Sim-sim.az çağdaş ispan ədəbiyyatının tanınmış nümayəndəsi Karlos Ruiz Safonun (1964-2020) “Buxar qadın” hekayəsini təqdim edir.
Bunu heç vaxt heç kimə etiraf etməmişəm, amma bir vaxtlar əsl möcüzə nəticəsində ev sahibi olmuşdum. Öpüşləri tanqo qədər ehtiraslı olan Laura yaşadığım binanın birinci mərtəbəsindəki ikinci mənzildə, bina komendantının ofisində katibə işləyirdi. Onunla səmanın buxar və ümidsizliklə dolu olduğu iyul gecəsində tanış olmuşdum. Elə meydandakı skamyada yuxuya getmişdim ki, pıçıltıya oyandım: “Qalmağa yerin yoxdur?” Laura məni bir binanın girişinə tərəf apardı. Şəhərin qədim hissəsi belə dəbdəbəli binalarla dolu idi. Qarqoyl və vampirlərdən ibarət bəzəkli labirintin arasından “1866” yazısı oxunurdu. Mən onu izləyərək əl havasına pillələri qalxdım. Biz irəlilədikcə bina köhnə gəmilər kimi cırıldayırdı. Laura məndən nə gəlirimlə bağlı məlumat, nə də arayış istədi. Lap yerinə düşmüşdü, çünki həbsxanada adama bunların heç birini vermirdilər. Damdakı kiçik otaq elə qaldığım hücrə boydaydı. “Bura mənlikdir” – dedim. Düzü, həbsdə keçən üç ildən sonra iybilmə hissimi itirmişdim, divarların o tayından gələn səslər isə mənim üçün təzə məsələ deyildi.
Laura demək olar ki, hər gecə yuxarı qalxırdı. Bircə onun soyuq dərisi və buxarlı nəfəsi həmin yayın cəhənnəm istisindən təsirlənməmişdi. Səhər açılanda isə Laura sakitcə pillələrdən süzülərək gözdən itirdi. Adətən gündüzləri mürgüləyərək keçirirdim. Aşağıdakı qonşularım mənə səfalətin verdiyi həssas şəfqətlə yanaşırdılar. Altı ailə saymışdım, hamısında da uşaqlar, his və bellənmiş torpaq qoxusu gələn qocalar vardı. Ən sevdiyim qonşu nisbətən yaxın yaşayan, sifarişlə oyuncaq boyayan Don Florian idi. Mən həftələrlə binadan çıxmadım. Hörümçəklər qapıma naxış salmışdı. Üçüncü mərtəbədə yaşayan Donya Luiza mənə yemək gətirirdi. Don Florian isə köhnə jurnallar verir, tez-tez domino oynamağı təklif edirdi. Uşaqlar da gizlənqaç oynamağa çağırırdılar. Ömrümdə ilk dəfəydi ki, üzümə xoş baxırdılar, hətta sevildiyimi də hiss edirdim. Gecə yarısı Laura on doqquz yaşlı bədənini ağ ipəklərə bürüyüb gəlir və hər gecəni son gecəymiş kimi keçirirdi. Mən onunla sübhə qədər sevişir, ömrümdən oğurlanan illərin yerini onun bədəni ilə doldururdum. Sonra isə itlər və lənətlənmişlər kimi ağ-qara xəyallara dalırdım. Bu dünyada hətta mənim kimi həyat qurbanlarının belə payına xoşbəxtlik qırıntıları düşərmiş. Həmin yay tale üzümə gülmüşdü.
Avqustun sonlarına yaxın şəhər bələdiyyəsindən adamlar gəldi. Mən onları polis hesab eləmişdim. Lakin söküntü mühəndisi gecəqondulara qarşı olmasa da, binanı partlatmalı olduqlarını təəssüflə bildirəndə xeyli təəccübləndim. “Burada yanlış anlaşılma var” – həyatımın bütün yeni mərhələləri bu sözlərlə başlayır. Dərhal Lauranı axtarmaq üçün qaça-qaça əmlak ofisinə düşdüm. Amma orada bir asılqandan, yarım qarış tozdan başqa heç nə tapmadım. Don Florianın evinə qalxdım. Əlliyə yaxın gözsüz oyuncaq qaranlıqda çürüyürdü. Binanı başdan ayağa gəzərək o biri qonşuları axtardım. Səssiz dəhlizlərdə dağıntılar qalaqlanmışdı. “Cavan oğlan, bu mülk 1939-cu ildən bəri işlək deyil” – mühəndis mənə məlumat verdi, “Bura düşən bomba sakinlərinlərin hamısını qırıb, binanın strukturunu da tamam zədələyib”. Sözümüz çəp düşdü. Deyəsən, onu pillələrdən aşağı itələdim. Bu dəfə hakim çox da uzatmadı. Köhnə yoldaşlarım zirzibilimi saxlamışdılar: “Onsuz da həmişə qayıdırsan”.
Kitabxanaçı Ernan mənim üçün qəzetlərdə çıxmış bombardman xəbərlərini tapdı. Şəkildə şam ağacından yeşiklərdə yan-yana düzülmüş meyitlər əks olunmuşdu. Qəlpələrdən pis hala düşsələr də, onları tanıya bilmişdim. Səki daşları qanla örtülmüşdü. Ağ geyimli Lauranın əlləri açıq sinəsinin üstündəydi.
Artıq iki il keçib, amma həbsdə insan ya xatirələrlə yaşayır, ya da ölür. Həbsxana keşikçiləri çox ağıllı olduqlarını düşünürlər, ama Laura onları aldadıb içəri keçməyin yolunu bilir. Gecə yarısı onun dodaqları məni oyadır. Bu zaman Don Florianı və digərlərini xatırlayıram. “Məni həmişə sevəcəksən, düzdür?” – soruşur mənim Lauram. Mən də ona “hə” deyirəm.
İspancadan tərcümə: İlahə Əkbər