“7-14”
Hə, dostum,
mən atamın yoxluğunu
qapımızın ağzındakı ayaqqabı rəfindən öyrəndim,
anamın göz yaşları isladırdı
atamın 35 yaşına hədiyyə etdiyi çəkmələri.
Hə, dostum…
Mən atamın yoxluğunu taleyin səhvindən öyrəndim,
gözlərimdən ovuclarıma neçə dəfə sədd çəkdim,
elə bil, hər dəfə mən ağlayanda
çiynimdəki əclaf mələklərin “bağışla” pıçıltısını duyurdum,
bir yalnışlıq oldu dedim,
üzərindən xətt çəkdim.
Hə, dostum…
mən atamın yoxluğunu uşaqlığımın məhvindən öyrəndim,
bütün xatirələrimi həsrətin kürəyinə söykəyib,
yolunu itirmiş ilan kimi qıvrıldım içimdə,
qara hörümçəyin torunda
çırpınmağa can atdım bir kəpənək gücündə…
Hə, dostum,
mən atamın yoxluğunu
bir də
…babamın dəfnində öyrəndim
oğluna qovuşmayan ata,
atasına qovuşmayan oğul…
Sənin xoşbəxtçiliyindən istəyirəm, baba!
“Mən məğlub güləşçiyəm, ata”
Uşaqlığımın ətəyinə bir ovuc əzab töküb,
qarşılığında bir neçə sevincli günləri
ovcuma yığıb saxladım.
Hələ də xatirimdədir bu hadisə…
Rəhmətlik atam küçəyə çıxanda,
qonşumuz Salman kişinin oğlu Asiflə güləşirdim.
Xoşbəxtliyə bürünən məhəlləmiz
bizim güləşimizi alqışlayırdı
təzə-təzə idmana getdiyim vaxtlar idi.
Məni atam aparırdı güləşə,
yaxşı idmançı olmağım üçün əlindən gələni edirdi.
Asifi məğlub edən kimi,
bütün məhəlləmiz məni kürəyinə alıb
məhləmizin soyuq küçələrini dövrələyirdi.
Atam evimizin qabağından keçən anda,
yüngülvari qımışma ilə
məğrur baxışlarıyla fəxr etdiyini bildirdi.
6 yaşlı güləşçi üçün,
bundan böyük sevinc ola bilməzdi.
Atamın dodaqlarına bir başqa təbəssüm qonmuşdu,
atam elə gözəl gülümsəyirdi ki…
Atam öləndən sonra mən o gülüşü yadımdan çıxartmadım,
hər məğlubiyyətimdə o gülüşü qələbə kimi xatırladım.
And olsun məzarına ki,
mən bütün görüşlərimi sənin o gülüşünlə qazandım
mən bütün gülüşlərimi sənin o gülüşünə bənzətdim.
və mən hər qələbəsində məğlub güləşçiyəm, ata!
“Ulduz”
Atam məni aparmadı gəlişsiz səfərinə,
Sonra bildim ölüm yolu ölümtək sonsuz olur.
Yas yerində eşitmişdim, mənə təsəlli üçün
Deyirdilər, gözəl bala, ölənlər ulduz olur.
Deyirdilər, adın qurban, axşam bax ulduzlara,
Atan göydə işə gedir, işi düşüb göylərə.
Yəqin başı qarışıqdı, növbəyə çıxır axşam,
Vətən göyü əmanətdi atantək igidlərə.
Mən də bütün axşamları ulduzları sayardım,
Gör nə qədər atalar var, düşünərdim beləcə.
– Ana, mənim ulduz atam, haçan gələr, deyərdim,
Eh, anam da, göz yaşını gizlədərdi hər gecə.
Mən də ulduz olmaq üçün Allaha məktub yazıb,
Məktublardan quş düzəldib buraxırdım havaya.
İstəyirdim tez böyüyəm, boyum atama çatsın,
Atam kimi mən də gedim, döyüşməyə, davaya.
Sonra mən də ulduz olum, gedim əngin göylərə
Göydə atam məni görsün, görsün elə sevinsin.
Deyim, sənsiz darıxmışam, daha bir yerdəyik biz,
Anam bizi qoşa görsün, görsün belə sevinsin.
Bu minvalla xəyalların göylərində böyüdüm,
Xəyallardan gerçək keçən yolu sala bilmədim.
Ata, niyə ulduz oldun, bunu bilmişəm indi,
Ata, məni bağışla ki, ulduz ola bilmədim…
“Mənim atalı günlərim”
Buludlar bir gilə göz yaşını gözmuncuğu kimi keçirmişdi bələyimə…
Yarpaqlar sovrulan hissiyatını üfürmüşdü
anamın bətnindən mənə,
“əlvida”lar isti qucaq kimi gensinəmə sığışmışdılar,
hələ ayrılıqlar doğmamış danışmışdılar, –
bir qocaman sirrə düşdüm,
sonra özüm də bilmədim,
anamın isti qucağından,
necə oldu,
çiliklənib yerə düşdüm…
Mən atamın nəvəli gələcəyini üstünə yazmış
Əzrayılın əllərində əsa oldum…
növbəti xoşbəxtçiliklərimin acığına,
öz səbrimə susqun qaldım
ibtidai sinifdə oxuyanda gələcəyimin
ağ rəngə bələmişdim çevrəsini…
hələ vurma cədvəlini öyrənməmişdim,
bəyaz yazılar qara düşdü…
Soyuq fevral axşamı,
anamın əlindəki toy üzüyünə yara düşdü.
Çöl pişikləri kimiyəm,
bir qarnıac,
bir qarnı tox,
yaşayıram…
Bir ağ vərəqi cızma-qara edib, dururam
və atamın ruhuna susduğum neçə sualın içindən keçirəm
ata,
ata,
ata…
mənim sənli günlərim hara düşdü?
“Payızım ol”
Bilirsən,
səni sevmək elə çətindir ki…
Bir gün bir qəfil unutmaq gəlir içimdən,
unuduram, amma necə,
quşların şəfəqinə, al-əlvanlığa boyanmış təbiət
payız fəslini unudan kimi,
elə ki, payız gəldi
təbiət onun dərdini çəkməyə
məcburdu,
məhkumdu,
məsumdu…
Təbiətin o ışıldamış yarpaqlarına baxmadan
payız necə ki, onun içindən keçir
ürəyi ağrımır,
bir qədər belə olsa ürəyi yanmır,
ağacın, göyün, torpağın yazıq baxışına baxmadan
payız onun ürəyinin sarsılmış yerindən keçir.
Necə ki, bir payız yağışının aciz torpağı islatdığı kimi,
torpaq da onu, könlündə qarsımış yarasına içir.
Amma o təbiət yenə də bağlıdır ona
payız digər fəsillərə bənzəmir
payız sənə bənzəyir,
sən də mənim payızımsan,
əvvəl o soyuq baxışlarında,
sənin üçün böyütdüyüm o qəlb ağacımın,
yarpaqlarını saraltdığın kimi…
Arada istəyirəm ki,
bir ömür sən mənim payızım olasan,
mənə əzab verdiyini,
mənə dərd bağışladığını bilə-bilə
yenə də yaşayım səni.
görürsən, burdan sənli bir ömür keçir,
payızım ol,
nə olar, payızım ol bir ömür…
“Tanrının mənlə işi, gücü yox”
Bir qan bulamış şeiri baxıb tutsan əlinə,
Misrada ağlayan var, sətirdəki bəndəyəm
Saralmış yarpaqların üz-gözünü isladan,-
Göyümtül rüzgarların gətirdiyi bəndəyəm.
Qaçıb-gedən uşaqlığım, axı yenə sənsizəm,
Dalğaları alov tutmuş daha qoca dənizəm.
Gedişlərin qarşısında mən o qədər acizəm,
Məsələn, bir ayrılığın bitirdiyi bəndəyəm.
Dəryalardan çıxış yolu örtülmüşdü üzümə,
Mavi dənizin dalğası yanaşırdı izimə,
O dənizdən bir gilə yaş sürtülmüşdü üzümə,
O dənizin göz yaşıyla ötürdüyü bəndəyəm.
Ağrıların ürəyimdən yoxluqlara köçü yox,
Həm tezi var, elə tezdi… heç zaman da geci yox.
Tanrının da daha mənlə bir işi yox, gücü yox,
Ümidini yeddi yaşda itirdiyi bəndəyəm.