Kamal ABDULLA, Rafiq ƏLİYEV
Bəzən qeyri-səlis məntiq deyərkən paradoksal kəlamları, bir-birinə zidd fikirlərin gözəl ifadəsini, adi məntiqlə dərk edilməyən məqamları nəzərdə tuturlar. Bu, qətiyyən düzgün deyil. Qeyri-səlis məntiq normal məntiqin daha geniş “əraziyə” səpələnmiş təzahürlərini görməklə üzə çıxır və onun birinci, ən əsas funksiyası dünyanı iki rəngdə (ağ-qara) görmək yox, ağ və qaranın arasındakılarla bir yerdə görməkdir. Cəhdin böyüklüyünə söz ola bilməz. “Ağ” və “Qara” qütbləri arasındakı digər rənglər, çalarlar, məqamlar dünyanın, münasibətlərin daha dərin və daha rəngarəng olmasından xəbər verir. Qeyri-səlis məntiq bu “daha” sözünün arxasında gizlənənləri tapıb ortaya çıxarmaqla məşğuldur.
Bəri başdan yada salaq ki, hələ 1-ci məqaləmizdə “Kitabi-dədə Qorqud” mətnində qeyri-səlis məntiq elementlərinin mövcudluğu barədə giriş xarakterli ümumi söhbət açmışdıq (www.525.az 30.04.2022). Qeyd etmək istərdik ki, bundan sonrakı silsilə yazılarımızda da qeyri-səlis məntiq nəzəriyyəsi işığında “Dədə Qorqud” dünyasına sistemli baxışı əks etdirəcəyik. İndi isə əvvəlcə qısaca da olsa qeyri-səlis məntiq nəzəriyyəsinin təməl quruluşuna nəzər salaq. Bununla biz qeyri-səlis nəzəriyyədən hər hansı konkret ədəbi-bəddi mətnə (bizim halda “Kitabi-dədə Qorqud” mətninə) keçid mexanizminin səbatlılığını, effektliyini də öyrənmiş olarıq.
Elmi ədəbiyyatda qeyri-səlis məntiq iki anlamda dərk edilir: 1) dar, sırf məntiqi anlamda; 2) geniş, başqa sözlə, qeyri-səlis çoxluqlar və onların şaxələnmiş budaqları anlamında.
Bütövlükdə isə görkəmli alim Zadənin qeyri-səlis məntiq nəzəriyyəsində söykənilən dörd sütun var: 1) ümumi məntiq sütunu; 2) qeyri-səlis çoxluqlar sütunu; 3) epistemik (epistemoloji) sütun; 4) münasibətlər sütunu.
Məntiq sütunu çoxmənalı məntiqin ümumiləşdirilmiş formasıdır. O, “doğru” ilə “yalan” arasında, “yer” ilə “göy” arasında bir körpü salır. Bu körpünün həm ucları, həm də bu uclar arasında sonsuz və kəsilməz yolu var. Klassik Aristotel məntiqində yalnız uclar (qütblər) özünü göstərir. Bu iki uc məntiqində binar məntiqin doğruluq anlayışı “işləməyə” başlayır və biz bu zaman dörd əsas qanunun təzahürləri ilə qarşılaşırıq. İdentiklik qanunu həqiqət həqiqətdir, yaxud “Dədə Qorqud” mətni “Dədə Qorqud” mətnidir kimi formalaşır. Dilçilikdə buna eynilik cümlələri də demək olar. Ziddiyyət qanunu həqiqət həqiqət olmayan deyil, yaxud Qazan bəy Qazan bəy olmayan deyil kimi formalaşır. Üçüncünü istisna qanunu deyir ki, (körpü ucları – qütbləri – ikilər arasında əlavələri – üçüncüləri, dördüncüləri… xatırlayaq) ya həqiqət, ya həqiqət olmayan, yaxud ya həyat, ya da ölüm arasında heç nə yoxdur (amma xatırlayaq: Dastan mətni deyir ki, arada “küçücük ölüm” – koma var). Və nəhayət, rasional nəticə çıxarma qanunu hər hansı mətndən onun ilkin təşkiledicilərinə əsaslanaraq ümumi nəticə çıxarmaqla formalaşır, başqa sözlə, onunla silahlansaq, “Dədə Qorqud” mətninin müqəddiməsindən çıxış edərək Dastanın ümumi ruhunu tuta bilərik.
Qeyd edək ki, bu qanunlar yalnız o zaman “işləyirlər” ki, müddəa iki mümkün qiymətdən (qütbdən) birinin seçimi ilə məhdudlaşır. Biz burada düşüncənin totaritarlığı ilə üzləşirik: nədi – budu, ya budu, ya da bu biridi, başqa heç nə yoxdur! Seçim imkanı sıfırdır.
Düşüncənin demokratiyası isə o zaman özünü göstərir ki, bu iki qütbün arasına başqa seçimlərin də daxil edilmə imkanı (potensiyası) yaranır. Elə təkcə bunun özü bizi tolerantlıq məntiqinin astanasına gətirir. “Kitabi-dədə Qorqud” mətnini həyata gətirən düşüncənin mənşəcə demokratik olmasına şübhə ona görə yoxdur ki, burada üçüncünü həmişə istisna etmək mümkün deyil. Burada iki qütb arasında üçüncü də var, bəzən isə dördüncü və beşinci də yox deyil.
Bu yazıda biz Kitabi-dədə Qorqud mətnində üçüncünü istisna qanununun istisnasından danışacağıq. İki qütb arasındakı körpüdə Aristotel məntiqinə zidd olaraq üçüncünün, dördüncünün axtarışına çıxacağıq.
Beləliklə, qeyri-səlis məntiqin birinci məntiq sütununa söykənərək qədim Dədə Qorqud dünyasına qeyri-səlis yollarla ekskursa başlayırıq.
Qarşımızdakı adam bizim təcrübəmizə görə ya ölüdür, ya diridir. Amma həyat bu iki qütbdən daha rənglidir. Ən azı bu adam “Dədə Qorqud” mətnində deyilən kimi nə ölü, nə diri ola bilər. O, “küçücük ölüm” halında, müasir tibbi dildə desək, “koma”da ola bilər. Aristotel məntiqi isə üçüncü halı (komanı) istisna edir. “Ya … ya” ideologiyası bizə həyat və ölümdən başqa heç nə qoymur. Qeyri-səlis məntiq bizə üçüncünü verir. O bizə deyir ki, nə həyatın, nə də ölümün olmadığı reallıq da var, bu reallıq iki qütbün ortasındadır və o küçücük ölüm (koma) ola bilər. Məsələnin bu (üçüncülü) yola qədəm qoyması düşüncədəki demokratik cücərtilərdən xəbər verir.
“Kitabi-Dədə Qorqud” mətnində qeyri-səlis məntiq elementləri az deyil deyərkən, o nəzərdə tutulur ki, qədim oğuzlarda dünyanı, insanlar arasındakı münasibətləri daha obyektiv, daha reallığa uyğun şəkildə görmək ehtiyacı və ehtirası var. Qədim oğuzlar “ya … ya…” ikili məntiqi ilə barışmırlar. Onlar bu ikisi arasındakı uçurumda üçüncünün, hətta dördüncünün axtarışına çıxırlar.
İlkin olaraq onu qeyd edək ki, “üçüncünün axtarışı” və biruzəsi, əslində, əlimizdəki mətnin qədim mifoloji dövrlərə məxsus olmasını bir daha təsdiqləyir və beynimizdə gedən demokratik proseslərin dünyada gördüklərimizi “izləməsi”nin əks-sədası kimi qəbul edilir.
Biz bu fəsildə qeyri-səlis məntiqin əsas prinsiplərindən birinə – üçüncünün istisnası qanuna istisna qoyan bir prinsipə əsaslanırıq. Üçüncünü istisna qanunu irəli sürür ki, iki əks qütbün arasında heç bir orta hal ola bilməz. Amma “ya … ya …” nın arasında ancaq boşluq var deyən formal məntiq (Aristotel məntiqi) heç də həmişə doğru olmur. Əslində, “Üçüncünü istisna”nın da öz istisnası var. “Kitabi-dədə Qorqud” mətnindəki məntiqdən çıxış etsək, ölümlə həyatın arasında “küçücük ölüm” (koma) olan kimi. Bayandur xanın məclisində qurulmuş ağ çadırla qara çadır arasında qırmızı çadır qurulan kimi. “Kitabi-dədə Qorqud” mətni bu kimi misalları bizə səxavətlə verir.
Ümumiyyətlə, qəti hökmlərə həmişə şübhə ilə yanaşmaq lazımdır. Onların gözlənilməz “keçmişləri” ola bilir. “Kitabi-dədə Qorqud”un müqəddiməsi belə qəti hökmlər sarıdan bol materiala malikdir. Onların içərisində ilk baxışda sanki heç bir şübhəyə yer verməyənlər bu tipli cümlələrdir: “Çıxan can geri gəlməz! Ölən adam dirilməz!” Sanki hər şey aydındır. Amma yenə də aydın olmayan bir məsələ var. Nə üçün bu deyimlər oğuz cəmiyyətinə ünvanlanır?! Əgər Dədə Qorqudu bu cəmiyyətin ilk müəllimlərindən saysaq bu deyimlə o hansı dərsi vermək istəmişdir?! Oğuz cəmiyyətinin formalaşmağa başladığı uzaq qədim dövrdə belə deyimə ehtiyac var idimi?! Həqiqətən, bu hökmün öz qəribə keçmişi yox deyil.
Deməli, əgər belə qətiyyətlə deyilirsə, belə deyimə ehtiyac var idi. Primitiv ibtidai cəmiyyət üzvü olan mifoloji təsəvvürlərin əhatəsində ilanların sarıldığı Laokoon kimi qalmış birinə belə bir hökmə malik olmaq son dərəcə lazım idi. O inanırdı ki, çıxan can (ruh) geri gələcək. Necə ki, qarşı yatan Qara dağın yatmış olduğuna və nə zamansa yuxudan oyanacağına inanırdı. Eləcə də bu cəmiyyət üzvü ölən adamın diriləcəyinə inanır. Bu cəmiyyət üzvünü real həyata gətirmək lazımdır. Bunu Dədə Qorqud edirdi. Ona əsl həyatda, yuxulardan, mifoloji təsəvvürlərdən kənar həyatda yaşamaq dərsi verirdi. Buna ehtiyac varmı idi? Var idi. Bizə indi kimsə belə bir məlumat versə bu bizə qəribə gələ bilər və əslində, bu bizə heç bir informasiya verməz. Ölən adamın dirilməyəcəyinə, çıxan canın geri gəlməyəcəyinə biz çoxdan (!) inanmışıq. Amma o qədim primitiv dövr üçün bu xəbərin informativ səviyyəsi var idi. Deməli, qədim dövrün əlaməti “çıxan can geri gələr” qütbündə formalaşmışdırsa, yeni dövrün (yazı dövrünün) əlaməti “çıxan can geri gəlməz” qütbündə formalaşır. Və bunların birinin digərinin içində əriməsi tarixilik prinsipi ilə baş verir. Arada isə sonsuz mövcudluqlar!! Sonsuz sayda istisnalar!!
Qeyri-səlis məntiq nümunəsi olan “ölən adam dirilər” təsəvvürü zaman keçdikcə formal məntiq nümunəsinə çevrilir. “Kitabi-dədə Qorqud” mətnindəki qəti hökmlər (“Çıxan can geri gəlməz!”) buna son qoymaq çağırışlarıdır. Düşüncə tərzimizin inkişafı boyunca qeyri-səlis məntiq öz yerini alışdığımız məntiqə (formal məntiqə) bu cür verir.
Qadınların səciyyəsindən danışarkən “Kitabi-dədə Qorqud” mətni onlardan birinin dili ilə qonşularına belə deyir. Bu qadın səhər evdən çıxıb axşam gələndir: “Ölməyə-itməyə, getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı”.
Mətndən hasil olan nəticə budur. Qadın gözdən kənar oldusa o ya ölüb, ya da itib (“ölməyə-itməyə getməmişdim”). Burada daha bir (başqa) variantı mətnin diskursu (cümlənin özü ilə gətirdiyi mətnaltı mənası) verir. Bu ikisinin arasında “öyləyənəcən” (günortaya qədər) gəzmək var. “Ölmək – öyləyənəcən gəzmək -itmək!” Bu ortadakı variant qütblər arasına qeyri-səlisliyin əsas funksiyasını – rəngarəngliyi gətirir.
Dirsə xan Bayındır xanın məclisindən sonra nədən oğlu-qızı olmadığının səbəbini, yaxud səbəbkarı axtarır və belə bir formal nəticəyə gəlir: “Bu qara eyib bana ya bəndəndir, ya xatundandır”.
Bu məntiqlə “ya mən – ya xatun” qütbləri formalaşır. Dirsə xanın “səlis” məntiqində başqa bir səbəb yoxdur, ola bilməz. İstisna halı (yaxud istisnaları) Dirsə xanın Xatunu ortaya gətirir. O, Dirsə xana səbəb kimi bir neçə variant göstərir: 1) atdan, dəvədən, qoyundan, qoçdan öldür, ac görsən doyuzdur; 2) Yalın görsən, geyindir; 3) Borclunu borcundan qurtar.
Xatunun göstərdiyi səbəblər məhz istisnalar kimi özünü göstərir və beləliklə, Dirsə xanın günahkar (günah) aramasındakı qütblərə (“mən – xatun”) qeyri-səlisliyi və yaxud indicə qeyd edilən istisnaları daxil edir. Beləcə, mətndə “mən, ya xatun” səlisliyindən rəngsizliyindən (ağ-qaralıqdan) uzaqlaşma halı baş verir.
Başqa bir maraqlı misal da həmən boyun sonlarında özünü göstərir. Dirsə xan oğlu Buğacı yaralamış və Buğac ov yerində yaralı qalmışdır. Anası onun axtarışına çıxır, Qazlıq dağının ətəyinə gəlir. Mətn deyir: “Dirsə xanın Xatunu… Qazlıq dağına gəldi, çıxdı. Alçaqdan uca yerlərə qalxıb çıxdı”. Təsəvvürümüzdə ikili qütbün yəni, düzün və dağın arasında nə ondan nə də bundan kimi dərk və qəbul edilən daha bir məkan olmalıdır. Müasir dildə bu məkanın adı “təpə”dir. “Dədə Qorqud” mətnində isə “təpə” adının əvəzinə “alçaqdan uca” ifadəsi işlənir. İstisnalı qütblər belə formalaşır: “alçaq yer – alçaqdan uca yer – dağ”. Bu şəkildə dünya insanın (Dədə Qorqudu var olan cəmiyyətin) gözündə özünün daha adekvat qiymətini alır.
Yenə haman boyda yaralanmış Buğac anasının “bunu sana kim etdi?” sualına belə cavab verir:
Arslanla qaplanına qarğımagil,
Qazlıq dağının suçu yoxdur.
Qarğarsan babama qarğa
bu suç, bu günah babamdandır.
Anaya görə günahkar ya Qazlıq dağının arslanıdır, ya da Qazlıq dağının qaplanıdır. Təsəvvürdə “Ya arslan, ya qaplan!” məntiqi var. Əslində isə burada da üçüncü istisna üçün yer var. O istisnanı məntiq zəncirinə Buğac gətirir: “Babam” deyir. Qeyri-səlis məntiqin istisnalı qütblər zənciri belə formalaşır: “arslan – babam – qaplan”.
Salur Qazan evi yağmalandığı zaman düşmən üzərinə gedərkən savaşdan öncə Qaraca Çobana belə bir izahat verir: “Anamı düşməndən istəyəlim, savaş zamanı at ayağı altında qalmasın”. Kafir onun istəyinə belə cavab verir: “Qarıcıq ananı gətirmişiz – bizimdir. Sana verməyiz. Yayxat keşiş oğluna verəriz…”.
Səlis məntiq deyir: “Ya sənə verəriz, ya bizə verəriz (bizdə qalar).
Anındaca “biz” ifadəsi də parçalanır və reallığın daha dəqiq, zəncir üçünsə daha qeyri-səlis konturları üzə çıxır: “sən – biz – Yayxat keşiş oğlu”. Kaleydoskop prinsipi işə düşür. Yayğın “biz”in içindən üçüncü komponentin (Yayxat keşiş oğlunun) üzü görünür.
Bariz şəkildə məntiqi zəncirdəki qütblər istisnanı öz aralarına “Dəli Domrul” boyunda alırlar. Allahın əmri ilə Əzrayıla deyilir: “Dəli Domrul” canı yerinə can bulsun, onun canını bağışladım”. Bu zaman Dəli Domrulun ağlında belə bir formal məntiq zənciri öz əksini tapır. O, Əzrayıla deyir: “məgər bir qoca babam, bir qarı anam var; gəl gedəlim, ikisindən biri bolay ki, canını verə, alğıl, mənim canımı qoğıl.
Məntiqi zəncir: “ya baba, ya ana”dır. Bu qütblərin arasında ildırım çaxmasına bənzər bir hadisə baş verir. “Üçüncü” özünü ortaya atır. O, bir istisna kimi mətində yer alır. Bu istisna heç kimin ağlına gəlməyən bir şəxs, Dəli Domrulun yad qızı halalı olur. O öz həyatını Dəli Domrulun əvəzinə Əzrayıla verməyə hazırdır.
Üçüncünün istisnası qanununun istisnası ilə “Dədə Qorqud” mətni boyu tez-tez rastlaşırıq. Yazının əvvəlində dediyimiz kimi bunu “Dədə Qorqud” mətninin müəllifinin dünyanı, ətrafı daha rəngarəng görmək cəhdi kimi qiymətləndirmək lazımdır. Bu cəhdi qədim zamanlardan bəri düşüncəmizin dərinliklərində demokratik çalarların olmasına bir işarə kimi qəbul etmək olar. Qeyri-səlis məntiq sayəsində bunların və bir çox başqa maraqlı məqamların öyrənilməsi qorqudşünaslıq qarçısında yeni üfüqlər açır.