Sim-sim.az güneyli şair Məhəmməd Nurinin şeirlərini təqdim edir.
****
Mən öz gözümlə gördüm
Vətən dayanmışdı kanarda!
Polis qapı ağzında dayanan ağaclara deyirdi:
Burdan bir iti də qoymayın içəri keçsin!
Baxdım pasportuma
Payız ağacları qucaqlayıb aparırdı Bakiyə
Heç vaxt soruşmadın niyə əllərini tutanda ağaclar diksinir?
Yoxsa payızmı san?
Hər gecə yaralarımdan çıxan adamları görürəm!
Yuxularımın otayı qırmızıdır.
Kim məndən oyana boylansa,
Yalnız dənizi görə bilər.
Kim sahil skamyasında əyləşib dənizlə danışarsa,
Bədəni üzər.
Tanrı unutmasın
Dəniz olduğum vaxt
Suquşları bədənimi yedilər,
Bu bir sui-qəsd dir dedim.
Tanrı unutmasın
Gözyaşardıcı qazları elektron ağlamaqdır vətən üçün.
İndiki quşlar göy üzünə yapışıblar, Günəşi borc al, Amerika’ya de
Tanrının borcunu ödəsin.
Bu yağış müharibənin yumşalmış şəklidir.
Bu qədər yağışın altında sənə aşiq olmaq imkansızdır.
Mən öz gözümlə gördüm
Mənhətən’də Polis Şöbəsinə gedən ağacların bir-birinə deyirdilər:
Gördünüz mü?
Restorand yemək masası üstündən uca binalar bitirdi,
Corc Floyd Ərk’inin* üstünə çıxıb əlləri ilə göy üzün varaqlayırdı.
Gördünüz mü?
Göy üzü sınanda, həmişə bir şair kəlmələri ətəyindən çıxarıb quşa çevirirdi.
Deyirdilər
Bu qədər tankın altından çıxan xanımlar,
Evi öldürər
Ev qışqırar
Və küçədəki ağaclar, Birləşmiş Millətlər Təşkilatına yubiley mərasimi keçirdərlər.
Deyirdilər
Peyğəmbər olmaq üçün siqareti tərk et.
Deyirdilər
Göyə getsən də Fələstin’də sərçə yoxdur.
Cübran Xəlil “Yadigar-e İmam’da”* çempiyonluq qazansa,
Hamı apartmanın qucaqlayıb
Qaçırdar Təbrizə!
Bax hər nəyin o tayı var
Forma şeirin o tayında, bir qadındır
Etiraz etməsən, əlini tutub bu taya keçmek istəyirəm!
Etiraz etdin, ayaqlarımı kəsdim yapışdırdım kölgənə,
Hara gedirsənsə get
Hara gedirik
Hara getsəm də
Səni axtarıb tapacaqlar.
*Təbrizin Ərki
*Tıraxtur Futbol Klub’un stadionu
****
Nəcə inandırım səni?
Tehran bütün yaralarını
Qırmızı çırağın dalında dayandırır ki,
Yar gəlməsin!
Sən gəlmədin
Və heçbir məktubum əsgərliyimdə əlinə yetişmədi.
Yaralılarımı daşımaq üçün
Çiyinlərini göndərmədin.
İndi yaralarım dəli bir qızdır
Mən dəli bir şair.
Nəcə inandırım səni?
Kefli şairlər sinəndə ki hərəmlərdən uçur
Bütün quşlar
Həyətə tökülən sabahı dimdiklədikcə
Sümüklərim çıxar gecədən.
Deyirsən: nə olsun?
Biri uçur
Biri qonur
Biri quylanır.
Necə inandırım səni?
Adamlar uçmaq istəyəndə
Kölgələrini soyunurlar
Sən demə,
Adamlar hər gün bizə salam verib uzaqlaşsalar da,
Bir gün vida sözü ilə bizə yaxınlaşacaqlar.
Sən o uzaqlarda dəli bir qız olacaqsan,
Mən bu yaxınlarda dəli bir şair.