Müəllif: Rebecca Jones
Mənbə: BBC
Tərcümə: Lamiyə Göycəyeva
Gənc yazıçılar sosial mediada inkar və trollinq qorxusundan özünüsenzura ilə məşğul olurlar. Bu sözləri 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquro (Kazuo Ishiguro) BBC-ə müsahibəsində deyib.
Tanınmış romanist hesab edir ki, cəmiyyətdəki “qorxu mühiti” insanlara istədiklərini yazmağa mane olur.
“Ləğv mədəniyyəti” (cancel culture) sosial şəbəkələr əsrində geniş yayılmış haldır. Bu zaman fəallar azad fikir mübadiləsini boğmağa çalışır, boykot çağırışları edir, yanlış və təhqiramis hesab etdikləri fikirlərə görə insanları cəmiyyətdən kənarlaşdırırlar.
Xüsusilə gənc yazıçılardan yana narahatam, – deyə İşiquro bildirib. – Linçlə məşğul olan anonim istifadəçilər sosial şəbəkədə sizə hücum edə və həyatınızı göy əskiyə bükə bilərlər. Bu vəziyyətin təhlükəli olduğunu düşünürəm.
İşiquro özü isə heç nədən qoxmadığını deyib.
Tanınmış bir müəllif kimi imtiyazlı və nisbətən təhlükəsiz vəziyyətdəyəm. Nüfuzum və yaşım da böyük rol oynayır. Ola bilsin, yanılıram, ancaq vəziyyətimin kifayət qədər yaxşı olduğunu düşünürəm. Amma karyerları və nüfuzları daha həssas vəziyyətdə olan gənc yazıçılar riskə getmək istəmirlər
o qeyd edib.
66 yaşlı İşiquro Naqasakidə anadan olsa da, beş yaşında valideynləri ilə birlikdə İngiltərəyə köçüb. 40 il ərzində səkkiz roman və hekayələr toplusu yazaraq həm tənqidçilərin rəğbətini, həm də kommersiya uğuru qazanıb.
“Günün Qalıqları” (The Remains of the Day) romanı 1989-cu ildə Buker mükafatı alıb. Entoni Hopkins (Anthony Hopkins) və Emma Tompsonun (Emma Thompson) iştirakı ilə əsər əsasında ekranlaşdırılan film isə səkkiz nominasiya üzrə “Oskar” mükafatına namizəd göstərilib.
“Məni heç vaxt tərk etmə” (Never Let Me Go) anti-utopiyasında transplantasiya əməliyyatlarında istifadə edilmək üçün yetişdirilən klon-insanlardan bəhs edilir. Kitab əsasında çəkilən filmdə Kira Naytli (Keira Knightley), Endryu Qarfild (Andrew Garfield) və Keri Malliqan (Carey Mulligan) kimi ulduz aktyor heyəti çıxış edib.
Yazıçı 2017-ci ildə ədəbiyyat üzrə Nomel mükafatı laureatı olub. 2019-cu ildə isə cəngavər titulu ilə təltif olunub.
Hər kəs və hər şey haqqında yazmaq
Son vaxtlar Britaniyada söz azadlığı mövzusunda səs-küyə səbəb olan bir neçə müzakirə keçirilib. Bir sıra tanınmış müəllif, o cümlədən Coan Roulinq (JK Rowling), Culi Berçill (Julie Burchill) və Cenin Kammins (Jeanine Cummins) boykot çağırışı ilə üzləşib.
İşiquro xüsusilə mədəni mənimsəmə (cultural appropriation) konsepsiyasına etiraz edir. Bu ideyaya əsasən, müəllifin başqa irqlərdən, cinsi və mədəni qruplardan olan personajları təsvir etməyə, öz dünyagörüşünü onlara aid etməyə mənəvi haqqı yoxdur.
Təbii ki, mənimsəmə ilə bağlı müzakirələr boş yerdən yaranmır. Müəllif yazdıqlarını araşdırmalı və qəhrəmanlarına ləyaqətlə yanaşmalıdır. Mən başa düşmədiyim şeyləri təsvir etməyə bilərdim. Bunu lovğalıq kimi qəbul etməyin, amma ağlımın gücü ilə hər şeyi anlaya bimək iqtidarında olduğumu düşünürəm.
İşiquronun sözlərinə görə, elə bir mövzu və ya nəzər nöqtəsi yoxdur ki, onu “geri çəkilməyə” məcbur etsin. “Romanist ürəyi kimi istəyirsə onun adından yaza və istənilən nəzər nöqtəsini təqdim edə bilməlidir, – yazıçı əmindir. – Kiçik yaşlarımdan məndən fərqli insanların mövqeyindən yazmışam. İlk romanım qadının dili ilə verilib”.
İşiquro 1982-ci ildə işıq üzü görən, qızının intiharından sonra özünə gəlməyə çalışan yapon qadından bəhs edən “Təpələrin solğun görünüşü” (A Pale View of Hills) romanını nəzərdə tutur.
Ədib əmindir ki, cəmiyyətin “ləğv mədəniyyəti” və söz azadlığı ilə bağlı açıq müzakirəyə ehtiyacı var.
Robotlardan qorxmayın
İşiquronun BBC-ə müsahibəsi onun “Klara və günəş” (Klara and the Sun) adlı yeni romanının işıq üzü gördüyü vaxta təsadüf edib.
Bu kitab insan kimi hərəkət edən, insana oxşayan, günəş batareyaları ilə işləyən robot və onun kiçik bir qız ilə dostluğu haqqındadır. Hadisələr robotların bugünkü velosipedlər kimi adi hal aldığı və gen mühəndisliyinin həyat normasına çevrildiyi qeyri-müəyyən gələcək zamanda cərəyan edir.
“Kitabımı fantastika adlandırmazdım, – İşiquro deyir. – Elə də çox şey uydurmamışam”.
“Bu, məkrli robotların insan ailəsini və ya bütün dünyanı ələ keçirməsindən bəhs edən hekayələrdən deyil. Tamam başqa mövzudadır”.
İşiquro süni intellektin perspektivləri ilə bağlı nikbin fikirdədir. Onun sözlərinə görə, süni intellekt bəşəriyyətə böyük üstünlüklər gətirəcək, əlbəttə bəzi səhvlər də olacaq.
“İnsan kimi hiss edə və empatiya qura bilən süni intellekt təsəvvür edin. O, məni ağladacaq roman yazacaq. Onda mən, məsələn, siyasətlə məşğul olacam və kompyuter modellərinə nisbətən daha effektli kampaniya planlaşdıracam. Bəs birdən süni intellekt kommunizm, nasizm və ya kapitalizm kimi yeni böyük ideya ortaya qoysa? Onda mən ümumiyyətlə işsiz qalacam. Belə olduğu halda, qorxuram ki, insanlar vəziyyətə nəzarət etməkdə çətinlik çəksinlər”, – deyə İşiquro qeyd edib.
Ancaq yazıçı narahat olmaq üçün hələ tez olduğunu, vaxtı çatanda insanların nə isə düşünüb tapacağını hesab edir.