Sim-sim.az Mehman Qaraxanoğlunun Xalq yazıçısı Kamal Abdullanın “Epiloq” hekayəsi haqqında yazdığı “Çağırış” essesini təqdim edir.
Kamal Abdulla nəsri ənənəvi təhlil texnologiyalarını geri itələyir. Yaddaşım naxaləflik eləmirsə, bir dəfə Kəramətlə virtual söhbət zamanı o dedi: “Elə bil Kamal müəllimin hekayələri haqqında özün də hekayə yazırsan”. Açığı, fikir onda çox xoşuma gəlmişdi, yağ kimi ürəyimə yayılmışdı. Belə bir tərifdən kim qaçar?! Kamal Abdulla ilə “eyni” yaradıcılıq mətbəxini paylaşmağı kim istəməz ki?! Zaman keçəndən sonra həmin fikrin nüvəsində məhz Kəramətə xas olan tikanlı ironiyanı sezməyə başladım. Bəlkə də “yazıq” Kəramət o zaman sözü birbaşa, müstəqim mənada demişdi, heç ironiya-filan haqda düşünməmişdi. Amma aradan bir neçə il keçəndən sonra sözün hansı yöndə deməsindən asılı olmayaraq, bu cür düşünməyə başlamışdım.
İndisə düşünürəm: Nə yaxşı ki, onda bu fikri kortəbii qəbul eləmişəm, Kəramətin özü də heç hiss eləmədən mənə yox, məhz Kamal Abdullaya ən yüksək qiymətini verib. Həqiqətən, Kamal Abdulla oxucunu onunla birgə “əsər yazmağ”a “təhrik” və təşfiq edir. Özü ağ varaqda və ya klaviaturada nə qədər iş görürsə, oxucu-təhlilçi üçün də bir o qədər iş saxlayır. Necə deyərlər, ədəbi proporsiyanı zadəgancasına gözləyir…
Bu düşüncələrdən sonra indi dur, sözügedən hekayəni təhlil elə! Vaxtilə hər hansı bir tanınmış yazarın hekayəsini necə təhlil etmisənsə, yəni, hansı söz-termin arsenalından, cümlə cəbbəxanası və strategiyalardan açıq, ya da gizli yararlanıb, yaraqlanıb, istifadə etmisənsə, yenə də təkrarən onu etməyə məcbur olacaqsan. Amma Kamal Abdulla sənə bunu etməmək üçün alternativ yollar təklif edir…
Hekayəni oxuyub qurtarırsan. Amma məlum olur ki, heç oxumamısan. Təzədən başlayırsan. Hekayənin strukturu “Sehrbazlar dərəsi”ndəki Görükməz təpəni xatırladır. Özün də sehrbazın puluna tamah salıb onu soyan tacir gününə düşürsən; fırlanırsan, fırlanırsan, amma yolu tapa bilmirsən, hər dəfə gəlib əvvəlki yerə çıxırsan…
Haradan başlayaq?! Onsuz da haralarda gedib fırlansaq da, sonda gəlib Mövluda çıxarıq – on yeddinci mərtəbəyə… Kamal Abdulla da sözügedən hekayə ilə məhz oraya baş çəkir.
Mistik bir aurası var hekayənin… Əslində, bu sənin həyatındı, sadəcə, həyatındakı o “vacib” ayrılıqdan iyirmi il keçməlidir.
Arxayın ol, roman yoxdur. Heç “Epiloq” da yoxdur…
Kamal Abdulla yoxluqlar, heçliklər, faniliklər sənətkarıdır. Onun mətnlərində işıq nə qədərdirsə, qüssə də o qədərdir. (“Qədər” əgər ölçü vahididirsə, o da yoxdu!) “Qaranlıq” demirəm, çünki onun nəsri bütünlüklə əksliklərə – ağ-qara, yaxşı-pis, gecə-gündüz, düzən-düzənsizlik, nizam-xaos və s. bu tip həyatımızı zəhərə çevirən antonimlərə qarşıdır.
Başımı mətndən ayırıb fəzada dahi Lütfi Zadənin çox işıqlı, həm də qüssəli təbəssümünü görürəm…
Bu ara böyük zəka sahibi Rafiq Əliyevin müsahibəsini oxuyanda dəhşətə gəldim. O zamanın sözlərlə ölçülməsi haqda danışır. Amma Kamal Abdulla bu fikri bir neçə il bundan əvvəl “Edam vaxtını dəyişmək olmaz” hekayəsində maddiləşdirmişdi. Bəlkə də Rafiq Əliyev ondan da əvvəl! Burada “əvvəl”, “sonra” heç bir rol oynamır. Hekayə haqda yazdıqlarımdan: “Hər dəfə edam vaxtının azaldığını sözlər bəyan edəndə düşünürəm: Nə vaxtsa insanlar zamanı sözlərlə ölçüblər. Sözlər sıra ilə axıb cümlələrə dolarkən, onlarla birlikdə həm də saniyələr, dəqiqələr, saatlar dolub. Sonra məlum sutka – 24 saat dolanda sözlər əlavə günlərə axaraq dağılıb. Bax, cümlələr doldu! Bəs sonra?! Yenə əlavə söz sırası. Əlavə cümlələr. Əlavə edam dirəkləri…”.
Və ən heyrətləndirici fakt odur ki, Rafiq Əliyev müsahibəsində xatırlayır: “Kamal mənə bir kitabını vermişdi, Dədə Qorqudda dil üslubu barədə. Onu xaricdə oxudum və qayıdanda özüylə də danışdım. Həm ədəbiyyat adamı olmaq, həm bu qədər intellekt, metafizik yanaşmaya sahib olmaq unikal hadisədir. Mən hətta orda öz ixtisasıma uyğun olaraq qeyri-səlis məntiq də tapdım”.
İllərdir biz də bunu deyirik…
Səbrsiz oxucuya elə gələ bilər ki, biz mətləbdən uzaqlaşırıq. Yox, əksinə, biz bunları söyləməklə addım-addım mətləbin qaynar lavasına yaxınlaşırıq. Lavanın göyə qalxan vulkanik filiz tozu isə Kamal Abdulla mətnlərini boğucu realizmin bizə bəxş etdiyi dördölçülü məhdud hədlərlə deyil, geniş spektrli və maksimal metafizik struktur-semiotik modellərlə təhlil etməyi vırd eləyir. Baxın, cümlədə işlətdiyim “model” kəlməsi yenə hər hansı bir ölçünü simvollaşdırır. Kamal Abdullada isə belə ölçülər yoxdur…
Hekayədəki ölçüsüzlüyə diqqət edin: Əhmədin yadına o axşam “sözlər özləri bir-birinin dalınca bağda dövrələmə qaçışan itlər kimi düşdü”. Bəli, məhz dövrələmə! Bəli, məhz “müqəddəs” tabuya çevirib az qala sitayiş etdiyimiz sözlər… Sonra tədricən dövrə yarılır. Guya sözlər öz alt qatlarını tapır. Məlum olur ki, heç alt qat da yoxdur. Necə ki, Mövlud yoxdur. Mövlud məhz alt qatların üstündən uçub getdi. Bəlkə, on yeddinci mərtəbə başqa bir göyün – bizə məlum olmayan irreal bir aləmin alt qatıdır? O qat da başqa bir göyün! O da bir başqasının… Biz “başqa”lar səltənətindəyik…
Hər şey teatral bir örtüyə bürünüb. İyirmi ildən sonra görüşən Əhmədlə Zalxada nə artıb, nə əskilib? (Yenə də zəhlətökən antonimlər!) Və onlara elə gəlir ki, bir daha ayrılmamalıdırlar. İyirmi il bundan əvvəl də belə düşünmüşdülər. Bəs indi? Bunun bir adı var: Absurdluq… Zaman yoxdu. Zalxa bir az çoxalıb (kökəlib!) və bir az da azalıb: dişləri tökülüb… Ölçülər bərabərdir…
Bərabərdirmi?!
Ənənəvi, bərq vuran klassik təhlil qırmancını əllərində hazır tutanların qəzəbi başa düşüləndir: Nə demək istəyir Kamal Abdulla? Hanı obrazlar qalereyası? Hanı rəngarəng xarakterlər? Hanı hekayənin qayəsi?
Sən elə bilirsən ki, mətnin (dünyanın!) sənin sual yağışına ehtiyacı vardır? Yoxdu o yağış! Sualların cəmi yoxdu! Cəmi bircə sual vardır – cəmi bircə damla. O da on yeddinci mərtəbədən “pırr” eləyib uçdu. Təyyarədən baxdığımız zaman bulud topalarının yox olması kimi. Sən bu dünyada, bu heçliklər vadisində heç bir reallıq tapa bilməyəcəksən. Yalnız amansız diaqnozlar reallıqdır…
Biz elə bir zaman küpündə və ya küpsüzlüyündəyik ki, burada incan xarakterlərini təftiş eləməyə, sadəcə, vaxtımız yoxdur. Burada konkret ideya axtarmağın özü də ideyasızlıqdır. İdeya istəyirsən, buyur, buda sənin on yeddinci mərtəbən, bu da sənin ideyan: Mövlud! İdeyasızlıq dünyalarına uçub gedən İdeya!
Nəydi bu uçuş? Nəydi bu yuxu?
İdeya bütövlükdə sözlərin, cümlələrin, mətnin üzərinə dağılıb. Biz heç “dağılıb” demək istəmirik, bu ağrılı mürəkkəb, bu qaynar lava onların içərisindədir. Kamal Abdulla onları sıxır və sıxılarkən hər şey çıxır üzə. Bu, qan analizini verərkən həkimin barmaqlarımızın ucunu azca sıxmasına bənzəyir. Və xırda qan damlası barmaqlarımızın ucunda bərq vurarkən sanki nədənsə xilas oluruq, qurtuluruq…
Mövludun uçuşundan illər keçir. Amma Kamal Abdulla heç cür bununla barışa bilmir: İntiharla! (Heç “barışmaq” da yerinə düşmür!) Bunu başlıca ideya kimi də qəbul etmək olar! Əgər konkret ideyalar aşiqiyiksə!
Mətndən fərqli sözləri götürüb yanaşı qoyuruq: Maneken-Zəhra, diaqnoz-epiloq, iki adam-iki şeytan və sairə… Qüvvələr nisbətinə baxın!
Deyəsən, Mövlud məhz sözlərin bu cür düzən və düzənsizliyini unutmuşdu…
Davam edirik: Zəhra-Zalxa…
Deyəsən, qaynar lavanın bir addımlığındayıq…
Həyatımız “Z” ilə “A”nın arasında dövr edir. O dövrələmə qaçışan itlər kimi… İçərisinə fərqli hərfləri doldurmaq isə öz işimizdir.
Mövlud məhz bundan imtina etdi…
Amma açarlardan birini məhz Zəhraya verdiyini unutmamalı idi…
Ustad Kamal Abdulla bizi mövcud olmayan absurd bir roman məkanından, xəyali bir “Epiloq”dan – kiçik bir hekayə ərazisindən təkidlə sonsuzluğa çağırır…
/kulis.az/