Günlərin bir günü (lap dəqiq xatırlasam 2003-cü ilin yayın son günlərindən biri) on illərin ürək dostu, sirdaşı, nəhəng insan və eyni dərəcədə nəhəng mədəniyyət xadimi, virtuoz tərcüməçi, filosof-alim, kulturoloq, görkəmli teatr rejissoru Vaqif İbrahimoğlu axşamçağı mənə zəng elədi. O zaman Vaqif Azdramanın arxasındakı qədim və tarixi hamam binasında məskunlaşan YUĞ teatrının bədii rəhbəri idi. Elə bu teatrın özünü də Vaqif yaratmışdı. Və bir ana kimi ona nəvazişlə, sözün əsl mənasında, böyük bir ürəklə xidmət edirdi.
Vaqiflə telefonlaşmağımız adi hal idi, vaxtaşırı idi. Bizi Niyazi Mehdi Moskvada aspirantura illərini bitirib Bakıya qayıtdıqdan sonra tanış eləmişdi. Həsənağa Turabov isə bu tanışlığı, bu isti münasibəti əsl dostluğa çevirmişdi. Onunla elə-belə, hər şey barədə söhbət edərdik, son xəbərləri bölüşərdik, ən azından bir-birimizə təzə anekdotları danışardıq. Bu dəfə isə Vaqif mənə maraqlı bir xəbəri vermək üçün zəng etmişdi:
– “Dəvə yağışı”nı səhnələşdirmişəm. Sabah axşam premyeradı. Gələrsən.
Mən, açığını deyim, belə bir “sürpriz” gözləmirdim. Vaqif məndən gizli, xəbərsiz-ətərsiz bir iş görmüşdü. Deyim ki, bu xəbəri alıb mən xoşbəxt oldum, yalan deyərəm. “Dəvə yağışı” mənim absurd janrda yazdığım bir hekayə idi, başqa sözlə desəm, kifayət qədər “əndiribani” hekayə idi. Astarı üzünə, üzü astarına qarışmışdı. Təsəvvür edin, bir hekayə ki, göydən yerə yağış əvəzi dəvələrin yağması ilə başlayır, sonra da yağmaq növbəsi şirlərə çatır, bu hekayədən nə gözləmək olar, onu necə səhnələşdirəcəksən?! Yadıma Vaqifin uzun illər bundan qabaq mənə dediyi sözlər düşdü:
– Elə bir şey yaz ki, mən onu necə səhnələşdirəcəyimi bilməyim.
Bunu demək asandı, buna uyğun bir mətn yazmaq isə son dərəcə çətin. Vaqif bir rejissor kimi “pyesdən – səhnəyə” yolunda müqtədir bir hakimi – mütləq idi, nəyi necə edəcəyini çox gözəl bilirdi. Hətta ən “tamaşayagəlməz”, sadəcə, oxunmaq üçün yazılmış mətnlər belə onun əlində uşaq oyuncağı kimi bir şeyə çevrilirdi. “Bəlkə o, səhnələşdirə bilməcəyini mənim pyeslərimin içində tapmayıb və keçib hekayələrimə?! Noolar, buyursun”, – deyə mən düşündüm.
– “Dəvə yağışı”nı? – Mən, həqiqətən, səmimi-qəlbdən təəccübləndim.
– Bəli, bəli, “Dəvə yağışı”nı. İki aydır uşaqlar zəhmət çəkir, işləyir.
Uşaqlar, yəni aktyorları, teatrdakı texniki işçiləri deyirdi. Bu sözü elə nəvazişlə dedi ki, mən əriyib getdim. Mən ondakı bu xasiyyəti son dərəcə yüksək qiymətləndirirdim. O aktyorların, teatr işçilərinin təkcə rejissoru, müdiri yox, həm də qardaşı, atası olmağı bacarırdı. Bunu xüsusi olaraq etmirdi. Sadəcə, başqa cür olmaq onun ağlına gəlmirdi. Qısacası desəm, aktyor peşəkarlığını, teatr işçisinin – işıqçının, qrimçinin, kostyum ustasının, rəssamın, bəstəkarın, adi xidmətçinin zəhmətini Vaqif qədər dəyərləndirən ikinci cəfakeş rejissor mən tanımadım.
– Bəs mənə niyə xəbər verməmisən? – Mən yüngülvari bir “təşəbbüslə” özümü incikliyə vurmaq istədim.
– Hmm…
Mənim yalançı incikliyim bir anin içində duman kimi dağıldı. Vaqifin “hm…” eləyib mızıldamasının arxasında nə durur, bunu heç kim mənim qədər bilə bilməzdi. Bir az sonra məlum olacaqdı ki, mən də bunu sonadək bilmirəm. İndi isə telefonun o biri başında Vaqif bığlarını əlləşdirirdi. Mən bunu dəqiq bilirdim.
– Yaxşı. Saat neçədə gəlim?
– Saat 6-da, 7-də… – Vaqif bir anlıq sükutdan sonra bizim aramızdakı köhnə bir gülməli hadisəni yada salıb cavab verdi. Mən telefonun bu biri başında aşkar şəkildə onun bığlarını artıq necə tumarlamasını (əlləşdirməsini yox!) və heyranedici “məsum” təbəssümünü görmüş kimi oldum.
Telefon xətti Vaqifin o təbəssümünü şux bir gülüşə çevirib gətirdi. Mən də ona qoşuldum və biz ikimiz də haman məzəli əhvalatı xatırlayıb xeyli gülüşdük. Bu “vaxt” (6-da, 7-də) yalnız bizim ikimizin bildiyi bir məsələ ilə bağlı idi. Parol kimi bir şey idi.
Tamaşanın premyerasına xeyli dostumuz gəlmişdi. Vaqif, deyəsən, heç kimi unutmamışdı. Əslində, onlara YUĞ-un daimi dostları da demək olardı. Bu adamlar üçün YUĞ “həmişə səninlə olan bayram” idi. Çünki onlar üçün YUĞ teatrı ancaq tamaşa demək deyildi. Bir qönçə kimi öz içinə böyük bir intellektual energiyanı yığmış YUĞ ağıllı adamların bir-birilə ağıllı söhbətlər apardığı, müzakirələr keçirdiyi, rəsmilikdən kənar düşüncələrini bir-birilə bölüşdüyü, hətta dərdləşdiyi bir yer idi. Bura bir ev kimi idi, YUĞ-çular bir ailə idi, sən də bu ailənin üzvlüyünə qəbul edilirdinsə, xoşbəxt olurdun. Ailənin üzvləri YUĞ-un heç bir tamaşasını buraxmazdılar.
Nə isə, bizim premyera başladı. Göydən hekayədə deyilən kimi insasanların (insanların yox, insasanların!!) şəhərinə yağış yerinə dəvələr, sonra da şirlər yağdı. Vaqif bunu necə etdi – indiyə qədər ağlıma sığışdıra bilmirəm. Sonra dəvələri qorumaq üçün ovsunçular şirləri zooparka yığdılar, dəvələr isə Ay zolağına girib bu şəhərdən yox olub getdilər. Sonra premyera bitdi. Bu dəfə tamaşa bitəndən sonra zalda sükut bərqərar olmadı. Alqışlar tamaşa bitən kimi başladı.
Bəzən isə başqa cür olurdu. Olurdu ki, tamaşa bitirdi, tamaşaçılar isə sükut içində donub qalırdılar. Mənim “Bir-iki, bizimki” pyesimi Vaqif elə səhnələşdirmişdi ki, tamaşa bitəndən sonra dəqiqələr boyu tamaşa zalına ölü bir sükut çökür, bir müddət sonra alqışlar başlayırdı. Biz bu vaxtın – tamaşanın bitməsindən alqışlara qədər çəkən vaxtın uzunluğunu Vaqiflə bir yerdə həmişə ölçərdik. İnanmaq çətindir, amma on dəqiqəyə qədər çəkdiyi vaxt olmuşdu.
Premyeradan sonra YUĞ-un vəfalı dostları, YUĞ ailəsinin üzvləri Vaqifin teatrdakı balaca otağına toplaşmağa başladı. Hamı bilirdi ki, adəti üzrə Vaqif hər tamaşadan sonra onun müzakirəsini keçirir və indi də belə olacaq. Bu müzakirəyə elmi seminar da demək olardı. Burda kimlər yox idi?! Azərbaycan ictimai-fəlsəfi elminin o vaxtkı və sonrakı korifeyləri Rəhman Bədəlov, Əli Abbasov, Niyazi Mehdi, Zeynal Məmmədli, Gündüz Sarıyev, Aydın Talıbzadə, Məryəm Əlizadə, Toğrul Cuvarlı…
Həmişəki kimi müzakirəni başlamayıb aktyorları gözlədik. Müzakirələrdə aktyorların iştirakı da bizim müzakirə “ritualımıza” daxil idi. Müzakirələrdə adətən yox, həmişə aktyorlar iştirak edir, sözünü deyir, deyilənlərə qulaq asır, beləliklə, hər müzakirə, sözün əsl mənasında, hamımız üçün həm də fəlsəfi, kulturoloji dərsə, özü də unudulmaz bir dərsə çevrilirdi. Aktyorların iştirakı bu müzakirələri bir az da canlı və rəngarəng edirdi. Bugünkü müzakirə də belə olacaqdımı?! “Dəvə yağışı”nın bu tamaşası – açıq söyləmək lazımdır – nə isə, mənim fikrimcə, ağır tamaşa alınmışdı.
YUĞ-un balaca binası yavaş-yavaş boşalır, tamaşaçılar teatrı tələsmədən, daha doğrusu, istəmədən tərk edirdi. Bəziləri direktorun, yəni Vaqifin balaca kabinetinin açıq qapısından içəri baxıb görürdülər ki, tanıdıqları, inandıqları, hörmət etdikləri insanlar burada oturub şirin söhbətə hazırlaşırlar, bir-birinə hələlik yüngülvari nə isə deyirlər, zarafatlaşır, gülüşürlər. Teatrı tərk edənlərin baxışlarından duymaq olurdu ki, bu tamaşaçılar haman balaca otaqdakı söhbətdə iştirak etmək üçün, YUĞ ailəsinin üzvü olmaq üçün nələr etməzdilər…
Mən təklikdə siqaret çəkmək üçün teatrınn qapısı ağzına, küçəyə çıxdım. Axşam artıq düşürdü. Havada qəribə bir sehr vardı. Göy üzünü (düz YUĞ binasının başının üstünü) hardansa bir yekə qara bulud gəlib almışdı. Bu, yağışın işarəti idi. Yuxarı məhlədən əsən külək yanıq iyi gətirdi. Məni xof basırdı, nəydi?! Birdən mənə elə gəldi ki, sanki bir azdan tamaşada olan kimi göydən yerə bu dəfə, insasanların yox, həqiqi insanların şəhərinə, daha dəqiq desək, bu şəhərdəki YUĞ-un yerləşdiyi köhnə hamam binasının başına yağış əvəzinə dəvə yağacaq. Bu, hələ azdı. Onun da arxasınca bu şəhərə yağmaq üçün öz növbəsini şirlər gözləyir. Eynən hekayədə olan kimi. Belə əcayib düşüncələrlə mən YUĞ-un qapısı ağzında durub siqaret çəkirdim. Yanımdan keçənlər, kimsə məni təbrik edir, kimsə də, sadəcə, mənalı-mənalı baxırdı. Tamaşanın ağırlığından doğan qarmaqarışıq əhval-ruhiyyə məni hələ də əzməkdə idi. Nə isə, “gözlədiyim” yağış yağmadı, mən də siqaretimi söndürüb içəri keçdim. Vaqifin otağına gəldim. YUĞ ailəsi artıq burada toplaşıb ordan-burdan bir-birinə söz ata-ata, səbrlə aktyorları gözləyirdi. Vaqif xəbər göndərib onları tələsdirdi.
Nəhayət, sevimli rejissor və aktyorlarımız – Məmməd Səfa, Rasim Aşın, Yaqut Paşayeva, Gülzar Qurbanova, Zümrüd Qasımova, Natəvan Qeybani, Qasım Nağı, İradə Gözəlova paltarlarını dəyişib, qrimlərini silib gəldilər. Ətrafa ilıq bir canlanma yayıldı. Aktyorlar otura-otura hamımız bir səslə onların ünvanına təbriklər yağdırmağa başladıq. Yer hamıya çatmırdı. Birtəhər sıxlaşıb, nəhayət, az qala bir-birinin qucağında, bir-birinə qısıla-qısıla hər kəs özünə bir yer tapdı. Məni dərd almışdı: “Allah, indi mən bu müzakirədə nə deyəcəyəm, nədən danışacağam?! Bunlar ki, belə ürəklə oynayırdılar… Axı mən bu tamaşadan bir şey anlamadım. Mənim hekayəmdəki əsas sözləri bunlar hansı yellərə verib haralara uçurdular?! Niyə belə etdilər?!”.
Vaqif müzakirəni başladı. Gözləmədiyim halda çox maraqlı və hətta deyərdim, mənim qarmaqarışıq düşüncələrimi beynimdə yerbəyer edib sahmanlayan çıxışlar oldu. Dostlar mənim hekayəmi oxumuşdular deyin, hekayə ilə tamaşanın müqayisə məqamı çıxışlarda özünü istər-istəməz göstərdi. İndi dəqiq yadımda deyil, kim nə dedi, nə demədi. O yadımdadı ki, çıxış edənlər tamaşaya yüksək qiymət verdilər. Görünür, onlar tamaşanı məndən fərqli olaraq daha yaxşı qavramışdılar.
Vaqif mənə söz verəndə qəflətən onunla aramızda baş verən köhnə bir mübahisəmizi xatırladım. Çıxışımı o mübahisənin üzərində qurmaq kimi dəli bir fikir beynimə girdi və çıxmadı. Mən sözümə belə başladım:
– Mən bu düşüncələrimi bir dəfə Vaqifə açıb demişəm. Onun sənət kredosu Sözlə mübarizədir. Ən gözəl şəkildə bu ideya bugünkü tamaşada özünü göstərdi. Biz bu gün Hərəkətin Sözə qalib gəlməsinin təntənəsini gördük. Bu tamaşanın əsasında duran hekayə öz-özlüyündə qəliz bir hekayədir. Mətndəki sözlərin, yazılmışların Hərəkət tərəfindən bir küncə sıxışdırılması onu bir az da qəliz elədi…
Sonra mən, necə deyərlər, “özümə gəlib” rejissor traktovkasından, aktyor oyunundan, Vaqifin bütün tamaşalarının daimi rəssamı, çox istedadlı qardaşı Şerifin işindən, kostyumlardan, tamaşanın musiqisindən, daha nədən və daha nələrdən bir xeyli ağız dolusu danışdım. Dediklərim, güman edirdim ki, Vaqifin xoşuna gəlməlidir. Mən hekayənin müəllifi olaraq öz minnətdarlığımı daha nə cür bildirə bilərdim?!
Çıxışım boyu Vaqif bığlarını əlləşdirdi. Mən yaxşı bilirdim ki, Vaqif əhvalı yaxşı olanda bığlarını tumarlayır, yox əgər qanı qaralırdısa, bığlarını əlləşdirir. Bəli, bu dəfə o, bığlarını əlləşdirə-əlləşdirə çoxmənalı şəkildə dodaqlarının ucunda ancaq bunu mızıldadı:
– Hmm… Sözlə hərəkətin mübarizəsi… Maraqlıdı.
Deyəsən, bu çıxışda Vaqifin diqqətini çəkən yalnız Söz və Hərəkətin mübarizəsi ilə bağlı dediklərim olmuşdu. Çox güman ki, mən yersiz müqayisə aparmışam. Niyə bu fikir beynimə girdi?! Ay səni, dəli şeytan… Beləliklə, mənim çıxışım, əməlli-başlı “fiaskoya” uğradı. Mən yerimə oturdum.
Harda qaldıq?! Bəli, Vaqif, öz qorxulu “hmm…”-nı mənə ünvanlayıb adəti üzrə bığlarını əlləşdirdi və heç kimə baxmadan başını qarşısındakı qeydlər dəftərinə dikib mənalı-mənalı yırğaladı.
Aradan, təxminən, on gün keçdi. Yenə bir axşam Vaqif mənə evə zəng elədi. Adətimiz üzrə təzə anekdotları bir xeyli bir-birimizə danışandan sonra söhbətimizin axırında Vaqif mənə “sarsıdıcı” bir xəbər verdi. O dedi:
– Sabah teatra gəl. “Dəvə yağışı”nı yeni interpretasiyada bir daha tamaşaya qoymuşam.
Mənim, necə deyərlər, “əlim üzümdə qaldı”. Həyəcanlandım. İlk ağlıma gələn bu oldu ki, yəni Vaqif İbrahimoğlu – bu nəhəng insan, yəni illər əvvəl ona dediyimi qəbul edib, yəni Əlahəzrət Sözə qarşı haqsızlıq etdiyini, yəni boynuna alır?! Bu “yənilər” çox güclü idilər və mənim bu düşündüklərimə heç inanmağım gəlmirdi. Amma digər tərəfdən nə səbəb oldu ki, mənim bu “əndrəbani” hekayəm belə qısa bir müddət ərzində ikinci dəfə səhnələşdirildi?! Hə, Vaqif, ola bilər və hətta yəqin ki, bu dəfə Sözə xüsusi “meydan” verəcəkdi, tamaşada onun rolunu bir az da artıracaqdı. Hekayənin birinci premyerada ixtisar edilmiş hissə və parçaları bərpa ediləcəkdi… Onların yerinə ortaya çıxan bəzi hərəkətlər – əl və bədən oyunları ixtisar ediləcəkdi. Amma belə edəcəkdisə, bununla o, nə demək istəyirdi?! Bununla o, özünün yeni sənət kredosunumu elan edirdi?! Bu narahat suallarıma cavab tapa bilmirdim. Səbirsizliklə ikinci premyeranı gözləməyə başladım.
Beləliklə, biz – YUĞ-un daimi, əbədi və sədaqətli dostları – YUĞ ailəsi ikinci dəfə eyni hekayə əsasında hazırlanan, amma başqa tamaşanın premyerasına toplaşdıq. Məncə, bu, YUĞ-un həyatında baş verən bu tipli yeganə hadisə idi. Hər halda mənim yadıma digər presedent gəlmir. Bir hekayənin iki ayrı-ayrı variantda tamaşa kimi hazırlanması istər-istəməz adamın yadına oxuyanlar üçün Akutaqavanın qələminə məxsus gözəl hekayəni, görənlər üçün məşhur yapon filmi “Rasemon”u salmalı idi.
“Söz və Hərəkətin əbədi dialoq-mübarizəsi”ndə mənimlə şərik olan və olmayan dostlarımız, elə bilirəm ki, bu yeni tamaşada məsələnin mahiyyətinə haman prizmadan baxmadılar. Onları tamam başqa bədii-estetik nüanslar maraqlandırırdı. Bu nüanslar isə tamaşada kifayət qədər var idi. Mənə gəldikdə isə… Mən tamaşa boyu yerimdəcə əməlli-başlı quruyub qalmışdım. Təəccübümün və çaşqınlığımın həddi-hüdudu yox idi. Mənim on gün əvvəlki çıxışımdan sonra Vaqifin dediyi “hmm…”-ın əsl mənasını indi anladım. “Dəvə yağışı”nın tamaşası bu dəfə, ümumiyyətlə, sözsüz idi. Hər şey ancaq hərəkətdən ibarət idi. “Hmm…”, doğrudan da ki, “hmm…”.
…Və hər şeyə rəğmən nə olurdusa, nə olmurdusa, nə cür olurdusa, nə cür olmurdusa, Vaqifin yaratdığı və bizlərə yadigar kimi qoyub getdiyi YUĞ bizim üçün həmişə bizimlə olan bayramdır.
edebiyyatqazeti.az