unikal edən cəhət həqiqət bildiyi dəyərin yanında durmağı bacarması idi. Razılaşaq ki, dövrümüz üçün bu cəhət, sözün əsl mənasında unikal sayıla bilər.
Böyük həvəs və zəhmət hesabına hazırladığı “Casus” tamaşası premyeraya qədər ancaq addımlayıb gələ bildi. Azdramanın aktyorları ilə hazırladığı bu tamaşanı ona unudulmaz Həsənağa Turabov sifariş vermişdi. Azdramanın sənətkarlarına, elə bil, yeni nəfəs gəlmişdi. Vaqifin seçdiyi və məşqlərə başlayan aktyorlara onların həmkarları həsədlə baxırdı.Tamaşaya daxil olunmaq, orada rol almaq üçün intriqalar başlamışdı. Tamaşada olmayanlar olanlardan “güclü” çıxdı. Tamaşanı premyeraya buraxmadılar. “Bizim belə qəhrəmanlarımız olmayıb” – dedilər. Vaqif usandımı? Usanmadı. “Casus”u rus dilinə tərcümə etdi. Onu rus dilində tamaşaya qoymaq istəyirdi. Kitabıma bu pyeslə bağlı önsöz yazdı. Amma əslində, bu, Vaqifin qələbəsi idi. O tamaşanın ilk və son ictimai baxışını görənlər bu gün də deyirlər ki, Vaqif Azdramanın aktyorlarını silkələdi, onların sənətinə yeni ruh verdi. O sanki bu tamaşa ilə kiməsə nəyisə sübut eləmək istəyirdi. Sübut elədi də.
Görünməyən Vaqif İbrahimoğlu, bir də təkrar edirəm, yoxdur. O, başdan-başa özünün görünən tərəfindən ibarətdir. Şəxsiyyət bütövlüyü deyəndə, yəqin ki, elə bu nəzərdə tutulur.
– Adətən, istedad adama düşmən qazandırır. Görəsən, Vaqif İbrahimoğlunun da düşmənləri çox idimi? Yoxsa hamı onu özünə dost hesab eləyirdi. Təbii, düşmən deyəndə söhbət onu sevməyənlərdən, paxıllıq və qısqanclıqla yanaşanlardan gedir.
– Əlbəttə, belələri də var idi. Amma Vaqif həm də ona görə güclü idi ki, bədxahlarına heç nə ilə bildirməzdi münasibətini. Hamısı ilə mütəvazi münasibət saxlardı. Ümumiyyətlə, çılğınlıqdan uzaq idi. Dalca danışmazdı. Onu sevməyənləri bilsə və tanısa belə, heç vaxt hansısa hərəkətlərini nə onların üzünə vurardu, nə də aldığı zərbələri başqaları ilə bölüşərdi. Ən kritik situasiyalarda qrotesk, satira və zarafat üslubunda hərəkətlər və gülüş hesabına tənzimləmələr edə bilirdi. Anekdot danışmağı və dinləməyi çox sevirdi. Gecənin bir aləmi zəng vurub yeni eşitdiyi anekdotu sənə danışa bilərdi.
Mənə elə gəlir ki, o, bütün bədxahlarını hələ bu dünyada bağışlamışdı.
– Onunla tez-tezmi görüşürdünüzmü? Maraqlıdır, bir-birinizi görmək istəyi ən çox hansı ehtiyacdan yaranırdı? Görüşəndə ən çox nə barədə danışırdınız? Ancaq sənət söhbətləri, yoxsa necə? Yəqin yadda qalan xatirələr çoxdur.
– Tez-tez görüşürdük. Ya teatrda görüşürdük, ya da hardasa gedib çay içirdik.
Məşqlərə məni buraxmazdı. Məşqlərinə kənar heç kəsi buraxmazdı. Mənə özəl olaraq tamaşanı tam hazırlayandan sonra göstərərdi. “Bir-iki, bizimki…” tamaşası “Yuğ”da gedəndə bir məqamı heç yaddan çıxara bilmirəm.
Tamaşanın finalını Vaqif elə qurmuşdu ki, Vaynşteynin ecazkar musiqisinin sədaları altında aktrisa səhnədə tək qalır və yerə çöküb oturur. Sakitcə, məhzun, yalqız… Sonra musiqi susur. Qız isə hələ də səhnədə hərəkətsizdir. Tamaşa bitmişdir və biz – Vaqif, mən, işıqçılar, digər aktyorlar tamaşaçıların çəpik çalıb zaldan getmələrini gözləyirik. Onlar isə don vurmuş kimi oturub yerlərində qalıblar. Çəpikdən, alqışdan əsər-əlamət yoxdur.
Vaqif hər tamaşadan sonra saatına baxırdı. Sonra deyirdi, “bu dəfə yeddi dəqiqə, bu dəfə on dəqiqə…”. Bu, musiqinin susmağı ilə tamaşaçı alqışının səslənməsinin arasında olan vaxt idi. Əslində, məncə, beş dəqiqədən çox sürmürdi. Vaqif, məncə, bir az qabardırdı. Amma az da olsa, çox da olsa, bu sükut, mənim heş cür unuda bilmədiyim qandonduran, lənətəgəlmiş bu sükut var idi. Tamaşaçılar Vaqifin tamaşasının sehrindən heç cür ayrıla bilmirdilər. Ayrılmaq istəmirdilər. Tamaşa bitdikdən xeyli keçmiş, nəhayət, alqışlar başlanırdı. Və biz rahat nəfəs alırdıq…
Onunla ünsiyyətə həmişə böyük mənəvi ehtiyacım olub. Bu gün də.
– Kamal müəllim, mənim üçün maraqlıdır, görəsən, sizi Vaqif İbrahimoğlu ilə xarakter etibarilə hansı xüsusiyyət birləşdirir, hansılar ayırırdı? Məsələn, Vaqif necə bir insan idi, amma siz heç vaxt o cür ola bilməzdiniz, yaxud olmaq istəməzdiniz. İstərdim bu özəlliklərdən danışasınız.
– Dəhşətli dərəcədə savadlı və ağıllı idi. Əsl mütəfəkkir idi. Kim istəməz olsun? Sən də, o da, mən də istərdim. Məncə, biz ona yanında olduğumuz, amma qədrini bilmədiyimiz dahi deyə bilərik. Bibliyadakı kəlam hər bir dövr və məmləkət üçün aktualdır. “Vətənində peyğəmbər olmaq mümkün deyil…”
– Vaqif İbrahimoğlu “Yuğ”da sizin pyesləri tamaşaya qoyub. Bu tamaşalardan əvvəl nə danışırdı sizlə, tamaşadan sonra nə deyirdi? Dramaturq və rejisorun bu barədə söhbətləri maraqlıdır.
– İlk birgə işimiz Gənc Tamaşaçılar teatrında oldu. Mənim “Unutmağa kimsə yox…” adlı pyesimi səhnələşdirmişdi. Məncə, teatrın kollektivi Vaqiflə işləməkdən xüsusi zövq aldı.
Sonra “Bir-iki, bizimki” oldu. Bu dəfə kontakt artıq mənim mənəvi məbəd saydığım “Yuğ”da baş verdi. Tamaşa uğurlu alınmışdı. Həzin, ürəksızladan bir melodrama idi.
Əlbəttə, çox söhbətlərimiz olurdu. Bəzi tamaşaların məşqindən sonra ayrı-ayrı məqamlarla bağlı mənə əlavə parçalar da yazdırtdırırdı.
Söhbətlərimiz isə… Bitib-tükənmək bilmirdi. Bəzən bir pyesdən yola çıxan söhbət qalaktikaların, qara dəliklərin, Platonların, Aristotellərin fəlsəfəsi ilə davam edirdi. İlkin mövzuya da qayıda bilmirdik, onu hardasa salıb itirirdik. Mən deyirdim: sən məni yenə də spekulyativ fəlsəfəyə çəkdin… Söhbət naminə söhbəti sevirdi.
Bəzən də, sadəcə, dərdləşirdik. İkimizə aid son dərəcə özəl bir məcraya düşən çox söhbətlərimiz olub. Adama ən praktik və ən ağıllı, ən lazımlı məsləhətlər verə bilirdi.
– O, bir neçə yazısında sizə bir dramaturq kimi yüksək dəyər verir. Bəs sizə necə düşünürsünüz, pyesləriniz Vaqif İbrahimoğlunun təqdimatında xoşunuza gəlirdimi? Heç bəyənmədikləriniz də olubmu?
– Hə, bu doğrudu. Biz bir-birimizin yazdığını və etdiyini hədsiz bəyənən iki dost idik.
Bir dəfə Vaqif mənim “Dəvə yağışı” hekayəmin əsasında “Yuğ”da tamaşa hazırlamışdı. Qəliz məqamları sevərdi. Mənə deyirdi ki, elə bir şey yaz ki, mən bilməyim, bunu necə səhnələşdirim.
Hekayə öz-özlüyündə qəliz idi. Üstəgəl Vaqifin duyumu və təqdimatı. Təsəvvür edin: göydən yerə yağış əvəzi dəvə yağır və yağa-yağa dəvələr öz aralarında söhbət edirlər. Tamaşada sözlər əzilib-büzüşmüş görünürdü. Əsas – hərəkət idi. Vaqifin Əlahəzrət Hərəkəti!
Tamaşaya baxandan sonra mən ona dedim ki, gördün, mən deyən düz çıxır. Sənin bütün məqsədin Sözlə mübarizədir. Hərəkət yenə sözü üstələyib. Mən bu fikrimi ona dəfələrlə, hətta başqa tamaşaları ilə də bağlı demişdim. Razılaşmamışdı. Bu dəfə də mənə etiraz etmədi. Bığaltı qımışdı.
Bunun üstündən bir müddət keçdi. Bir gün mənə zəng edib dedi ki, axşam gəl teatra, “Dəvə yağışı”nı yeni versiyada hazırlamışam. Düşündüm, görəsən, yuğçular bu dəfə bu yazıq dəvələrin başına nə oyun açıb…
Tamaşa nə tamaşa!.. Vaqif bu dəfə tamaşadan bütün sözləri çıxarmışdı. Bu “Dəvə yağışı”nın sözsüz variantı idi. Mənim Söz və Hərəkətlə bağlı etirazıma o belə cavab vermişdi. Vaqif gözlənilməzliklərin gözlənilən ünvanı idi.
– Kamal müəllim, onun yaxın dostları başqa kimlər idi, ən çox kimlərlə bir yerdə görərdiniz? Məsələn, Azərbaycan ədəbiyyatında, musiqisində, teatrında, rəssamlığında Vaqif İbrahimoğlu ilə yaxın olan insanlar kimlər idi?
– Vaqiflə dostluq eləmək “ol zamanlar” yaxşı intellektual ton sayılırdı. Ən müxtəliuf peşə adamlarını maqnit kimi özünə cəlb edirdi. Amma bu dostlarla yanaşı, bir də cani-dil dostları var idi. Həsənağa, Azərpaşa, Ədalət, İsrafil, Bəsti, Niyazi, Zeynal, Rəhman, Toğrul, Əli… Teatrın bütün aktyorları və işçiləri… Daha kimlər, kimlər…
İcazənizlə özümü də Vaqifin cani-dil dostlarının sırasına daxil edərdim.
O, bu adamları özünə nə ilə çəkirdi sualına gəldikdə isə… mənim buna bir cavabım var: bilmirəm. Mən indi başa düşürəm ki, biz onu necə sevirmişik…
– Bəs Vaqif İbrahimoğlu ən çox nə zaman yada düşür? Onu ən çox nə xatırladır sizə?
– O hər məqamda öz yerini bilən, aristokrat ruhlu və ədalı bir şəxs idi. İndinin özündə də özü nə zaman lazım bilirsə, o zaman da yadımıza düşür… Əlbəttə ki, ünsiyyətimiz davam edir.
Söhbətləşdi: Kəramət Böyükçül
Teleqraf.com, 2015.