Fransız oxucular Xulio Kortasarı “Uduşlar” adlı irihəcmli alleqorik romanı və “Gizli silahlar” adlı möhtəşəm elliptik hekayə toplusu ilə tanıyırlar (Mikelancelo Antonioninin “Fotoböyütmə” filmi bu topludakı bir hekayə əsasında çəkilib). Adını çəkdiyim əsərlər bir növ “Xana-xana oyunu”na hazırlıq, ya da giriş funksiyası görüblər, Londonda çap olunan “Times Literary Supplement” isə bu romanı “İspan Amerikasının ilk böyük romanı” şəklində təqdim edib. Buna görə də Paris yaxınlığındakı bir həyət evində yaşayan 52 yaşındakı bu argentinalı romançının çağdaş ispan nəsrinin ən güclü qələmi olduğunu demək olar. Bunu Filip Sollersin diliylə desək, “latinocentrismo” (latın-mərkəzçilik) kimi təsvir etmək, məncə, böyük səhvdir. Cənubi Amerikalı tənqidçi C.D.B. Brian “The New Republic”dəki yazısında “Xana-xana oyunu”nu “müharibədən sonrakı beynəlxalq yazıçılar nəslindən çıxan ən güclü hiss və fikir ensiklopediyası” kimi qiymətləndirib. Oxucular çağdaş ədəbiyyatın ən zəngin mərhələlərindən biri olan bu romana, yəni “Xana-xana oyunu” adlı (oyun, kül və küllərindən dirilmə ehtiva edən) Pandoranın qutusuna azca özlərini təslim etsələr, bu iddianın doğru olub-olmadığını başa düşə bilərlər.
“Xana-xana oyunu” Latın Amerika romanıdır, çünki yarımçıq qalmış uzun və çətin bir səyahətin sehrli atmosferinə sahibdir. Amerika qitəsi kəşf edilməmişdən qabaq Avropalıların o tərəflərdə bir yer, bir la bas, xoşbəxtlik adası, qızıldan şəhər tapmaq ehtiyacına və axtarışına aid utopik bir xəyal kimi ortaya çıxmışdı. Latın Amerikası ədəbi obrazının ən təyinedici xüsusiyyətinin Eldorado sonrası macəra (Karpentiyer), patriarxal cənnət (Rulfo), xalis kimlik (Asturias), ya da buz kimi mifləşdirmə (Borxes) olmağına və bunların utopiya vasitəsilə qurulmuş, dastan vasitəsilə aşağılanmış bir dünyanın kabusvari tarixi və mədəni şizofreniyasından da o yanda mövcud olmasına təəccüblənmək mümkündürmü? Halbuki bu obraz indiyə qədər tarixi və ictimai deqradasiya şüurundan doğulsa da, Kortasar öz mənliyinə baş vuraraq uzun və çətin bir səyahəti reallaşdırıb, partlayışı öz içində axtararaq bəxtə-bəxt şəkildə personajlarını “aşıb keçməyə” üz tutub. Bütün hallarda Kortasar necə ki, əvvəldən reallıq qarşısında güzəştə getmirdi, indi cəmiyyət qarşısında güzəştə getmək fikrində deyil.
İlk baxışdan “Xana-xana oyunu”nun strukturu və hekayəsi aldadıcıdır. Kitab forma baxımından üç yerə ayrılıb. Əhvalatların Parisdə baş verdiyi “O biri sahildən” adlı ilk hissədə argentinalı mühacir Horasio Oliviyera sevdiyi və tapmağa çalışdığı La Maqa adlı qadını və avaralar dünyasından bir neçə addım o taydakı kommuna həyatını xatırlayır. “Bu sahildən” adlı ikinci hissədə hadisələr Buenos-Ayresdə baş verir və Oliviyeranın La Maqanın oxşarı olan, bir sirkdə pişikkimilərin təlimçisi işləyən, əvvəllər isə dəlixanada tibb bacısı kimi çalışmış Talita ilə qarşılaşmasından bəhs olunur. “Oxunması çətin olmayan hissələr” adlı üçüncü hissə isə (“Hər iki sahildən”) ən akademikdən ən popuna qədər növ-növ sitatlardan, qəzet kupyuralarından, işarə və elanlardan yaradılmış kollajdır. Kitabdakı “təlimat cədvəli” təkcə mətnin strukturunu tamamlamır, həm də bu strukturun çöhrəsini dəyişdirir. Roman birinci dəfə normal şəkildə başdan ayağa oxunarkən, ikinci oxunuş təlimat cədvəlinə əsasən ola bilər. Üstəlik bu ikinci oxunuş üçüncü bir oxunuşa qapı açır, hətta demək olar ki, sonsuz oxuma variantlarına imkan yaradır. Aydındır ki, Kortasarın məqsədi adi bir təhkiyədən daha artığına nail olmaqdır. Onun məqsədi qeyri-mümkün bir kitabın mümkün olan bütün formulasiyalarını axıra qədər tükətməkdir; bu, tamamilə həyatın yerinə keçən, hətta həyatımızı mətnin bütün kombinasiyalarını ehtiva edən sonsuz bir mütaliəyə çevirən bir kitabdır. Borxesin diliylə desək, “inanılmaz” bir əksolmadır, bu, zamanın bütövlükdə inkar edildiyi, ya da zamana bütünlüklə qənaət edildiyini düşünməklə eyni şeydir.
“La Maqanı tapa biləcəyəmmi?” Romanın ilk sözləri kitab yazılmamışdan əvvəl sona çatmış bu “inanılmaz” və yarımçıq qalmış axtarışın açar sözləridir. Çünki Oliviyeranın La Maqa ilə – bir az saf, bir az dəcəl, hər bir anı qeyd olunan, real zamanda üçüncü ölümə çevrilən ədəbi zaman içində həyata keçirdikləri proqnozlaşdırıla bilən bu “buludvari kütləylə” – təzədən görüşməsini ancaq kitab mümkün edir. “Xana-xana oyunu”nda üç fərqli aqibət var: yazıya alınan varlığın ölümü, əvvəlcədən beyində canlandırılanın ölümü və yarımçıq qalıb müqəddəsliyindən arındırılaraq uşaq oyununun əvəzsiz müşayətçisi La Maqanın yoxluğunu kompensasiya etmək üçün yazılan kitabın ölümü. Xana-xana oyununda insanı faniliyi cənnət-cəhənnəmin inkar və qənaətcilliyindən ancaq inkarın, qənaətcilliyin “inanılmaz” əksolması olan bu cütlük xilas edə bilər. Cütlük ayrılandan sonra Oliviyera itmiş məkanı təmsil edən “son ada”nın dalınca uzaqlara, itmiş sevginin yerinə qoyduğu şeylərlə yaşayacağı – ya da yaşayacağını zənn etdiyi – “arzuların kibbutzuna[1]” gedir.
İtirilənlə kompensasiya edilən arasında körpü vəzifəsi görən “Xana-xana oyunu” Sena çayındakı körpülərin altından başlayır və Buenos Ayresdəki bir pansionatın pəncərələrini bir yerdə saxlayan xırda işləmələrin üstündə sona çatır. Səyahət Oliviyeranı həqiqi vətəni Parisdən Buenos Ayresə, yəni saxta vətəninə aparır. Buenos Ayres mövcudluq kölgələrinin oynaşdığı mağaradır. Argentinanın reallığı fiksiyadır; Argentinanın orijinallığı orijinallıqdan məhrum olmasındadır; Argentina xalqının mahiyyətində Avropanı təqlid etmək var: Qızıl şəhər, xoşbəxtlik adası deyilən bu məkan bir quruluş xəyalının kölgəsindən ibarətdir. Oliviyera Parisli La Maqanın oxşarı Talita ilə görüşmək üçün Buenos Ayresə qayıdır. La Maqanı məcburi də olsa müşayət edən isə Oliviyeranın oxşarıdır: öz adına nifrət edən və həyatında Rio de la Platadan başqa heç yerə getməmiş Traveler (Yolçu, Səyyah). La Maqa ilə Oliviyeranın əksolması olan Talita ilə Travelerin həyatları da təqliddir: Mühacirətdəki bohemlik, hislərin intellektual xaosu, “milli”lik kontekstində sirk, dəlixana və xəstəxana fəaliyyətlərinə çevrilir. Bəs yaxşı kitabda tənəzzül yoxdur? Ya da heçlik? Var, amma nəyinsə çöküşünü seyr edən şüurun tragik irədəsi ilə yox. “Xana-xana oyunu”ndakı düşüş Baster Kiton[2]un Pampalara düşmüş halıdır; qəsdən komikdir, təlxəkcəsinədir, gülüncdür: hələ ayağa durmadığı üçün yıxılacaq yeri olmayan birinin tənəzzülüdür bu; Latın Amerikası dünyasının heçliyidir, bu dünyanın hələlik heçliyə çatmayan və heçliyə sahib olmayan halının heçliklə üzləşməsidir. Daha doğrusu, “La Maqanı tapa biləcəyəmmi?” deyə bir yuxu görəndən sonrakı haldır. Bəs yaxşı Oliviyera La Maqa ilə ümumiyyətlə rastlaşıbmı, yoxsa onu sadəcə Oliviyeranın söylədiyi və Kortasarın yazdığı sözlərdəmi axtarmaq lazımdır?
Oliviyeranın ruhani səyahətinin ironiyası isə hər mövcudluq proyektində olduğu kimi, tək olsa da, tək başına ayaq üstə qalmaqdan aciz bir şüurun məhsulu olmasıdır. Oliviyera yer dəyişmə məqsədi ilə hər cür əl-kimyadan istifadə edir. Və axırda həmişə qarşısında həm arzulayıb, həm də nifrət etdiyi La Maqanı və xəyanətə uğramış şəhvətli kişilərə xas olan formada xəyalında olduğu münasibətin adi, tragikomik karikaturasını görür. Bu rakursdan baxanda “Oxunması məcburi olmayan hissələr” oxunması məcburi hala düşürlər. Qoca və uğursuz yazıçı olan Morelli – çox güman ki, Kortasarın alter-eqosudur – bu mədəni bit bazarının, məntiqsizliklərin (“bakirələr fahişəxanası, belə bir şey mümkün olsaydı”), cəmiyyətin (Qərbin LTD ŞTİ deyilən İdealist-Realist-Zarafatalist-Materialist Sevgisinin xidmətində olan tupik”), tarixin (“Min illik imperiyalar bəlkə də hardasa mövcuddur, amma bir gün onlara çatası olsaq, artıq onlar imperiya olmayacaq”) və ağlın (“…bunu yaşamaq əvəzində haqqında düşünməyindən bəlli idi yaxşı olmadığı”) bir yerə yığdığı bu fikirlər məcmusunun magister ludisi, baş müəllimidir. Kortasar burda kimsəsiz bir adaya götürülməməli olan xatirələri siyahıya aldığı həqiqi bir memorabilia təklif edir.
Halbuki Oliviyera kimsəsiz bir adaya köçüb, mazoxistcəsinə xoşbəxtlikdən ləzzət alır. Xəyali, yəni başının tacı sevgilisi La Maqa isə yanında deyil. Mağara divarında əks olunan cisimsiz kölgələr kimi gördüyü Buenos-Ayresdən ümidini kəsib. Əlində təkcə qırıntılar qalıb: məntiqin zibilliyi, “Əndəlüs köpəyi”ndəki içinə eşşək qoyulan pianolar kimi. Oliviyera zibilyığanın sözlərini rədd edərkən (“Müharibədə, üstəlik sözlərə açılan müharibədə heç nədən qorxmamaq, lazım gəlsə, ağlı belə inkar etmək lazımdır”) əməllərini qəbul edir. Halbuki əməllərin yazıçı Xulio Kortasar tərəfindən təyin edilməlidir: “Sözün kişiyə təcavüz etməsi, kəlmənin təkəbbürlə atasından intiqam alması, bəlkə də fürsət düşən kimi özüylə və içində yaşadığı reallıqla tamam-kamal uyğunlaşana qədər azad qalıb təqib edə biləcəyi – necə və nə cür, hansı bəyaz gecələrdə, ya da hansı kədərli günlərdə – bir düşməndən fayda götürməyə məcbur qalan Oliviyeranın düşüncələrini ağrılı bir inamsızlıqla doldururdu.”
“Xana-xana oyunu”nda bütövləşmə parçalanma ilə başlayır. Mişel Fuko yazır: “Don Kixot kitabdakıların reallığını isbat etmək üçün dünyanı oxuyur…Kitabların vəd etdiklərini özünə vəzifə seçir.” Kortasar isə tam əksini iddia edir. Morelli vasitəsilə yazılmış yox, yazılmamış bir roman yaratmaq arzusunu elan edir. Kortasar yazmamaq üçün görüntülərin yerinə keçməkdən başqa, onlardan da o taydakı personajları ulduz sisteminin koordinatlarına çatdırmaq üçün bir anti-dil icad edir. Oktavio Pas sözləri nəzərdə tutaraq deyir: “Onları tələyə sal, quyruqlarından tut, qoy qışqırsın ləçərlər.” Kortasarın etdiyi də elə budur. Təngnəfəs qalana qədər endirdiyi zərbələrlə romanın dilini haldan salır, ritmli və onomatopeik (əksolma yaradan) konseptual dinamitlərlə onu partladır; Tanrı ilə Şeytanın eyni tupikin (yaradılanlar artdıqca lənət də artır) bir hissəsi olduğu bu anti-cənnətin və anti-cəhənnəmin sonuncu mələyi olan yazıçı isə xarabalıqların üstündə uçur. “Uliss” ingilis nəsri üçün nədirsə, “Xana-xana oyunu” da ispan nəsri üçün odur.
Əməllər və onları yazmamaq istedadına sahib olan anti-dilin bu qarşılaşması Oliviyeranı bir “özünü apara bilməməyə” sürükləyir; ənənəvi olaraq ifadə etdikləri dilə yadlaşan silsilə hərəkətlər edir. İntriqa birbaşa lağlağıya, maskarada, absurda çevrilir. Rable və Sternə qələminə layiq olan bu möhtəşəm zarafatlaşma öz gücünü kitabdan alır. Qoca və tənha nimfoman pianoçu Berte Trepat ilə görüşmə. Hələ niyyət mərhələsində ikən uğursuzluğa düşə-düşə məqsədin fiaskoya çevrildiyi Buenos-Ayresdəki pəncərə ilmələri. La Maqanın oğlu Rokamadurun ədəbi bir eyş-işrətin ortasında ölməsi. Buz kimi morqa, cəhənnəmin qaynar buzun enmək. Uruqvaylı hörmətli dəli Don Seferino Pirizin dəftərlərində dünyanın silinib təzədən yaradılması. Bunlar “Xana-xana oyunu”nun patafiziki mahiyyətinə, sürrealizmə gedib çıxan radikallıqdakı aydınlığa lövbər salmasına, Bretonvarı sevinc və kədər sfinksləri arasındakı axsaq dialoqa açılan qapıların açarlarıdır. Marginal dil və əməllər Oliviyeranın axtarışı üçün lazımlı olan anti-dilə və həmin dili ötüb keçmək arzusuna çevrilir.Bu səyahət onu Traveler adlı oxşarına aparıb çıxarır. Ətə-cana gəlmiş oxşarı ilə qarşılaşanda görür ki, ikicə seçimi var: Ya onu öldürməli, ya da dəli olmalıdır. Əks təqdirdə bənzərsiz olmadığını, həyatın dəyərsizliyini və mənasızlığını qəbul etməli olacaq: Əgər oxşarı onun yerinə düşünür, sevir, ölürsə və əgər Oliviyera oxşarının oxşarından ibarətdirsə, demək doppelgangerinin həyatını yaşayır. Oliviyera qorxuduğu üçün cinayətə cəhd edir. Oxşarını öldürmək intihat etmək kimi bir şey olduğu üçün bu həqiqi bir cinayət yox, cinayətə təşəbbüs və dəliliyin qapılarını açmaqdır. Bu, ən azından başqalarının Oliviyeranı dəli hesab etməsinə imkan yaradır. Orada, yəni kitabın axırındakı taleyin əlində-ovcunda qalan yeganə kibbutzu olan dəlixana və xəstəxana, bu dünyanın Oliviyeranın fəzilət və ehtiyaclarına, ziddiyətlərə və bəhanələrə ehtiyac duymadan absurdun içində öz varlıqlarını davam etdirə bilərlər. Dünyanın yarımçıq tərəflərinin hamısını icad edərək gerçəksizliyi çoxalda bilərlər: Oliviyera Lui Lambertdən Pyer le Foya gəlib çıxan axmaq dahilərlə eyni sıradadır; bu adamlar məcbur olmayanın məcbur sayıldığı bir sistem yaradırlar. Nitşenin son limanı olan xəstəxana və dəlixanada xana-xana oyununun mərkəzi var; cənnətlə cəhənnəmin bir araya gəlməsiylə, daimi yetərsizlik və doymazlıq çığırtısı vasitəsilə azadlıq əldə oluna bilər. “Oldu, bitdi” – deyir Oliviyera. Romançı yalnız buna, bu mövcudluğa fanilik instinkti bəxş edir, reallığa çevrilən potensial arzu adasına sıçrayır. Həqiqi varlıq başqa yerdədir və romançı bizi təhkiyəçinin, tarixin və psixologiyanın əsarətindən xilas etmək istəyən elçidir.
İnteqrativ incəsənətin dövrümüzdəki ən böyük ustalarından olan Kortasar, öz dərin qənaətlərinə sadiq qalan bir roman yazıb: “Fərdi taleyimizə baxmayaraq, heç tanımadığımız şəxsiyyətlərin bir hissəsiyik.”
“Xana-xana oyunu”nun ulduz sistemi isə axırda bizə zamandan və azadlıqdan danışır. Oktavio Pas və Luiz Bunyuellə birgə, Kortasar dövrümüzdəki Latın Amerikalı çağdaşlarının liderlərindəndir. O, Pasla anın, zaman get-gəllərinin ən üst məqamı olan közərən gərginliyi, Bunyuellə isə daimi arzunun – müəllifsiz və səlahiyyətsiz, deməli inqilabi doymazlığın – yeganə mexanizmi kimi azadlığı bölüşür.
Tərcümə etdi: Qismət
[1] İsraildə ortaq istifadə edilən torpaq sahəsi
[2] Amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən məşhur komiklərindən biri