“Bir zamanlar… Hollivudda” filmini əminliklə Kventin Tarantinonun ən yetkin və karyera yekunu üçün layiqli filmi adlandırmaq olar. Bu film Tarantinonun ən şəxsi, ən səmimi və ən həssas lentidir. Bu film bir etiraf, hüzn, nostalji, xatirə, sevgidir. Tarantinonun kinematoqrafiyaya qarşı olan sevgi etirafıdır. Tarantino bu filmdə bizə nə ənənəvi action, nə sonsuz qanlı davalar (final xaric), nə özünəməxsus uzun uzadı “heç nə”dən bəhs edən dialoqlar təqdim etmir. Bir sözlə Tarantino bizim öyrəşdiyimiz Tarantinoluqdan bilərəkdən çıxır və bizə, gizlənmiş özündən danışır. Çünki 2 saat 40 dəqiqə biz Tarantinonun çox şəxsi hüznünü izləyirik: heç vaxt geri qayıtmayacaq 1960-ları.
Məhz bu dövr Hollivud kinematoqrafiyasının çiçəklənən, yeniliklərlə və həqiqi kinematoqrafiya baxımından dolğunlaşmaqda olan bir dövrü idi. Amma bu dövrün də insanları çaşdıran qanlı sonu gəldi. Menson ailəsi sadəcə vəhşi və ağılasığmaz bir qətl törətmədi. Bu ailə bir işıqlı, ümidli və şənliklərlə dolu dövrün faciəvi finalı oldu. Tarantino isə məhz bu dövrdə öz ən qayğısız illərini, erkən uşaqlığını yaşayırdı və çox ehtimal ki, elə buna görə də film belə zərif nostalji hisslərlə dolu alınıb. Ekranda gördüyümüz şəhər mənzərələri, axşamçağı işıqları, köhnə model avtomobillər, köhnə Vestern filmlərin tərzində çəkilən qısa səhnələr, kinoteatrlar, üstəlik də bunların hamısının retro bəstələr altında təqdim edilməsi bizə rejissorun uşaqlıq, yeniyetməlik gözü ilə gördüklərini, xatırladıqlarını göstərir. Hansı rejissor öz uşaqlıq yaşantılarını kinoda əks etdirmək istəyində olmaz ki? Tarantino da bunu özünəməxsus yüksək peşəkarlığı ilə etməyi bacarıb.
Filmdə şəhər kadrlarının əksəriyyəti “aşağıdan yuxarı” (Low-angle shot) rakursdan çəkilib ki, bu da bizdə şəhərə sanki bir uşaq sevdası, uşaq gözü ilə baxmaq imkanını yaradır. Bundan əlavə tamaşaçıda filmin reallığında mövcüdluq hissini yaradan, avtomobilin yolla hərəkət etməyinin çoxsaylı kadrları var. Sən ekranın o tərəfində qəhrəmanlarla birlikdə sakit musiqi sədaları altında yol gedirsən, xəfif külək saçlarını uçuraraq ciyərlərinə təmiz hava doldurur, dərindən nəfəs alırsan, gözlərini qırpırsan və birdən musiqi dayanır, sən qəhrəmanlarla birlikdə evə yaxınlaşırsan, təkərin altında əzilən torpağın və kiçik daşların səsini eşidirsən. Nə qədər hiperrealist sentimentallıq kimi səslənsə də bu belədir. Əgər düşünsək, məhz bu cür sadə xatirələr bizim uşaqlıqdan yadda qalan ən xoş və hüzurlu xatirələrimiz deyilmi? Bəlkə də hamı üçün yox, amma ən azından bunları yaşayanlar Tarantinonun nədən bəhs etdiyini hiss edir və müəllifin bunu belə zərif şəkildə bizə yaşada bildiyinə heyran qalır.
Ümumilikdə bu film sadəcə əsas qəhrəmanların hekayəsi deyil, bir dövrün hekayəsidir; 60-cı illər Hollivudunun. Tarantino üçün isə onun həyatında kinematoqrafiyanın hekayəsidir. Çünki bu abu-havada böyüyən uşağın kinematoqrafiyaya meyl salmaması mümkün deyildi. Nə qədər qəribə səslənsə də abu-havanın özünü bu filmdə əsas “qəhrəman”lardan biri adlandıra bilərik. Çünki film boyu rejissor aksenti məhz hansısa personajların birinə yönəltmir. Hər zaman personajların ətrafında onları fikir fokusundan gizlədən sonsuz sayda şəhər işıqları, reklam bannerləri, kinoteatrlar, dükkanlar, kafelər, barlar, çoxsaylı retro avtomobillər və o dövrü əks etdirən digər şeylər mövcuddur. Buna görə də bu filmdə tipik süjet axtarışında olmaq filmin özünü qaçırmaq deməkdir.
Tarantino sanki ondan gözləntilərimizi bildiyindən bu dəfə bizimlə oynamaq qərarına gəlir və finala qədər bizim ondan gözlədiyimiz “qanlı səhnələr”dən uzaq durur. Üstəlik bu dəfə filmin bir səhnəsində hippi yeniyetmənin dabanlarını az qala çox kobudcasına bizim “gözümüzə soxur” və sanki bununla “hə, siz daban gözləyirdiniz? Bu da sizə daban” deyir. Hətta titrlardan sonra kiçik fraqmentdə Rik Daltonun dilindən özünün kino dünyasının məhsulu olan “Red Apple” siqaretlərini söyür. Yəni Tarantino bu filmin “tipik Tarantino filmi” olmadığına işarə edir. Əslində isə Tarantino heç vaxt sadəcə zahirən qabaran qanlı davalar və action səviyyəsində bir müəllif olmayıb və onun filmlərində hər zaman mənəvi dolğun məqamlar mövcud olub. Lakin bunlar müəyyən mənada onun kinematoqrafik üsullarının arxasında qalıb, yaxud biz sadəcə onu qara yumor səviyyəsində qəbul edib alt qatına diqqət etməmişik. Buna görə də Tarantino bizim ondan kəskin süjet gözləntilərimizin qarşılığında bizə sakit şəhər mənzərələrini, şəhərin adi sakinlərini, karyerasının başlanğıcında və böhranında olan aktyorları, kaskadyorları bir sözlə adi həyatı və qeyri-adi dövrü təqdim edir. Zatən bunun belə olacağını biz əvvəlcədən filmin adından hiss edə bilərdik. Çünki film öz adını tam dolğunluqla açır, əsaslandırır.
İndi isə filmin bəzi əsas nüanslarını bir az daha detallı incələyək. Filmin mərkəzində Leonardo Di Kaprionun canlandırdığı öz karyerasının böhran dövrünü yaşayan və son zamanlar içkiyə qurşanan Rik Dalton adlı bir aktyor var. Hər bir aktyor kimi Rik də çox emosional və özünə qarşı tənqidi yanaşması olan biridir. Rikin agenti Al Paçinonun canlandırdığı Marvin Şvars obrazı isə vəziyyəti bir az da qəlizləşdirir. Marvin Rikə onun televiziya seriallarında daim mənfi qəhrəmanlarını canlandırmağının və filmin sonunda həmişə kimsə tərəfindən əzişdirilməyinin, tamaşaçının gözündə həmişə əclaf kimi qalmağının Rikin karyerasına pis təsir edəcəyini və bundan sonra onun yolunun ancaq üçüncü dərəcəli İtalyan Vesternlərindən keçəcəyini deyir. Rik bu söhbətdən sonra karyerasının hansı vəziyyətdə olduğunu dərk edir və dözməyərək öz sadiq dostunun və eyni zamanda dublyorunun Kliffin (Bred Pitt) yanında ağlamağa başlayır. Evə çatanda isə Rik qonşuluğa Polanski ailəsinin köçdüyünü görür və dərhal bayaqki vəziyyəti unudub ümidlənir, gələcək üçün işıqlı karyera xəyalları qurur. Bununla da Rikin timsalında bir aktyorun Tarantinonun gözündə necə uşaq kimi dəyişkən emosional ruhlu və sadəlövh olduğunu görürük.
Filmin əvvəlindən biz Rik Daltonun çəkildiyi filmlərin kadrlarını və hətta dolğun səhnələri görürük. Bu kadrlar Tarantinonun birlikdə böyüdüyü və ilk dəfə kinematoqrafı məhz orada sevdiyi, öyrəndiyi köhnə Vestern filmləri tərzindədir. Bəlkə də Tarantino uzun zaman məhz bu tərzdə işləməyi arzu edib, lakin onun zamanına uyğun olmadığı üçün filmdə həmin arzusunun xatirəsinə məhz sevdiyi tərzdə müəyyən qısa səhnələr çəkərək onları Rikin çəkildiyi filmlərin səhnələri kimi təqdim edib.
Rikin kinoxronikasının önəmli səhnələrdən biri isə onun odlu silahla faşistləri yandırdığı səhnə idi ki, bu səhnə birbaşa finala işarə edir. Bununla Tarantino Menson ailəsini faşistlərlə eyni sıraya qoyur. Rik həm kinoda, həm də həyatda “faşistlər”i odlu silahla məhv edir. Daha sonra biz kadr arxasında hələ məşqlər zamanı Rikin bu odlu silahla davranış qaydalarını öyrəndiyi görürük. Rik cəsarətsiz və naşı şəkildə, qıcıqlanaraq silahı istifadə edir, alovun istisi onun üzünü qarsır. İstifadəsi çətin olan bu silahı Rik kino naminə öyrənir. Bununla müəllif bizə əslində hər kadrda gözəl və effektli görünənin, həyatda o qədər də gözəl olmadığını və kinoda hər işin arxasında böyük əməyin, cəsarətin dayandığına diqqət çəkməyə çalışır. Təbii ki, Rik nə qədər cəsarətli və kino fədaisi olsa da həmişə risk edə bilməzdi, və buna görə onun Kliff adlı dublyoru həmişə yanında idi.
Kliff But nəinki Rik Daltonun dublyoru, həmçinin həyatda da Rikin hər cür köməyinə yetən, hətta bir səhnədə gördüyümüz kimi televiziya antennini belə düzəldən və həmişə mənəvi dəstək olan dostu idi. Kliff hər zaman kinonun kadr arxasında idi və müəllifin buna ən bəlli işarələrdən biri Kliffin yaşadığı yerin böyük kinoekranın arxasında yerləşməsi idi. Rikin çəkildiyi dolğun kadrların arasında yalnız avtomobilin dərənin bir tərəfindən digər tərəfinə uçduğu kiçik kadrda Kliffin adı çıxır. Bu kiçik səhnədə Kliff həqiqətən öz həyatını riskə atır. Kliff kinoda çox önəmlidir, amma görünməzdir. Rik göz önündədir, amma Kliffsiz kino olmayacaq. Bu, yenə də kino sənətinin arxasında nə qədər görünməz əməyin dayandığına işarədir. Kliff kimi bir filmin arxasınnda yüzlərlə əmək verənlər var və onların adı bəlkə də heç vaxt çəkilməyəcək, amma onlar kinonu yaradır və onlara görə bu sənət mövcuddur. Lakin Tarantino əsas personajlarını adətən tam müsbət və ya tam mənfi yox, real və bütün təzadlarıyla göstərməyə üstünlük verdiyi üçün Kliffin qaranlıq keçmişinə də işarə edir. Onun həqiqətən bir cinayətdə suçlu olub-olmamağı dəqiq bilinmir, lakin ən əsası odur ki, Rik qətiyyən dostunun günahkar olmağına inanmır. Kaskadyorlar heyətinin idarəçisi Rikə Klifflə işləmək istəmədiyini deyəndə, Rik səbəbin nə olduğunu anlamır, cavabında idarəçi Kliffin cinayətini xatırladanda isə bu hadisə Rikin sanki qəfil yadına düşür və o, “ sən buna inanırsan ki? Bu cəfəngiyyatdır “ deyərək təəccüblə etiraz edir. Təbii ki o, Kliff barəsində bu söhbəti eşidib. Amma heç inanmadığına görə Kliff haqqında bu şaiyə yadından çıxıb. Bu hadisə Kliffin cəmiyyət arasında ad-sanına təsir etsə də, Rik onunla işləməyə davam edir, çünki Rik Kliffə təkcə kinoda yox həm də həyatda tamamən etibar edir.
Kliff müharibə veteranı olduğu üçün öz fikrini, cəsarətini gizlədən insanlardan deyil və onun üçün avtoritet deyilən bir şey yoxdur. Buna görə də o, Brüs Li ilə davaya girişir. Əslində bu səhnədə Tarantino Kliff personajını Brüs Linin səviyyəsinə ucaldır. Yəni Kliffin gücünün və cəsarətinin Brüs Lidən geri qalmadığını deyir və onların davasını heç heçə ilə yarımçıq saxlayır. Müəllifin təqdim etdiyi bu səhnə həlli yanaşmasını biz Vestern kinosu ilə o zamanlar məşhur olan Asiya kinosunun çəkişməsi kimi də qəbul edə bilərik.
Daha sonra biz Rikin yeni film üçün çəkiliş meydançasına gəldiyini, yeni obraz üçün narahatlığını görürük. Hələ də aktyor sənətində ön planda aktyorun “mən”inin yox, obrazın görünməyinin vacibliyini anlamayan Rik təsadüfən öz tərəf müqabili 8 yaşlı Trudi ilə tanış olur və biz Trudinin dilindən həqiqi sənətçinin nizam-intizam qaydalarını eşidirik.
Trudi Rikdən oxuduğu kitab haqqında danışmasını xahiş edir və Rik izah edərkən sanki bu məqamda qəflətən özünün həmin dramatik personajın vəziyyətində olduğunu dərk edir, özünə yazığı gəlir, ağlayır. Lakin Rikin sarsıntıları bununla bitmir və filmin əvvəlində sözlərini təkrar etdiyi səhnənin çəkilişləri başlayanda o gərginlikdən mətni unudur və bu uğursuzluğu özünə bağışlaya bilmir. Burada yenə aktyorun özünü tənqid xüsusiyyəti ön plana çıxır, Rik təklikdə çox uşaqcasına özünü danlayır və toparlanmağa çalışır. Bütün bunlar materialda ümumi konseptə xidmət etməklə bir aktyorun timsalında müəllifin bizə təqdim etməyə çalışdığı ən məhrəm duyğulardır.
Bu arada biz Şeron Teytin (Marqo Robbi) öz filmini izləməyə getdiyini görürük. Tarantino Şeronu zərif, işıqlı, həyat dolu və sözsüz ki gözəl obrazda təqdim edir. Şeron təsadüfən özünün çəkildiyi filmin afişasını görür və filmə pulsuz baxmaq haqqının olub-olmadığını soruşur. Lakin bunu filmə pul ödəmək istəmədiyi üçün deyil, sadəcə öz gördüyü işə qarşılıq olaraq kiçik mükafat qazanmaq üçün edir. Daha sonra çox ləzzət və həyəcanla öz səhnələrini izləyir və tamaşaçıların reaksiyalarına baxaraq öz işini nə dərəcədə yaxşı gördüyünü anlamağa çalışır. Şeronun filmi izlədiyi zamanda rahat əhvalı Rikin iş zamanı gərgin əhvalı ilə maraqlı kontrast yaradır. Elə bu zaman Kliff yolda gənc və şən hippi qıza rast gəlir. O, qızın dostları ilə birlikdə, əvvəllər kino meydançası kimi fəaliyyət göstərən Spanın rançosunda məskunlaşdığını öyrənir və qızı avtomobillə gedəcəyi yerə ötürməyə razılaşır. Yolda qız Kliffə intim təklif etsə də, Kliff qızın yetkinlik yaşını təsdiqləyən sənədi istəyir və hansısa azyaşlıya görə qanunla probleminin çıxmasını istəmədiyini deyir. Çox ehtimal ki, bununla Tarantino R.Polanskinin hamıya bəlli olan qalmaqalında Polanskinin tərəfini saxlayır.
Rançoya çatanda Kliff çoxsaylı hippilərlə tanış olur. Lakin onların Menson ailəsi olduqlarını bilmir və Corc Spanın əhvalını öyrənmək istədiyini deyir. Hippilər narahat olur, Kliff şübhələnir. Bu uzun səhnədə Tarantino mövcud filmin içində tamaşaçını saspensdə saxlayan daha bir triller filmini göstərir. Nəticədə Corc Span Kliffi tanımasa da, Kliff öz yoldaşlıq borcunu yerinə yetirdiyini düşünür və getmək istəyir, lakin hippilər onun maşınının təkərini yararsız hala salır. Bu səhnədə rejissor Menson ailəsinin nə dərəcədə aciz və mənəviyyatdan məhrum bir sürü olduqlarını göstərir. Bir vaxtlar kino meydançası kimi fəaliyyət göstərən məkanın hazırda yaramaz qruplaşma ilə zəbt olunması da məhz bu anlamda metaforikdir.
Sonunda Rik üçüncü dərəcəli İtalyan Vesternlərində çəkilməyə razılaşır. İtaliyada Rikin həyatı daha çox adiləşir, o evlənir və karyerasının bu gedişatı ilə barışaraq Los Ancelesə qayıdandan sonra Klifflə vidalaşmağa hazırlaşır. Yenə Tarantino öz qəhrəmanlarını adi adamlar kimi təsvir edir. Rik Dalton ideal, mükəmməl aktyora çevrilmir, Kliff həmçinin karyerasında xüsusi nailiyyətlər qazanmır. Hollivudun kinematoqrafiya tarixçəsi belə sıradan aktyorlarla doludur. Əslinə baxanda isə onlar özlüyündə sıradan deyillər, hər biri öz arzuları və öz ümidləri ilə burada idilər, lakin hər kəs parlamaq gücünə, ya da bəxtinə malik deyil. Tarantino da Riklə Kliffi sıradan, nə yaxşı, nə pis insan kimi göstərir, çünki bu, heç önəmli də deyil. Onlar sadəcə varıydılar. Kimsə parlayıb Hollivud ulduzu olur kimi isə bunu bacara bilmir, amma Hollivud elə onlardır, hamısı birlikdə.
Riklə Kliff vida şam yeməyindən sonra Rikin evinə qayıdırlar və Kliff təsadüfən bir neçə ay əvvəl yolüstü bir hippidən aldığı “xüsusi” siqareti görür və onun zamanı gəldiyini düşünərək alışdırır. Kliff siqareti çəkərək evdən uzaqlaşır. Onun siqaretinin tüstüsündə isə biz xəyala dalırıq.
Məhz bundan sonra gördüklərimiz yalnız xoş xəyal olaraq qalır – Tarantino reallığın qəddarlığından uzaqlaşaraq həmişəki kimi öz ədalətini yaradır. Müəllif mövcud vəziyyətdə bir yelbeyin hippinin dilindən “ onlar bizə öldürməyi öyrətdilər, biz də onları öldürəcəyik ” səslənən ifadənin nə dərəcədə axmaq bir çərənləmə olduğunu qabardır. Hippilər nə vaxtsa yolda satdıqları tərkibi qatqılı siqaretin onların əleyhinə işləyəcəyindən hələ xəbərsizdilər. Ardınca isə tamaşaçının filmin əvvəlindən gözlədiyi “qanlı çarpışma” səhnəsi gəlir. Sanki Tarantino film boyu tamaşaçının yalnız bunu gözlədiyini bilərək bu səhnəni xüsusi sərtlik və qəddarlıqla işləyir. Burada Tarantino eynən Çexovun məşhur tüfəng misallı deyimindəki kimi filmin əvvəlində nümayiş etdiyi odlu silahı filmin sonunda işə salır, yəni Rik Dalton filmin əvvəlində faşistləri yandırdığı kimi, filmin sonunda Menson ailəsinin üzvünü külə çevirir.
Ümumiyyətlə Tarantino üç saata yaxın bu filmdə Çarlz Mensonun personajını heç iki dəqiqə ekran vaxtına layiq görmür. Bununla da Tarantinonun Menson barəsində mövqeyi aydın olur. Eyni zamanda ekran əsərində zahirən duyulan “Menson ailəsi və Şeron Teyt qətli haqqında film” ehtimalını da qüvvədən salan kiçik bir işarədir.
Nəhayət final. Hər zaman kinoda Rik üçün kaskadyorluq edən Kliff bu situasiyada da Rikin həyatını xilas edir. Amma bu dəfə kinoda yox real həyatda. Kliffin təcili yardım maşınına aparılan zaman Rikə “narahat olma, mən ölməyəcəm, bəlkə bir az axsayaram, amma hələ ölmək vaxtım deyil” sözləri sanki bir personajın dilindən yox ümumilikdə kinematoqrafın dilindən deyilir. Rik uzaqlaşan Kliffin ardınca sanki kinematoqrafın uzaqlaşan bütöv bir dövrünün ardınca baxdığı kimi uzun-uzadı baxır.
Arxasında qonşuların səsini duyan və onlara hər şeyin geridə qaldığını deyərək sakitləşdirən Rik, gözlənilmədən qonşularının onu tanıdığını və sənətinə pərəstiş etdiyini öyrənir. Bu hadisə onun gələcək karyerasına görə bir ümid işartısıdır. Şeronun səsi haradansa uzaqlardan gəlir və biz onun körpəsi ilə birlikdə təhlükəsizlikdə olduğunu anlayanda iradəsiz şəkildə boğazımıza hönkürtü düyünü yığılır. Şeron Teytin qeybdən gələn səsi qəhrəmanı evinə dəvət edir. Rik Daltonun qarşısında sanki başqa sehirli dünyaya aparan əzəmətli qapılar açılır. Bu yolun hara apardığını biz görmürük, lakin oradan gülüş səsləri və xoş əhvalın gəldiyini duya bilirik.
Biri var idi, biri yox idi, bir zamanlar Hollivudda Roman Polanski, Şeron Teyt, Rik Dalton, Kliff But və digər qəhrəmanlar var idi, onlar birlikdə bir kinematoqraf idi, onlar Hollivudun bütöv bir dövrü idi. Başqa bir zaman isə bu möcüzəvi şəhərin sakinlərinin xoşbəxtliyinə tab gətirə bilməyən Menson adlı bədheybət bu qayğısız dövrü sona yetirdi… Amma bu artıq bizim hekayədən deyil.