Kamal Abdullaya Rumıniyada Fəxri doktor adı təqdim olunub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdullaya Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru adı təqdim olunub. ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fəxri doktor adı noyabrın 8-də Piteşti Universitetinin 60 illik yubileyi münasibəti ilə təşkil olunan təntənəli mərasimdə təqdim olunub.
Mərasim Universitet Senatının Prezidenti Mixaela Diasonunun açılış nitqi ilə başlayıb. Senat Prezidenti görkəmli azərbaycanlı alim, Xalq yazıçısı Kamal Abdullanın elmi və ədəbi yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun ədəbi, elmi irsini yüksək dəyərləndirib, dünyanın 20 dilinə tərcümə olunan kitablarına olan böyük maraqdan bəhs edib.
Piteşti Universitetinin rektoru Dumitru Kirleşan akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib.
Tədbirdə çıxış edən professorlar – universitetin prorektorları və dekanları Rumıniyanın elmi və ədəbi mühitində Kamal Abdullanın yaradıcılığına olan böyük maraqdan danışıb, onu böyük yazıçı və alim kimi qiymətləndiriblər.
Mərasimdə həmçinin yazıçının “Sehrbazlar dərəsi” romanı təqdim olunub.
Daha sonra Piteşti Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən iki təhsil ocağı arasında tələbə-müəllim mübadiləsi aparılacaq, elmi konfranslar təşkil olunacaq, müxtəlif müstəvilərdə səmərəli əməkdaşlıq qurulacaq.