Hamımız yaxşı bilirik ki, yazmaq təklikdə baş tutan işdir. Kompüter və ya notepadla bir otağa girir, qapını kilidləyir, sonra isə saçınızı yola-yola tənbəllik içində dörd saat keçirirsiniz. Çox keçmədən ayağa durur, içməyə nəsə götürüb təzədən oturursuz. Dalbadal beş fincan qəhvə içməyinizin, ya da klaviaturanın qabağında yazmağı düşündüyünüz hissələrin qaralamasını zibil qabına tolazlayaraq vaxt keçirməyinizin elə də önəmi yoxdur, əvvəl-axır yazılarınızı dünyaya təqdim etməli olacaqsınız. Bu, başlanğıc mərhələsindəki xeyli yazar üçün ədəbiyyat jurnallarına göndəriləcək hekayələr, esselər ya da şeirlər deməkdir. Bələdçi xarakterli bu yazı sizdə ədəbiyyat jurnallarının necə işləməsiylə bağlı ümumi bir mənzərə yaratmaq və yazılarınızın qəbul edilməsinə yardımçı olmaq məqsədi daşıyır.
Redaksiyalar gələn yazıları necə oxuyur?
1% qaydası
Bir yazıçının əsərlərini jurnallara göndərməmişdən qabaq nələr etməli olduğuna keçməmişdən əvvəl, ədəbiyyat jurnallarının iş prinsiplərini qavramaq lazımdır. Ədəbiyyat jurnallarının şkalası xeyli genişdir və bu şkalada həm azsaylı insanın hobbi kimi işlətdiyi bloqlar var, həm də “Paris Revyu”, “Nyu-Yorker” kimi çoxsaylı insanın işlədiyi böyük jurnallar. Bəziləri çap olunan yazı üçün qonorar verir, bəziləri yox. Bəziləri ancaq kağız variantda çıxır, bəziləri isə ancaq onlayn yayımlanır. Ancaq burada bilməli olduğunuz bir şey var: böyüklüyü nə boyda olur-olsun, əksər jurnallara göndərilən yazıların sayı ehtiyac olandan həmişə qat-qat çox olur, buna görə diqqətlə oxunmurlar. Balaca bir jurnalın bir rubrikasına ildə minə qədər yazı göndərilirsə, böyük jurnallar üçün bu rəqəm 3-4 min yazı arasında dəyişir. Bir də jurnalların öz sifariş verdikləri yazılara daha çox yer ayırması məsələsi var; bu iki məqamı birləşdirəndə məlum olur ki, ciddi jurnallarda qəbul faizi yüzdə birin altındadır.
Göndərilən yazılar niyə rədd edilir?
Bəzi yazılar sadəcə redaktorun xoşuna gəldiyi üçün qəbul edilir. Redaktor əsərdə yeni bir səs, bənzərsiz bir fikir ya da oxuduqca onu tutan bir personaj tapmış ola bilər. Hər halda oxuduğu yazı onu təəccübləndirib. Bir yazının hansı halda redaktor tərəfindən qəbul edildiyini bilmək çox çətindir, ancaq hansı hallarda rədd edildiyini bilmək çox asandır. Çünki jurnalların heyəti xeyli yazını oxumamış rədd edirlər. Məsələn, göndərdiyiniz yazı imla səhvləriylə doludursa, yaxud makinada, kompüterdə yığılmaq əvəzinə, ilan-qurbağa əl yazısıyla göndərilibsə, kəsəsi, peşakarlıqdan uzaqdırsa, böyük ehtimalla oxunmamış rədd ediləcək.
Unutmayın ki, dərgilərə çap edə biləcəklərindən qat-qat çox material göndərilir və göndərilənlərin böyük hissəsi çox sürətlə oxunur. İlk oxunuş adətən praktikantlar və ya könüllülər tərəfindən aparılır. Onlar yüzlərcə, hətta minlərcə yazının arasından ələ gələnləri ayırır, yazıların sayını redaktorların seçə biləcəyi bir ovuc “ola bilər”ə qədər ixtisar edirlər. Adi vəziyyətdə göndərilən hər yazı rədd edilməmişdən qabaq mütləq ən azı iki dəfə oxunur, ancaq oxuyan kəs yazını bəyənmədisə, mətnin hamısını oxumaq əvəzinə, bir-iki səhifəsinə göz ata bilər. Çox yazı göndərilibsə jurnalın işçiləri bir mütaliə toplantısı keçirir və yazıları mümkün qədər sürətlə oxumağa çalışırlar.
Məsələ budur ki, göndərdiyiniz yazı keyfiyyətinə baxılmadan milyonlarla səbəbə görə rədd cavabı ala bilər. Diqqətli şəkildə oxunmamış ola bilər, gələcək nömrə üçün bədii ədəbiyyata ayrılan yer dolmuş ola bilər və s. Bəlkə də jurnalın heyəti hazırkı nömrə üçün qarğalar haqqında iki şeir çap etmək qərarına gəlib və sizin “Leyləklər üçün difiranb” adlı şeiriniz artıq quşlarla bağlı mətn çox olduğu üçün kənara atılıb. Redaktorlar mətnlərinizi diqqətlə oxuyub onu bəyənsələr də, sizin hekayəniz və bəyəndikləri başqa hekayələr arasında çətin bir seçim qarşısında qala bilərlər. Bunu heç vaxt yadınızdan çıxarmayın: Rədd cavabı almaq göndərdiyiniz mətnin keyfiyyətiylə bağlı məsələ deyil.
Yazınızı çapa hazırlamaq
“Bizə ən yaxşı işinizi göndərin”
Bir jurnalın qəbul şərtlərini oxuyanda (həmişə şərtləri oxuyun) az qala dəyişməz şəkildə “Bizə ən yaxşı işinizi göndərin” cümləsini görəcəksiniz. Bəs yaxşı ən yazını hansıdır və bir yazının bitdiyini necə anlamaq olar? Əfsus ki, sadə bir cavab yoxdur .Yazıçı kimi özünüz qərar verməlisiniz. Ətrafınızda etibar etdiyiniz bir neçə nəfərin olması və mətninizin bitib-bitmədiyini görmək üçün oxuyub fikir deməkləri həmişə yaxşı variantdır, amma əgər ətrafınızda “yaxşı oxucular” yoxdursa, son qərarı vermək sizin öhdənizə düşür.
Yenə də əlinizdən gələnin ən yaxşısının həqiqətən bu olduğuna və yazının bitdiyinə əmin olmalısınız. Yeni yazmağa başlayanların böyük əksəriyyəti lazımi yerdən bir-iki səhifə əvvəl başlayan, ya da zəif finalı olan hekayələrini çatışmazlıqları bilə-bilə jurnallara yollayırlar, çünki düşünürlər ki, redaktorların yeganə işi mətnin əyər-əskiyini düzəltməkdir. Halbuki işlər belə getmir. Bəli, redaktor yazıda potensial görürsə, qırx ildə bir dəfə olsa da, müəlliflə birlikdə yazını başdan-ayağa düzəldə bilər. Ancaq yuxarıda qeyd etdiyim ki, əksərən redaktorların buna vaxtı olmur, ilk oxunuşu aparan könüllülər göndərilən əksər mətni gedib redaktora çatmamış rədd edə bilərlər. Ədəbiyyat dərgiləri redaktorlara əlavə ödəniş etmir deyilsə də, onların yazıları başdan-ayağa düzəltməyə vaxtları yoxdur. Kəsəsi, həmişə ən yaxşı yazılarınızı göndərin.
Formata salmaq
Hər şeydən əvvəl jurnalın qəbul şərtləri analiz edin, çünki yazınız peşakar görünməlidir. İstifadə etdiyiniz yazı forması sadə, bər-bəzəkdən uzaq olmalıdır. Diqqət çəkmək üçün mənasız şriftlər, səhifənin ortasına çəkilmiş mətnlər, ya da qəribə rənglərdən istifadə etməyin; əgər yazınızı uşaqlar üçün dərc olunan yumoristik bir jurnala göndərirsinizsə, o başqa. Məsələn, ölçünüz 12, şriftiniz “Times New Roman” olsun, sətirlərin arasında cüt probel qoyun və səhifələr nömrələnmiş olsun. Sərlövhədə adınız, e-mail ünvanınız, telefon nömrəniz və hekayənin adı olmalıdır. Bu qədər.
Tanıtım məktubu
Yazıçılar üçün ən stresli iş tanıtım məktubu yazmaqdır. Nə deməlisiniz? Redaktorun diqqətini çəkə biləcəksinizmi? Mətninizi tanıtım məktubuyla birgə göndərmək sizə avantaj qazandırırmı? Düzünü desəm, bunun elə də əhəmiyyəti yoxdur. Adətən bu məktublara elə-belə baxıb keçirlər və az qala heç vaxt mətnin qəbul edilməsində çox da vacib rol oynamır. Əgər yazacaqsınızsa, belə yazın:
“Hörmətli (redaktorun adı)
Jurnalınızın son sayındakı (X, yaxud Y yazılarını) bəyəndim. Yazdığım hekayə/esse/şeirlər əvvəlki tarixlərdə (üç-beş jurnal adı çəkin) jurnallarda yayımlanıb. (X universitetindən) İncəsənət ixtisasında magistr dərəcəm var və (Y-də) yaşayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Sayğılar.”
Əgər magistr dərəcəniz, ya da əvvəllər yayımlanmış əsəriniz yoxdursa, əndişələnməyin. Əvvəlki tarixlərdə jurnaldan fərdi qaydada rədd cavabı alacaq qədər şanslısınızsa, məktubunuzda mütləq bunu qeyd edin. Redaksiya heyətindən kimisə tanıyırsınızsa, ya da yaxın tarixdə hansısa tədbirdə tanış olmusunuzsa, bu detalları da məktubunuza əlavə edin. Tanıtım yazısını qısa yazın, mövzudan kənara çıxmayın və hekayənizi təsvir etməkdən, ya da özünüzü satışa çıxarmaqdan qaçın. Əksər redaktorlar belə bir məktub alsalar gözləri bərələ qalar: “Vampirlər qan əvəzinə portağal şirəsi içsələr necə olardı? Mənim nəfəs kəsən əsərim Transilvaniyada “Meyvə Şirəsi Əmənlər”dən bəhs edir, Şekspir adlı mənasız müəllifin külliyatını tullamalı olacaqsınız. Bu cür dahiyanə bir əsəri oxumaq şərəfinə çatdığınız üçün bəxtəvərsiniz, tezliklə əsərimi qəbul edin, uduzmazsınız.”
Yazılarınıza uyğun jurnal tapmaq
Araşdırmaq üçün oxumaq
Bəyəndiyiniz tipdə yazıların hansı jurnalda çap olunduğunu başa düşməyin ən yaxşı yolu, əlbəttə, jurnalları oxumaqdır. Bir kitab evinə gedin və jurnalların olduğu rəfi nəzərdən keçirin, ya da bəyəndiyiniz müəlliflərin öz əsərlərini harda çap etdirdiklərini görmək üçün antologiyaların biblioqrafiyasına göz atın. Heyran olduğunuz yazıçıların əsərlərini çap edən bir jurnalda yayımlanmaq, bilmədiyiniz bir jurnalda yayımlanmaqdan daha xoşdur.
Digər mənbələr
Klifford Qarstang (https://cliffordgarstang.com/) hər il ədəbiyyat jurnallarının reytinqini açıqlayır. Sıralama namizəd olan və qazanılan “Pushcart Mükafatı”nın sayına əsasən aparılır. Bu siyahı konkret bir sıralama kimi görülməməli olsa da, ədəbiyyat dünyasında hörmət edilən və yazılarınız göndərə biləcəyiniz jurnalları tapmaq üçün çox yaxşı başlanğıcdır. Yazıçılar üçün bir başqa yaxşı mənbə olan “Duotrope” isə az qala bütün ədəbiyyat jurnallarının siyasını verir və qonorarın məbləği, janr və başqa faktorlara görə axtarış aparmağınıza imkan yaradır, amma bu sayt ödənişlidir.
Qruplaşdırma aparmaq
Yazılarınızı jurnallara planlı formada göndərməyin ən yaxşı yolu çap olunmaq istədiyiniz ünvanları tapmaq və onları beş-beş qruplaşdırmaqdır. Hekayənizi çap olunmaq istədiyiniz beş jurnala göndərin. Hamısı rədd etsə, sonrakı beş jurnala göndərin və bütün qruplar bitənə qədər davam edin. Hekayənizi jurnalların heç biri qəbul etmədisə, ola bilsin ki, həmin mətnlərə köklü şəkildə yenidən baxmaq lazımdır.
Qruplaşdırma aparsanız, eyni yazıyla eyni vaxtda yüzə yaxın jurnaları e-mail bombardımanına tutmayacaq və bu yolla “Podunk Revyu” tərəfindən qəbul edilən bir hekayənizin ertəsi gün “Nyu Yorker” tərəfindən də qəbul edildiyini görməyəcəksiniz.
Rədd cavablarıyla əlləşmək
Mətn göndərirsinizsə rədd cavablarıyla əlləşməli olacaqsınız. Orta statistik bir hekayə və ya şeir qəbul edilməmişdən qabaq bəlkə də iyirmi dəfə rədd edilə bilər, bu, məşhur yazıçıların belə başına gəlib. Rədd cavabı alanda bunu mümkün qədər şəxsiləşdirməyin. Redaktorlara dahiliyinizi başa düşməyən axmaqlar demək, ya da sosial şəbəkələrdə onlara həqarət etmək faydasız işdir. Rədd edilməyə gücünüz çatmırsa, bəlkə də yazmaq sizlik deyil.
Rəddin növləri
Dalbadal rədd cavabları almağa başlayanda görəcəksiniz ki, bunlar adətən üç cürdür. Əksər rədd məktubları standart formatta olur və yazınızın dərgiyə uyğun olmadığını, amma sizə başqa yerlərdə uğur arzuladıqlarını yazırlar. Bəzən isə daha pozitiv variant olur və rədd cavabı ilə birgə göndərdiyiniz yazının “müəyyən müsbət keyfiyyətlərindən” də bəhs edilir. Redaktor şəxsən özü cavab yazaraq mətninizi bəyəndiyini deyə bilər. Pozitiv rədd cavabı, yaxud redaktordan şəxsən reaksiya aldınızsa, əmin olun ki, yazılarınızı həmin jurnala yenidən göndərə bilərsiniz. Sonuncu göndərdiyiniz mətn tam şəkildə məqbul olmasa belə, demək yazınızı bəyəniblər və sizdən daha artığını gözləyirlər. Müsbət formada rədd edilmək hələ də sizə dərd kimi gələ bilər, amma unutmayın ki, çox az yazı şəxsi rədd cavabına layiq görülür. Bunu iltifat olaraq görün.
Rədd cavabından sonra yenidən yazı göndərmək
Redaktor açıq-açıq yazınıza yenidən baxmağı tövsiyə etməyibsə, rədd edilən yazını yenidən həmin dərgiyə göndərməməlisiniz. Əgər redaktor deyirsə ki, buna oxşar mətnlər gəlib, demək yeni şeylər istəyir. Tələsməyin, əlinizdən gələnin ən yaxşısını alındırdığınıza əmin olduğunuz yeni bir yazı göndərin. Şəxsi qaydada rədd cavabı alsanız belə, yeni yazı üçün tələsməyin. Hələ tamamlanmamış bir yazını göndərmək redaktorun gözündə sahib olduğunuz şansı büsbütün yox edə bilər və yazılarınızın uzun müddət kənarda qalmasına səbəb olar. Göndərdiyiniz sonuncu yazıda şəxsi qaydada rədd cavabı almısınızsa, bunu növbəti yazınızın tanıtım məktubunda mütləq qeyd edin.
Davam edin
Müəllif kimi əlinizdən gələnin ən yaxşısını yazmağa çalışmaqdan başqa yazılarınızı göndərməyə də davam etməlisiniz. Yazı göndərmək vaxt aparan şeydir, ancaq çap olunmağın yeganə yolu budur. Yüzdə bir qaydasını unutmayın. Bu qayda bizə deyir ki, döndərilən yazıların yüzdə beşi yaxşı olsa belə, beş yazıdan dördü rədd ediləcək. Deməli rədd olunmağı şəxsiləşdirmək əvəzinə, yazmağa davam etmək və təkrar-təkrar göndərmək lazımdır; yeganə işiniz bundan ibarətmişcəsinə, ki, əslində elə bundan ibarətdir.
Tərcümə: Qismət