sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Kamal Abdulladan seçmələr

14/09/2020 - 12:48
A A
Facebookda paylaş

 

Sim-sim.az xalq yazıçısı Kamal Abdullanın müsahibələrindən, yazılarından seçmələri təqdim edir

 

 

 

 

Dənizin nə olduğunu bilmək üçün onu başdan-ayağa içməyə ehtiyac yoxdu,  bir qurtum kifayətdi.  Bu bir qurtumda həm dənizin fəlakəti, həm də səadəti var.  Ağıllı balıq üçün bir damla da bəsdi.  Yazmaq da, təxminən, belədi.  Yazırsansa bunun nə olduğunu bilməkdən ötrümü yazırsan, yoxsa öz içindəki tikanı çıxarmaqdan ötrümü? Xülasə, qəliz məsələdi, mən şəxsən nə üçün yazdığımı bilmirəm.

 

***

 

Mətləbə çatmaq üçün ona doğru istənilən minikdə getmək mümkündü: avtobusda,  taksidə,  metroda.  Ancaq taksiyə (bu eyni zamanda taksiyə minməyə imkanı olan adam deməkdi)  öyrənmiş adam avtobusla gedə bilsə də getmir. Əvvəllər avtobusla uzaq bir mənzilə yol alanda çox gözəl fikirlər gəlirdi ağlıma: bir şerin və ya hekayənin sxemi qurulurdu beynimdə.  Amma qəribədi,  sürətli miniklə gedəndə o fikirlərlə əlləşə bilmirsən.  Sürət səni başqa duyum səthinə salır.  Bir janrdan başqasına keçmək mümkündü,  ancaq mümkünlüyü qədər də lazımsız ola bilər.  Bəyəm, janrın öz içində janrları yoxdu.  Şerin müxtəlif ölçüləri var,  onları da şerdaxili janrlar adlandıra bilərik.  Ancaq bir məsələ var:  sərbəst şer yazan adam möhkəm vəzn daxilində dəmir biçimli qafiyələrlə dolu şeri yazmağı bacaran adam olmalıdır. Ən abstraktsionist rəssam hər şeydən əvvəl bir insanı onun normal ölçülərində çəkməyi bacarmalıdı.  Əks halda primitivliklə “suyunun suyunun suyu”  ilə qarşılaşa bilirik.

Şəxsən mənimçün janrdan janra keçməyin heç bir maneəsi yoxdu. Hər şey marağımdan,  həvəsimdən … avtobusun sürətindən asılıdı.

 

***

 

Allahla və ölümlə pozaya girib “sən”lə  danışmaq (guya ki!) cəsarəti. Nəsə, əzizim,  təklər,  tənhalar yaman çoxalıb. Tək,  tənha olmayanlar da moda xatirinə onların içlərinə dürtüblər özlərini. Əslində, tənhalıq barədə danışmazlar, “mən təkəm” qışqırıb deməzlər. Bu, misranın qoxusundan, duruşundan, biçimindən ürkək-ürkək boylanmalıdır. Əgər gücü qalıbsa,  boylana bilirsə…  Ölüm də,  xüsusilə, Allah da laübali  münasibətlərdən uzaq duran varlıqlardı. Onlarla zarafat eləməzlər, münasibət son dərəcə rəsmi olmalıdır.  Bizə elə gəlir ki,  onları inasaniləşdirdikcə özümüzə yaxınlaşdırırıq. Bu bizim boş cəhdimizdi.  Allah və ölüm qarşısında ancaq “farağat” şəklində!!!  Bu mənim onlar qarşısında qorxum deyil,  onların hər ikisinə boyük məhəbbət və sevgimdən gələn sitayişdi.

 

***

 

Ümumən, mənə elə gəlir ki, zaman bizim əvvələr ayırdığımız ədəbi tənqid  sahəsini boşa çıxardı. Ayrıca tənqidçi peşəsi, xüsusən, XX  yüzilin sonunda   mənə qəribə gəlir. Ədəbi prosesin subyekti yazıçıdır, normal yazıçı isə zamanın,  zövqünün tələbləri ilə istedadının yönümünə görə müxtəlif janrlarda qələm   işlədir, şeir, hekayə, roman, dram əsəri yazır, İstəyəndə esseistikaya da üz tutur. Doğrudur, indi də prosesin barometri kimi oxucunun zövgünü bu və  ya digər    istiqamətə yönəldən  tənqidi  yazılar yazılır,  amma bu da  elə publisistikadır – özü də ədəbi publisistikadır, bilavasitə mətbuatla bağlıdır, reklam  səciyyəsi daşıyır.

 

***

 

Həmişə haylı-küylü, səsli məclislərdən qaçmağa çalışmışam. Özümü təlatümlü işlərin içində görürəm, yazılarımda isə bir kamera əhval-ruhiyyəsi hökm sürür. Dünyada ən böyük istəyim sakitlikdir. Görünür, bu da kameralığın bir əlamətidir. Ancaq mənim çoxlu dostlarım, yoldaşlarım var, ünsiyyətini arzuladığım insanlar var. Qaraqabaq, guşənişin adam da deyiləm. Sadəcə, həmişə ruhi sakitliyə böyük ehtiyacım olub.

 

***

 

Mən “Dədə Qorqud” üstə köklənmiş  adamam. Yaradıcılığımın  ilkin mənbəyi dastanlarımız, mifologiyamız, əfsanəvi personajlarımızdır. Bu mifoloji aləmdə mənə elə gəlir, Şərq-Qərb məsələsi yoxdur. İnsan məsələsi var, insanın ilkin davranış nöqtələrini tənzimləyən sistem məsələsi var. Bu, çox maraqlı bir dünyadır. Orada çox-çox əvvələr  baş verən hadisələr, rüşeyim halında olan əhvalatlar əksini tapıb. Onlar həm də daha ilkin, daha bakirə hisslərdir.

 

***

 

Bu gün ölkəmizə gələn əcnəbi iş adamları dilimizi həvəslə öyrənməyə başlayır və az sonra yarımçıq buraxır. Sonradan çoxu rus dili ilə məşğul olmağa üstünlük verir, çünki görürlər ki, Azərbaycanda milli dil situasiyası yoxdur. Rus dili vasitəsilə də ötüşmək olar. Milli dil situasiyasıyasını isə ancaq  mühitdə mənəvi infrostruktur yaratmaqla həll etmək olar. Heç bir eston estonla, erməni erməniylə, gürcü gürcüylə rusca danışmır. Bu, bizim millətə xas olan çox mənfi bir xüsusiyyətdir.

 

***

 

Fikrimcə, bizim ən böyük qüsurumuz bir millət kimi ondan ibarətdir ki, daxilimizdə  özümüzdən xəbərsiz ikili qarşıdurmalar bir-biriylə mübarizə aparır. İki əks qüvvə: o qüvvənin  biri Babək, biri müsəlmançılıqdır.  Biz bilmirik:  müsəlmanıq, ya Babək tərafdarıyıq?  Babək Azərbaycanda  müsəlmançılığı yayan  xilafətin ordusuna  qarşı döyüşürdü. Müsəlman dini özü ilə böyük mədəniyyət gətirirdi.  Quran  ərəb dilində nazil olub. Deməli, Allah bu dini, bu dili seçib.  Babək isə bu  dinə  qarşı  idi. “Qılınc müsəlmanıyıq” ifadəsinin yaranma səbəbinin arxasından ərəb qoşunlarından əvvəl Babəkin döyüş dəstələri boylanır.

Əkslikdir, deyilmi? Və yaxud götürək “Şah İsmayıl  Xətayi   və türkçülük” ikili qarşıdurmasını.   Koroğlu və dövlətçilik.  Əksliklər  çoxdur.  Bir tərəfdən Cavidi, bir tərəfdən də Sabiri sevirik.  Bunlar bir-biriylə barışmayan estetikalardır.  Azərbaycanlı təhtəl-şüurundakı bu cür əksliklər onu irəli addım atmağa qoymur, buxovlayır, qalırsan  çabalaya-çabalaya və bilmirsən, hansı tərəfə addım atasan.

 

***

 

Axı insan sanki iki zaman ölçüsündə yaşayır: birincisi, onun real yaşıdır – arxada qoyduğu illərdir; ikincisi isə – heç də hər zaman, hətta əksər hallarda, pasportdakı qeydlərlə üst-üstə düşməyən daxili yaş həddidir. Biz bəzən real yaşımızdan daha böyük, bəzən isə daha kiçik oluruq. Beləcə, ilkinliyin sehri – hər kəsin qəlbində bir yanğı, nostalji kimidir. Paustovskinin çoxdan oxuduğum hekayəsindəki bir cümləni xatırlayıram. Dəqiqliyinə zəmanət verə bilmərəm, amma fikir, təxminən, bu cür ifadə olunmuşdu: «Biz həyatımız boyu gəncliyimizdəki mənəvi saflığa dönməyə çalışırıq…» Buna yalnız onu əlavə etmək olar ki, bəzən bu saflığı tapırıq, bəzən isə – yox. Arınmaq, bu ilkinliyi, yəni, «saf gəncliyə» aparan yolu hiss etmək isə yalnız etirafla mümkündür. Etiraf – insana arınmağa və özünü azad hiss etməyə, dəyişilməyə imkan yaradan mənəvi-əxlaqi vasitədir.

 

(ardı var)

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az