Postmodernizm cərəyanının əsas məğzini mətn və onun təqdim etdiyi hiperreal dünyanın dərki təşkil edir. Postmodern mətn digər mətnlərin əsasında yaranır, özündən öncəki ədəbi nümunələrdən, miflərdən gələn arxetipik işarələri, sitatları özündə ehtiva edir. Belə demək mümkünsə, postmodern mətn özündən əvvəlki irsin izlərini daşıyan metamətndir və oxucudan ensiklopedik bilik, geniş dünyagörüşü tələb edir. Prof. Qorxmaz Quliyevin fikrincə, “keçən əsrin ikinci yarısında formalaşmış postmodernizm tarixi, sosial və milli kontekstlərdən asılı olaraq hərəkətlilik, elastiklik, misli görünməmiş “mühit”ə uyğunlaşmaq keyfiyyətləri nümayiş etdirən fəlsəfi, epistemoloji, elmi-nəzəri, estetik təsəvvürlər kompleksidir. Bu baxımdan postmodernizm ilk növbədə müəyyən mentalitetin, dünyada insanın yerinin və rolunun, həmçinin, onun dünyanıdərk imkanlarının üzə çıxarılmasına xidmət edir”. Müxtəlif ölkələrdə postmodernizmin vurğuladığı məqamlar, postmodern paradiqma fərqlənir. Məsələn, Amerikan postmodernizmində postmodern element kimi parodiya, ironiya və oyun çıxış edir. İngilis ədəbiyyatında isə postmodernizm öz tarixi alt qatı (tarixi alt mətn) ilə diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatında da postmodernizmin fəlsəfi-estetik kateqoriyaları, özünəməxsus elementləri aydın şəkildə izlənir. Bu kontekstdə Kamal Abdulla yaradıcılığı xüsusilə fərqləndiyini qeyd etməliyik. Məhz Kamal Abdulla yaradıcılığında postmodern estetika daha qabarıq və cəlbedici şəkildə təzahür edir. Bu səbəbdən Azərbaycan postmodern ədəbiyyatında Kamal Abdulla mətnləri və Kamal Abdulla xətti aparıcıdır. Akademik İsa Həbibbəyli də qeyd edir ki, “müstəqillik illərində postmodernizmin təmayülləri inkişaf edib genişlənərək ədəbi cərəyana çevrilmişdir. Kamal Abdulla Azərbaycan ədəbiyyatında postmodernizm ədəbi cərəyanının yaradıcısıdır”.
Fikrimizcə, mifologiyada, daha sonralar isə bədii ədəbiyyatda geniş işlənən oxşar obrazının əsasında Yunqun irəli sürdüyü “kölgə” arxetipi durur. Yunqun izahına görə “kölgə” insan ruhunun əks qütbünü, təhtəlşüurda sıxışdırılaraq gizlədilən duyğu və fikirləri özündə ehtiva edir. Persona arxetipinin zəiflədiyi məqamda kölgə meydana çıxaraq özünü ifadə etməyə çalışır. İnsan ruhunun qaranlıq və görünməyən üzü olan kölgə arxetipi daim cəmiyyətin qəbul etdiyi persona arxetipi ilə tarazlıqda olmalıdır.
Kamal Abdulla yaradıcılığında da oxşar problemi hər zaman aktual olmuşdur. Bu baxımdan onun “Yarımçıq əlyazma” romanında yaratdığı Şah İsmayıl Xətai və oxşarı Xızır obrazları ədəbi dolğunluğu ilə seçilir. “Kamal Abdullanın və Lion Feyxtvangerin yaradıcılığında “kölgə” arxetipi” (Poetika-izm.2016, N2) məqaləmizdə bu barədə geniş bəhs etdiyimiz üçün bu yazımızda həmin əsəri geniş təhlil etməyəcəyik. Yalnız həmin məqalədən hər iki əsərdəki oxşar obrazlarının təhlili ilə bağlı hissəni xatırlatmaqla kifayətlənirik: “Qeyd edək ki, hər iki əsərdə həm Xızır, həm də Terrensi çox ağır mənəvi-ruhi imtahandan keçməli olurlar. Belə ki, onlar hökmdarın oxşarı – kölgəsi olmaq üçün seçilmişlər. Eyni zamanda onların öz daxillərindəki kölgə arxetipinin də fəaliyyəti intensivləşir. İndi onlar yeni şəraitdə necə deyərlər tamamilə yenidən, oxşar statusunda olsa belə, başqa bir şəxs kimi doğulurlar. Həm Xızır, həm də Terrensi başqasının kölgəsi rolunu ifa edərkən, həm də öz kölgələri ilə mübarizə aparmalı olurlar. Feyxtvangerin əsərində Terrensi öz-özünü inkar edir və kölgəyə tabe olur. Personanı rədd edərək kölgənin istədiyi şəklə – imperator Neron obrazına bürünür. Xızır isə Şah İsmayılın yalnız xarici oxşarı olmaqla kifayətlənir. Xızırda Şah İsmayıla qarşı heyranlıq və məhəbbət olsa da, heç zaman tamamilə Şah İsmayılın oxşarı olmaq istəmir. Terrensidən fərqli olaraq o, daxilən Xızır olaraq qalır, kölgəyə tabe olaraq başqasının tam surəti olmaq kimi fanatik arzuya qapılmır. Bu baxımdan, Xızır Terrensidən şəxsi keyfiyyətlərinə görə daha yüksəkdə dayanır, o, Aristotelin „qızıl orta“ prinsipinə əsaslanaraq kölgə ilə personanı tarazlaşdıra bilir.”
Kamal Abdullanın 2019-cu ildə işıq üzü görən “Sirlərin sərgüzəşti” romanında rast gəldiyimiz Hacı Mir Həsən ağa Səyyah ilə Həsən müəllim də oxşardır. “O bilmirdi (bilməyi mümkün də deyildi) ki, bu kəsişmə nöqtəsində onun ruhu Hacı Mir Həsən ağa Səyyahın hücrəsinə sığınıb qalmışdı. Burası onun üçün doğma məkan idi. Və əslində, Həsən müəlllim həm burda, həm də orda ola-ola özü özü ilə özünün də bilmədiyi bir oyun oynayırdı”. “Yarımçıq əlyazma” romanından fərqli olaraq bu romanda oxşar fenomeni eyni zaman çərçivəsində deyil, zamanlar arası oxşarlıq şəklində təzahür edir. Həsən müəllimlə Hacı Mir Həsən ağa Səyyah biri digərinin davamı kimi əlyazmanın səyahətinə yardımçı, vasitəçi olur, böyük bir missiyanın ötürücüsü, mediator rolunu oynayırlar.
Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib…” hekayəsində isə oxşar problemi artıq iki alimin – müəllim Kamran Abbaslı ilə tələbəsi, gənc alim Zahid Fərzəlinin tədqiqatlarında əks olunur. Füzulinin oxşarı ilə bağlı fikirlər və axtarışlar fonunda gənc alimin həyatında da qəribə hadisələr baş verməyə başlayır. Müəlliminin ölümündən sonra təkrar ondan xəbər alması, daha sonra Kamran Abbaslının vətənə qayıdıb yenidən vəfat etməsi barədə məlumatlar Zahid Fərzəlini cavabsız suallar qarşısında qoyur. Maraqlıdır ki, müəlliminin iki dəfə vəfat xəbəri gəlsə də Zahid Fərzəli heç zaman onun dəfnində iştirak etməyib. Birinci halda Kamran Abbaslının təyyarə qəzasında ölməsinə görə bu mümkün olmursa ikinci halda Zahid Fərzəli müəlliminin dəfninə “üzürlü səbəb”dən – Türkmənistanda elmi ezamiyyətdə olduğu üçün gedə bilmir: “ “Allah-Allah, bu nə qarabasmadır?!” – deyə düşünən Zahid Fərzəli “bu gün yanına gedərəm, sabah yanına gedərəm”, bu cürə günü-günə satdı və bir gün artıq özünün də inandığı, bəlkə, inanmaq istədiyi sonuncu ağır xəbəri eşitdi. Müəllim vəfat etmişdi.Çox üzülsə də dəfnə gedə bilmədi.” Hekayənin sonunda Truskavetsdən Kamran Abbaslının imzası ilə gələn teleqram yenidən müəllimin sağ olduğunun təsdiqi kimi səslənir. Beləliklə Kamran Abbaslının oxşarı olması ehtimalı onun tələbəsi Zahid Fərzəlinin qəribə əhvalatla bağlı gəldiyi yeganə doğru qənaət kimi səslənir. Lakin hekayədə əsas məqamlardan biri də ustada sədaqət məsələsidir. Zahid Fərzəli də müəllimi Sokratı həbsdə ikən ziyarət etməyib sonra peşman olan Platon kimi müəllimini xəstə olarkən ziyarət etməyərək ona xəyanət edir. Beləliklə, Kamran Abbaslı Sokratın, Zahid Fərzəli isə Platonun oxşarı kimi qarşımıza çıxır: “… “Platon, deyəsən, xəstələnib” cümləsindən daa məzlum, daha zərif və daha gözəl cümlə, görəsən, yer üzündə varmı?!”
Kamal Abdullanın X.L.Borxesin xatirəsinə həsr etdiyi “Adaşlar” hekayəsinin qəhrəmanları qəflətən rastlaşan adaşlar –oxşarlardır: “Uzaqdan o adamı görəndə ona elə gəldi ki, bir-birlərini tanıyırlar. Doğma nə isə var idi – duruşunda, bəlkə geyimində. Hər halda ona oxşayışı şübhə doğurmadı”. İlk baxışdan onları adlarından, zahiri oxşarlıqlarından başqa heç nə birləşdirmir. Biri həkim, digəri yazıçıdır. Amma hekayət irəlilədikcə oxucuya məlum olur ki, bu iki obrazı yalnız zahiri atributlar deyil, həm də eyni zaman kəsiyinə dair xatirələr, eyni ev, eyni kulturoloji qat birləşdirir. Hekayəni oxuduqca aydın olur ki, əslində onlardan biri digərinin daxilindəki reallaşmamış məni, alternativ həyatı simvollaşdırır. Həkim Kamal ədəbiyyatçı, ədəbiyyatçı Kamal isə həkim olsaydı necə yaşayacağını əyani şəkildə görür, sanki öz alternativ həyatını film şəklində izləyir: “Sağollaşmadan getməyi ikisi də beynindən eyni zamanda keçirdi. “Belə yaxşıdı”. “Əlbəttə, belə yaxşıdı. Görəsən kim kimin yuxusudu?””. Amma əslində bu hekayədə üçüncü bir oxşar da var. Müəllifin özü – Kamal Abdulla da oxşarlardan biridir. Əsərdə xatırladılan bir məqama diqqət edək : “Anasının guya ki, zəhmli səsi mətbəxdən, əslində isə uzaqdakı illərin o tayından zəifləyə-zəifləyə amma hələ gəldikcə o daha böyük şövqlə ayaqlarına güc verərdi, balkondakı səs-küy ən yüksək həddinə çatanda isə anası durub məcbur olardı mətbəxdən balkona gələrdi, üz-gözünə son dərəcə ciddi bir ifadə verib, qorxulu-qorxulu pıçıldardı. Və yuxunun kulminasiyası da bu pıçıltının mahiyyətində idi. Pıçıltı bu idi:
– Bəsdi, a bala, bu qədər atdanıb-düşmə daha. Balkon uçar. Sən istəyirsən ki, balkon uçsun?! Bax bu sonuncu sözlər idi onu hər gün günortanın oğlan çağı yuxu ilə görüşə aparmağa məcbur edən qüvvə. «Balkon uçar».
Yuxu olanda nə olar?! Möcüzə onda idi ki, anasının bu sözlərindən sonra balkon həqiqətən tut ağaclarının onu buraxmaq istəməyən budaqlarından silkinib, o boyda binadan ayrılar (ev ikinci mərtəbədə idi), vertolyot kimi dimdik göyə ucalar və burnunu dəniz tərəfə tutub uçmağa başlayardı, o da balkonun içində.”. Bu uşaqlıq xatirəsini illər əvvəl Kamal Abdulla bu məqalənin müəllifinin də içində olduğu tələbələrinə danışmışdı. Bu səbəbdən əminliklə deyə bilərik ki, “Adaşlar” hekayəsində əslində iki yox, üç oxşar, üç Kamal var.
Beləliklə, qeydlərimizi yekunlaşdıraraq Kamal Abdulla mətnində rast gəlinən oxşar arxetiplərinin müəllif ideyasının və postmodern mətnin spesifik keyfiyyətlərinin əks olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Elnarə Qaragözova
Fil.f.d