Kristina Peri Rossi (1941) Uruqvaylı şair, tərcüməçi, qısa hekayələr ustası. 2021-ci ildə ispandilli ölkələrin ən prestijli ədəbi mükafatı olan “Servantes mükafatı”nı qazanıb.
Qılıncla divar arasındakı məsafə lap azalıb. Qılıncdan qaçsam, divara yapışacam və divarın soyuğu iliklərimə işləyəcək; yox, divardan qaçıb özümü irəli atsam, qılınc boğazıma sancılacaq. Deməli ikisinin arasında mövcud olduğunu düşündüyümüz istənilən alternativ saxtadır. Belədirsə, bunu qınayıram. Həm qılınc, həm də divar yalnız mənim məhvimi, ölümümü istəyir, ona görə də mən seçim etməkdən boyun qaçırıram. Əgər qılınc divardan daha yumşaq olsaydı, yaxud divar qılıncın tiyəsi qədər kəskin olmasaydı, qərar vermək mümkün olardı, amma onları – qılıncı və divarı – gözdən keçirən hər kəs dərhal anlayar ki, ikisi arasında fərq sadəcə səthidir. Bilirəm ki, divarla qılınc arasındakı dar yerdə yaşamağa çalışaraq ölümümü gecikdirmək qeyri-mümkündür. Burda hava çatışmır – zəhərli qazlar və hissəciklərlə kirlənib, üstəlik, qılınc bədənimdə xırda kəsik izləri qoyur (onları utancımdan gizlədirəm), divarın soyuğu isə ciyərlərimə dolur, yavaş-yavaş öskürürəm. Əgər mən sürüşüb aradan çıxa bilsəydim (imkansız xilas yolu) qılıncla divar qarşı-qarşıya gələrdi. Lakin artıq arada mən olmadığım üçün gücləri o qədər azalacaqdı ki, bəlkə də divar dağılacaq, qılınc paslanacaqdı.
Amma qaça biləcəyim bir boşluq yox idi, qılıncı aldatsam, divar böyüyür, divardan aralansam, qılınc üstümə gəlirdi.
Mən müxtəlif oyunlarla qılıncın diqqətini yayındırmağa çalışırdım, ancaq o çox hiyləgər idi. Boğazıma tuşlanmadığı anlarda tiyəsini ürəyimə dirəyirdi. Divara gəldikdə isə, düzdür, bəzən onu buzdan olduğunu unudub yorğunluğumu çıxarmaq üçün söykənirdim, lakin o dərhal ölümcül soyuqluğu ilə öz təbiətini xatırladırdı.
Bir neçə aydır ki, belə yaşayıram. Divardan və qılıncdan daha nə qədər qaça biləcəyim məlum deyil. Məkan getdikcə daralır, gücüm isə tükənir. Taleyim vecimə deyil: istər soyuqdəymədən, istər qanaxmadan ölüm; artıq bu məni narahat etmir.
Amma qılıncla divar arasında yaşamağa yer olmamağını qəti şəkildə qınayıram.
İspancadan tərcümə: İlahə Əkbər