Qayğı istədiyimiz üçün xəstələnirik, yaxud xəstəliyimizin səbəbi qayğısızlıqdır. Düşünülmüş şəkildə ağrıları özümüzə çəkirik. Çünki insanlar çoxdan, lap çoxdan qayğı görmürlər. Xəstə olanda çəkdiyimiz acılar, qayğı gözləyərkən çəkdiyimizdən daha möhkəm olur. Solid kimi… Bəs niyə ruhumuz acgözdü? **
Mən plləkənləri qalxıram. Onları dünən rəngləmişəm. Evimi də təzə tikmişəm, uzun illərdi kirayədə qalırdım. Hər dəfə işdən qayıdanda əsəbləşirəm. Uşaqlarımın, arvadımın pintiliyindən boğaza yığılmışam.
Dəhlizə ayaq basıram. Kimsə məni qarşılamır. Kinolarda olduğu kimi qadınım üzümdən öpüb, “xoş gəldin “demir. Uşaqlarım hörmətlə ” salam ata” söyləmirlər. Mətbəxə keçirəm, ərzaqları yerə qoyuram. Və davamlı, hər gün etdiyim işləri- yeməyi qızdırmaq, duşa girmək, siyasi verlişləri izləmək və tək yatmaq kimi vərdişlərimi yerinə yetirirəm. Bu on səkkiz ildi davam edir, yəni ailə qurandan bəri. Mən çoxunuzun çəkdiyi , amma dilə gətirmədiyi tənhalığı yaşayıram. Birdəki tənhalıq çəkilmir, ağırdı. Ağır olduğu üçün adamın ona gücü çatmır. Mən rəsm çəkməyi bilirəm, yük çəkməyə halım yoxdur. Niyə belə olduğunu düşünmürəm, özümə hesabat vermirəm. Arvadımın dediyi kimi, yəqin mən çox dayazam. Bəlkə mən varyaqam? Ailəmə sadiq qalacağımı özümə söz vermiş varyaq.. Axır aylar ölüm, xilas olmaq, qaçmaq, xəstəlik haqqında çox düşünürəm. Mən tarix müəllimiyəm.Çariçanın Feodora dediyini xatırlayıram: – Sən xilas olduqdan sonra çalış ki, nə vaxtsa ölümü belə xilas olmaqdan üstün tutmayasan.. Yəni ləyaqətli və ləyaqətsiz xilas yolları var. O bu sözləri müşavirə zamanı söyləmişdi. Müşavirə ” Nika” (qalib gəl!) üsyanı zamanı Yunanıstandan Feodorun gəmilərə minib qaçması yaxud qalması haqqında idi. Qaçmaq xilas yolu olsa da, sərfəli deyildi. Hökmdarın sərgərdan dolaşması dözülməz idi. Həyatda da belə olur çox zaman. Getmək bir dərd, qalmaq bir dərd.
** Mən dərsdəyəm, həftənin hər günü işləyirəm. Mövzu ” Orta əsrlər Avropa mədəniyyəti” dir. Arzu yenə bülbül kimi ötür: “Hərf nədir?- Tarixin keşikçisi. Söz nədir?- Ruhun dönüklüyü. Dil nədir?- Havadan gələn bəla.”
Mən isə düşünürəm. Məktəbdən sonra evə getməliyəm. Donuq simalı ailəmim, hüznlü evimin növbəti gecəsinin sakini olmalıyam. Susqunluğu yaşamalıyam. Mehribanlıq, istiqanlılıq gözləyərək , on doqqucuncu ailə həyatımın bu ilini də başa vurmalıyam. Yox!!.. – Müəllim sizə nə oldu? – Heeç, heç. – Müəllim sualınız yoxdusa, əyləşim. – Arzu, nə üçün orta əsrlərdə , ən çox, din xadimləri savadlı olurdu? – Çünki yazı, kitabların üzünü köçürmək kilsələrə aid idi. – “Karolinq oyanış ” nə deməkdir? -Frank imperiyasında baş verən yeniliklər. – Əyləş , qızım.
– Müəllim , Arzu heç birinci suala ətraflı cavab vermədi axı?! Sadiq idi. Yenə ədalətsizliyə qarşı meymunluq edərək səsini ucaltmışdı. Amma o, ağzını- burnunu əyməyib, mədəni şəkildə bu cümləni desəydi, uşaqlar ona gülməzdi. Mən isə ciddi yanaşardım. Əslində o düz deyirdi. Mən də düz deyirdim, bu ili də ailəmlə yaşasam on doqquz il idi ki, düz deyirdim. Bu axşam evə getməyəcəkdim, bunu dəqiq bilirdim.
Oktyabr ayıdır. Bu ayı çox sevirəm. Hər il oktyabr gələndə divara yapışdırdığım gitara çalan qızı xatırlayıram. Metroda görmüşdüm onu. Görən kimi xeyli tamaşa etmişdim , qoşa hörükləri vardı, cins kurtka və şalvar geyinmişdi. Gözləri iri idi.. – Sən xəyalımdakı qızsan. Cəsarətli vaxtlarım olduğu üçün bu cümləni ona söyləməyi bacarmışdım. Sonra görüşmüşdük üç dəfə. Onu qucaqlamaq istəyimi deyəndə , ayrılmışdı. Bu qəribə olmuşdu , çünki biz o üç görüşdə söz tapa bilmirdik. Skamyalar, sarı yarpaqlar, şarı itən balaca qız da danışmışdı, biz isə susurduq. Susuruqsa, deməli qucaqlaşmalıyıq. Qız bundan niyə incimişdi, hələ bilmirəm. Qəzet köşkünə yaxınlaşdım.” Birja” aldım. İlk səhifədə oxudum: ” Dayəyəm, üç yüz manata uşaqlara diqqət, qayğı göstərirəm” Bəs deyirdiniz diqqəti, qayğını pulla almaq olmur?!..
Qadının nömrəsini yığıram. Xəstə olduğumu, yaşımı, tənha olduğumu, zəhməthaqqını artıqlaması ilə verəcəyimi sakit səs tonu ilə söyləyirəm. Qadın razılaşır, ünvanı soruşur. Evimin olmadığı haqqında ən böyük yalanımı uydururam. Çətin olmadı heç..Dərindən nəfəs aldım, diafraqmamı sıxan ağırlıq keçib getdi. Axşamdır, hava qaralır. Mən çoxdan səma , günəş, qürub ifadələrini işlətmirəm, çünki qəlbim ölüb, duyğularım gizlənib. Qadının sarı rəngli qapısı gözoxşayandı. Üstündə yeni ildən qalma çələng var. Zəngi basıram, xoş siması olan xanım gülümsəyir. Yaşı əllini keçmiş qadınıdır. Bu ilk baxışdan bilinməzdi, gülümsəməsi dodaq etrafı qırışlararına casusluq etməsə idi . Çox qəribədir ki, mən ona məqsədimi açıqlayanda, təəccüblənmədi. Dedim ki, qayğıya ehtiyacım var, dedim ki, ailəmdə vəziyyət belədir, evim var və soyuqqanlı insanlarla yaşayıram. Yalan danışa bilmirəm, boğuluram.
Biz xeyli söhbət etdik, o gülumsəyirdi, hadisələrin kökünə getmirdi, məni qınamırdı. Hətta arvadıma xəyanət etdiyimi, oğlumun üstünə qışqırmağımı soyuqqanlı qarşıladı. Yatmağa hazırlaşanda mənə içində müxtəlif otlar doldurulmuş yastıq verdi. Dedi ki, kəkliotu, inciçiçəyi, keşniş tumu olan yastıq mənə xoş yuxu gətirəcək.Mən onun əlini tutdum. İsti idi.. O çəkmədi.
Bəzən bizim illərlə gözlədiyimiz bir gündə baş verər. Gözləmədiyimiz günlərin birində.
Artıq bir aydan çox idi , o qadınla yaşayırdım. İntim münasibətimiz var idi. O yaşda məndən böyük idi. Düzdü qarnı qırışmışdı, budları portağal qabığı kimi idi. Amma saçlarından gözəl qoxu gəlirdi. Anası Ukraynalı idi, tək oğlu da qohumlarının evində yaşayırdı, xaricdə işləyirdi. Əri metro partlayışında ölmüşdü. O mənə sual vermirdi, bu çox xoşuma gəlirdi. Evdəkilər məni axtarırdılar. Telfonuma gələn zənglər ara- sıra olur, tez bitir, nəticə gözlənilmirdi, səbəb soruşulmurdu. Qadına ayda üç manat ödəyirdim. Pulu mütləq vaxtında verməli idim. Yoxsa turş qaşqabaq tökürdü. Otağı çiçək ətirləri bürüyən axşamların birində belə söhbətimiz oldu: -Aşına nə deməkdir, bilirsən? -Hə, Çin dilində qurd, canavar deməkdir. – Niyə canavarı və iti yanaşı görsək iti özümüzə yaxın bilirik? O savadlı qadın idi və məni yaman yerdən vurdu: -Niyə Sultan Mahmud eybəcər idi, amma xalq onu sevirdi? – Çünki vəziri ona demişdi ki, xalq xoşsifət şahları sevər. Sən qızılı özünə düşmən bil. O qocalığın əlaməti olan üstü çilli əllərini gizlədə bilmirdi. Sallanan buxağı və göz qapaqlarını ilə münaqişəni həll etmiş sayılırdı. -Demək ki, canavar qızıldı. Əslində yaxşı olan, amma aldadıldığımız mövzudu. Canavar ulayır, təkdi, tutdusa hökman parçalayır kimi fikirlər, qızıl sizi məhvə aparar fikrinin eynisidir və yanlışdır. – ” Cənnət qəbzlərini” nə ilə alardıq, pul olmasa idi, qızıl olmasa idi? O gülümsəyir. Mən də gülümsəyirəm , çünki ixtisasıma sataşıb. Niyə bu vaxtadək bu addımı atmadığımı düşünürəm. Həyatın dadını hiss edirəm. Ünsiyyətin, evə gələndə isti yeməyin, mehriban baxışların nə olduğunu indi bilirəm. Körpü , şəhərin kənarındakı körpü məni sakitləşdirən məkandır. Bazar günləri ya da uşaqlıqda dediyim kimi yeddinci günlər ora gedirem. Bu dəfə qadınla getdim. O qızarmış yanaqlarını boynuna saldığı şarfıyla gizlədərək danışırdı.. – Düşünürəm ki, bu dünyaya görə çox yaxşı adamam. Bu səbəbdən panik ataq oldum. Anam inciməsin deyə, başıma gələnləri gizlətdim. Kənardan ” nəyin çatışmır?” kimi görünürəm. Amma intelektual mübarizədə özümlə eyni dünyagörüşündə olanlarla birlikdəyəmsə, bu cəmiyyət üçün xeyirli nəticələrə gətirəcək. Əksi olarsa, arzularım gölgədə qalacaq. Rəfiqələrimə xəyanət etmədim, münasibətlərin mənəvi yüksəlişinə çalışdım, əlimdən gələni etdim. İlk yalanlarını tutan kimi tərk etmədim, zaman verdim, sonra dəyərsizliyi hiss edən kimi son sözümü deyib ayrıldım. – İncimə, sənin yaşın əllidən çoxdur, hələ arzularından danışırsan? Bir də ki, sənin dəyərini kimsə qiymətləndirməli deyil. Özünü dəyərsiz hiss edirsənsə, deməli dəyərsizsən. Bu birbaşa səninlə bağlıdır, qarşı tərəflə yox. Mən kobud olmuşdum, fərq edirdim. Amma o elə bil eşitmədi məni. -Özümü əla dost sayıram. Onu isə dərin sevdim. Qəlbimə tam yerləşdirdim, eynisini gözlədim. Sərhəd qoymadım, az adamın bacardığı şəkildə bütün ruhumla sevdim. Özümlə qürur duydum. – Kimi?.. Axı bu sevgidirsə ,niyə qarşılıq gözləyirdin? Yenə onun söhbətini kəsdim. -Mən yaxşı övladam. Valideynlərimə həmişə zəng etdim, maddi köməyimi əsirgəmədim. Sərt xarakterli ana oldum, savad məsələsində güzəşt etmədim. Oğluma yerli mühitdə qadağan olunmuş mövzuları adi, elmi şəkildə izah etdim, ona hər mövzuda söhbət etmək üçün açıq şərait yaratdım. Özümü eqoist insan hesab edirəm. – Bəs pul? Qadın yuxuda danışan adam kimi indi ayıldı. Nəhayət mənə cavab verdi: – Pul mənim üçün asan qazanılan mənasız söhbətdi. Pul qazanmaq istəyən adam, beynində pulla bağlı şübhələrə son qoymalıdır. – Cəsarət? – Özümü cəsarətsiz hesab edirəm . Sonradan qazanılmış cəsarətsizlik. Biz yaşımız artıqca qorxaq oluruq. İnadlıyam, məqsədli adamam. Sizi evimə qəbul etməyim məqsədimin bir hissəsidir.
Bir az utandım. Biz bir yatağı bölüşürdük. O isə hələ mənə siz deyərək müraciət edirdi. – Mən tez ağlayıram, amma əziz insanların sözlərinə. Güclü adamları sevirəm. Zəif xarakterliləri qəbul edə bilmirəm. Bilirəm ki, bu yaxşı cəhətim deyil. Tanımadığım birilərinə də ürəyimdə mərhəmət var.
Qadın susdu. Onu çox danışan görməmişdim. Bir ilə yaxın idi birlikdəydik. Onun uzun söhbətini dinləyərək, ürəyim sıxılmışdı. Qadın gözəldir, yalnız susanda.
Biz çiskinli bazar gününü körpünün üstündə uzun muddət susaraq keçirdik. O bunları niyə sadalayırdı ki? Onsuz da mən bilirdim..
Görəsən mən onun məqsədinin hansı hissəsiydim? Özü bayaq demişdi. Soruşmadım, çünki uzun danışacağından qorxurdum. Sükutu insan səsi pozmamalı, qadın səsi heç pozmamalı.
Biz evə qayıtdıq. Ona bu ayın da pulunu verdim. Dünən əməkhaqqımı almışdım. Nə qəribə idi.. Qayğı üçün pul ödəmək. Əlimə heçnə almırdım, içim isə dolurdu..
Ailəm məni daha axtarmırdı. Onlara maddi baxımdan da lazımlı deyildim. Fevralın biri idi. Bu gün dərsim çox idi, şagirdləri müsabiqəyə aparacaqdım . Evə gec gəlmişdim. Qapını açanda gülümsəyən simasını görmədim. Yemək hazır deyildi, otaq tör- töküntü idi. Və ən pisi o zarılayırdı. Nə edəcəyimi bilmirdim. Doğrudan bilmirdim, başımı ititmişdim. Onun səsinin kəsilməsini istəyirdim. Gecəni birtəhər keçitdim. Səhər otaqdan tər iyi gəlirdi. Onun yatağından gəldiyi məlum idi. O xəstələnmişdi. Məktəbə getdim, dilxor idim. Axşam sağalacağına ümid edirdim. İşdən çıxandan sonra küçələrdə bilərəkdən özümü yubandırdım. Qapıya çatar- çatmaz eyni zarıltı, eyni inildəmə.. Onun xəstəliyi gün- gündən ağırlaşırdı. Arıqlamışdı, çörək yemirdi. Yatağından dura bilmirdi. Həkim cağırmağıma razı deyildi. Mən ona qulluq edə bilmirdim. Cansıxıcı mühitdən qaçmaq istəyirdim. Pulla aldığım qayğı yoxa çıxmışdı, yerində qoca, iylənmiş , ah- zar edən biri var idi.
* İndi o günlərimə baxanda eşşək olduğumu anlayıram. Bir fincan çay vermədiyim , yataq dəstlərini dəyişmədiyim, çimizdirmədiyim , yanından qaçdığım insanın sağalmasını gözləyirdim . Əslində mən eqomu doyduran münasibətin gec sağaldığı üçün əsəbi idim. İstədiyimi ala bilmirdim, pul vermişdim axı..
Qadın ölmədi. Ölə bilərdi, amma onun xəstəliyinin adı nə idi ki?!…
Ağrıyan bədən üzvü yox idi. Və mən o vaxt bunu dərk etmirdim. Qadın günlərin birində ayağa güclə də olsa durdu. Divarı tuturdu, çünki başı hərlənirdi. Mən dünən aldığım peçenye ilə çay içirdim. O mənə tərəf baxmadı. Vanna otağına daxil oldu, yuyundu. Həyətə düşdü, orada bağcada oturdu. Tez- tez su içməyə başladı. Məni danışdırmırdı, kəlmə kəsmirdik.. Otağa gəldi, yemək yediyim stolun üstünə nə isə atdı və öz otağına keçdi. Baxdım.. balaca kisədə pul idi, saydım , ona indiyədək verdiyim pullar. Mən sahibinə dönük çıxan it kimi qulaqlarımı salladım. Otağı tərk etdim, bu dəfə iniltilər mənim içimdən gəlirdi. Qəlbim zarıldayırdı.. və dirilmişdi..
Yenə öz evimdəyəm. Pilləkənləri qalxıram, səs gəlmir. Məni gözləmirlər. Və heç kəsə maraqlı deyil, mən qayğının pulla alındığı evdən gəlirəm. Bəlkə hələ də anlamamışam ki, heç bir insana nə pulla, nə pulsuz qayğı göstərməmişəm… Amma gözləmişəm…