Sim-sim.az xalq yazıçısı Kamal Abdullanın yeni hekayəsi “Asudə”ni təqdim edir.
Üzüyuxarı gedən küçə ilə qalxıb bizim tinə çatanda sağa dönərkən quru yerdəncə altlarına köhnə cır-cındır salıb üstündə oturan üç, ya dörd arvadı həmişə orda görərdim. Biri semiçka satardı, biri alça, o biri ev lavaşı… Onlara başçılığı məhəlləmizdə Nənəxanım adlı balacaboy, yumrusifət bir qadın vardı, o edərdi. Nənəxanımın satdığı tum ətrafdakı bütün tumsatanların tumundan dadlı idi. Onun yanında oturan kök, hətta xeyli kök, hətta gombul üzüyanıq arvadı mən tanımırdım. O birilər isə məhəllə arvadları idi. Səlmə satmağa lavaş çıxarırdı, Nuridə kişmiş, quru meyvə satırdı, Xoşqədəm hərdən nə gəldi, bəzən qatıq, bəzən süd, hərdən də uşaq oyuncağı, karandaş, şarik…
…Mən onların yanından keçərkən tez-tez yox, həftədə bir dəfə, iki dəfə Nənəxanımdan soruşurdum:
– Təzə nə xəbər? – Mən bu sualı hər dəfə gözlərimlə verirdim.
Nənəxanım da mənə eynilə o cür – gözlərilə cavab verirdi:
– Təzə heç nə yoxdur.
Bu səssiz dialoqun deşifrəsi belə idi: «- Asudədən xəbər var? – Asudədən xəbər yoxdur.»
Asudə bizim məhəllənin, yox, bizim qəsəbənin, yenə də yox, dünyanın ən gözəl qızı idi. Nazim və Asudə dastanı ilk hərfindən sonuncu hərfinə qədər bizim məhəllədə yazılmışdı. Nazim mən idim. Bu uğursuz məhəbbətin həm qurbanı, həm də cəlladı. Amma mən bu qızı sevə-sevə onun uzaq paytaxta getmək həvəsini dəstəklədim və hətta ora getməyinə kömək etdim. Ona tanımadığı şəhərdə ilk vaxtlar qalmağa yer tapdım. «Bilirsən, burda, elə bil, boğuluram. Azad deyiləm burda. Asudə deyiləm. Deyə bilmirəm niyə, amma boğuluram…» Onun bu sözləri deyərkən kövrəlib hıçqırmağına mən dözə bilmədim. Ürəyimi, elə bil, məngənəyə salıb sıxdılar.
Bir müddət paytaxtda mənim tapdığım o evdə yaşadıqdan sonra Asudə bir parça əppək olub yoxa çıxdı. Elə onun arxasınca məhəllədəki evlərinin qapısına bir qara qıfıl vurub atası da, anası da yox oldular. Heç elə bil, belə bir qız, belə bir ailə bu küçədə əvvəldən yox imişlər. Məktəbdən qayıdar-qayıtmaz Nənəxanımın yanından əl çəkməyən, arvadın dalandakı evindən satmaq üçün təzə qovrulmuş tum daşıyan, kim xahiş eləsə, yardımına gedən, ehtiyacı olanların ev işlərini görən Asudə məktəbin onuncu sinfini də bitirmədi. Hamı oğlanları özünə məftun edib yoxa çıxdı. Amma mən onu bir dəfə də olsun, nə öz sinfimizdə, nə da kənarda heç kimə qısqanmadım. Çünki bizim onunla dastanımız artıq yazılmış, nöqtəsi də qoyulmuşdu. Və mən bilirdim: o məni sevirdi. Başqa heç kimi nə indi, nə də sonra sevə bilməzdi. Məktəbdə, məhlədə hamı belə düşünürdü: Bu qız bu oğlan üçün, bu oğlan da bu qız üçün yaradılıb. Allah onları xoşbəxt eləsin.
– Bəs sən ki onu bu qədər sevirdin, niyə icazə verdin ki, başqa bir yerə – gözündən uzaq başqa bir şəhərə köçüb getsin? – Dostlar arasında hərdən-birdən, özü də içki məclisində belə bir sorğu-sual ortaya düşürdü. Bu sualı mənə tez-tez İlqar verirdi. Elə bil, yaramı qaşımaqdan ləzzət alırdı.
– Nə bilim, niyə. Nə bilim mən ki, bu yox olacaq? Məktəbi qurtarandan sonra mən də onun yanına gedəcəkdim. İnstituta girəcək idim…
– Ay-hay… Bir ilə də adam gözdən qoyarlar?! O boyda şəhərdə elə bir qızı boş buraxarlar heç?! Öz günahındı. Çiy iş tutmusan, incimə.
Mən incimirdim. Özü yıxılan, necə deyərlər, ağlamaz.
İndi isə… bütün bu illər ərzində bir tərəfdən partlaya-partlaya qalmışdım, o biri tərəfdən hələ də gözləyirdim. Nooldu buna? Başına bir işmi gəldi?! Harda axtarım onu?! Uzun müddət nə edəcəyimi bilmirdim.
Bu minvalla il ilə calandı. Bu illər ərzində mən çox zaman özüm-özümə təskinlik verməyə çalışdım: «Bəlkə xoşbəxt olub?! Bəlkə özünün həqiqi ikinci yarısını tapıb?! Bəlkə məni unudub, bəlkə, bəlkə, bəlkə… Bəlkələr çox idi, onları əkmişdilər, amma biri də bitməmişdi.»
Düz deyirlər ki, hər şeyin zamana ehtiyacı var. Zaman keçdikcə mənim də yaralarım yavaş-yavaş sağalmağa başladı. «Asudə əgər məni unuda bildisə, mənə nə gəlib?! Mən onu ondan əvvəl unudaram.» Özüm-özümü Asudəsiz həyata artıq alışdırmışdım.
…Haman gün Asudənin itməyindən düz on il keçən gün idi. Axşamın elə bir vaxtı idi ki, gün işığı hər yerdən çəkilmişdi, amma qaranlıq hələ düşməmişdi. Ürəklərə qüssə dolan vaxt idi. Üzüyuxarı küçəylə məhləmizə qalxanda mənə elə gəldi ki, bu dəfə o yoxuşu, elə bil, on ilə qalxdım. Tinimizə çatıb əvvəlcə nəfəsimi dərdim. Sağa burulub qoşa tut ağacına tərəf getmək istəyirdim ki, elə bil, kimsə mənə dedi: «küçənizin sən alışdığın düzənində, nəsə dəyişib. Tapa bilərsənmi – nə?» Ora-bura boylandım. Hə, nəhayət, başa düşdüm. Nənəxanım öz həmişəki yerində deyildi. Onun oturduğu yerdə, tinin başında bircə o gombul, üzü yanmış arvaddan başqa heç kim yox idi. Mənim bu kök arvaddan heç xoşum gəlməzdi. Nə vaxt köçmüşdü məhləyə yadımda da deyildi. Elə bil, gözəllər gözəliydi, adamın üzünə baxmaz, öz yanmış üzünü də hamıdan gizlədərdi. Qəribə köklüyü vardı, elə bil, xəstəlik keçirmişdi. Mən onun səsini də eşitməmişdim. İndi də onun yanından həmişəki kimi başımı yerə dikib keçdim və qoşa tut ağacının altindakı evimizə tərəf addımladım. Qəflətən arxamda bomba kimi bir səs partladı:
– Asudə xala, Asudə xala!!!
Nənəxanımın on iki yaşlı nəvəsi Orxanın səsi idi. Var gücü ilə qışqırırdı:
– Asudə xala, nənəm səni ça…! – Orxan nə oldusa xapdan səsini kəsdi.
Mən «Asudə xala» sözlərini eşidən kimi yerimdəcə quruyub qaldım. Geri dönüb baxmağa taqətim yox idi. Dizlərim titrəməyə başladı, ürəyim hövrlə vururdu. Bircə onu hiss etdim ki, arxamda kimsə var, o da donub yerindəcə qalıb. Nəhayət, yavaş-yavaş geri döndüm. Nə gördüm, ilahi?! Mənimlə üzbəüz haman gombul, üzü yanıq arvaddı, dayanıb durub. O da yerindəcə donub qalmışdı.
O zənlə mənə baxırdı. Mən birdən xatırladım ki, bu gombul arvadın gözlərinin içinə axı mən heç vaxt baxmamışam. Baxmaq belə istəməmişəm. Olsa-olsa baxışlarım onun yanmış üzünün dərin qırışlarının içi ilə sürüşüb keçib. Mən bu arvadla bağlı bircə onu bilmişəm ki, əri ilə məhləyə, Asudəgilin həyətinə köçüb orada yaşayırlar. Əri deyirdilər ki, şikəstdi, bir ayağını Ağdam savaşında itirib. Evdən heç hara çıxmır. Bu da ona qulluq edir. Mən bu arvadın gözlərinə ilk dəfə idi ki, baxırdım.
Asudənin gözləri nəmlənmişdi. Özünün hiss etdim ki, danışmağa halı yoxdur. Yorğunluq hər əzasından gümrah-gümrah boylanırdı. Birdən bu şişman arvadın içindən duman kimi sıyrılıb o uzaq illərin Asudəsi çıxdı. Şuxluqla mənə baxdı. Həmişəki kimi gözlərinin dərinliyində sonsuz bir məhəbbət var idi. Amma gözlərindəki nəm də heç hara getməmişdi. Nəmli gözləri ilə gülümsəyib o illərin Asudəsi mənə bunu dedi:
– Bilirəm, indiyənə qədər məndən niyaransan. Məndən niyaran qalma. Biləsən, mən öz seçimimi özüm etdim. Allaha da xoş gedən elə budu. Sən özün isə… məni bağışla…
Birdən bu nəmli gözlərin içinə hardansa gəlib bir ovuc işıq doldu. Asudənin gözləri parıldadı, səsi qətiləşdi:
– Bilirsənmi, mən azadam. Mən azadam və mən xoşbəxtəm. Sən məni anlamalısan… məni bağışla… – Bunları deyib o illərin Asudəsi gedib yenə gombul arvadın içində yox oldu.
Mən onu anladım və mən onu bağışladım. Başımı bir neçə dəfə tərpədib onun dediklərini təsdiqlədim və geri döndüm, dərindən köks ötürüb ürəyimdə mənə tanış olmayan qəribə bir rahatlıq qoşa tut ağacının altindakı evimə, heç kimin məni gözləmədiyi evimə tərəf getdim.
SON