Bir neçə gün əvvəl Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli məni Həzrəti Əbdül-Bəha Abbasın vəfatının 100 illiyinə həsr olunmuş tədbirə və “Kamil Nümunə” sənədli filminin təqdimatına dəvət etdi. Düzünü deyim ki, tədbir maraqlı keçdiyindən tədbir barədə təəsürat yazısı yazmaq fikri yarandı.
Tədbir Nizami Kino Mərkəzində keçiridi. Qonaqları salamlayan Ramazan Əsgərli Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğlu Həzrəti Əbdül-Bəha Abbasın keçdiyi böyük həyat yolundan söhbət açdı: “Əbdül-Bəhanın 8 yaşı olanda atası İranda həbs olunub və ailənin bütün varidatı müsadirə olunub. 4 ay sonra atası İrandan Bağdada sürgün olunub. Bundan sonra o, valideynləri ilə birgə Bağdadda yaşayıb. Amma Bağdad da atası Bəhaullahın sonuncu sürgün yeri olmur. O, Bağdaddan İstanbula, Ədirnəyə, daha sonra isə Əkkaya sürgün edilib. Atası azadlığa çıxdıqdan sonra Həzrəti Əbdül-Bəha Bəhai dinini daha böyük coğrafiyaya yaymaq üçün Avropa və Amerikaya gedib. Uğurlu səfərlərdən sonra Bəhai dini da geniş yayılmağa başlayıb. Həzrəti Əbdül-Bəhanı tərəfdaşları Bəhai təlimlərinin kamil nümunəsi adlandırır.”
Ramazan Əsgərli bildirib ki, Əbdül-Bəha Azərbaycana çox bağlı idi:
“Azərbaycan haqqında onun 150-dən çox məktub və yazıları var. Hətta Azərbaycan dilində duaları var. O Araz çayı, onun vadisində yaşayan insanlar, yəni bizlər, bütövlükdə Qafqaz barədə kəhanətləri açıqlayıb. Bir məktubunda o belə yazır: “Allaha həmd olsun ki, bakılı dostlar müharibə illəri boyunca bütün insanlar və icmalarla sülh içində yaşamışlar, ilahi təlimlərə uyğun olaraq hər kəslə mehriban davranmışlar. İndi isə onlar qalxmalı və Azərbaycanı sevinc və şadlıq təranəsi ilə ucaltmalıdılar ki, birlik şüaları parlaq şəfəq salsın. Bütün icmalar birləşsin, onların kasaları ahəngdarlıq və sevginin şirin nektarı ilə dolub daşsın. Qoy, Bakı, müşk ətri saçsın, Gəncə sərvətlər xəzinəsinə çevrilsin, Şuşa isə bərq vuran saf bülbül olsun””.
Daha sonra Əbdül-Bəhanın vəfatının 100 illiyi münasibəti ilə Bəhai Dünya Mərkəzinin istehsal etdiyi “Kamil Nümunə” filminin təqdimatı keçirilib. Azərbaycan dilinə yüksək keyfiyyətlə dublyaj edilən film 55 dəqiqədən ibarətdir. Filmdə Əbdül-Bəhanın həyatı, eyni zamanda Bəhai dininin prinsiplərindən bəhs edilir. 1912-ci ildə Əbdül-Bəhanın Amerika səfərinin lentə alındığı görüntülər də filmdə yer alıb. Bu isə filmi daha rəngarəng edir.
Filmdən sonra çay süfrəsi ətrafında Bəhai Dini İcmasının üzvü, ictimai əlaqələr üzrə ofisin kordinatoru Azər Cəfərovla Bəhailik və Həzrəti Əbdül-Bəha barəsində söhbət elədik. Azər müəllim Əbdül-Bəhanın zamanında dünyanın 70-dən çox ölkəsində bəhai dininin yayıldığını vurğuladı. Onun sözlərinə görə, Əbdül-Bəhanın Bəhai mədəniyyətinin, inzibati strukturunun formalaşdırmasında böyük rolu olub. 186 ölkədə Bəhailər hazırda onun anım gününü qeyd edir. Azər müəllim bu filmin Azərbaycanda Əbdül-Bəhanın geniş tanıdılmasına gözəl bir vəsilə olduğunu bildirib. Bəhai dini tarixən Azərbaycan və azərbaycanlılarla çox bağlı olub. Əbdül-Bəhanın hazırda tikilməkdə olan mavzoleyinin yeri Əşrəf Bağı Bakıdan gedən bəhai tacir Əşrəfin bağı olub”. Azər Cəfərov Azərbaycanda təxminən bir neçə minə qədər Bəhai olduğunu deyir.
Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mənəvi dəstəyi ilə keçirilib.
Fuad Cəfərov