sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Məhəmməd Samir. Bizim görüşümüz – yeni şeirlər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Məhəmməd Samir. Bizim görüşümüz – yeni şeirlər

Məhəmməd Samir. Bizim görüşümüz – yeni şeirlər

Published 19/08/2022
Paylaş

Sim-sim.az Məhəmməd Samirin yeni şeirlərini təqdim edir. 

NADÜRÜST

 

Gəlmisən? Xoş gəldin!

Getdin? Yaxşı yol!

Getsən də, qalsan da, kimə nolacaq?!

Burax yalanları, biraz dürüst ol,

Sən yaxşı bilirdin belə olacaq…

 

İncimə, susmağı səndən öyrəndim,

İncimə, qulağım eşitməz olub.

Səni harayladığım o günlər indi,

Mənim qulağımda qırıq səs olub.

 

Gəlmisən, qısılıb baxırsan mənə,

Susursan, sakitcə üzr istəyirsən.

İndi qulağının pası açılıb,

İndi dodağımdan söz istəyirsən.

 

Sən axı bilirdin, unudulanın

Necə də amansız unutmağı var.

Bütün ümidləri yıxıb gedənin,

Nə vaxtsa ümidlə qayıtmağı var.

 

Utana-utana nə qayıtmısan,

Səni kim çağırdı, niyə çağırdı?!

İncimə, bu eşqə əziyyətimi

Qoysaq tərəziyə, səndən ağırdı.

 

Yolun açıq olsun, nə umum, küsüm,

Getsən də, qalsan da, kimə nolacaq?!

Burax yalanları, ay nadürüstüm,

Sən yaxşı bilirdin belə olacaq…

 

BİZİM GÖRÜŞÜMÜZ

 

Bizim görüşümüz mənə imtahan,

Sənin qismət adlı bəxtindən keçib.

Bir üzü eşq adlı qaynar nəfəsdən,

Bir üzü dərd adlı şaxtamdan keçib.

 

Sərt olan qışlara düşər hər yazın,

Üzünə qımışmaz tale ulduzun.

Hələki qəlbimdə dincəl sən, qızım,

Hələki şahlığın taxtımdan keçir.

 

Dizi yaralısan, yarana qurban,

Sənə mənim qədər yanana qurban.

Uşaq ürəyin var, mən ona qurban,

Neyləyim, oyuncaq vaxtımdan keçib…

 

YUXU

 

Çox güman ki, o gecənin sonunda,

Gözlərimiz göyüzündən getmədi.

Nə idisə, hər şey o gün saf idi,

Etirafın xoşbəxtliyi itmədi.

 

Çox güman ki, o gecənin səhəri,

Barmaqların həyəcandan əsirdi.

Qəlbimiz bir döyüntüyə ortaqdı,

Baxışımız eyni ulduz kəsirdi.

 

Pəncərədən gülümsəyib səmanı,

İti-iti nəzərlərlə süzürdün.

Səni biraz göynədirdi darıxmaq,

Sığınmağa qollarımı gəzirdin.

 

Nə ürəyin, nə istəyin narahat,

Səni necə sevdiyimi bilirdin.

Hər şey elə gözəl idi, birdənəm,

Xoşbəxtlikdən dəli kimi gülürdük.

 

Gücsüz qaldı vüqarımız, sözümüz,

Qürurumuz bir xoş sözə tükəndi.

Ondan sonra taleyimə səninçün,

Hər ağrıya dözə-dözə tükəndim.

 

Çox güman ki, o gecənin sübhündə,

Yuxu bizi aparmışdı, Gün çıxdı.

Gözümüzü təzə-təzə açanda,

Ayrılıqlar yuxumuzdan çin çıxdı.

 

SƏN MƏNİMLƏ YAŞAYIRSAN

 

Taleyimlə qırğındayam səndən ötrü, birdənəm,

Səndən ötrü heç kəsə uduzmağı bacarmıram.

Elə şeir qaralayıb, ağlamağı bilirəm,

Ağrımı bir şeirə qısmağı bacarmıram.

 

Şeir qədər susduğumun ögey düşən sözüyəm,

Yetim qalan bir uşağın nəm qurudan gözüyəm.

Bilmədiyim gəlişlərin dönən ayaq iziyəm,

Sənə gələn yollarımda azmağı bacarmıram.

 

Neçə solğun xatirəmiz film kimidi gözümdə,

Mən hələ də addımını axtarıram izimdə.

Allah verən istedadı qoparmısan özümdən,

Daha sənə quru şeir yazmağı bacarmıram.

 

Ürəyim dərd yığıncağı, könül evim dərbədər,

Məndə qalan arzularım hamsı səndən gedər.

Ruhumdakı misraları susuram şeir qədər,

Di gəl ki, bu darıxmağı susmağı bacarmıram.

 

Bu dünyada can verən var, bir də canı alan var,

Hər şey hələ qurtarmayıb, səndən mənə qalan var.

Sən mənimlə yaşayırsan, – canımda iki can var,

Özümü sən tərəfdən asmağı bacarmıram

 

ARAMIZDA ƏVVƏLKİ SEVGİ YOXDU

 

Hələ də aramızda xatirələr yaşayır,

Sevgimizin alovu

ruhumuzdan soyuqdu.

Keçmiş günlərimizçün hər dərdə dözürük biz,

İnan ki, aramızda əvvəlki sevgi yoxdu…

 

Qürurun ucdantutma sıxır bütün ruhunu,

Biganəlik, soyuqluq arada gəzir yenə.

İndi mənim baxışım

gözlərini isitmir, –

İndi mənim baxışım buz parçasıdır sənə.

 

Nə olası deyiləm həyatının sahibi,

Nə olası deyiləm güman yerin, gərəyin.

Sadəcə unutmağı öz-özünə ar bilir,

Bir vaxtlar mənə görə daş daşıyan ürəyin…

 

Qolumun gücü səni hər adamdan qoruyur,

Arxandakı ad-sanım hər an yoldaşdır sənə.

Nə cürəm, necəyəmsə,

sənə yaxşı gəlirəm,

Mənimlə saatlarla danışmaq xoşdur sənə.

 

Ona görə özgəyə qaça bilmir ürəyin,

Mənim baxışlarımda

sən xoşbəxtlik görmüsən

Mənim ayaqlarımın altına var-gücünlə,

Ömrümü alt-üst edən qüvvələri sərmisən…

 

Hər axşamı mənimlə qapatmağı öyrənib,

Hər səhəri mənimlə açmağa alışmısan.

Görürsən, qəlbindəki yerim sevgidə deyil,

Sadəcə doğmalığın içinə qarışmışam.

 

İndi hiss etdiklərin öyrəşməkdir eləcə,

Bu hislərin şəfası, çözümü ayrılıqdı.

Keçmiş günlərimizçün hər dərdə dözürük biz,

İnan ki, aramızda əvvəlki sevgi yoxdu…

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?