Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza çatdıracağıq.
(4-cü yazı)
Biz əvvəlki yazılarımızda qeyri-səlis məntiqin ümumi təqdimindən və onun iki sütunu – məntiq sütunu və qeyri-səlis çoxluqlar sütunu işığında “Dədə-Qorqud” dünyasına səyahət etmişdik. Bu yazıda qeyri-səlis məntiqin üçüncü sütunu olan epistemoloji sütunundan yol alaraq “Dədə-Qorqud” mətnlərində sərhədsiz informasiya, alt qatlardakı məna axtarışına çıxacağıq.
Qeyri-səlis məntiqin epistemoloji sütunu mətnlərdə təqdim edilən biliklərin təsviri, təbii dilin semantikası, mətnlərdəki informasiyanın təhlili ilə əlaqədardır. Bu aspektdə təbii dil perseptiv informasiyanın, yəni, bilavasitə ölçülə bilməyən informasiyanın təsvir sistemi kimi qəbul olunur. Bu sütunun özülündə ehtimal nəzəriyyəsi yox, mümkünlük nəzəriyyəsi durur. Epistemoloji yanaşma dedikdə bizim əsas məqsədimiz o olacaq ki, müəllifin demək istəmədiyi, gizlətdiyi informasiyanı mətnin gizlinindən çıxaraq və onu dəyərləndirək.
Qeyri-səlis məntiq elmi fərziyyələr hesabına müşahidə olunan real sistemlər və onların fenomenləri (qütbləri) arasındakı boşluğu doldurur. Fəlsəfə, elm və texnologiyanın tarixində bu boşluqlar epistemoloji müzakirələr üçün böyük potensiala malikdir.
Epistemoloji hər hansı bir şey mütləq şəkildə onun dar mənada mövcud olan “obyekt” kimi başa düşülməsi deyil, onun təsəvvür edilən obrazının, funksiyalarının nəzərdə tutulmasıdır. Bunun da əvvəldən aydınlaşdırılması mümkün olmadığına görə ilk mərhələdə özünü elə bir xüsusiyyətdə, qeyri-müəyyənlikdə biruzə verir ki, insanın nə axtardığını labüd edir.
Epistemoloji bir şey kövrək bir statusa malik olur, bu isə o demək deyil ki, o, yalnız gizli olaraq qalır və yalnız mükəmməl manipulyasiyalarla tamamilə üzə çıxarıla bilir. Bir obyekt kimi o hazır şəkildə mövcud deyil, yalnız obyektin konseptual tərəfi kimi (beyindəki obraz kimi) mövcud ola bilir.
Qeyri-səlis epistemologiya mətndəki mürəkkəbliyi, qeyri-müəyyənliyi (dumanı) müəyyən etməyə (qovmağa) kömək edir.
Qeyri-səlis epistemologiyaya görə, qeyri-müəyyən müddəalara münasibətimizi başa düşmək üçün həm qeyri-müəyyənlik, həm də qismən həqiqət lazımdır. Məsələn, əgər “uzun boylu adam” klassik uzantıya malikdirsə, deməli, ən qısaboylu hündür adam da var. Əlbəttə ki, ən qısaboylu insanın nə qədər hündür olduğunu bilmək üçün heç bir yolumuz yoxdur. Bu yazının müəlliflərindən birinin vaxtilə belə adda bir hekayəsi çap olunmuşdu: “Dünyanın ən ucaboylu karliki”. İntuitiv şəkildə hələ o vaxt qısalığın hündürlüyü ideyasının beyindəki obrazla müqayisəsi maraqlı görünürdü. Ümumiyyətlə, hündür və hündür olmayan arasında sərhəddin yerləşdirilməsi ixtiyari görünür. Həmçinin, bizim “hündür” (“uca”) sözündən istifadə etməyimizlə bağlı heç bir məfhum hər hansı xüsusi sərhəd nöqtəsini diqqətə çatdıra bilmir. Beləliklə, qeyri-səlis epistemoloji sahə semantika həddi bilinməyən və mətnlərdə ixtiyari görünən semantik sərhədləri ehtiva edir, deyə bilərik.
Folklordan aldığımız belə bir nümunəyə diqqət edək:
“Oğlan, qaşımı neylərsən, oğlan?
Göylərdə hilalı görməmisənmi?
Oğlan, ləbimi neylərsən, oğlan?
Məgər beçə balı görməmisənmi?
Qeyri-səlis məntiqin epistemoloji təqdimi bu misal əsasında diqqəti ona yönəldir ki, qız qaşını gizlədir və qaş əvəzinə oğlana göydəki ayı görməyin kifayət olduğunu söyləyir. “Göydəki ayı gördünsə, qaşımı da təsəvvür edə bilərsən”. Amma obyektin özü ortada yoxdur, o görünmür. Daha doğrusu, tam adekvat şəkildə təsvir edilmir. Eyni hal qızın dodağı ilə bağlı təkrar edilir. Dodaq beçə balına bənzədilir. Dodağın təsviri müəllif tərəfindən gizlədilir və beçə balını təsəvvürə gətirməklə dodaq barədə qeyri-səlis bilgi təklif edilir.
Bu təsvir epistemoloji yanaşma vasitəsilə qurulan qeyri-səlis məntiq kimi qəbul edilə bilər. Müəllif qızın qaşını, ləbini gizlətməyə çalışır, amma eyni zamanda, onları qeyri-səlis şəkildə təsəvvür etmək imkanı verir – göylərdə hilal və beçə balı bu təsəvvürdə olan dodaq və qaş barədə dolğunluq iddiasına girir və dolğunluq dərəcəsinə yaxın (müxtəlif adamlarda müxtəlif dolğunluq dərəcəsi yaratmaqla) qeyri-səlis təsəvvür ortaya qoyur.
Folklordan gətirdiyimiz misal bir daha sübut edir ki, qeyri-səlis məntiq özünün müxtəlif təzahürləri ilə ən geniş ədəbi sahələrin dərinində, gizlinində yaşayır.
“Kitabi-Dədə Qorqud” mətnində qeyri-səlis məntiqin üçüncü epistemoloji sütunu ilə bağlı ən bariz nümunə Salur Qazan və dəstəsinin ov zamanı qarşılaşdığı situasiyadır. Salur Qazan oğlu Uruza cəngavərlik göstərdiyi yerləri tanıtmaq üçün onu da yanına alıb kiçik bir dəstə ilə ova çıxır. Kafirin casusu casuslayır və Salur Qazanın üstünə düşmənin on altı mindən ibarət ordusu gəlir.
Mətn deyir: “On altı bin qara donlu kafər ata mindi. Qazanın üzərinə alqar yetdi. Baxdılar gördülər (baxıb görənlər artıq Salur Qazangildir), altı bölük toz endi. Kimi aydır: keyik tozudur. Kimi aydır: yağı tozudur. Qazan aydır: Keyik olsa bir, ya iki bölük olurdu. Bu gələn bilmiş olun yağıdır”.
Qazan yağını görmür, hər tərəfi toz-duman alıb. Yağı olduğunu Salur Qazan toz-dumanın əlamətindən – toz bölüklərinin ikidən çox olduğundan öz əvvəlki təcrübəsinə əsaslanaraq bilir. Görmədiyi, amma təsəvvüründə olan bir obrazı – yağını Qazan qeyri-səlis şəkildə belə “hesablayır”.
Elə də olur ki, müəllifin “gizlətməyə” çalışdığı informasiyanı kafərlərdən biri açıb-tökür.
Şöklü Məlik Salur Qazan ovda ikən onun elini-obasını, mətn dili ilə desək, “darayır”, malını-pulunu, oğlunu, arvadını, anasını, ilxılarını, dəvələrini talan edib aparır. Yeyib-içərək qənimətin hesabını aparan Şöklü Məlik deyir: “Bəylər, Qazanın tölə-tölə şahbaz atlarını minmişiz, altun – axçasını yağmalamışız, qırx yigitlən oğlı Uruzı tutsaq etmişüz, qatar-qatar dəvələrini yetmişüz, qırx incə belli qızlan Qazanın halalını tutmuşız. Bu heyfləri biz Qazana etmişüz”.
Şöklü Məlik belə deyərkən kafirlərdən biri müdaxilə edir. Bu kafir səlis məntiqlə sadalanan qənimətlərin sayını səlislikdən çıxarır.
“Kafərin biri aydır: – Qazan bəydə bir heyfimiz qaldı.
Şöklü Məlik aydır: – Mərə aznavur, nə heyfimiz qaldı?
Kafər aydır: – Qazanın qapulı Dərbənddə on min qoyunu vardır. Şol qoyunları dəxi gətirsək, Qazana ulu heyf edərdik – dedi.
“Heyf” və “ulu heyf” arasındakı fərq on min qoyunla ölçülür. Rəqəmin belə dəqiqliklə ortaya atılması, nə qədər qəribə olsa da, qeyri-səlisliyin ən bariz nümunəsidir. Bütün digər qənimətlər, hətta atların, dəvələrin sayı bilavasitə göstərilməsə də bu diqqəti çəkmir. “Tövlə-tövlə atlar, altun-axça, qatar-qatar dəvələr” artıq kafirin əlindədir və o bunların sayını dəqiqliklə müəyyənləşdirə bilər. On min qoyun isə uzaqdadı, hələ ələ keçməyib, bəlkə heç ələ keçməyəcəkdir, əslində ələ keçmir də. Bax, bu say – on min sayı qeyri-səlisdir və bu fakt epistemoloji yanaşma ilə müəyyənləşdirilir.
Başqa bir məqam bizi “Bəkil oğlu İmran” boyuna aparır. Burada beynində qurduğun obrazla onun həyatdakı əvəzləyicisi arasında fərq qeyri-səlisliyin epistemoloji baxımdan yanaşması ilə tədqiq edilir.
Bəkil atdan yıxılmış və yatağa düşmüşdür. “Yarımasın, yarğımasın” kafirin casusu Bəkilin xəstə olduğunu kafirlərə xəbər verir.
Başqa vaxt Bəkilin qorxusundan Oğuz sərhəddinə yaxın düşə bilməyən düşmən ürəklənib Bəkilin yurdunun üstünə gəlir. Amma Bəkilin də kafər elində öz casusu var və bu casus Bəkilə xəbər çatdırır ki, bəs ehtiyatlı olun. Üstünüzə düşmən gəlir.
Bəkil oğlu İmrana öz əlbisəsini, atını verir. Onu özünə oxşadır və öz əvəzinə düşmən üstünə göndərir. İmran yağı ilə qarşı-qarşıya durur. Yenə də toz-duman Salur Qazanla bağlı situasiyada olan kimi göy üzünü bürüyür. İmran uzaqdan görünməz olur.
Çünki “haçan ki al ayğır (Bəkilin atı) yağı qoxusun alsa, ayağın yerə döyərdi, tozı göyə çıxardı”.
Mətn deyir: Kafərlər aydır: “Bu at Bəkilindir, biz qaçırız.Təkur aydır: Mərə, onat görün, bu gələn Bəkilsə, sizdən öndən mən qaçaram – dedi.
Bəkil olmadığını seçə bilməyəndə gözçi işinə başlar. Gözçi görür ki, at Bəkilin, amma üzərindəki Bəkil deyil. Bu minvalla xəbər Təkura yetişir.
Təkurun təsəvvüründə Bəkil obrazı olduğundan o, Bəkilin oğlu ilə Bəkili ayıra bilmir. Əlbəttə ki, burada atın çıxardığı toz-duman da öz rolunu oynayır. Ümid qalır gözçiyə. Həqiqəti o bildirir. Ətraf, xüsusilə də, qarşıdakı atlı öz real, adekvat ölçülərini alır. Şöklü Məlik üçün natamam bilgi aradan götürülür. Epistemoloji yanaşma qeyri-səlisliyi toz kimi havaya uçurur. Bəkil Bəkil yerində – evdəki yatağında. Bəkilin oğlu İmran da düşmən qarşısında öz həqiqi cizgilərini alır. Amma Bəkilin həqiqi olduğu məkan bu dəfə oğlu İmran tərəfindən düşmənə bu cür yalan vasitəsilə bildirilir:
… Bəylərbəyi Salur Qazan, qardaşı Qaragünə, Dönə bilməz Dülək Uran, Dözən oğlu ali Rüstəm, boz ayğırlı Beyrək Bəkilin evində içərlərdi. Səndən casus gəldi”.
İmranın dediyinə görə Bəkilin başı qonaqlara qarışıq olduğundan düşmən üstünə onu – İmranı göndərmişdir. Bəkilin obrazı yenə toz-duman içində itir. Bu cür qeyri-səlislik – Bəkil budur, burda, yataqda zar-zar inləyir və Bəkil qonaqları ilə məşğuldur – bütün bunlar müəllifin Bəkili dümən təsəvvüründən nəyin bahasına olursa-olsun “gizlətmək” niyyətindən xəbər verir. Bəkil və oğlu İmran ulduz sayrışmasında olan kimi bir-birini əvəzləməkdə davam edirlər.
“Kitabi-Dədə Qorqud” mətnində qeyri-səlis məntiqin epistemoloji sütünunun köməyi ilə üzə çıxarılan nümunələr həm də onu göstərir ki, qədim oğuzlarda düşüncə dərinliyində reallıq və qeyri-reallıq sərhədləri bir-birindən kəskin fərqlənmir, onlar yumşaq şəkildə biri digərinə keçə bilirlər. Müəllif bunun üçün atın ayağını yerə döyməsi kimi vasitədən istifadə etsə belə (toz ətrafı bürüyür!), nəhayətdə gözçi lazım olur ki, hər şeyi yerinə qoysun. Bəkilin yoxluğunu bildirsin. Bəs gözçi olmasa idi nə baş verəcəkdi?! Kafirlər başda Şöklü Məlik Bəkilin oğlunu Bəkil bilib qarşısından qaçacaqmıydı? Bu isə artıq tamam başqa bir mövzunun epistemoloji rakusdan işıqlandırılması deməkdir. Növbəti yazıların birində buna qayıdacağıq.