Ədəbiyyat və sənət platforması olan Sim-sim.az “Mənim sevimli hekayəm” layihəsinə hekayə qəbulunu başa çatdırıb. Qəbul prosesində Azərbaycanın 28 tanınmış yazıçısı ən çox sevdiyi hekayəsini redaksiyaya təqdim edib və “Sim-sim” bir ay ərzində həmin hekayələrin yayımını həyata keçirib.
Sim-sim.az layihənin ideya müəllifi və rəhbəri Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.
– Kamal müəllim, ədəbiyyatımız üçün faydalı olan təşəbbüsün birinci mərhələsi artıq başa çatdı. Bununla bağlı fikirlərinizi eşitmək maraqlı olardı…
– “Mənim sevimli hekayəm” layihəsinin məqsədi həyatda olan məşhur yazıçılarımızın müəllifi olduqları və ən çox sevdikləri hekayələri bir yerə toplamaqdır. Eyni zamanda bu, hekayələrin dünya dillərinə tərcüməsi və müxtəlif dil məkanlarında təqdimatıdır. Təqdimat da layihənin tərkib hissələrindən biridir. Mənə elə gəlir, biz bununla Azərbaycan nəsrinin müəyyən mərhələsinin hesabatını və yekun təqdimatını ortaya çıxara bilərik.
Layihə bir neçə mərhələdən ibarət olacaq. Birinci mərhələ, dediyim kimi, məşhur Azərbaycan yazarlarının hər birinin öz bəyəndiyi hekayəsinin təqdimatı ilə başlayır. “Sim-sim” bu işi yekunlaşdırdı və artıq birinci mərhələnin tamamlandığını qeyd etmək mümkündür.
Bu gün mənim təmsil olunduğum Azərbaycan Dillər Universitetində müxtəlif dünya dillərinin öyrənilməsi və tədrisi həyata keçirilir. Müxtəlif dünya dilləri dedikdə, əlbəttə, təkcə ingilis, fransız, alman dillərini deyil, həmçinin ispan, italyan, Koreya, yapon, hind, İndoneziya, ərəb, serb, rus, Norveç və s. dillərini nəzərdə tuturam. Bu gün universitetimizdə 20-dən çox dil tədris olunur. Bu istiqamətin mütəxəssisləri artıq formalaşıb və onların bir çoxu hətta peşəkar tərcüməçilər kimi bu sahədə öz qələmlərini sınaqdan keçirib.
Digər tərəfdən qeyd etmək lazımdır ki, bu mütəxəssislər universitet fəaliyyətlərini təkcə tədrislə yox, eyni zamanda elmi iş aparmaqla həyata keçirirlər. Mən düşünürəm ki, bu gün onların elmi işləri təkcə bu dillərlə, onların hansısa qanunauyğunluqlarını öyrənməklə bağlı olmamalıdır. Onların elmi işlərinin Azərbaycana real fayda gətirən istiqaməti olmalıdır. Bu istiqamət Azərbaycan ədəbiyyatının önəmli nümunələrinin bu mütəxəssislər tərəfindən təmsil etdikləri dilə tərcüməsi ilə bağlı ola bilər. Və bu, hansısa dilin qrammatikasının hansısa küncündə axtarılıb tapılan və orada araşdırılan məsələsindən daha faydalıdır.
– Deməli, bütün bunları öz öhdənizə götürürsünüz?
– Bəli, bütün bunları biz Azərbaycan Dillər Universiteti, Azərbaycan Yaradıcılıq Fondu və “Sim-sim” saytı olaraq öz öhdəmizə götürürük. İkinci mərhələ bu hekayələrin qeyd olunan dillərə tərcüməsi ilə bağlıdır. Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq. Bu, onların da gələcəkdə ixtisas sahibi kimi formalaşmasına, eyni zamanda doğma ədəbiyyatımızın bugünkü mənzərəsini daha aydın görmələrinə gətirib çıxaracaqdır. Bir məsələni də qeyd edim ki, hekayənin qeyd edilən dillərdən hansına tərcümə olunmasını müəllif özü seçəcək.
– Belə çıxır ki, hekayələrin hər biri 20 dilin 20-sinə də tərcümə olunmayacaq…
– Elədir. Hekayələri universitetdə tədris olunan 20 dilə tərcümə etmək fikrindən uzağıq. Bəs o zaman biz nə etmək istəyirik? Dedik ki, hər müəllif bu dillərdən hansına tərcümə olunmaq istədiyini özü seçəcək. Məsələn, bizim hörmətli yazıçımız Nəriman Əbdülrəhmanlı özünün “Yelçəkən” hekayəsini təqdim edib. O, öz hekayəsinin bu dillərdən hansına tərcümə olunmağını istəyirsə, hekayə o dilə tərcümə olunacaq. Tutalım, Koreya dilinə. Yaxud Etimad Başkeçid. Deyəcək ki, istəyirəm, mənim hekayəm ingilis dilinə, yaxud Norveç dilinə tərcümə olunsun. Bir dil seçimi nəzərdə tutulub. İstəməzdim ki, dil seçimi ilə bağlı hörmətli yazıçılarımız arasında anlaşılmazlıq olsun.
Bununla da tərcümə prosesinin başlanması və bitməsi ilə biz ikinci mərhələni yekunlaşdıracağıq. İkinci mərhələdə eyni zamanda tərcümə zamanı ortaya çıxan dil, üslub problemləri də ola bilər ki, biz onları müxtəlif seminarlar, konfranslar səviyyəsində həll etməyə çalışacağıq. Bu özü də məsələyə – tərcümə prosesinə bütövlükdə elmi yanaşmanın bir göstəricisi olacaq. İkinci mərhələni bitirdikdən sonra əsas mərhələyə başlayacağıq.
– Yəni, hekayələrin bir topluda nəşrinə…
– Bəli. Tərcümə olunan hekayələr bir topluda nəşr olunacaq. Təsəvvür edin, çap olunacaq kitabda 27 Azərbaycan yazıçısının hakayəsi dünyanın müxtəlif dillərində yer alacaq. Bu, ilk belə bir təşəbbüsdür. Mənə elə gəlir, uğur gətirəcək təşəbbüsdür. Burada həm mədəni, həm ictimai, həm də dünya ədəbiyyatına çıxmaqla bağlı ədəbi uğurdan danışa bilərik. Və nəhayət, sonuncu mərhələ… Kitabın çapından sonra onun müzakirələrinin səfirliklərin və Azərbaycan Dillər Universitetindəki dil və mədəniyyət mərkəzlərinin köməyi ilə təşkil olunması bütün proyektin məntiqi bir sonluğu olacaq.
Hər hekayə, zənnimcə, ancaq tərcümə olunduğu dil müstəvisinə çıxıb orda qalmayacaq. Əgər bir hekayə İndoneziya dilinə tərcümə olunubsa, həmin ölkədəki müzakirə zamanı digər hekayələrə də müraciət olunacaq. Bu proses çoxlaylı prosesdir. Yəni, ola bilməz ki, Hindistanda hansısa bir universitetdəki müzakirə zamanı bu kitabdakı ingilis və ya başqa dildəki hekayəyə münasibət bildirilməsin.
– Belə çıxır ki, hekayələr həmin ölkələrin ədəbi mətbuatında da çap oluna bilər.
– Əlbəttə. Biz universitetdəki dil və mədəniyyət mərkəzlərinin, səfirliklərin vasitəsi ilə bu ideyanı da həyata keçirməyə çalışacağıq. Bir azərbaycanlı yazıçının hekayəsinin Yaponiyanın, İndoneziyanın, Hindistanın və s. ölkələrin əsas ədəbi mətbu orqanında çap olunması öz-özlüyündə həmin hekayənin yeni ömrü deməkdir. İstərdim ki, bizim müəlliflər hansı dilə tərcümə olunmaqlarını son dərəcə həssaslıqla seçsinlər. Mənə elə gəlir ki, yazıçılarımız həmişə olduğu kimi ingilis, alman, fransız dilinin kölgəsinə qaçmayacaqlar. Biz təbliğatı və təqdimatı doğru-düzgün qura bilsək, indi nəzərdə tutmadığımız başqa dillərə tərcümə imkanı da gələcəkdə yaranacaq.
Cavid Zeynallı