Con Maksvell Kutzeye (d.t 1940-cı il) 2003-cü il Ədəbiyyat üzrə Nobel mükafatının laureatıdır. Artıq dördüncü dəfədir afrikalı və ikinci dəfədir Cənubi Afrika təmsilçisi Nobel mükafatı laureatı olur. 1991-ci ildə bu prestijli ədəbi mükafata Nadin Qordimer layiq görülmüşdü. İndi mükafat onun kolleqası və dostu Kutzeyeyə təqdim olunub.
Onun 1999-cu ildə “Rüsvayçılıq” romanına görə Buker mükafatını qazanması barədə yazanlar olub. Kutzeyenin əsərləri 1974-cü ildən nəşr edilməyə başlayıb. 2003-cü ilədək onun doqquz romanı, ədəbiyyatşünaslıq məqalələrindən ibarət bir neçə toplusu, iki cildlik avtobioqrafik nəsr nümunələri çap olunub. Yazıçının doqquz romanının hər biri ədəbi mükafatlara layiq görülüb, həmçinin, o, Buker mükafatını iki dəfə alan yeganə yazıçıdır.
Kutzeye illər boyu Nobel mükafatının əsas namizədləri sırasında olub. Odur ki, İsveç Akademiyasının səsvermə nəticələri açıqlananda və C. Kutzeye laureat elan olunanda beynəlxalq ədəbi mühitdə heç kim təəccüblənmədi. Akademiyanın 18 üzvü öz bəyənatlarında yazıçının yaradıcı üstünlükləri arasında məharətli kompozisiyanı, möhtəşəm dialoqları və analitik ustalığı qeyd etmişdilər. Bundan başqa İsveç akademikləri yazır: “Müəllif qəddar rasionalizmi və qərb sivilizasiyasının səthi həqiqətini tənqid edir. Yazıçı insanların zəifliklərini, çatışmazlıqlarını təsvir edərək onun mahiyyətindəki ilahi qığılcımı ortaya çıxarır”.
Kutzeye nadir hallarda müsahibə verir, suallara cavab verərkən dediklərini izah etməkdən qaçır, heç vaxt mükafatlandırma mərasimlərində iştirak etmir. Lakin o, Stokholma gəlib Nobel nitqi ilə çıxış etməli olmuşdu. İştirakçılar ənənəvi çıxış əvəzinə, Kutzeyenin növbəti kitabından bir fəsil dinləmişdilər. Yazıçı “Robinzon Kruzo”ya müraciət etmiş və Robinlə Cümə arasındakı münasibətlərin öz versiyasını təqdim etmişdi. O, öyrənməyin və ədibliyin faydası barədə fikir söyləmiş, yazıçının baş vermiş hadisələri təsvir edərkən dəyişdirmək haqqını müdafiə etmişdi. Onun Robini cavan olanda istəyirdi ki, gənc yazıçılara başqalarının istifadə etdiyi süjetlərdə yazmaq qadağan edilsin. Lakin ömrünün sonuna yaxın anladı ki, dünyada süjet azdır və əgər gənc yazıçıları plagiatda günahlandırsaq, dünyaya sükut çökər.
Bir neçə il əvvəl Kutzeye əsərlərinə şərh verərkən demişdi: “Mən hansısa ideyanı sübut etməyə çalışmıram. Mən sadəcə azadlığa can atıram”. Bu fikir onun yaradıcılığının ən dəqiq xarakteristikasıdır.
Kutzeyenin qəhrəmanları azadlığa can atırlar, həbsxanalardan, düşərgələrdən, önhökmlərin mühasirəsindən qaçırlar. Rejimə, ictimai fikrə, imperiyanın qanunlarına qarşı gəlmək bütün dövrlərdə təhlükəli olub. Bunun ardınca işdən, ailədən məhrum olmaq, işgəncələr və ölüm gəlib. Belə qəhrəmanların taleyi ağır olur. Lakin onların hamısı azad qalır, beləliklə, imperiyaya qalib gəlirlər. Lakin Kutzeyeyə görə, azad olmaq xoşbəxt olmaq demək deyil.
Çox səciyyəvidir, müəllifin “Rüsvayçılıq” romanından başqa heç bir əsərində qəhrəmanların dəri rənginə görə diskriminasiyası yoxdur, protaqonistlər qovulanlara və qovanlara, cəlladlara və qurbanlara, toxlara və aclara, ən sonda azad olanlara və olmayanlara bölünür. Üstəlik, birinci kateqoriyaya qurbanlar, ikinciyə isə cəzalandıranlar aid edilir.
Kutzeyenin romanlarında əsas qəhrəmanlar sayca az olur, bu isə qəhrəmanları hərtərəfli və müxtəlif şəraitdə təsvir etməyə, onların daxili monoloqlarına diqqət yetirməyə imkan yaradır. Adətən digər insanların fonunda xor qabağında çıxış edən solist kimi təqdim olunan susqun, tənha personaj həlli qeyri-mümkün faciəvi vəziyyətlərə düşür. O, düşdüyü vəziyyətin içindən hamının tutulduğu dəlilikdə iştirak etməkdən imtina edərək, heç kimi yaralamadan və təhqir etmədən çıxır. Ona qarşı zorakılıq edilir. O, ətrafındakılarda əvvəlcə təəccüb, sonra mərhəmət hissi oyadır. Ona baxanda digərləri qorxaqlıqlarına və üzüyolalıqlarına görə özlərini narahat hiss edirlər.
Kutzeyenin romanları amansızdır. Onun kolleqası, Çikaqo Universitetinin professoru Conatan Lier deyib: “O, ürəkparçalayan şeylər təsvir edir, elə qaranlıq uçurumlara enir ki, çox adam ora baxmağa ürək etməz. Kutzeye insan qəddarlığını, digərlərinin əzablarına qarşı laqeydliyi araşdırır. Şəxsən mənim buna cəsarətim çatmaz”.
Kutzeye romanlarının mütaliə edərkən xoş vaxt keçirdim demək olmur. Onun təsvir etdiyi dünya qorxuludur. Müəllif oxucunu özümüzə bənzəyənlərə, heyvanlara, təbiətə necə əziyyət verdiyimizi görməyə vadar edir. Lakin bədbəxt personajlar üzərində işgəncə və təhqir səhnələrinin ilk şokundan sonra özümüzə gəldikdə, uzaqda bir ümid işığının parıldadığını qeyd edir.
Kutzeye yazıçılıq fəaliyyəti boyunca konkret mövzulara müraciət edir: məzlumların və zalımların münasibətləri, fiziki və ya mənəvi zorakılığın təsiri ilə insan şəxsiyyətinin puç olması və ya insanın uğurla müqavimət göstərməsi, valideynlərlə övladlar arasındakı münasibətlər və faciəvi olsa da, valideynlərin öz uşaqlarını dərddən, zorakılıqdan və inciklikdən qorumağa qadir olmaması, insan varlığının kövrəkliyi.
Yazıçının qəhrəmanları günahsızdırlar. Biri balqabaq yetişdirmək, digəri təqaüdə çıxana qədər işləmək, sonra qazıntılar aparmaq və qədim bir dili öyrənməklə məşğul olmaq istəyir. Lakin onların həyatı imperiyanın planları ilə alt-üst olur.
“Barbarları gözləyərkən” romanında hakim baş verənlər qarşısında günahkarlıq duyğusu ilə ittiham edilir. O, daim və israrla öz üzərində qəddar təcrübə aparır – darısqal otaqda həbs olunan insanların başına nələr gələ biləcəyini təsəvvür edir. Özünü onların yerinə qoyaraq işgəncələrin mahiyyətini aşkarlamağa çalışır. Qırıq-qırıq söhbətlərə, əsgərlərin şərhlərinə əsasən o, bəzi şeyləri sezir.
Müəllif haldan hala düşmək ustasıdır. O, öz qəhrəmanı kimi cəsarətlə həyatın dərinliklərinə qərq olur. O, özünü öz qəhrəmanlarının əzablı yolları ilə getməyə məcbur edir. Skafandrla mümkün maksimal dərinliyə enməyə bənzər bir şey baş verir. Lakin onu su əvəzinə insanların ağrı-acıları əhatə edir. Bir az da qalsa, oradan çıxa bilməyəcək, yazıçının psixikası dözməyəcək və o, özünü məhv etməli olacaq.
Kutzeye öz sənətkarlığını məzlumların, əzabkeşlərin, günahsızların müdafiəsinə yönəldir. O, ədalətsizliyə qarşı çıxış edir. O, müqavimətsizlikləri ilə zülmkarlara qalib gələn qəhrəmanları təsvir edir. Sükut onların yeganə silahıdır. Zalımlara nə işgəncələr, nə sürgünlər, nə uşaqların valideynlərin gözü qarşısında öldürülməsi kömək olur. İmperiyalar dağılır.
Kutzeyenin ən güclü romanları – “Barbarları gözləyərkən” və “Maykl K.-nın həyatı və zamanı” – aparteid vaxtında yazılıb və insan üzərində zorakılığa qarşı güclü etiraza çevrilib. Cənubi Afrika irqi diskriminasiya sistemindən azad olduqdan sonra Kutzeye “Rüsvayçılıq” romanını çap etdirir. Əsərin əsas mövzusu insan varlığının kövrəkliyi idi. Ölkədə hakim sinfin əvəzlənməsi prosesi gedir, bu isə həmişə kataklizmlərlə müşayiət olunur.
Kutzeye 1996-cı ildə verdiyi müsahibədə ölkəsindəki vəziyyəti belə qiymətləndirir: “İnsanlar vulkanın üzərində yaşayır və bunu dərk etmirlər. Onlar ətrafdakı dünyanın dəyişdiyini görür və hesab edirlər ki, dünya daha da sürətli dəyişməlidir. Lakin onlar başa düşmürlər ki, dəyişikliklər özlərini də, uşaqlarını da silib süpürə bilər.”
Bu hadisə dəfələrlə təkrarlanıb. Məsələn, götürək elə Rusiyanı və inqilabın pişvazına çıxan intelligentləri. Onlar ömürlərini harada sonlandırdılar? Ən yaxşı halda xaricdə. Lakin bu romanda yazıçı başqa bir vacib və polemik mövzuya toxunub. O, universitetlərə hücum edir. Ənənəvi olaraq onlar bilik qalası, müdriklik və azadlıq məbədi hesab olunur. Kutzeye göstərdi ki, müəssisələr, təşkilatlar insanlardan azad ola bilməz. O, həmkarlarının davranışlarından doğan təhlükəni hiss edib, onu qovan professorların riyakarlığını göstərdi. Universitet professorları əxlaq dərsi verir, lakin onların davranışları əxlaqsızdır. Onlar azadlığı öyrədir, özləri isə azad olmaq hüququnu bəyan edən birini qovurlar. Yazıçı sübut edir ki, onların snobizmi, öz günahsızlıqlarından əminlikləri professorların ikiüzlülüyüdür.
Bu mövzu özündən əvvəlkinin davamı kimi çıxış edir. Orada müəllif “balaca insanlar”ın hüquqlarını müdafiə edirdi. Niyə onların bilikləri universitetlərdə təqdim ediləndən daha az əhəmiyyətlidir? Kutzeye əmindir ki, dünyada təkcə universitet biliyi mövcud deyil. Onunla eyni dəyərə malik digərlər biliklər də var.
Yazıçı universitetlərə və ənənəvi qərb təhsilinə hücumu 2003-cü ildə nəşr edilmiş son romanı “Elizabet Kostello”da da davam etdirir. Kutzeye polemik ideyalarını qocalmaqda olan məşhur yazıçı Elizabet Kostellonun dilindən verir. Roman Elizabetin müxtəlif ölkələrin universitetlərində oxuduğu səkkiz mühazirədən ibarətdir. Müəllif onun ictimaiyyət, bacısı, oğlu, həmkarları və nəhayət Allahla olan münasibətlərini göstərir. Onu nitqlərlə çıxış etməyə dəvət edir, prestijli mükafatlar verirlər. Bu dəvətlər, o, məşhur olduğu üçün gəlir. Lakin Elizabet ağzını açan kimi mühazirələrdə iştirak edənlər onun dəvət edilməsinə peşman olurlar.
Ən çox şoka salan isə onun heyvan hüquqlarını qızğın müdafiə etməsidir. Elizabet onlara layiqli yaşayış hüququ verilməsini tələb edir, o, quşçuluq fabriklərini və mal-qara fermalarını ölüm düşərgələri adlandırır. Müəllif yenidən bu sualı qoyur: niyə insan ali varlıqdır və digərlərini öldürmək hüququnu ona kim verib? O hesab edir ki, bütün canlılar eyni dərəcədə dəyərlidir. Çox az adam bunlara qulaq asmaq və fermalarda, sallaqxanalarda heyvanlarla rəftardan bəhs edən filmlərə baxmaq istəyir.
Adətən Kutzeye romanlarında bir yox, paralel inkişaf edən iki əsas mövzu təqdim edir. “Elizabet Kostello”da ikinci mövzu yaradıcılığın mənasına, yazıçının və onun irsinin taleyinə həsr olunub. Elizabet deyir: “Vaxt keçdikcə kitablarım yoxa çıxacaq. Elə yoxa çıxsalar, yaxşıdır”. O, daha kitab yazmağın yaxşı iş olduğuna inanmır. Elizabet ölümündən sonra ərafda Cənnətə giriş haqqını gözləyir. Onu buraxmırlar. O, sonsuz petisiyalar yazır. Onlar rədd edilir. Müəllif belə deyir: “Elizabet əbədiyyən ərafda qalacaq.”
Axı niyə Elizabet bu qədər iradəsiz oldu? Elizabet ömrü boyu azad olub, güzəştə getməyib, digər insanların fikrindən və iradəsindən asılı olmayıb. O, niyə Cənnətə düşmək istəyir?
Kutzeye ateist Elizabet obrazının qarşısına Allahın xidmətində duran və Afrikada katolik missiyada işləyərək ölən uşaqlara qulluq edən bacısı Blanşı çıxarır. Bacılar humanitar elmlərin faydası, yaxud daha çox faydasızlığı barədə mübahisə edirlər. Elizabet insanın ona məlum olmayan gözəllik dünyasını öyrənmək və kəşf etmək hüququnda israr edir. Beləliklə, insanın daha yaxşı olacağına ümid yaranır. Blanş hesab edir ki, universitetlər və təhsil dünyanın, insanın yaxşılığa doğru getməsi üçün heç nə etməyib. İnsanı yaxşılaşdırmaq qeyri-mümkündür. Blanşın missiyası insana çiyinlərinə düşən əzabları daşımağa kömək etməkdir.
Yazıçı Blanşın obrazını təsvir edərkən oxucuları digər alternativ qarşısında qoymur ki? Dostoyevski ilə gözəlliyin dünyanın xilası üçün nə qədər əhəmiyyətli olması barədə mübahisəni davam etdirmir ki? Lakin bizə Blanşın cənnətə düşüb-düşməyəcəyini bilmək lazım deyil.
Kutzeye 1994-cü ildə “Sankt-Peterburqlu sənətkar” romanını çap etdirir. Bu romanda Dostoyevskinin qəhrəmanını dərd, göz yaşı və əzablı duyğular uçurumuna atır. O, “Cinlər”in süjetini Dostoyevskinin tərcümeyi-halındakı faktlarla birləşdirib. Yazıçının oğlu ölür, o, aydınlaşdırır ki, qatil Neçayevin qrupudur. Əsərin mürəkkəb fabulası yenidən müəllifə yaradıcılıq problemlərinə müraciət etmək imkanı verir. Bu kədərli hadisə Dostoyevski üçün incəsənət materialına çevrilir. Kutzeye özünü faktlar və uydurma qarşısında qoyan yazıçı fikrinin intensiv hərəkətini təsvir edərkən göstərir ki, romandakı yazıçı həyat faktlarını incəsənətə çevirmək üçün ruhunu şeytana satır. Yazıçının normal duyğuları qalmır, onların hamısı roman üçün materiala çevrilir. “Sankt-Peterburqlu sənətkar” romanında qaranlıqla mübarizə apararaq onu işığa və incəsənətə çevirən Dostoyevskinin yeganə təsəllisi və rahatlığı yaratmaqdır.
Kutzeyenin romanları rasional olsa da, yazıçının qəlbində emosiyalar burulğanı yaradır. Onlar heç nə öyrətmir. Kutzeye kitablarını oxuyanların daha yaxşı insan olması üçün yazmır. Bizə yalnız yazıçının ağlına, istedadına, cəsarətinə və idrakına heyran olmaq qalır. Yəqin bu qədər ağır mərhəmət yükünü çiyinlərində daşıyan, dünyanın bütün çirkin qəddarlığını romantizm və optimizm əlaməti olmadan görən yazıçıya rəhmimiz gəlməldir.
Bu əsərlər arxayın mütaliə, tədricən anlama və mənimsəmə tələb edir, çünki onlar çoxplanlıdır və müəllif layları yavaş-yavaş üzə çıxararaq həyatın dövrələrini dalbadal açır.
Bəzi həmvətənləri, kolleqaları yazıçının romanlarını politkorrekt olmamaqda və Cənubi Afrika ictimaiyyətinin hədsiz kədərli mənzərəsini təsvir etməklə günahlandırırlar. Düzdür, onun baxış bucağı aydındır – pis olub və pis olacaq. Lakin başqa cür pis olacaq. Onu Cənubi Afrika barədə neqativ təəssüratın ekspluatasiyasında günahlandırırdılar. Xüsusilə Kutzeyenin ferma həyatının təhlükəli olmasından, ölkədəki ağdərili fermerlərin öldürülməsindən bəhs edən “Rüsvayçılıq” romanı daha çox qınaqlara məruz qalıb.
İndi tənqidçilər yazıçını ölkədə qalıb mübarizə aparmaq əvəzinə, Avstraliyaya köçməklə ittiham edirlər. Lakin onun bioqrafiyasına baxsaq, görərik ki, məsələ göründüyü kimi deyil. Kutzeye 1940-cı ildə afrikanerlər – holland köçkünlərinin nəsli – ailəsində anadan olub. Keyptaun Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra işləmək üçün İngiltərəyə yollanıb. Sonra ABŞ-a köçüb, ədəbiyyat üzrə professor olub. Amerikada yaşadığı 10 ildən sonra vətəninə qayıdıb və Keyptaun Universitetində professor olub. O, Keyptaunda 20 ilə yaxın yaşadı. Uzunmüddətli ayrılıqlara baxmayaraq, yazdıqlarının mövzusu nə olsa da, o, Cənubi Afrika barədə yazıb. Ölkəsi bəzən onun romanlarının səhifələrində tanınır, real təsvir olunur, bəzən isə mifik dünyada itkin düşür. Kutzeye Nadin Qordimerdən fərqli olaraq heç vaxt aparteidə qarşı aktiv mübarizə aparmayıb. Onun dünyaya baxışı kənara çəkilmiş yaradıcı baxışıdır. Kutzeye avtobioqrafik kitablarında artıq uşaqlıqda onu əhatə edən dünyadakı sosial vəziyyətin gərginliyini sezməyindən bəhs edir. Beləcə, onda “alçaldılmış və təhqir olunmuşlar”a qarşı maraq yaranmışdı. O deyir ki, iki irqin maraqlarının toqquşmasına görə onun vətəni ön plana çıxıb – burada ziddiyyətlər, konfliktlər, incikliklər, əzablar daha çox gözə çarpır. İmperiyanın müdafiə üsulları qəddar idi, cavab tədbirləri də – müqavimət – qəddarlıqda geri qalmırdı.
“Son 40 il ərzində Cənubi Afrika böyük mənəvi borca malik ölkəyə çevrildi. Sakinləri isə gözlərini açıb bunu görməli oldular”. Bu, bir tərəfin azadlığa can atdığı, digər tərəfin isə buna yol verməmək üçün cəza tədbirlərinə əl atdığı ölkədir. “Barbarları gözləyərkən” romanındakı hakim gənc leytenantla şam yeməyi yeyir. Söhbət barbarlardan düşür.
“Bu barbarlar nə istəyir?”
“Bizim onların torpaqlarında məskunlaşmamağımızı”.
“Amma biz buradan heç vaxt getməyəcəyik, çünki bura imperiyanın müdafiə xəttinin ön tərəfidir”.
“Əminsiniz?”
10 il keçib və imperiya ön müdafiə xəttini tərk edib. Yazıçı onun hökmranlığına, sonra tənəzzülünə, indi isə yeni sosial nizamın yaradılmasına şahidlik edib.
“Mən zamanın şahidi olaraq qalmağa çalışıram” – onun fikrincə, yazıçının əsas vəzifəsi budur.
(2004)
Tərcümə etdi: İlahə Əkbər