(Viktor Hüqonun “Səfillər” romanına önsöz)
Geniş yayılmış fikrin əksinə olaraq, “Səfillər” çap olunandan sonra onun haqqında deyilən fikirlərin, yazılan rəylərin hamısı tərifli deyildi. Xeyli mənfi yazılar yazıldı, hətta bu tənqidi yazıların bəziləri – Barbey D”Aurevillinin məqaləsindəki kimi – düşmancasına idi. Bu tənqid yazılardan ən maraqlısı, toxunduğu məsələlər və Viktor Hüqonun romanını çıxış nöqtəsi kimi götürməklə, bədii ədəbiyyatla bağlı cəsarətli fikirlər dilə gətirən Alfons de Lamartinin uzun araşdırmasıdır. Lamartin bu araşdırmasında bəlkə də heç fərqində olmaya-olmaya, birbaşa bədii sözün tarixdəki funksiyası ilə maraqlanıb.
Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına “Səfillər”i anarxist, ictimai xaosa zəmin yarada biləcək bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi kimi, yenidən qurmaq iddiasında olduğu gerçəkliklə tutuşdurulanda, bu kitabdakı mübaliğələrə, qüsurlara qəzəblənərək romanla bağlı tərəddüdlərini dilə gətirir. Onun fikrincə, bu əsər “xəyali bir adamı cəmiyyətin düşməni və qurbanı edib.” Yazır ki, əslində “cəmiyyətə qarşı insanı” qoyan bu roman fəlakət gətirə bilər, çünki bu əsər “Fərd”i möhtəşəm bir varlıq kimi təqdim edərkən, insanlar tərəfindən elə insanların özü üçün qurulan cəmiyyəti bütün haqsızlıqların toplusu kimi göstərir.
Lamartinin fikrincə, bu roman Platonun “Dövlət”, Russonun “İctimai müqavilə” əsərlərinin yolunu gedən, Sen-Simondan Furyerə, Prüdona və dahi Mormonlara qədər gedib çıxan bütün sosialist ənənələrin davamı olan utopiyadır!
Lamartin 1848-ci il inqilabını yad edərkən, Hüqonun o vaxtlar çox həssas hesab etdiyi “mühafizəkar” bir manifest çap etdirməsini xatırlayır. Lamartin “demaqoqlar və utopistlər” deyərək hücuma keçir və iddia edir ki, “Səfillər” romanı “insanların onları xilas edən şeyə, yəni ictimai sabitliyə nifrət etməsinə yol açır, çöküşlərinə səbəb kimi (qeyri-müəyyən İdealın anti-sosial fantaziyası) cəmiyyəti göstərərək onları küyləyir, cəmiyyəti bəzən haqsız, radikal və aşırı dərəcədə tənqid” edir. Lamartin bu ideoloji natamamlığı romandakı utopizmin mənfi tərəfi sayır.
O, bizi inandırmağa çalışır ki, romanın adı da səhv seçilib, çünki xarakterlər səfildən daha çox cinayətkar və tənbəldirlər. Romanda heç kim işləmirsə, deməli, az qala heç biri məsum deyil. Burda oğrulardan, eyş-işrət düşkünlərindən, avaralardan, fahişələrdən, küçə uşaqlarından ibarət bir dünya təsvir olunur. Xarakterlər özləri belə anlamırlar ki, davranışlarını hərəkətə gətirən nədir. Məsələn, kimsə Mariusdan soruşsa ki, niyə barrikadadasan, cavab verə bilməyəcək. Ola bilsin ki, “par ennui” (can sıxıntısından, darıxmaqdan) deyəcək, amma “məcburiyyət”dən deməyəcək.
Bu roman “aşağıların dastanı”, “imkansızlığın şedevridir.” Bura qədər Lamartinin müşahidələri hələlik siyasi və ədəbidir, amma sonra o, fəlsəfənin və dinin dünyasına da baş vurur. Lamartin öz arqumentlərini inkişaf etdirirək Hüqonun romanı haqda danışmaqdan kənara çıxır, bədii ədəbiyyat və tarix arasındakı münasibətlərin mahiyyətinə, ədəbiyyatın həyata və cəmiyyətə təsiri məsələlərinə keçir.
O yazır ki, “Səfillər” əsəri insanları “Tanrı yox, insan olduqları üçün bədbəxt edəcək”, onlara çox böyük zərər verəcək. Lamartin bu romanı oxumağa məcbur edilmiş “bir edam məhkumu ilə” xəyali bir dialoq da yazır. Bu dialoqda həmsöhbətlərin ikisi də Jan Valjanın xeyirxah keşişi və balaca Jerveni soymağını qəddarlıq sayır, ikisi də kitabı şişirdilmiş, uydurma olmaqda ittiham edirlər; ancaq Hüqonun realist “istedadının” bütün bunları oxucu üçün inandırıcı etməsi barədə də danışırlar.
Lamartin Monsenyor Benevünü “örnək” xarakter saysa da, onunla ənənəçi J. arasında keçən “terrorizmin göylərə qaldırıldığı” dialoqa görə üzüldüyünü yazır. O, 93-cü ildəki Yakoben terroru tərəfindən törədilən cinayətləri yoxsulların keçmişdə etdiyi cinayətlərin ayağına yazaraq təmizə çıxmaq istəyən “mücərrəd riyaziyyatı” şiddətlə rədd edir. Siniflər bütün dövrlərdə eynidir ki? Yönlərini dəyişmirlər, ya ümumən dəyişmirlər ki? Belə bir arqument “axmaq instiktlərinə görə insanları tərifləmək” mənasına gəlir, bu da, elə bil, onlara deməkdir ki, “qəzəblənməkdə, öldürməkdə haqlısan; üstəlik, bir gün Viktor Hüqo və İosif de Maystr kimi yazıçılar ortaya çıxacaq (Hüqo demokrat, Maystr isə avtokratdır) və öz nəzəriyyələri ilə sənin törətdiyin cinayətləri haqlı göstərəcəklər.”
O, Monsenyor Benevünün “varlı ilə yoxsul arasında daha çox bərabərlik olması üçün” ödədiyi vergiləri tənqid etməsini cahillik sayır. Əgər vergilər olmasa, bunun qurbanı dövlətdən dotasiya alan proletariat olacaq. Eyni zamanda, “lyuks”, yəni istehlak olmasa, istehsal da olmayacaq, bunun da qurbanı istər əyalətlərdəki, istərsə də şəhərlərdəki istehsalçılar olacaq.
Lamartin yazır ki, Əyyub peyğəmbərdən bu yana xeyli yazıçının etdiyi kimi, Hüqonun da insanların dərdindən yazmasını təqdir edirəm, amma niyə o, bu səfalətə görə cəmiyyəti günahkar sayır? Həyatı cəmiyyət yaradıb ki? Ölümü cəmiyyət kəşf etməyib ki? Və nəhayət, təbiətin və bəşərin vəziyyətini anlamaq çətindir, amma onun orqanik parçası olan qeyri-bərabərliyi yaradan cəmiyyətdirmi? Xeyr, cəmiyyət deyil, Tanrıdır. Cəmiyyət üçün narahat olun, ona nəsihətlər verin, başa düşdük, amma onu günahlandırmayın, çünki bu düşüncəsiz və barbarca davranışdır. “Əgər biz şüurlarda qüsursuz və qeyri-mümkün düşüncələr əksək, kütlələrin xəyal qırıqlığının dəyişməz qəzəbini biçməli olacağıq.”
Lamartin “Səfillər”in “1817-ci ildə” adlı fəslini vətənə xəyanət sayır. O yazır ki, Viktor Hüqonun “uşaq saflığını qoruyub saxlamış prenses”in bədbəxtlikləriylə bağlı açıq-saçıq şərhlərinin, zarafatlarının mənası nədir? Və Lamartin Şatobrianın bir dəfə roman müəllifindən “möhtəşəm uşaq” kimi bəhs etməsini də xatırlayır.
Lamartin bohem şagirdlərlə – aralarında Fantina da var – gənc aşiqlərdən bəhs olunan hissəni də fiasko sayır. Tenardyenin qızlarının yellənçəkdə yellənmə səhnəsini bəyənir, amma Kozettanın anasının başına gələn bədbəxtlikləri – xüsusilə, dişlərini, saçlarını satmasını – melodramatik və saxta hesab edir. Onun fikrincə, roman “bərbadlaşdıqca süniləşir.”
Lamartin deyir ki, müsyö Madlenin katorqaya göndərilməsi ehtimaldan kənardı: “Dünya bu cür deyil.” O, Hüqonun Kombron tərəfindən dil gətirilən “merde” sözünü (merde – “pox” deməkdir) açıqca yazmasına, üstəgəl, bu sözə fransız dilindəki “ən gözəl” söz deməsinə ən çox əsəbləşən tənqidçilərdən biridir: “Təhkiyəçi təhqirlə əzəmətli olanı bir-birinə qarışdıraraq müvazinətini itirir.”
“Bu əsər dərdini açıqca ifadə edə bilməyən, buna görə də taleyə “pox” deyən qəzəbli kütlənin əsas instintiklərinə yarınmaqla məşğuldur. Bu, hər şeyi bərabər tutmaq cəhdi ilə əsgəri və xalqı ölümsüz bir əsərdən məhrum qoymaq əvəzinə… iyrəncləşən qrammatik demaqoqiya nümunəsidir.”
Lamartin üçün romanın şəbəkəvari bədii elementləri ən zəif hissələrdir: “Dram məqsədilə başdansovdu şəkildə uydurulmuş hadisələrlə doldurulmuş bütün qurama hissələr romanın ən zəif nöqtələridir. Yazıçının nə vaxt bir xarakterə ehtiyacı olsa, nağıllarda, ya da Volterin hekayələrindəki kimi, hardansa tez-bazar xarakter tapır və həmin xarakter də ağlasığmaz şəkildə yazıçının bu dəvətinə itaət edir.”
Lamartin Hüqonu boşboğazlıqda, “dəxlisiz informasiyalar sərgisi” yaratmaqda ittiham edir. O, Marius obrazında Hüqonun cavanlığını görür və Mariusla Kozettanın flirtini müəllifin yazdığı “ən sevimli sevgi səhnəsi” sayır. Lakin Sen-Deni küçəsində baş verən hadisələrin “əfsanəvi” adlandırılmasını cəfəng hesab edir, çünki bu “heç bir fikri, heç bir tətbiqi metodu, bəyan etdiyi və müdafiə edə biləcəyi heç bir məqsədi olmayan… avara tələbələrin epik fantaziyasından ibarətdir.”
O, Sen-Deni “əfsanəsi” söhbətinə əlavə edir ki, asilər heç kimin müəyyən edə bilmədiyi, anlaşılmaz bir şey üçün savaşırlar: “Qanuni monarxiya yox, 1830-cü ilin çökmüş krallığı yox, cümhuriyyət də yox, bəs nədir, mən də bilmirəm, amma bəzən demokratiya, bəzən ideallar, əslində isə qırmızı bayraq.”
Kəsəsi, Lamartin üçün “Səfillər” romanı ictimai-siyasi “xülyalarla” doludur, Hüqonun bu “uydurmalara” gerçəyə oxşarlıq qazandıran müdhiş istedadı və poetik gücü olmasa, bu hekayə ayaq üstə dura bilməyəcək qədər dramatik, mübaliğəli və qorxuncdur.
Lamartin bu fikirlərə söykənərək o qənatə gəlir ki, romanın “hədsiz idealizmi” bəzi insanlar üçün “təhlükəli”dir: “Bu kitab təhlükəlidir, harmonik cəmiyyəti hədsiz dərəcədə təhdid edir və beləcə, onu idealın dalınca düşmək üçün küyləyir, onu korlayır. Ağılsızlara imkansıza çatmaq ehtirası verir: imkansıza bəslənən arzu kütlələrə aşılanası ən qorxunc və öldürücü arzudur. Çünki “Səfillər”də arzulanan şeylər qeyri-mümkündür, ən böyük yalan bütün ağrılarımızın yox olacağıdır.”
“Əgər bir insanı aldatsanız, onu dəliyə döndərərsiniz; əgər icazə versəniz ki, insan idealların müqəddəs çılğınlığından çıxıb təzədən bədbəxtliyin qupquru çılpaqlığına qayıtsın, onu qəzəbli bir dəliyə çevirərsiniz.”
Lamartin son sözlərində birbaşa müəllifin “sərhədsiz inkişafın” mümkünlüyünə inanmasına hücum çəkir və yazır ki, bu cür optimizm “nəsnələrin gücünü”, yəni insan təbiətinin daxili sərhədlərini göz ardı etməkdədir.
Lamartinin ədəbi tənqid kimi başlayan araşdırması (XVI əsrdə ispan inkvizisiyasının amerikan koloniyalarında bədii əsər çapını yasaqlayarkən istifadə etdiyi arqumentlərlə təxminən eyni olan) bütövlükdə roman janrını “kütlələrin” sabitliyini pozmaqda ittiham etdiyi sosio-politik qınaqla bitir.
Deyir ki, roman kütlələrə sıravi fanilərin çata bilməyəcəyi arzular, ideallar aşılayaraq onları üsyanın, ictimai narahatlığın qaynağına çevirir. Lamartin olduqca uzun məqaləsində iynəli sözlərini konkret bir hədəfə: müəllifin fövqəladə istedadı sayəsində Jan Valjanın qeyri-adi əxlaqi alicənablığına, fədakarlığına, ya da Monsenyor Benevünün mələklərə xas olan yaxşılığına (ikisi də romantik “irreallıqlardır”) malik olmağın mümkünlüyünə oxucularını da inandıran bu ağlasığmaz bədii əsərə, yəni “Səfillər”ə yönəltdiyini düşünür. Ancaq onun arqumentləri bütün uğurlu bədii nümunələr üçün, hətta “Səfillər” əzəmətində olmayan əsərlər üçün belə keçərlidir, çünki inandırıcılıq gücü sayəsində bədii gerçəklik oxucunu öz dünyasından daha harmonik, daha gözəl, daha mükəmməl, ya da sadəcə daha az darıxdırıcı, daha az ağrılı bir dünyaya aparır. Lamartinin fikrincə, romanla ovsunlanan oxucular əsər bitəndən sonra sehrin pozulduğunu və yaşadıqları həyatın xəyallarındakı qədər yaxşı olmadığını görəndə “dəliyə” dönəcəklər, beləcə, qəzəbli üsyankarlara, oturuşmuş cəmiyyətin düşmənlərinə çevriləcəklər.
Lamartinin Hüqoya yanaşması, tarixçi Erik Hobsbaumun fikrini xatırladır, o yazır ki, alman şahzadələrinin öz təbəələrində görməkdən ən çox qorxduları şey “şövq”dür, çünki onların fikrincə, üsyanın, xaosun kökündə “şövq” var. Lamartin və alman şahzadələri, təbii ki, haqlıdırlar. Məqsəd cəmiyyəti qatı sərhədlər içində, ulduzlar və qatar cədvəlləri kimi dəyişməz bir sistemin parçası kimi saxlamaqdırsa, onda “şövq”, ya da uğurlu bədii mətnin yaratdığı ötəri əfsun, əlbəttə ki, güclü düşmən sayılacaq, həyatın nizamını alt-üst edən, şübhə və nifaq toxumları əkən, tənqidi düşüncəni təşviq edən qarşısıalınmaz bir ünsür kimi, ictimai strukturda müxtəlif çatlar aça biləcək bir element kimi görüləcək.
Lamartin “imkansız olana bəslənən arzu”nu kütlələrə yoluxa biləcək təhlükəli bir xəstəlik saymaqda haqlı idi, çünki öz həyatında bu arzunun bədəlini ödəmişdi. Həyatı boyu o və Hüqo dost münasibətlərini, qarşılıqlı hörməti saxlamışdılar. Məsələn, “Səfillər”in müəllifi Fransız Akademiyasının üzvlüyünə hər müraciət edəndə, onun sponsorlarından biri Lamartin idi. Beşinci cəhddə qəbul olundu. Onların bir-birilə yazışmalarında dostyana münasibət, bir-birinin işinə bəslədikləri heyranlıq aydın şəkildə görünür. Xeyli ortaq cəhətləri vardı: istedad, yazmaq bacarığı, siyasət sevgisi və ictimai nüfuz, ikisinin də ömrü boyu girişdikləri işlərin çoxunu uğurla yekunlaşdırması. Ancaq Lamartin siyasi gücün zirvəsinə çıxmış, Hüqo isə bunu heç vaxt bacarmamışdı. Lamartin 1848-cı ilin fevralında, Lui Filipin tənəzzülü ərəfəsində Fransının sivil qəhrəmanlarından biri idi və yeni elan edilmiş müvəqqəti hökümətin başına keçmişdi. Eyni zamanda, ilk milli məclis üçün aprel ayında keçirilən seçkilərdə ən çox səs yığan millət vəkiliydi. O, hökümətin beş üzvündən biri kimi, 1848-ci ilin iyun ayının axırında, idarəçilərin öz işlərini yerinə yetirə bilmədiyini düşünən və inqilab şövqü ilə hərəkətə keçən üsyankarlarla üzləşmək məcburiyyətində qaldı. Bu hadisə onun siyasi kariyerasını məhv etdi. İqtidarda çox qısa müddət qaldı: 1848-ci ilin fevralından iyuna qədər. Parisi barrikadalarla dolduran bu kütlə ilə mübarizə aparmaq üçün hökümət müdafiə naziri general Kaviknaka xüsusi səlahiyyət verildi, o da üsyanı qanla, sayısız edamla və şiddətlə yatırdı. Bu fiaskodan sonra siyasətdəki ulduzu bir də parlamayan Lamartin, elə bil ki, o andan etibarən kütlələrin “imkansız olanı” arzulamasına zəmin yaradan hər şeyə – onun fikrincə, bədii ədəbiyyat da bunun bir nümunəsidir – qarşı instinktiv şəkildə inamsızlıq hiss etməyə başladı.
Lamartinin “Səfillər” haqdakı fikirlərinin çoxu ilə razılaşmaq çətindir, çünki əksəriyyəti ədalətsiz və şişirdilmiş fikirlərdir. Ancaq araşdırmasındakı bədii ədəbiyyatın təbiəti, onun oxuculara və cəmiyyətin əksər hissəsinə təsiri ilə bağlı doğru müşahidələrinə qatılmamaq mümkün deyil. O, tənqidini “Səfillər” romanına yönəldir, çünki bu əsərdə başqa romanlarda görmədiyi bir təhlükəni hiss edir, bunun da səbəbi odur ki, başqalarının kitablarında Hüqodakı fövqəladə ehtiras yoxdur və bu roman miqyası etibarilə həqiqətlə başa-baş rəqabət aparır, gerçək həyatın yerinə “bütöv” bir alternativ təklif edir.
Məsələ belədir ki, daha xırda miqyasda da olsa, bütün bədii əsərlər oxucularını öz mənliklərindən çıxarır, sərhədləri dağıdır, onların özlərini xəyali personajlarla eyniləşdirib daha zəngin, daha təsirli və ya daha səfil, daha hərarətli, yaxud eləcə, içində məhbus olduqları etibarlı həbsxanadan – yəni gerçək həyatdan fərqli bir həyatı təcrübədən keçirməklərinə fürsət yaradır, onlara “imkansızı” bəxş edir. Bədii əsərlər buna görə mövcuddurlar. Çünki bircə həyatımız var, istəklərimiz və xəyallarımız isə daha çoxunu istəyir. Çünki olduğumuz şeylə olmaq istədiyimiz şey arasındakı uçuruma necəsə bir körpü atmaq lazımdır. Bədii ədəbiyyatın yaranmasının səbəbi budur: bədiiliyin bizi dartıb apardığı dünyada müvəqqəti də olsa daddığımız, ötəri, stabil olmayan, amma həm də ehtiraslı və sehrli həyatı yaşayarkən, qeyri-mümkün olanı mümkün olanla birləşdirə bilək ki, varlığımız həm reallıq, həm irrealıq, həm hekayə, həm təmsil, həm konkret həyat, həm də fövqaladə bir macəra ola bilsin.
Bu möcüzənin baş verməsi üçün bədii əsərin uğurlu olmasına və oxucuların bu illüziyanı bölüşməsinə nail olmaq kifayətdir. Lamartin “Səfillər”romanını ona görə fərqləndirirdi ki, onda qarşısıalınmaz inandırıcılıq qabiliyyəti və oxucuları narahat edərək cəmiyyəti sarsıdan (1848-in iyununda barrikadalar qurmaq üçün Parisin küçələrində daş üstə daş qoymayan və onun siyasi kariyerasını bitirən qüvvəyə bənzər bir gücə çevrilə bilmək qüdrətinə malik olan) geniş çaplı məqsədlər görürdü.
Alfons de Lamartinin qorxuları xeyli adama gülünc gələ bilər. Bu gün kim düşünür ki, möhtəşəm bir roman ictimai sistemi alt-üst edə bilər? Bu günkü açıq cəmiyyətlərdə ədəbiyyatı, xüsusilə romanı, (bəlkə də üstün) əyləncə, vaxt öldürmə forması, fantaziyanı zənginləşdirən, həyəcan yaradan bir iş sayırlar, ancaq daha çox oxucuların yaxşı vaxt keçirmək, darıxdırıcı yeknəsəkliyi və xırda-para məişət dərdlərini kompensasiya etməyinin bir yolu kimi görürlər.
Şekspirin faciələrindən Folknerin romanlarına, “Don Kixot”dan “Hərb və Sülh”ə, ən vacib ədəbi əsərlərin xırda da olsa ictimai-siyasi təlatümə səbəb olduğunu real mənada isbat etməyin heç bir yolu olmadığı üçün, ədəbiyyatın əyləndirici və zərərsiz bir akt olması fikri açıq cəmiyyətin ortaq qənaətinə çevrilib.
Bu, (fərq etməz, dini olsun, yaxud siyasi) görəsən bütün qapalı cəmiyyətlərdə belədirmi? İnancı baltalayır, stabilliyi itirir deyərək romanlara qarşı instinktiv bir inamsızlıq bəsləyən təkcə ispan inkivizisiya deyildi. Dünyadakı bütün diktatorlar azad yaradıcılığın, bədii ədəbiyyatın yayılmasının oturuşmuş sistemi təhlükəyə ata biləcəyinə və intizamı, yəni ictimai normaları dağıda biləcəyinə inanaraq ədəbi əsərlərə senzura tətbiq ediblər. Bu nöqtədə faşistlər, kommunistlər, fundamentalistlər və üçüncü tip ölkələrin hərbi diktaturaları eynidir: onların hamısı bədii ədəbiyyatın xəyalpərəst demokratiyaların zənn etdiyi kimi sadəcə vaxt keçirmək metodu olmadığına, hər an beyində və xəyal gücündə partlayış yaradaraq oxucuları üsyankar müxaliflərə çevirə biləcək intellektual, ideoloji bir saatlı bomba olduğuna inanırlar. 1864-cü ildə Katolik Kilsəsi Lamartinlə eyni fikri bölüşərək Hüqonun romanlarını inanclılar üçün zərərli hesab edərək yasaqlı kitablar siyasına saldı.
Diktaturalar bu məsələni şişirdirlər, ki bu təəccüblü deyil, çünki avtoritar gücün tipik özəlliyi paranoyadır, yəni davamlı şəkildə hamıdan, hər şeydən şübhələnmək, hər yerdə düşmən görmək və düşmən yoxdursa da özlərini rahat hiss etmək üçün senzuranı, təzyiqi legitimləşdirmək üçün düşmən icad edərək yaşamaq duyğusu.
Şişirdirlər, fəqət onlara haqsız demək olmaz. Vətəndaşların fikirlərini, istəklərini ifadə edə biləcəyi, tənqidi düşüncələrini səsləndirəcəyi bütün yolların – media, siyasi partiyalar, seçkilər – bağlandığı cəmiyyətlərdə, ədəbiyyat öz-özünə ədəbi olmağın ötəsinə keçən və siyasiləşən bir vaciblik qazanır. Oxucular bu mətnlərin sətir aralarını oxuyur və propaqanda alətinə çevrilən, xəbərlərin ört-basdır edildiyi, fikirlərin yasaqlandığı, tənqidlərin əngəlləndiyi mediada tapa bilmədiklərini burda görürlər (ya da gördüklərini zənn edirlər). Yazıçıların niyyəti bu olub-olmasa da, belə vəziyyətlərdə ədəbiyyat ictimai sistemdən əl çəkməyən, onu sorğu-sual edən dağıdıcı bir rola bürünür.
Niyə dağıdıcı? Çünki bədii ədəbiyyatın oxucular üçün yaratdığı gözəl, ideal dünya – Lamartin “imkansız” dünya deyərdi – onlara yaşadıqları dünyanın qüsurlarını göstərir, onları bariz şəkildə reallıqla üzləşdirir: uğurlu bədii əsərlər sözlərin gözəlliyi, strukturun zərifliyi və texnikanın gücü vasitəsi ilə təsvir etdiyi ən çirkin, ən alçaq, ən səfil şeylər belə sənət səviyyəsinə qalxıb parlayan möhtəşəm reallıqlar olduğu üçün, onların yanında “real” həyat balaca və zavallı görünür.
Oxucular bu təsvirləri gerçək dünya ilə qarşılaşdıranda, onlara qalan şey tam olaraq “şövq” deyil, daha çox narahatlıqdır: dünyanın pis olması, yaşadığımız həyatın xəyalımızda olandan və yarada biləcəyimizdən yetərsiz olması hissi. Heç kim iddia etmir ki, bu narahatçılıq insalarda məcburi şəkidə öz-özünə “şövq”, nə cürsə cəmiyyəti dəyişdirmək, sarsıdaraq ətalətdən xilas etmək, bədii əsərlərdəki nümunəvi dünyaya daha çox oxşatmaq üçün hərəkətə keçmək istəyi yaradır. Heç biri reallaşmasa da, problem deyil. Fərdlərin hər şeyinə (düşüncələrinə, davranışlarına, xəyallarına) nəzarət etməyən çalışan, kənardan baxanda hələlik itaətkar görünsələr də, bədii ədəbiyyat ucbatından vətəndaşların düşüncələrinin, xəyallarının nəzarətdən çıxdığını düşünən rejimlərdə, bu narahatçılıq dağıdıcıdır. Açıq şəkildə düşünmək və xəyal qurmaq kölələrin hərəkətə gəlməyinə, öz azadlıqlarını kəşf etməyinə səbəb olmuşdu. Lamartin özü də istəmədən – ki niyyəti Hüqonu gözdən salmaq idi – “Səfillər”i çox böyük şəkildə tərifləyib. Çünki bir yazıçının əsərini tərifləməyin ən yaxşı yolu ona deməkdir ki, sənin əsərinin səhifələrində oxucuları xəyali macəraların, epik xarakterlərin, dəhşətin və vəhşi xəyalların mümkün ola biləcəyinə inandıracaq güc var. O bizi inandıra bilir ki, bu bədii gerçəkliyi dünyada gücü əlində saxlayan, cəmiyyəti istismar edən və onun üstündə hökmran olan pis hökumətlər, pis adamlar bizdən oğurlayıblar, amma oxumaqla biz bu itmiş gerçəkliyə bərpa edə, əməllərimizlə onu geri ala və əvvəlki vəziyyətinə qaytara bilərik.
Hüqonun ütopist dünya görüşünə görə, “Səfillər” əsərinin bəşəriyyəti ədalətin, azadlığın və sülhün hakimiyyətinə gedən yolda bir az da olsa qabağa apardığını isbat etməyin heç bir yolu yoxdur. Ancaq şübhə yoxdur ki, “Səfillər” ədəbiyyat tarixindəki hər dildən, mədəniyyətdən olan xeyli insanın yaşadıqlarından daha adil, daha məqbul bir dünyada yaşamağı arzulamasına təkan verəcək gücdədir. Buradan çıxara biləcəyimiz minimum nəticə budur ki, bəşər tarixi inkişaf edirsə, “inkişaf” sözünün bir mənası varsa və mədəniyyət təkcə ritorik bir uydurma yox, barbarlığı geri basdıran həqiqətdirsə, onda bütün bunları mümkün edən güc biz oxucuların, Jan Valjanın və Monsenyor Benevünün, Fantinanın və Kozettanın, Mariusun və Javerin, eləcə də, imkansızı axtararkən çıxdıqları səyahətdə onlara yoldaşlıq edən hamının əməllərinə bəslədiyimiz həsrət və şövqdən gəlir. Bu gün həmin güc hələ də var.
Tərcümə etdi: Qismət