Açar sözlər: “Casus” pyesi, “15 dəqiqəlik Hamlet” dramı, postmodern dram, dekonstruksiya
II Dünya müharibəsindən sonrakı dönəmdə, yəni XX əsrin 60-70-ci illərində sənətin bir çox növündə olduğu kimi dramaturgiyada da yeni axtarışların başlanması absurd teatrı xüsusilə ön plana çıxartmışdır. Tom Stoppard, Harold Pinter, Peter Handke kimi müəlliflər modernizm düşüncəsinə inamını itirmələri nəticəsində yeni yolların, təqdimatların, konsepsiyaların axtarışına başladılar ki, bu axtarışların da kökündə ənənəvi olandan imtina dayanmışdır. Dramaturgiyada modernizmdən postmodernizmə keçid Bekketin adı ilə bağlı olmuşdur. Bu istiqamətdə onun absurd pyesləri bu keçidə xüsusi bir körpü salmışdır.
XX əsrin o günə qədərki aparıcı sənət təmayülləri də daxil olmaqla, Aristotelin dram qanunları, tragediya və farsın yenidən aktuallaşması, absurd və tragikomizm, bir sözlə hər şey iç-içə keçdiyi, bir-birinə qarışdığı, birləşdiyi postmodern teatrda dramaturqlar üçün köhnə, qədim, yeni, dünənki, bugünkü – hər şey istifadə edilmək üçün tükənməz mənbəyə, bir növ tarixi anbara çevrilmişdir.
Bütövlük yerinə fraqmentarlıq, keçmişlə gələcəyin eyni andalığı, anaxronizm, ironiyanın baş yerdə olduğu postmodern dram əsərlərində bütöv, bitmiş, bitkin sujet inkar edilir, qeyri-mümkün sayılır, teatral illüziya effekti qəsdən sındırılır, tamaşaçı ilə birbaşa, fiziki təmasa qədər gedib çıxan interaktiv performanslar təklif olunur ki, bununla da, artıq mərkəzdə səhnə yerinə tamaşaçılar dayanmış olur.
“Yeni”ni inkar edərək köhnəni təzədən və yeni təqdimatda verən postmodern dramda qurulan sujet xətti tamaşaçılara hadisələri öz fərdi pəncərəsindən baxmağa çağırır. Bu janrda yazılan teatr əsərləri komediya ilə tamaşaçıları güldürdüyü halda ifadə etdikləri fikirlərlə, həm də düşündürür. Bir sözlə postmodern dram cavab verməkdən çox sual meydana gətirir. Bunu Azərbaycan postmodern dramın ən görkəmli nümayəndələrindən biri hesab olunan Kamal Abdullanın “Casus” pyesində və ingilis dramaturqu Tom Stoppardın “15 dəqiqəlik Hamlet” əsərində müşahidə edə bilirik.
Kamal Abdullanın “Casus” pyesi tarixi irsimiz olan “Kitabi-Dədə Qorqud” dastanı, T. Stoppardın “15 dəqiqəlik Hamlet” əsəri isə Şekspirin “Hamlet” dramı əsasında qələmə alınmışdır. Bildiyimiz kimi, Şekspirin “Hamlet” dramı böyük həcmli tamaşa əsəridir. Əsərdə vəfat edən Danimarka kralının oğlu Hamletin faciəsindən bəhs olunmuşdur. Hamlet atasının ilan sancması səbəbindən öldüyünü öyrənib Almaniyadan öz vətəni olan Danimarkaya qayıdır. Taxta çıxmaq sırası Hamletdə olduğu halda, əmisi Claudius taxta çıxır, həm də vəfat etmiş kralın xanımı ilə, yəni Hamletin anası ilə evlənir. Bu hadisələrin mənfi təsiri Hamletin monoloqunda da öz əksini tapmışdır. Ancaq onun intiqam hissi ilə hərəkət etməsinin əsas səbəbi atasının əmisi tərəfindən qulağına zəhər tökülərək öldürüldüyünü atasının ruhundan eşitməsidir. Əsər bu sujetlə başlayır və Hamletin vəfatı ilə bitir. Göründüyü kimi, Şekspirin “Hamlet” əsəri dramatik faciəli əsərdir. Hamletin həqiqəti öyrənmək səyləri, əmisinin onu öldürməyə çalışması və bu kimi səhnələr tamaşaçılara qəlbdən təsir etsə də, T. Stoppardın “On beş dəqiqəlik Hamlet” əsərində eyni epizodlar xeyli qısaldılaraq verilmişdir. Ancaq iki tamaşa arasında müşahidə olunan tək fərq zaman fərqi deyil. Şekspirin pyesində tamaşaçıların üzündə həmişə gördüyümüz qəm-kədər Stoppardın pyesində gülüşlərlə əvəz olunmuşdur. Çünki Şekspirin “Hamlet” əsəri faciə janrında olduğu halda, Stoppardın əsəri komediya janrında yazılmışdır.
Kitabi-Dədə Qorqud dastanın hər bir boyunda igidlərin başına bəla gətirən casus obrazının axtarılması K. Abdullanın “Casus” pyesinin əsas məzmununu təşkil edir. Postmodernizmin dekonstruksiya texnikasından istifadə etməklə müəllif bilinən oğuz mühitini, tamaşaçıların gözündəki Dədə Qorqud, Qazan xan, Beyrək kimi bütləri dağıtmış və hadisələrə, obrazlara fərqli şəkildə yanaşmaqla yeni bir baxış bucağı gətirmişdir. Pyesdə ilk diqqəti çəkən Qazan xan obrazının dastanda bəhs olunduğu qədər səxavətli olmamasıdır. Səhnənin bəzi yerlərində saxladığı qızıl sikkələri gizlincə qurşağına qoymaqla evini yağmalamağa gələn bəylərdən gizlətməsi tamaşaçıları güldürdüyü qədər də düşündürmüşdür. Üç ildən bir evini yağmalatdıran Qazan xan bir dəfə olsun nəyisə beylərdən gizlətmişdirmi?
Pyesdə Şir Şəmsəddin obrazı Qazan xanın ən yaxın köməkçisi, Qazan xan nə deyərsə, onunla oturub-duran oğuz igidi kimi göstərilmişdir. Dədə Qorqud dastanına müraciət etdikdə isə Şir Şəmsəddin obrazı ilə bağlı bir ifadə ilə qarşılaşırıq: “İcazəsiz Bayandır xanın düşmənini basan Qəflət qoca oğlu Şir Şəmsəddin”. Oğuz elində heç bir igid kömək üçün belə olsa, icazəsiz döyüşə girə bilməz. Düşmənin qəfil hücumuna məruz qalan Qantural köməyinə yetişən xanımı Sarı donlu Selcan xatunu əvvəl tanımadığı zaman söylədiyi sözlərdə oğuz elinin bu qanunu müşahidə edə bilirik –
“Qəfildən başlar kəsən
İzinsiz döyüşə girən igid, nə igidsən?
İzinsiz döyüşə girmək biz eldə eyibdir.”[1, s.257]
Buna görə də, Şir Şəmsəddin heç kimdən icazəsiz Bayandır xanın düşmənləri üzərinə hücum edə bilməzdi. Deməli, bir şəxsdən icazə almışdır ki, bu da Bayandır xanın kürəkəni Qazan xandır. Həm də müəllif dastandakı bu nüansdan istifadə edərək Boğazçı Fatma ilə Şir Şəmsəddinin görüş səhnəsində onu tez sözlərə aldanan, xəyallara dalan zəif bir insan kimi təsvir etmişdir.
Dədə Qorqud obrazı pyesdə ən çox diqqət çəkən obrazlardan biridir. Xüsusilə, Dədə Qorqud obrazını canlandıran aktyorun səhnəyə daxil olarkən ağ uzun saçı və saqqalını bir neçə dəqiqədən sonra çıxardıb torbasına qoyması şüurlardakı bütləşmiş “Dədə” obrazını dağıdır. Həm də aktyorun tez-tez torbasından çıxartdığı çubuqları sındırmaqla cadurgərlik etməsi əslində “Dədə” görkəminin bir maska olduğunu, müqəddəs “Dədə Qorqud” simasının arxasında çox ağıllı bir cadugərin gizləndiyini göstərir. Hətta Dədə ilə Boğazçı Fatmanın gülüş motivləri çərçivəsində əks olunan söhbətindən belə məlum olur ki, casusun əsl atası Dədədir.
Pyesdə Beyrək obrazının Qazan xanın xanımına yaxınlaşmağa çalışan, yaltaq, araqarışdıran, Burla Xatun üçün casusluq edən bir obraz kimi göstərilməsi tamaşaçılarda onun Bayburud qalasındakı on altı illik dustaqlığı belə bir aldatmaca ola bilərmi düşüncəsini yaradır. – “Deyirlər ki, kafir bəyinin bir bakirə qızı vardı. Hər gün Beyrəyi görməyə gəlirdi. O gün yenə gəldi. Baxdı gördü Beyrək pərdir. Qız dedi: “Niyə pərtsən, xan igidim? Həmişə gələndə səni şən görürdüm. Gülərdin, oynardın. İndi nə oldu sənə?”” [1,s.212] Bildiyimiz kimi, heç bir dustaq əsir olduğu yerdə gülüb oynamaz, minbir əzab və işgəncəyə məruz qalar. Həm də K.Abdullanın Beyrək obrazını mənfi simada təsvirinin əsas səbəbi kafir qızı da olsa, bir qadının hislərilə oynayıb verdiyi sözü tutmamasıdır. Hətta buna görə də, dastanın on ikinci boyunda Beyrək öldürülür.
Dastanın 12-ci boyunda oğuz bəylərin arasına düşən nifaqın əsas səbəbini müəllif pyesdə fərqli bir yanaşma ilə cavablandırmışdır. Qazan xanın evini yağmalatmağa ancaq İç oğuz bəylərini çağırtması oğuz elinin parçalanmasının əsas səbəbi ola bilməzdi. Qazan xanın bu cür qərar almasına gətirən başqa hadisələr də olmalı idi, bu isə pyesdə Aruz obrazının oğlu Basatla bağlı həddindən artıq kibiri səbəb olaraq göstərilmişdir. Basatın Təpəgözü öldürərək tək başına bütün oğuz elini xilas etməsinə baxmayaraq, oğuz eli tərəfindən onun bu şücaəti xüsusi olaraq qiymətləndirilmədi. Oğuz elinə sərkərdəliyi yenə dastanda heç bir xüsusi qəhrəmanlıq göstərməyən Bayandır xanın kürəkəni Qazan xan edirdi. Müəllifin pyesdə Burla Xatunu tez-tez babam Bayandır xanın yanına gedəcəm sözləri ilə Qazan xanı hədələməsi səhnələrinin verməsinin səbəbi dastandakı bu məsələnin üstünü işıqlandırmaq istəyidir.
İngilis dramaturqun dekonstruksiya texnikasının geniş istifadə etdiyi “15 dəqiqəlik Hamlet” əsərində K.Abdullanın “Casus” pyesində olduğu kimi bəzi nüanslar diqqət çəkir.
Pyesdə ilk diqqət çəkən nüans üstü örtülü şəkildə verilən fikirlərin açıq-aşkar əks olunmasıdır. Məsələn, Hamlet atasının əmisi tərəfindən qulağına zəhər tökülərək öldürülməsinin həqiqət olduğunu öyrənmək üçün tamaşa hazırlayıb bunu saraydakı hər kəsin izləməsini təmin edir. Bu səhnə hər iki müəllifdə fərqlidir. Fərq ondan ibarətdir ki, Şekspirin “Hamlet” əsərində Hamletin hazırladığı tamaşa canlanır və əmisi Claudis hadisələri gördükcə əvvəl narahatçılıq hissi keçirdir və sonra isə tamaşanın dayandırılmasını tələb edir. Sanki, həqiqətdən qaçmağa çalışır. Stoppardın “Hamlet” əsərində isə Hamletin hazırladığı tamaşa canlanmır. Sadəcə saraydakılar oturub nəyisə seyr etdikləri göstərilir və sonra Claudis obrazını canladıran aktyor: “Tamaşanı saxlayın”,- deyib qaçmağa başlayır. Bu isə həm komik bir epizod yaradır, həm də Şekspirin üstü qapalı şəkildə vermək istədiyi fikri artıq Stoppard açıq şəkildə tamaşaçılara çatdırır.
Əsərdə Ophelianın ölümünün təsvirində də fərqli xüsusiyyətlər var. Şekspirin “Hamlet” əsərində Ophelia qardaşının və kralın yanına gələrək onlara gül verir və bu zaman həmin güllərin adlarını çəkərək mahnı oxuyur. Onun bu hərəkəti tamaşaçılara ölümə gedən bir insanın vidalaşması deyil, baş vermiş hadisələrin təsirindən özünün əqli düşüncəsini itirmiş bir qızın təəssüratı əks olunur və onun boğularaq ölməsi isə tamaşanı izləyənlər üçün gözlənilməyən hadisəyə çevrilir. Ancaq Stoppardın əsərində isə Ophelia səhnəyə əlində iki gül ilə daxil olur. Gülün birini qardaşı Leartesə, digerini isə kral Claudisə verir. Daha sonra səhnənin bir kənarına yıxılır və ölür. Stoppard Ophelianın ölümünü bu cür verməklə tamaşaçılara obrazın gülləri verməkdəki əsas səbəbi dəli olduğu üçün deyil də, ölümə getməsi düşüncəsini əks etdirir. Həm də Ophelianın ardınca əvvəl qardaşı Leartes, daha sonra isə kral Claudisində öləcəyini qabaqcadan tamaşaçılara işarə vermiş olur.
Əsərdə diqqət çəkən bir digər fərq isə Hamletin Claudisi öldürdüyü səhnədir. Şekspirin “Hamlet” əsərində bu səhnəni canlandıran obrazın müəyyən tərəddüdləri diqqətimizi çəkir. Hamlet əmisi Claudisi öldürməklə düzgün edib-etmiyəcəyini düşünür və sonra müəyyən qərarsızlıqlar içində əmisini öldürür. Ancaq biz Stoppardın qəhrəmanında bunları görmürük. O, heç bir tərəddüd keçirmədən əmisini öldürür. Bununla da, Stoppard tamaşaçılara Poloniusu və Laertesi öldürən Hamlet bütün cinayətlərin səbəbkarı və günahkarı olan Claudisi öldürməkdə də heç bir tərəddüd etməməlidir fikrini çatdırmaq istəyir.
Biz Şekspirin “Hamlet” əsərində müəllifin həyata olan şikayetlərini obrazın – Hamletin dilindən çatdırılması nüansları ilə qarşılaşırıq. Bunu atasının ölümündən sonra anasını əmisi ilə evləndiyini və sıra özündə olduğu halda əmisinin kral olduğunu görən zamankı monoloğunda və məzarçı mərhum kralın təlxəyi Yorikin kəlləsini məzardan çıxardıb ona verəndə həyatdakı ədalətsizliklərə qarşı etirazını bildirən Hamletin ifadə etdiyi hər sözdə müəllifin tamaşaçılara çatdırmaq istədiyi fikirləri görürük. Ancaq Stoppardın “Hamlet” əsərində bu səhnələr dramatik deyil, gülməli şəkildə əks olunmuşdur. Sanki bununla o, həyatın bu haqsızlıqlarına gülməklə öz münasibətini bildirir.
Tom Stoppardın “Hamlet” əsərində Şekspirin əsərindən fərqli olaraq tamaşa bitdikdən sonra bütün əsərin qısa və sürətli şəkildə canlandırlması baş verir ki, bu isə keçmişə baxış xüsusiyyətini özündə əks etdirir.
Ümumiyyətlə, iki əsəri – K.Abdullanın “Casus” və T. Stoppardın “15 dəqiqəlik Hamlet” pyeslərini müqayisə edəndə ilk nəzərimizə hadisələrə fərqli pəncərədən gətirilən görüş bucaqlarından əvvəl obrazları canlandıran aktyorların replikalarını ifadə etmək şəkilləri diqqət çəkir. Klassik teatrdan fərqli olaraq, postmodern teatrda aktyorlar replikalarını xüsusi bir pafosla səsləndirirlər və beləliklə, tamaşaya komediya ünsürləri gətirmiş olurlar. Aktyorların səs tonlarındakı nəzərə çarpan jest və mimikaları ilə ahənglənir. Həm də postmodern teatrda aktyorlar klassik tamaşa əsərlərindən fərqli olaraq daha cəld hərəkət edirlər. Bununla da, müəllif çatdırmaq istədiyi fikri sözlərlə deyil, səs tonları, jest və mimikalarla çatdırmış olur.
İki əsəri müqayisə etdiyimiz zaman diqqət çəkən bir digər oxşarlıq aktyorların səs tonları, jest və mimikaları ilə yanaşı səhnə və işıq efektləridir. Ümumiyyətlə, postmodern dram janrındakı əsərlərdə səhnə və işıq effektlərinə digər teatr əsərlərindən daha çox diqqət yetirilir. Çünki bunlar postmodern dramın digər teatr əsərlərindən fərqləndirən əsas xüsusiyyətlərdir.
Kəmalə Həsənova
Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsi, M20-102
e-mail:[email protected]
Ədəbiyyat siyahısı:
- Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 s.
- Qorqud ədəbiyyatı. Bədii əsərlər. Bakı, “Öndər nəşriyyatı”, 2004, 368 səh.
- “The Fifteen Minute Hamlet” a play Tom Stoppard pdf.
- Tom Stoppard –literature
- Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cildə. I cild. Bakı, “Öndər nəşriyyat”, 2004, 736 səh.
- https://www.youtube.com/watch?v=dJUO2BWBcIw
- https://vimeo.com/27738737
- https://www.azadliq.org/a/25272793.html