Dünən Azərbaycan Yaradıcılıq Fondunda “Sim-sim Press” Nəşriyyatının yaranması və Yaradıcılıq fakültəsinin yenidən bərpa edilməsi ilə bağlı tədbir keçirilib.
Sim-sim.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə xalq yazıçısı, akademik Kamal Abdulla, akademik Muxtar İmanov, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Rüstəm Behrudi, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi”nin icraçı direktoru Rəvan Həsənov, sənətşünas Aydın Talıbzadə, rejissor Bəhram Osmanov, Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini Rafiq Kaşanlı, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, yazıçı Etimad Başkeçid, yazıçı Nəriman Əbdülrəhmanlı, şair Ağacəfər Həsənli, yazıçı Mübariz Örən, şair Qismət Rüstəmov yazıçı Qanturalı, yazıçı Cavid Zeynallı, professor Aqşin Rüstəmov, türkoloq-alim Elçin İbrahimov, tərcüməçi Anar Rəhimov, iqtisadçı Bayram İsmixanov, aktyor Məmməd Əliyev və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, sim-sim.az saytıyla eyni adlı “Sim-sim Press” nəşriyyatı fəaliyyətə başlayıb. Bundan başqa Azərbaycan Yaradıcılıq Fondunun və Azərbaycan Dillər Universitetinin ortaq təşəbbüsü ilə Yaradıcılıq Fakültəsi də fəaliyyətini bərpa edib:
“Bildiyiniz kimi, vaxtilə Azərbaycan Mədəniyyət Fondunun adı altında fəaliyyət göstərən təşkilatımızın son illərdə adı dəyişərək Azərbaycan Yaradıcılıq Fondu oldu. Bu ildən fondun nəzdində həm yeni yaranan “Sim-sim Press” Nəşriyyatı və fəaliyyəti bərpa edilən Yaradıcılıq fakültəsi, eyni zamanda, sim-sim.az saytı yerləşəcək. Nəşriyyatın açılması qarşımıza yeni perspektivlər çıxarır. İnanıram ki, perpektivləri dostlarımızla birlikdə reallaşdıracağıq. Bakı Slavyan Universitetində rəhbərlik etdiyim vaxtlarda Yaradıcılıq fakültəsində istedadlı gənclər və qabaqcıl söz ustaları ilə birgə fəaliyyət göstərmişdik. Həmin fakültə Yaradıcılıq Fondunun binasında yenidən bərpa edilir. Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir. Nəşriyyatın baş direktoru isə Qismət Rüstəmov. Nəşriyyatın baş redaktoru şair Ağacəfər Həsənlidir. Saytın baş redaktoru isə şair Aqşin Yeniseydir. Nəşriyyatın, fakültənin və saytın fəaliyyətinə uğurlar arzu edirəm.”
Görüşdə çıxış edən şair Rüstəm Behrudi hər üç yaradıcı quruma uğurlar arzulayaraq, bu kollektivin yaradıcı mühitimizə tezliklə öz töhfələrini verəcəyinə olan inamını qeyd etmişdir.
“Sim-sim Press” Nəşriyyatının baş redaktoru Qismət Rüstəmov çıxışında Yaradıcılıq fakültəsinin yenidən bərpasını yüksək qiymətləndirib. Fakültənin gənc istedadların infişafında mühüm rol oynayacağını vurğulayıb:
“Əvvəllər Yaradıcılıq fakültəsi Bakı Slavyan Universitetində fəaliyyət göstərərkən peşəkar ədəbiyyatla təmasımızı burada təşkil edilən ustad dərslərindən qazandıq. Dəyərli ustadların mühazirələri, söhbətləri bizə çox şey qazandırdı. O mühitin itməməsinin, bu günə qədər gəlib çıxmasının təşəbbüskarı ustadımız Kamal Abdulladır. Eyni Fondda Sim-sim.az saytı, nəşriyyat və fakültə fəaliyyət göstərəcək. Hətta teatr yaradılması ideyası da var. Kamal Abdulla sanki kiçik modeldə qalaktika yaradır.”
Görüşdə söz alan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid vurğulamışdır ki, Kamal Abdulla ideya generatoru kimi, daim yaradıcı mühit yaratmaqda öndə gedir. Onun bu dəfəki yaradıcı təşəbbüsü mədəniyyətimizin inkişafına həmişə olduğu kimi öz töhfələrini verəcəkdir.
Görüşdə söz alan akademik Muxtar İmanov, yazıçı Etimad Başkeçid, yazıçı Nəriman Əbdülrəhmalı da bu yeni yaradıcı təşəbbüslərə öz dəstəklərini ifadə etmişlər.
Qeyd edək ki, Yaradıcılıq fakültəsi bu dəfə ADU və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq sertifikatı veriləcək.
Layihə çərçivəsində 2022-2023 tədris ilində tələbələrə xarici dil (ingilis, rus), mifologiya tarixi, fəlsəfə, dünya ədəbiyyatı, müasir ədəbi proseslər, mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil ediləcək. Yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə Bakı Slavyan Universitetində yaradılan Yaradıcılıq fakültəsi 2016-cı ilə qədər fəaliyyət göstərib. Fakültənin məzunları sırasında müasir dövrün gənc istedadları, şair və yazıçılarının adı var.