Bədbəxtliyimin səbəbkarı Çoledir. Nə deyirlər-desinlər, Apolonionun günahı yoxdur. İş ondadır ki, bunu heç kim başa düşmür. Mən pis adam olmasam da, arada onu elə həddə çatdırırdım ki, mənə əl qaldırmalı olurdu. Yoxsa ki, məni sevirdi. Onun sevgisi bir başqaydı. Heç kim məni əksinə inandıra bilməz. Sırf məni sevdiyinə görə dəridən-qabıqdan çıxmışdı ki, onun məşuqəsini qəbul edim.
Axı bunu mənə deməyə məcbur deyildi. Bunu gizlədə bilərdi, ancaq dediyinə görə bir gün harada itib-batdığını öyrənəcəyimdən, onu tərk edəcəyimdən qorxurdu. O, məni itirmək barədə düşünmək belə istəmirdi, çünki onu başa düşən yeganə adam mən idim. Qonşularım ağızlarına gələni danışırdılar, amma gəlin görək hansının əri orda-burda saxladıqları sevgililəri barədə həqiqəti onların üzünə deyə bilərdi? Heç birinin! Təkcə mənim Apoloniom dürüst davranmışdı. Təkcə o mənim qeydimə qalırdı. Təkcə o mənə görə narahat olurdu. QİÇS xəstəliyinə görə kişilərin fahişə yanına getməyi lap təhlükəli idi, ona görə o çoxlu qadınla yatıb-qalxmaq əvəzinə, özünü qurban vermiş və bircə məşuqə saxlamaq qərarına gəlmişdi. Beləcə, məni bu xəstəliyə yoluxmaq riskindən qoruyacaqdı. Bax, bu, əsl sevgidir, boş şey deyil! Onlar hardan bilsinlər axı!
Yaxşı, etiraf edim ki, əvvəl-əvvəl mən də onu başa düşməkdə çətinlik çəkmişdim. Üstəlik, əvvəlcə ona “yox” demişdim. Mənəvi anamın qızı Adela məndən daha cavan idi, ona görə Apolonionun axırda onu seçəcəyindən qorxurdum. Amma Apom məni bunun heç vaxt baş verməyəcəyinə, əslində, Adelanın belə şeyləri çox da vecinə almadığına inandırdı. Artıq kişiliyini sübut edə biləcəyi son illəri yaşayırdı, başqa şansı olmayacaqdı və bundan istifadə etməli idi. Onda soruşdum ki, bəs niyə son şansını mənimlə dəyərləndirmir? O da ətraflı izah elədi, dedi ki, bu qadınların heç vaxt anlamayacağı kişi problemlərindən biridir. Mənimlə yatmağın heç bir üstünlüyü yox idi, çünki mən onun arvadıydım və mənə istədiyi vaxt sahib ola bilərdi. O hələ də başqa qızları yoldan çıxara bildiyini sübut etməliydi. Əgər bunu eləməsə, həmişəlik travma qazanacaqdı, daha kompleksli birinə çevriləcəkdi, onda heç mənə də sözü keçməyəcəkdi. Bu məni yaman qorxutdu.
Ona dedim ki, məşuqəsi olduğunu qəbul edəcəm. Amma Adela ilə də danışmalı oldum, çünki uşaqlıqdan tanıdığım Adelita çox məyus idi və Apolonionun sevgilisi olmağına icazə verdiyimi öz ağzımdan eşitmək istəyirdi. O, dedi ki, ərimdə gözü yoxdur. Qız sadəcə bizim evliliyimizə dəstək olmaq istəyirdi, beləcə, Apolonio yalnız Adela ilə olacaq, onu mənim əlimdən almaq ehtimalı olan yad qadınlara baş qoşmayacaqdı. Qıza təşəkkürümü bildirdim, hətta deyəsən xeyir-dua da verdim. Düzü ona hədsiz minnətdar idim, çünki mənə görə özünü qurban verirdi. Adela cavan idi, gözəl ailə qura, uşaqlar doğa bilərdi, amma bunun əvəzinə sırf insanlıq xatirinə Apolonionun daimi məşuqəsi olmağa razılıq vermişdi.
Beləcə, hər şeyi uzun-uzun müzakirə etdik və aydınlaşdırdıq. Adelanın yanına gedəcəyi günlər, saatlar və s. əvvəlcədən təyin olundu. Əslində, bundan sonra sakitləşməli idim. Hər şey nəzarət altındaydı. İndi Apolonio daha rahat olacaqdı, hamı bu gedişatdan razı qalmalı, xoşbəxt olmalı idi. Amma bilmirəm niyə, mən hələ də özümü pis hiss edirdim.
Apolonioun Adela ilə olduğu vaxtlarda yata bilmirdim. Bütün gecəni onların neylədiyini düşünərək keçirirdim. Düzü, bunu təsəvvür etmək elə də çətin deyildi. Neylədiklərini çox yaxşı bilirdim. Özümlə bacarmırdım, bu mənə əzab verirdi. Ən pisi də o idi ki, Aponun xətrinə dəyməmək üçün özümü yalandan yatmış kimi göstərmək məcburiyyətində qalırdım.
O buna layiq deyildi. Bir gün gəlib məni oyaq görəndə bunu lap yaxşı anladım. Çox qəzəblənmişdi. Şantajçı olduğumu, ona bu həyatdan zövq almağa imkan vermədiyimi, mənə olan sevgisini daha necə sübut edəcəyini bilmədiyini, bunun əvəzinə mənim onu pusduğumu, ağlamaqdan şişmiş gözlərimi göstərərək və məni tərk edəcəyindən qorxduğumu hiss etdirərək ona əzab verdiyimi dedi. Başqa nəyim çatmırdı ki? O haqlı idi. Hər dəfə evə səhər saat beş-altı arası gəlirdi, amma yenə də öz evinə qayıdırdı axı.
Mən narahat olmamalıydım. Həmişəkindən xoşbəxt olmalıydım. Ay Allah, bəs mən niyə xoşbəxt deyildim? Üstəlik çəlimsiz Apolonionun məni layiq gördüyü həyatdan bezməyə başlamışdım. Mənə heç vaxt almadığı şeyləri Adelaya alırdı, lap dəli olurdum. Məni heç vaxt rəqs etməyə aparmayan adam onu aparırdı. Bir dəfə nə qədər yalvarsam da, ad günümdə Selia Kruz konsertinə aparmamışdı! Qəzəbdən gözlərim saralmağa başlamışdı, ciyərim şişmişdi, nəfəsim belə zəhərliydi, gözlərim iyrənc görünürdü, dərim ləkələrlə örtülmüşdü. Çole halıma yanıb dedi ki, bu azarın ən yaxşı dərmanı bir litr tekilaya bir ovuc boldo çayı töküb səhərlər ac qarnına içməkdir. Boldolu tekila ödü yaxşılaşdırır, adamın canındakı bütün ziyanlı şeyləri silib atırdı. Nə isə, çox ləngimədən küçənin başındakı dükana yollanıb Don Pedrodan bir şüşə tekila aldım və boldo ilə qarışdırdım. Səhəri gün bundan bir stəkan içəndən sonra özümü lap yaxşı hiss eləməyə başladım.
Artıq həm özümü çox rahat hiss edirdim, həm də son günlər olmadığım qədər şən və xoşbəxt idim. Vaxt keçdikcə dərmanın təsiri özünü daha çox göstərməyə başladı. Həmişə güldüyümü və sakit olduğumu görən Apolonio isə Adela ilə daha çox gəzməyə çıxırdı. Onun hər gedişində mən ac qarnına bir stəkan boldolu tekila içirdim ki, ödüm məni zəhərləməsin. İndi mən də Don Pedronun dükanına tez-tez baş çəkirdim. Əvvəllər bir şüşə bir ay bəs eləyirdi, lakin vəziyyət elə yerə gəlib çatmışdı ki, bir şüşə bir günə güclə çatırdı. Amma bədənimdə bir qram zəhər qalmadığından əmin idim! Özümü o qədər yaxşı hiss edirdim ki, az qala boldolu tekilanın əsl möcüzə olduğuna inanacaqdım. O boğazımdan aşağı süzüldükcə bədənim təmizlənir, hərəkətə gəlir, sağalır, rahatlaşır, isinir və getdikcə daha çox canlanırdı! Canlı, capcanlı olurdum!
Günlərin bir günü Don Pedro dedi ki, daha mənə tekila sata bilməz. Onda elə bildim, öləcəm. Tekilasız bir gün belə yaşaya bilməzdim. Ona yalvarmağa başladım. Bu çarəsiz halımı görəndə mənə yazığı gəldi və tekila satmağa razı oldu. Amma daha ödəniş əvəzinə başqa şey istəyirdi. Bu lənətə gəlmiş adam məni həmişə arzulayırmış. Düzü bədənim elə yanırdı ki, mən də istəkliydim. Beləcə, elə piştaxtanın üstündəcə ehtirasa təslim olduğumuz dəqiqələrdə Apolonio bizi gördü.
Apolonio əyyaş və pozğun olduğumu iddia edərək məni atdı. İndi Adela ilə yaşayır. Mən isə ölümə tərk edilmişəm. Hər şeyin günahkarı Çole və onun dərmanlarıdır!
İspancadan tərcümə: İlahə Əkbər