sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Karlos Drummond de Andrade – “…sözlər soruşar səndən: Açarı gətirmisən?”

22/11/2019 - 09:56
A A
Facebookda paylaş

XX əsr Braziliya poeziyasının ən vacib simalarından sayılan Karlos Drummond de Andrade 1902-ci ildə balaca bir mədənçi qəsəbəsi olan İtabirada dünyaya gəlib. Əkinçi olan atası onu yezuit məktəbinə yazdırsa da, Karlos bu məktəbə yovuşmadığı üçün ordan qovulub. Sonradan əczaçılıq fakültəsini bitirib. Cavan yaşında ölkəsindəki yenilikçi poeziyasının inkişafı üçün bir jurnal çıxarmağa başlayıb. Evlədikdən sonra, 1934-cü ildə Rio de Janeyroya köçüb və 1966-cı ildə təqaüdə çıxana qədər Təhsil Nazirliyində işləyib. Çoxsaylı şeir kitablarından başqa, romanlar, hekayələr yazıb, dünya ədəbiyyatından sayısız tərcümələr edib. 1987-ci ildə dünyadan köçəndə Braziliyanın beynəlxalq şöhrət qazanmış şairlərindən biriydi.

İosif Brodski mütləq oxunmalı şairlər siyahısına onun da adını salmışdı.

 

Yolun ortasında

 

Bir daş vardı yolun ortasında

yolun ortasında bir daş vardı

bir daş vardı

bir daş vardı yolun ortasında.

Gərək unutmayım bu hadisəni

gözümün ağında həyatım boyu.

Unutmayım gərək yol ortasında

bir daşın olduğunu

yolun ortasında bir daş vardı.

Bir daş vardı yolun ortasında.

 

 

 

Əsrlər boyunca sevgi

 

Zamanın əvvəlindən bəri

mən səni sevdim, sən də məni.

Mən Danaylıydım, sən Troyalı.

Troyalıydın, amma Yelena deyildin.

Mən taxta atın içindən çıxdım

qardaşımı öldürmək üçün.

Döyüşdük, öldürdüm, öldük.

 

Sonra xristianları qovalayan

Romalı bir əsgər oldum.

Katakombanın qapısında

sən çıxdın yenə qarşıma.

Amma Kolleziumda lümlüt

yıxıldığını görəndə,

aslan üstünə cumarkən,

ümidsizcə aranıza atıldım,

ikimizi də uddu aslan.

 

Sonra Məğribli bir quldur oldum,

Tripolinin baş bəlası.

Savaş gəmimlə

gizləndiyin gəmini yandırdım.

Tam səni tutub

özümə kölə etməyə çalışarkən,

tezcə xaç çəkib

öz qəlbinə bir xəncər sapladın,

mən də öz canıma qıydım.

 

Sonra daha xoşbəxt günlərdə,

Versalda bir saraylıydım,

ana uşağı və şorgöz.

Sənsə rahibə olmaq istəyirdin,

tezcə monastrın divarından hoppandım.

Araya siyasi qarışıqlıq düşəndə

axırımız gilyotina oldu.

 

İndi tamamilə əsrə uyğunlaşmışam.

Rəqs edən, qaçan, işləri cağbacağ gedən biriyəm.

Cibimdə pulum, bankda hesabım.

Sən də rəqs edən, qaçan, işini bilən sarışın bir bombasan.

Atanın bunlardan xoşu gəlmir.

Amma taleyin işinə bax ki,

Mən “Paramount” şirkətinin ulduzlarından birini –

səni qucaqlayıb öpürəm, tez-bazar evlənirik.

 

Dünyanı daşıyır çiyinlərin

 

Bir gün gəlir “Tanrım!” deyə bilmirsən artıq.

Kökündən təmizlik vaxtıdır.

Artıq “Sevgilim!” deyə bilmədiyin gündür.

Çünki sevginin boşuna olması isbatlanıb.

Və gözlərdən yaş axmaz.

Və ancaq kobud işlərə yarayar əllərin.

Və daşa dönər ürəyin.

Qadınlar boş yerə döyər qapını, açmazsan.

Tək başınasan, işıqlar söndürülüb,

qaranlıqda parıldayır iri gözlərin.

Bəllidir ki, artıq ağrımağı bilmirsən

və heç nə istəmirsən dostlarından.

Kimin vecinədir qocalmaq, qocalıq nədir ki?

Dünyanı daşıyır çiyinlərin

və dünya bir uşağın əlindən daha yüngül.

Savaşlar, qıtlıq, evlərdə ailə münaqişələri

həyatın davam etdiyini isbatlayır

və heç kimin azadlığa qovuşmadığını.

Bu tamaşanı qəddar sayanlar

(o ürəyi yuxalar)

ölməyi seçəcəklər.

Gün gəlir ölüm də işə yaramır.

Gün gəlir buyruq olur yaşamaq.

Sadəcə yaşamaq, qaçış yolu olmadan.

 

 

Ailə içində səyahət

 

Rodriqo M.F. de Andradeyə.

 

İtabira çölündə

atamın kölgəsi

əlimdən tutdu mənim.

O qədər vaxtdan sonra.

Amma o heç nə demədi.

Nə gecəydi, nə gündüz,

Köks ötürmə? Uçan quş?

Amma  o heç nə demədi.

 

Xeyli yol getmişdik.

Burda bir ev olmalıydı.

Əvvəllər daha hündür idi.

Üst-üstə qalaqlanmış bunca ölü

və zaman ölüləri gəmirirdi.

Uçuq-sökük evlərdə

soyuq qürur və nəmişlik.

Amma o heç nə demədi.

 

Keçib getdiyi küçələr

At belində, dörd nala.

Saatı. Paltarları.

Bütün rəsmi sənədlər.

Başından keçən sevgilər.

Açılan  tənəkə çantalar

və tük ürpərdən xatirələr.

Amma o heç nə demədi.

 

İtabira çölündə

boğurmuş kimi,

birdənbirə

hər şey canlanırdı.

İstəklər bazarında

həzin xəzinələr sərgisi,

içimdəki qaçmaq instinkti;

lüt qadınlar, peşmançılıq.

Amma o heç nə demədi.

 

Kitabların, məktubların üstü ilə

yol gedirik ailəvi.

Toy-büsatlar, ipotekalar;

vərəmli xalalar,

dəli xalam,

cariyələrlə xəyanətə edilən

və yatağındakı ipək döşəkləri cırılan nənəm.

Amma o heç nə demədi.

 

Hansı amansız, qaranlıq instinkt

onun solğun əlindən tutub

bizi də itələdi

o yasaq zamanlara,

o gedilməz yerlərə?

 

Baxıb atamın ağappaq gözlərinə

Danış! – deyə qışqırdım. Səsim

bir anlıq havada titrədi,

sonra daşa dəydi. Kölgə

addımladı yavaşca

o həzin səyahətdə,

o itmiş krallıqda.

Amma o heç nə demədi.

 

Ağrını, anlaşılmazlığı gördüm

və bizi qaranlıqda ayıran

neçə-neçə üsyanı.

Mənim öpmədiyim əl,

məndən əsirgədiyi yemək

bağışlanmağı rədd etmək.

Qürur. Qorxuyla dolu gecə.

Amma o heç nə demədi.

 

Danış danış danış.

Gil kimi əynindən tökülən jaketindən

tutub onu silkələdim.

Əlindən, çəkmələrindən

tutmaq istədim o qızğın kölgəni,

amma sivişib çıxdı əlimdən,

asanlıqla, heç əsəbləşmədən.

Fəqət yenə də sükutu pozmadı.

 

Başqa-başqa səssizliklər vardı

onun dərin səssizliyində.

Kar babam vardı,

kilsənin divarına şəkli çəkilən

quşları eşitmək istəyən;

mənim dostsuzluğum vardı,

onun öpüş kasıblığı;

çiləli həyatlarımız vardı

və böyük bir ayrılıq

o balaca otaqda.

 

Həyatın o dar boşluğu

məni sənə tərəf itələyir

və bu xəyali qucaqlaşma

sanki böyük bir yanğındır,

sevgi yanğını.

Ancaq indi qarşılaşırıq!

Eynək, xatirələr və rəsmlər

axır qan çayının içində.

Yüksələn sulardan seçə bilmirəm

yetmiş il o yandakı sifətini…

 

Deyəsən bağışlamışdı məni,

amma heç nə demədi.

 

Suların altında qalır bığları,

Ailə, İtabira, hamısı.

 

Şeir axtararkən

 

Baş vermişlərlə bağlı şeir yazma.

Şeirdən söhbət gedəndə nə doğan olur, nə ölən.

İsitməyən, işıqlandırmayan

solğun bir günəşdir həyat onun yanında.

 

Dostluqlar, ad günləri, şəxsi problemlər önəmsizdir.

Bədəninlə şeir yazma,

o yetkin, bütöv və rahat bədən

qəti yatımlı deyil lirik etiraflara.

Nə qəzəbin,

nə də qaranlıqda sevinci, ya da əzabı göstərən

üz cizgilərin mənalı deyil onun üçün.

Hislərini də o saat büruzə vermə,

çünki həm vaxt lazımdır onların aydınlaşmasına,

həm də şübhəylə qarşılanarlar.

Düşündüyün, eşitdiyin şeylər şeir deyil hələ.

 

Öz şəhərini tərifləməyə çalışma, onu rahat burax.

Manikenlərin və gizli evlərin səsini dilə gətirməz nəğmə.

Küçədən keçərkən,

köpüklərin sərhəddindəki küçədə eşitdiyin səs musiqi deyil.

Nə təbiətdir nəğmə, nə də cəmiyyətdəki insanlar.

Yağış və gecə,

yorğunluq və ümid heçdir onun gözündə.

Subyekti də, obyekti də kənarlaşdırar şeir

(nəsnələrdə tapa bilməzsən şeiri)

 

Oyunlar, yalvarışlar,

sorğu-suallar və yalanlarla vaxt itirmə.

İncimə.

Fildişi katerin, brilyant ayaqqabın,

Mezurkaların, tiradaların, ailə skeletlərin,

Bunların hamısı qara qəpiyə dəyməz,

itib gedəcək bunlar zamanın yol ayrıcında.

 

Üzə çıxartma keçmişə gömülmüş,

ağrılı uşaqlığını.

Səntirləmə aynaya baxıb

solub gedən xatirələr arasında.

Şeir nə solan,

nə də qırılan kristaldır.

 

Kar kimi gir sözlərin səltənətinə.

Ordadır yazılmağı gözləyən şeirlər.

Yatıblar, amma ümidsizliyə qapılma,

təzə və gümrahdır əl dəyməmiş üzləri.

Tək və səssizdirlər, lüğətlərdəki kimi.

Açıq-aşkar deyillərsə, səbr elə.

Səni yoldan çıxarırlarsa, sakit ol.

Sözlərin hər biri özünü reallaşdırıb

sükutun gücüylə dağıdıcı olana qədər gözlə.

Şeirini o bulanıqlıqda ortaya çıxmağa zorlama.

Yerdən yığmağa çalışma itirdiyin şeiri.

Tərifləyib göylərə də qaldırma. Ən axırıncı, konkretləşmiş

və cilalanmış formasıyla mənimsə onu.

Yaxınlaş və gözdən keçir sözləri.

Hər biri min üz gizlədir o sadə üzün arxasında

və heç vecinə almadan sənin cavabının müsbət,

ya da mənfi olacağına

sözlər soruşar səndən: “Açarı gətirmisən?”

 

Gözünü aç: sözlər gizlənir

gecələr musiqinin və görüntülərin mağaralarında.

Hələ nəmli və mürgülü halda axıb gedirlər

bir çay yatağında

və öz başlarına başqalaşırlar.

 

Tərcümə etdi: Qismət

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az