Müəllimim deyir ki, insan bir ömür boyu öyrəndiyi üçün həmişə müəllimi olur. Öyrədən də öyrənir, bəlkə elə öyrətdiyi adamdan da öyrənir. Əhatəsində öyrənməli insanların olması böyük şansdır. Mən o şanslı insanlardanam. Həmişə yaxşı müəllimlərim və öyrəndiyim mühitim olub. İndi, hal-hazırda söhbət etdiyim insandan isə ta orta məktəb illərindən öyrənirəm, əvvəl efirdən, sonra mühazirələrindən, əsərlərindən və nəhayət, üz-üzə söhbətlərindən. ADU-nin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə söhbətləşmə elə dərsdir, öyrənməkdir.
Mənim ilk müəllimim Bakı olub
– Bayramınız – Müəllim gününüz mübarək olsun, Kamal müəllim. İndi özünüz böyük müəllimsiniz, amma sizin də həyatınızda müəllimlər olub, bəlkə hələ də var…
– Sizi də təbrik edirəm. Mənim aləmimdə hər kəs bu və ya digər şəkildə müəllimdir. Hər bir insan öz işindən, istiqamətindən əlavə, eyni zamanda, müəllimlik funksiyası yerinə yetirir. Soruşsanız, ilk müəllimin kim olub, deyərəm, mənim ilk müəllimim Bakı şəhəri olub, Mirzə Fətəli küçəsindəki məhəlləm olub. Mənim həm də ilk müəllimlərim həmin küçədən keçən tanımadığım insanlar olub. Onların simasındakı həlim ifadədən nə isə öyrənmişəm. Daha sonralar müəllimim yaşadığım Dağlı məhəlləsi olub. Evdə atam, anam, dayılarım, yeznələrim olub. Məktəbdəki, universitetdəki, aspiranturadakı müəllimlərim qarşısında, rəhmətə gedənlərin ruhu qarşısında baş əyirəm.
Mənim unudulmaz müəllimim yaşa dolduqdan sonra ictimai və siyasi nəfəsimin genişlənməsinə səbəb olan Ulu öndər Heydər Əliyev olub. Cəsarətlə deyə bilərəm ki, mənim müəllimim bizim qalib Prezidentimiz İlham Əliyev olub. O, mənə böyük bir sahəni etibar etdi və mən də bu sahədə əlimdən gələni etdim. Məhz onun müdrik tövsiyələri əsasında mən multikulturalizm sahəsində faydalı bir iş qura bildim. Əsl müəllimlərim bu sadaladıqlarım olub. Onların mənim üzərimdəki zəhmətlərini heç vaxt unuda bilmərəm.
Moskvada aspirantura dövründəki müəllimlərimi də unuda bilmirəm. Onlar öz sahələrinin – türkologiya və dilçiliyin möhtəşəm simaları olublar. Ninel Zeynal qızı Hacıyeva elmlər doktoru, professor idi, çox sayılıb-seçilən alimlərdən idi. Sovet türkologiyasında öz yeri, çəkisi olan insanlardan idi. Azərbaycan, türk dillərinin tarixi sintaksisinə dair çox maraqlı, faydalı elmi əsərləri var. Dünyada tanınmış dilçi idi. Dəfələrlə Azərbaycana gəlmişdi, bizim gənc alimlərə böyük diqqəti vardı. Görkəmli alimimiz Aydın Ələkbərovun elmi rəhbəri olub. Mənim elmi rəhbərim olub, dilçi-alim Aydın Məmmədova böyük qayğı göstərib. Vətəndən uzaq düşmüşdü, taleyin işidir. Amma Azərbaycana ürəkdən bağlı idi.
Sonra Tenişev var idi, Ədhəm Tenişev tatar xalqının oğlu idi. Qədim türk dillərinin, müasir türk dillərinin gözəl bilicisi idi. O zamankı SSRİ Elmlər Akdemiyasının Dilçilik İnstitutunda “Türk dilləri” şöbəsinin müdiri idi. Onun da Azərbaycana, mənə münasibətini unuda bilmərəm.
Nikolay Baskakovu xatırlayıram. Onun məşhur əsərini, yəqin ki, dilçi olmayanlar da xatırlayır: “Türk mənşəli rus soyadları”. Türk dillərinin tarixi, sintaksisi ilə bağlı bu gün də hamının diqqətini çəkən əsərlərin müəllifidir. Son dərəcə gözəl insan idi.
Ənvər Makayevi yaxşı xatırlayıram. Hind-Avropa dilləri mütəxəssisi idi. O dillərin tarixi, orta çağ dövrü, indiki vəziyyəti ilə, müasir dillərə təsiri ilə, antik dilçiliklə bağlı seminarlar aparırdı aspirantlara. Son dərəcə gözəl və hazırlıqlı, yüksək mədəniyyətə və elmə sahib müəllim kimi yadda qalıb.
Müəllim kimi mənə dərs deməyən, amma sıx əlaqə saxladığım insanlar olub. Azərbaycandan akademik Məmmədağa Şirəliyev tez-tez gəlirdi Moskvaya, Mirfatık Zəkiyev vardı, görkəmli tatar dilçisi idi. Bu yaxınlarda rəhmətə getdi. Bu insanlar öz bildiklərini biz gənclərə həvəslə ötürürdülər. O vaxtkı Leninqradda Şerbak vardı, çox məşhur türkoloq-alim idi. Professor İvanov var idi, həmyerlimiz Əfrasiyab Vəkilov vardı, Sankt-Peterburq universitetində çalışırdı. Onlar dərin və səmimi insanlar idi və azərbaycanlılara həmişə kömək edərdilər. Müəllimlərimin hamısını böyük şükranlıq hissi ilə xatırlayıram.
– Bəs mühazirəsini qapı arxasından dinlədiyiniz müəlliminiz olub, sizin digər auditoriyalarda dediyiniz mühazirələri dinləyən tələbəniz olan kimi?
– Arxa qapıdan yox, başqa kurslarda dərs deyən Mehdi Məmmədovun, Əli Fəhminin, Bayram Tahirbəyovun mühazirələrinə gedib qulaq asmışam.
Sən o məsələni deyəndə mənə çox xoş olur. Bunu həmin o mühazirəmi dinləyən qızın daxili mədəniyyəti hesab edirəm ki, məni ordan da dinləməyi lazım bilib. Gec də olsa, ona, yəni, sənə təşəkkürümü bildirirəm.
Avropada 10-a yaxın universitetdə Azərbaycan dili və mədəniyyət mərkəzi fəaliyyət göstərir
– Siz ADU-ya gələndən çox dəyişikliklər olub, son dönəmdə görülən işlərdən, layihələrdən danışaq.
– Ən vacib məsələlərdən biri o oldu ki, Universitetimiz QS beynəlxalq reytinqlər cədvəlində 1600-dən çox dünya universitetləri arasında ilk dəfə olaraq “Modern dillər” istiqaməti üzrə 300-cü yerə çıxdı. İlk baxışda uzaqdan görünən rəqəmdir, amma bu rəqəm bizim ciddi və faydalı çalışmağımızın sübutudur. Bizi bu uğurla daxildə və xaricdə çox ciddi universitetlər və qurumlar təbrik etdi.
Bu gün universitetimizdə ixtisas kimi bir çox dillər öyrənilir və eyni zamanda biz bu öyrəndiyimiz dilləri, mədəniyyətləri ölkəmizdə təbliğ edirik. Və həmin ölkələrin universitetindən də eyni münasibəti gözləyirik. Qarşılıqlı razılaşmaya gəlirik ki, siz də öz universitetinizdə Azərbaycan dilini və mədəniyyətini, multikultralizmini təbliğ etmək işini qurmağa bizə kömək ediniz. Bu şəkildə həm Yaxın Şərqdə, həm Avropada 10-a yaxın universitetdə bizim ADU tərəfindən yaradılan “Azərbaycan dili və mədəniyyəti” mərkəzi fəaliyyət göstərir. Çində, Rusiyada, Serbiyada, Rumıniyada, Macarıstanda, Pakistanda belə mərkəzlərimiz var.
Bu yaxınlarda Minskə bir səfərim oldu. Minsk Linqvistik Universitetində Belarus rəsmi dairələrinin, elm nümayəndələrinin iştirakı ilə təmtəraqla Azərbaycan dili və mədəniyyəti mərkəzi açdıq. Bu, Belarus gənclərinin və ziyalılarının həm Azərbaycan dilinə, mədəniyyətinə, həm də həqiqətinə yaxınlaşmasına zəmin yaradacaq. Eyni zamanda Mərkəz Azərbaycan siyasətini, humanitar sahəsini, Azərbaycan müxtəlifliklərini, elmin və mədəni durumun vəziyyətini təsvir və təbliğ edir. Biz də güzgüvari əksə uyğun olaraq, öz universitetimizdə Belarus mərkəzi açmağı planlaşdırırıq. Azərbaycanla Belarus arasında siyasi liderlərimizin münasibətlərində biz bu istiliyi gördüyümüzə görə güman edirəm ki, elmi və mədəni əlaqələrin inkişafında, gənclərin bir-birilərinə yaxınlaşmasında belə mərkəzlərin böyük faydası olacaq. Bu işləri hələ BSU-də işləyərkən görərdik, indi bilmirəm, o mərkəzlər fəaliyyət göstərir, ya yox, amma mən həmin xətti ADU-da davam etdirməyə çalışdım. Bu gün əsas məqsədlərdən biri də odur ki, müxtəlif ölkələrdə yaratdığımız bu mərkəzlərin bir biri ilə koordinasiyasını quraq. Onların bir birindən xəbəri olsun.
– Onu necə qurmaq fikrindəsiniz?
– Əsasən internet vasitəsilə. Amma onlayn olaraq dəyirmi masalar da keçirmək olar. Məsələn, istəyirik ki, müxtəlif ölkələrdə Azərbaycan dilini öyrənən tələbələr bir-birlərini tanısınlar, o dildə ünsiyyətdə olsunlar. Məqsədlərdən biri budur. Bu xəttin davam etməsi Azərbaycan həqiqətlərinin bu gün də, sabah da dünya gənclərinə çatdırılmasında öz faydasını göstərəcək.
Bundan başqa, universitetimizdə diqqəti cəlb edən maraqlı layihələrdən biri də 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə ingilis dilində yazılan məqalələrin tərcümə edilib şərhlərlə çap edilməsidir. Bilirsiniz ki, bu dövrdə müxtəlif ölkələrdə Azərbaycana münasibət eyni olmayıb. Azərbaycanın başının üstündə qara buludlar əskik deyildi. Qara buludların ortaya çıxıb Azərbaycana təzyiq göstərməsinin bir səbəbkarı da o qəzetlər idi ki, qərəzli yazılar çap edirdilər. İşimizin bir hissəsi də ondan ibarət oldu ki, universitetdə tərcüməçi və jurnalistləri bir yerə yığdıq. Onlar ilk müstəqillik illərində, Ulu öndərin hakimiyyətdə olduğu vaxt ingilisdilli mətbuatda Azərbaycan obrazı haqda təəssürat yaradan yazıları tərcümə edib bir kitaba topladılar. Azərbaycan Amerikadan, İngiltərədən, Hindistandan, müxtəlif ölkələrdən necə görünürdü?! Kitab bu barədə idi. O məqalələri yığdıq, çapa hazırladıq. Bu, həm diplomatlarımıza, həm beynəlxalq münasibətlər üzrə mütəxəssislərimizə, jurnalistlərimizə, ümumiyyətlə, cəmiyyətimizə son dərəcə maraqlı töhfə olan kitabdır. Nəşriyyatda çapdadır və biz o kitabı Ulu öndərin 100 illiyinə həsr etmişik.
Böyük layihələrimizdən biri də müəllifi olduğum “Heydər Əliyev və Azərbaycan multikultural təhlükəsizliyi” adlı kitabdır. Bu yaxınlarda çap olunacaq. Ulu öndər Azərbaycanda siyasi multikulturalizmin banisidir. Onun bu xəttini çox böyük cəsarət və ilhamla qalib Prezidentimiz İlham Əliyev davam etdirdi. Bu xətt bir-birini necə tamamlayır, onun Azərbaycanın bugünkü həqiqətlərini dünyaya obyektiv şəkildə çatdırılmasında rolu nədən ibarətdir – kitab bunlardan bəhs edir.
Nəhayət, bir kitab da bizim universitetin çoxdan hazırladığı “Tərcümə ensiklopediyası”dır. İlk dəfə Azərbaycanda belə kitab işıq üzü gördü. Ən maraqlı odur ki, kitabda həm Azərbaycan dilinə tərcümə, həm də Azərbaycan dilindən tərcümə barədə materiallar yer alıb. Kitabda elmi oçerklər, şəxsiyyətlər, tərcümə tarixinə dair əsərlər də yer alıb. Əlbəttə ki, bu ilk təşəbbüs idi və çapdan sonra gördük ki, müəyyən boşluqlar var. Uzun müddət sərf edib ikinci nəşrini çapa hazırladıq. Bu gün artıq ikinci, təkmilləşdirilmiş nəşr işıq üzü görür. Hesab edirəm ki, bu sadaladıqlarım universitetimizin həyata keçirdiyi qlobal işlərdir. Bunlardan başqa da müxtəlif əsərlər çap edilir, alimlərimiz elmi işlərlə məşğuldurlar. Dillər Universitetinin müəllimləri böyük ləyaqətlə, şərəflə öz vəzifələrini yerinə yetirirlər.
“Qoşma”nın o ənənəsini bu gün davam etdirmək istəyirik
– Bəs şəxsi yaradıcılıq nə yerdədir?
– Bəzən bir neçə istiqamətdəki işləri eyni vaxtda başladığım olur. Dostlarım məni inandırdılar ki, vaxtı ilə Azərbaycan tamaşaçısına yaxşı tanış olan “Qoşma” verilişini yenidən işləyib hazırlamaq lazımdır. İnternet TV-də “Yeni Qoşma” adı altında hazırlıqlara başlamışıq. O vaxt “Qoşma” verilişi çox böyük bir boşluğu doldurmuşdu. İlk dəfə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cavad, Almaz Yıldırım, Haşımbəy Vəzirov, Səməd Mənsur və bir çox başqaları ilə bağlı verilişlərimiz oldu. Ulu öndərin Azərbaycan cəmiyyətinə verdiyi azadlıq atmosferinin nəticəsi olaraq, Azərbaycan televiziyasında adı heç vaxt çəkilməyən bir çox siyasi-ictimai xadim, şair və yazıçılarımız haqda ilk dəfə “Qoşma”da söz açıldı. İndi də həmin verilişin qayəsi o olacaq – ədəbiyyatın arxa planında duranlar. Biri var kitabı alırsan əlinə, müəllifi tanıyırsan, bir də var əsərin arxasında, fonunda baş verənlər. Elə bilirəm, bu istiqamətdə olan söhbətlərə ehtiyac var. “Qoşma” verilişinin o ənənəsini bu gün bu şəkildə davam etdirmək istəyirik.
– Bu günün tamaşaçısı o vaxtın tamaşaçısı deyil ha, Kamal müəllim…
– O da ola bilər. Kiməsə maraqlı olar, kiməsə yox, hər halda ilk nümunələrdən sonra istiqaməti biləcəyik.
Bundan başqa, mənim bir kitabım vardı, siz də yazmışdınız o haqda. “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlanırdı. Bu kitab çap edildikdən sonra böyük diqqət çəkdi, amma o kitabın adının yanında bir mötərizəsi vardı – “Dansökülən variant”. Kitabi-Dədə Qorqud dastanında elə ifadələr var ki, onlar poetik düşüncənin dansökülənində, ilkinliyində özünü göstərir. Məsələn, əgər mətn deyirsə “qarşı yatan qara dağ”, demək, o dövrün adamı dağın həqiqətən yatmasına inanır və inanır ki, o dağ bir gün oyanacaq. Çünki mağarada onun yanında qədim əcdadımızın mağaradaşı yatıb, hərəkətsiz qalıb və səhər də yuxudan oyanıb. Bunu görən qədim əcdadımız deyir ki, o dağ da tərpənməzdir, yatıb və oyanacaq.
O kitabda vəd etmişdim ki, “Kitabi-Dədə Qorqud poetikasına girişin “Günortac” variantını da yazacam.
“Günortac” Dədə Qorquddan gələn ifadədir, həm günün orta vaxtını yada salır, həm də ilkin poetik energiyanın keçdiyi yolun yarısını göstərir. Sonra artıq “Qürub” variantı gəlir, bu artıq klassik poetik ünsürlərin dilimizə total hücumudur. Bu üç dövrün ortasında “Günortac” adlı variant durur. Burada artıq həmin insan qarşı yatan qara dağın oyanacağına inanmır. Bunu metafora kimi qəbul edir. Birinci variantda inanırdı, ikincidə yox. Qürub vaxtında isə deyir ki, qarşı yatan dağ insan kimi yatıb. Kimi qoşması araya girir, bizim klassik poetik üsullarımız işə düşür. Həmin üç xəttin indi ikincisini işləmək istəyirəm və artıq işləyirəm. Başqa bəzi planlarım da var.
Bu yaxınlarda bir hekayə yazmışdım, o hekayəni dostlarım tövsiyə etdilər ki, telepyesə çevirim. “Arşın mal alan” filmi yadınızdadı, xoşbəxt sonluqla bitir. Xoşbəxt Əsgər, Gülçöhrə, Asiya, xala, Rüstəm bəy, hamı xoşbəxt olur. Hamı ürəkdən nəğmə oxuyur.
– Hətta Telli, Vəli…
– Amma sonra nə baş verir? 4-5 il sonra Rusiyada inqilab olur. Daha iki il sonra onun dalğaları Azərbaycanı təlatümə salır. Bəs o xoşbəxt ailənin taleyi necə olur? Onların, xüsusən, Gülçöhrənin və Əsgərin inqilabdan sonrakı həyatlarını təsvir etməyə çalışdım. Gülçöhrə xanım və Əsgər ağanın taleyi bir cığıra dönüb məni Türkiyəyə apardı. Gülçöhrə xanım Türkiyəyə gedir, buralardan qaçqın düşür, Əsgəri isə tacir, mülkədar kimi Sibirə sürgün edirlər və onlar bir daha heç vaxt görüşə bilmirlər.
– Əslində ola bilən olaylar və o dövr üçün mümkün talelərdir.
– Yəqin ki, onların taleyi bu cür də olub, başqa necə ola bilərdi?! Əsgər ağa bolşeviklərin gözündə bir müftəxor tacir, onun yeri elə Sibir olar. Gülçöhrə də qaçıb canını qurtaran məzlum.
Çalışmışam ki, Üzeyir bəyin yazdığı o möhtəşəm mətni artıq başqa bir reallıqda necə ola bilərdi – elə təsəvvür edim. Sibirdə Əsgər ağanın son günlərini yaşadığı vaxt dustaqlara həmin “Arşın mal alan” filmini göstərirlər, o da öz keçmişini filmdə görür.
– Üzeyir bəyin onun əsərini sizin bu cür davam etməyinizə münasibətini düşündünüz?
– Bu, həyatdır, Üzeyir bəy o həyatın bir hissəsini qələmə alıb, sonrasını bilmir, o biri hissəsini mən yazıram, öz duyğularım əsasında. Əsgərin bir az şairliyi də olur, “Difai” cəmiyyətinə kömək edir. Erməni-müsəlman qarşıdurmasında tacirlərin də böyük rolu olub. Çoxu əlindən gələn köməyi edib. Valideynsiz uşaqlar üçün məktəb açıblar, cəbhədə döyüşənlərə hayan olublar.
– İşlənməmiş təzə-tər mövzudur.
– Biz mesenat kimi ancaq Hacı Zeynalabdin Tağıyevi tanıyırıq, amma o birilər də iş görüblər. Bəzən açıq, bəzən gizli. Məsələn, Gülçöhrə mənim hekayəmdə Asya ilə birlikdə kimsəsiz uşaqlar üçün məktəb açır.
Bugünkü dilimizdə Füzuli ahəngi də var, Cavid ahəngi də, Səməd Vurğun, Vaqif ahəngi də…
– Dədə Qorqud dili çox şirindir, Azərbaycan dilində Cavid dili, Cəlil Məmmədquluzadə dili, Əhməd Cavad dili var. Üzeyir bəy felyetonlarında bir başqa dildən istifadə edir. Bu Azərbaycan dillərinin içindən hansını seçərsiniz?
– İsa Hüseynovun dili var, Anarın, Elçinin, Ramiz Rövşənin, Vaqif Bayatlının, Mövlud Süleymanlının özünəməxsus dilləri var. Bu gün yazıb-yaradan hər sənətkar istədi-istəmədi öz içindən Dədə Qorqudun da təravətini götürür, Füzulinin də, Nəsiminin də. Nəsimi bir tərəfdən “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” kimi ağır və dərin misra yazırsa, digər tərəfdən:
“Aləmdə bu gün sənciləyin
yar kimin var?!
Gər, var deyirsən, de görək, var,
kimin var?!”
kimi sadə misralarla yazır. Bunların hamısının şəhdi-şövqü bu gün yazan Azərbaycan yazıçılarının əsərlərində özünü göstərir.
Füzuli insanın bütün hissiyatının içindədir. Dədə Qorqud dili ana laylası kimi ilkin təəssüratların formalaşmasına gətirən dildir. Füzuli görün necə sadə şəkildə deyir:
“…ey cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə mən zəifi!
İlk multikultural şairimizdir. Allaha üz tutur ki hamının qəmini yığ, mənim ürəyimə sal. Digər tərəfdən onun mürəkkəb qəzəlləri də var. Bütün bunlar Azərbaycan dilinin formalaşma yoludur. O yol, heç şübhəsiz ki, cəmiyyətin həmin dövrdəki ruhunu, əxlaqını, vəziyyətini özündə saxlayır. Axundovun dili, yaxud Molla Pənah Vaqifin dili, Səməd Vurğunun dili başqa-başqa dövrlərin mənəvi təcəssümüdür.
– O yolun harasındadır indi Azərbaycan dili?
– Yolun bugünkü səviyyəsində. Bugünkü dilimizdə Fizuli ahəngi də var, Cavid ahəngi də, Səməd Vurğun, Vaqif ahəngi də.
– Bu gün tələbələrinizə Azərbaycan dilini yaxşı öyrənmək üçün kimi oxumağı məsləhət görərsiniz?
– Əllərinə nə keçirsə, onu oxumağı. Oxuya-oxuya ancaq zənginləşəcəklər. Bizim universitetin artıq ənənəyə çevrilmiş prinsipi var. Bizim 1-ci kurs tələbəsi gedib hansı mağazadan hansı kitabı alsa, onun qəbzini gətirib verib pulunu geri ala bilər. Yəni bu şəkildə istədikləri kitabı onlara universitet almış olur. Qoy bu yolla gənclərin evlərində xüsusi kitabxanaları olsun.
– Söhbətimizin əvvəlində müəllimlərdən danışdıq, amma həyat dərsi deyilən bir anlayış da var.
– Onu bilmək olmur, o dərs hava ilə sənin vücuduna girir, ruhuna hakim olur. Onu demək çətindir ki, həyatdan hansı dərsi almısan.
– Çexovdan bir ifadə işlətmisiniz, hər bir insan ömür boyu içindəki qulu əzməklə məşğuldur. İçinizdəki qula gücünüz çatdımı? İçindəki qulu nəyə görə əzməlisən?
– Tam azad olmaq üçün. Tam azadlıq hamıya qismət olmur. Bizi daxili bir məngənədə saxlayan müxtəlif etik – hüquqi yasaqlar var. Bu sualı cavabsız qoyaq, hər oxucu özü bu cavabı düşünsün.
– Bəs insan eqosu haqda fikriniz nədir?
– Məsələn, mənim “Yarımçıq əlyazma”m müxtəlif ölkələrdə çap olundu. Bu, əlbəttə ki, bir müəllif kimi mənə ləzzət eləyirdi. İndiyə qədər də o nəşrlərin bəzisindən qonorar alıram. Mənə elə gəlirdi ki, “Dədə Qorqud” mətnini oxumayan bir xarici vətəndaş bu əsəri anlamaqda çətinlik çəkər. Kitab İtaliyada çapdan çıxandan sonra dünyanın ən məşhur yazıçılarından biri Umberto Eko məni evinə dəvət etdi. Onunla mənim romanım, Azərbaycan ədəbiyyatı, Azərbaycan həqiqətləri ətrafında 2 saat yarım söhbət etdik. Unudulmaz görüş idi. Soruşdum ondan ki, siz Dədə Qorqud mətnini oxumadan “Yarımçıq əlyazma”nı oxuyub adekvat zövqü ala bilərdinizmi? Onu oxumamağınız bu zövqün bütövlüyünə mane ola bilərmi? Dedi, ola bilər. Mən gözləyirdim desin yox, bu başqa, o başqa. Dedi, “Dədə Qorqud”u oxusaydım, aldığım zövq daha mükəmməl olardı. Amerikadan isə kitabın redaktoru mənə yazmışdı ki, “Dədə Qorqud”u oxuyub-oxumamağın heç bir dəxli yoxdur, mən romanı öz-özlüyündə oxuyub ləzzət alıram. Bu fikirlər o zaman mənim eqomu “qanadlandırmışdı”.
– Hansı halda eqo insana kömək edər, hansı halda mane olur?
– Hər şey insanın tərbiyəsindən asılıdır. Tərbiyəsi normaldırsa, eqonun ona heç bir təsiri olmayacaq. Bu saat məni tənqid edənlər, öyənlər mənim inkişafım üçün heç bir təsir göstərmir. Eqo, yəqin, həm də özünəinam, özgüvən, özündən razılıqdır. Hər insan özündən razı olmalıdır. Bəxtiyar Vahabzadə deyirdi: “Bircə ondan razıyam ki, özümdən narazıyam”. Amma mən hesab edirəm, hər insan özündən, öz zəhmətindən razı qalmalıdır. Puşkinin məşhur ifadəsi yadınızdadırmı: “Ay da, Puşkin, ay da, sukin sın”. Görün, öz işindən necə razı qalıb ki, özünü belə söyməklə öyüb. Bəlkə də, özündən razı qalmaq müsbət haldır. Özündən razı olmasan, necə iş görə bilərsən, necə irəli gedə bilərsən?! Amma bu gərək sənin başqalarına normal münasibət qurmana əngəl olmaya.
– İllər uzunu bizi tərbiyə ediblər ki, özündən razılıq yaxşı əlamət deyil, özünü öymə, bu da bizə özümüzə güvənsizlik aşılayıb.
– Bu da var. Niyə tələbə vicdanlı, yaxşı oxuyandırsa, özündən razı qalmasın. Elə özündən narazı, daim danlaqlı olsun, niyə?!
– Bu gün baş verən siyasi və geosiyasi proseslərə mövqeyiniz maraqlıdır?
– Mən bu son günlər bütün Azərbaycan xalqı kimi Ali Baş Komandanın bizə bəxş etdiyi xoşbəxtliyin eyforiyasındayam. Həqiqətən də biz öz işimizdən razı, qürurlu, qalib xalqıq. Mən də bu gün şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına, Ali Baş Komandanımızn cəsarətli siyasəti, müdrikliyi və qətiyyəti sayəsində qalib xalqın nümayəndəsiyəm. Sabah münasibətlər necə inkişaf edəcək? Dünya siyasəti müstəvisindən, kontekstindən baxsaq, bunu cənab Prezidentdən başqa heç kim görə bilməz. Hər şey kontekstinə görə bilinir. Konteksti isə tam şəkildə yalnız o bilir. O bilir ki, hansı nöqtədə hansı addımı atmaq lazımdır. Mən onun qətiyyətinə, müdrikliyinə inanan şəxs kimi deyirəm ki, düzünü cənab Prezident bilir, necə deyirsə, elə də hərəkət etməliyik. Əgər ermənilərə deyirsə gəlin, Azərbaycan cəmiyyətinə reinteqrasiya olun, deməli, bu sözün hikməti var. Azərbaycan Prezidenti qalib xalqın qalib Prezidentidir. Münasibətin necə qurulacağını onun sözünə inanan ermənilər özləri hiss edəcəklər.
– Sonda dostlarınızdan danışmaq istəyirəm. Çox böyük əhatəniz var. Həyatınızdan nə qədər adamlar keçib, həm də dost, müəllim, əhatə itirmisiniz. O itkilər sizdə özünü necə göstərib?
– Çox böyük ağrı və üzüntülərlə. Bu saat görürəm ki, yanımda ola biləcək dostlarımın çoxu yoxdur. Bu, çox böyük üzüntüdür. Hamısını rəhmətlə, ehtiramla anıram. Uşaq vaxtı itirdiyim məhlə dostumdan, sinif yoldaşımdan tutmuş Azad Mirzəcanzadəyə qədər. Hər dəfə səndən bir parça gedir.
– Kimləri qoruyursunuz, kimləri itirməkdən qorxursunuz? Mən bilirəm, sizin bir birliyiniz var. Ordakılara cansağlığı arzulayıram. Rafiq Əliyevə, Ramiz Rövşənə, Ramiz Həsənoğluna, Rüstəm Behrudiyə… sonra kimə?
– Nazim İmanova, Muxtar İmanova, Azər müəllimə, Fərhad müəllimə, Yalçın Adıgözəlzadəyə, Eldara…
– Adlarını çəkirsiniz və gözlərinizə işıq gəlir.
– Hə, gəlir.
– Rüstəm Behrudi paylaşır sosial şəbəkələrdə. Həsədlə baxıram, indi orda necə gözəl söhbətlər gedir.
– Elədi, asqıran kimi Rüstəm paylaşır. Çox gözəl söhbətlərimiz olur. Ramiz, Rüstəm şeir oxuyurlar, ləzzətlə təhlil edirik. Hərdən mən də şeir deyirəm. İnanılmaz dərəcədə gözəl saatlarımız olur. Müxtəlif yazıçı və sənətkarlarımızı məclisimizə dəvət edib əlamətdar günləri qeyd edirik. Bu yaxınlarda 44 günlük müharibənin qəhrəmanlarından 4 qazimizlə görüşümüz oldu. XTQ komandirləri idi. O görüşdən o qədər isti təəssüratlar qaldı ki. Məclisin canı, qanı, başqanı Nazim İmanovdur, çox dəqiqliklə mövzu və dostları seçir. Məzmunlu əhatədir. Nə yaxşı ki, həyat yaxşı dostlarla zəngindir.
– Müsahibə üçün təşəkkür edirəm, Müəllim.
Ramilə QURBANLI
Xüsusi olaraq “525-ci qəzet” üçün